12px14px16px18px

Qubada etiraz aksiyası keçirildi

14:47 / 02.03.2012
Dünən Quba Rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında etiraz aksiyası keçirilib.
APA-nın şimal bürosunun məlumatına görə, aksiya iştirakçıları bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz ediblər. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etirazçıların əsas tələbi R. Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O, üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılmayıblar. Onları dağıtmaq istəyən polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Əraziyə Daxili Qoşunların əsgərləri cəlb olunub.
Daha sonra Quba Rayon İcra Hakimiyyəti binası qarşısında keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından saxlanılanlar var. Məlumata görə, aksiya iştirakçıları RİH-nin yardımçı tikililərinə, çayxanaya od vurublar, RİH binasının şüşələri sındırılıb. Hadisə yerinə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsini yanğınsöndürən maşınları cəlb olunub. Yanğının qarşısı alınıb. RİH binasına ciddi ziyan dəyib.
Son məlumata görə, etirazçılar RİH başçısı Rauf Həbibovun evini yandırıblar.
Təxminən 500-600 aksiya iştirakçısı R. Həbibovun Quba Olimpiya İdman Kompleksi ilə üzbəüz evinə od vurublar.
Aksiyada nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarının qarşısında çıxış ediblər.
Z.Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”. V.Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonuna gedib.
Quba rayonunda dünən keçirilən etiraz aksiyasında dörd nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı – Quba rayon Dərtqov kənd sakini İsrafilov Malik Nağdəli oğlu, Əlibət Qışlaq kənd sakini Adıgözəlov Adıgözəl Nurəddin oğlu və Quba şəhər sakini Məmmədov Fazil Əbil oğlu, biri isə aksiya iştirakçısı – Atuc kənd sakini Sultanov Hikmət Müslüm oğludur.
Son məlumata görə, Quba şəhərində keçirilən etiraz aksiyasında saxlanılan 18 nəfər azadlığa buraxılıb. Rayondan seçilən millət vəkili Vahid Əhmədov saxlanılanların azadlığa buraxılması tələbi ilə Polis Şöbəsinin qarşısında toplaşan şəxslərə şöbədə olan şəxslərin hamısının azad olunduğunu deyib. Millət vəkili aksiya iştirakçılarına dağılışmağı tövsiyə edib. Saxlanılanların buraxılmasından sonra aksiya iştirakçıları ərazini tərk ediblər.
Etiraz aksiyasının iştirakçıları tələblərinin yalnız icra başçısının istefası olduğunu deyiblər: “Biz Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”.
Onlar bildiriblər ki, bu aksiya yalnız icra başçısı Rauf Həbibovun qubalıların ünvanına söylədiyi fikirlərə etirazdır: “Biz cənab prezidentin bizim etirazımıza diqqətlə yanaşacağına əminik”. Aksiya iştirakçıları əllərində Azərbaycan prezidentinin portretini və onu dəstəkləyən şüar olan plakatlar tutduqlarını da vurğulayıblar.



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar