12px14px16px18px

Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu (1853, Qax-1943, Qax)

Ədalət TAHİRZADƏ
01:47 / 03.04.2010


XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Maarifsevər din alimi. Zaqatala Dairəsi Qax bölgəsinin qazısı. Qaxda maarif yayan müəllimlərdən biri. Görkəmli ictimai-siyasi xadim. “Əhrar” partiyasının üzvü. Azərbaycanın qurtuluşu və bağımsızlığı uğrunda fəal mücahid. 16.1.1919-dan 16.10.1919-adək Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü.

(Başlanğıcı ötən şənbə sayımızda)

İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. Zaqatala 4-sinifli şəhər məktəbini bitirib (31.5.1897). İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Hacı Mirzə Səlim Axundzadə’nin (1872-1930) bildirdiyinə görə, o, “İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub” (ancaq Rusiyada həmin təhsil nəzərə alınmadığına görə sənədlərində bunu göstərməyib). 10 avqust 1905-də Qax normal məktəbinə türk dili müəllimi təyin edilib. 27 sentyabr 1910-da Bakı şəhər 5 saylı rus-türk məktəbinə müəllim əvəzi, 1 aprel 1911-də isə müəllim təyin edilib.
İslam bəy 25 avqust 1913-də yaxın qohumu Firuzə xanım Qəbulova (d. 15.10.1896) ilə ailə qurub. Firuzə xanım 1916-da hamiləykən ağır xəstələnib. Onun sonrakı taleyi bizə bəlli deyil, ancaq bilirik ki, İslam bəy sonra Qəntin xanım Qəbulova ilə evlənib və ondan Rüfət adlı yeganə övladı doğulub.
İslam bəy XX yüzilin başlanğıcındakı ən fəal milli aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl maarifçi kimi tanınmışdı. Onun “Qəvaidi-lisani-türki” (1902) adlı dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, “Rəhbəri-hesab” (1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıb.
Hələ Qaxda dərs deyərkən mətbuatda çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən sonrasa fəaliyyəti daha da genişlənib. 1914-də “Səfa” cəmiyyətinin katibi seçilib.
1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib. Xatırladım ki, o zaman “komissar” ərazini idarə edən qurumun başçısı deməkdi. Gürcüstan Tarix Arxivindən üzə çıxardığımız bir çox sənədlər İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti – Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib (28.2.1918). Seym öz üzvlərindən onu və Hacı Mirzə Səlim Axundzadə’ni Şəki-Zaqatala bölgəsindəki milli münaqişələri öyrənməyə göndərib. Bu zaman gürcü quldurları onu tutaraq işgəncə veriblər. Bundan sonra İslam bəy bir daha Tiflisə dönməyərək Seym üzvlüyündən çıxıb (8.4.1918) və yenə Qaxda müəllimlik edib. Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb. Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2.12.1919-da Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər “İsmailiyyə”ni yandıran zaman məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb. Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmmədəmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında “istiqlal şəhidləri” adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib.
Qaniçən kommunistlər təkcə İslam bəyi deyil, onun bütün soyunu amansızcasına məhv etməyə çalışdılar və bunu xeyli bacardılar. Qəbulzadə/Qəbulovlardan kommunist rejimi siyasi terrorunun bizə bəlli qurbanları bunlardır:
Qəbulzadə İslam bəy Hacı Pirməhəmməd bəy oğlu (1879-1920),
Qəbulzadə Baba əfəndi Abdulla əfəndi oğlu (29.10.1937-də 44 yaşında güllələnib),
Qəbulov Süleyman bəy Hacı Rəşid bəy oğlu (güllələnmə tarixi dəqiq bilinmir),
Qəbulov Həşim bəy Hacı Rəşid bəy oğlu (güllələnmə tarixi dəqiq bilinmir),
Qəbulov Əhməd bəy Həşim bəy oğlu (16.3.1938-də 52 yaşında güllələnib),
Qəbulov Əziz bəy Həşim bəy oğlu (13.3.1938-də 51 yaşında güllələnib),
Qəbulov Rəşid bəy Həşim bəy oğlu (18.3.1938-də 56 yaşında güllələnib),
Qəbulov Yusif bəy Həşim bəy oğlu (güllələnmə tarixi dəqiq bilinmir).
Qəbulov Həsən bəy Məhəmməd bəy oğlu (20.1.1938-də 40 yaşında güllələnib),
Qəbulov Hidayət bəy Sultan bəy oğlu (29.10.1937-də 39 yaşında güllələnib),
Qəbulov Hüseyn bəy Əbdürrəhman bəy oğlu (16.3.1938-də 44 yaşında güllələnib),
Qəbulov İdris bəy Rəsul bəy oğlu (9.9.1937-də 63 yaşında güllələnib),
Qəbulov Mustafa bəy Hacı Musa bəy oğlu (güllələnmə tarixi dəqiq bilinmir).
Beləliklə, sovet hökuməti “Qəbulzadə/Qəbulov” soyadını Qaxdan, demək olar ki, təmizlədi. Bu soyadı daşımaq o qədər qorxulu oldu ki, bir çoxları başqa soyad götürməyə, sənədlərdə hətta öz atalarının adını dəyişdirməyə (!), doğma yurddan cəlayi-vətən düşməyə məcbur oldular. İndi Qəbulzadələr əsasən Bakı və Sumqayıtda yaşayır.
“QAZI BABA”.
İMAM MUSTAFAYEVİN MÜƏLLİMİ
Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu Qəbulzadə 1853-cü ildə Zaqatala Dairəsinin Qax kəndində dünyaya göz açıb. Elmi ədəbiyyatda onun tərcümeyi-halı haqqında indiyədək, demək olar ki, heç nə yazılmayıb. Yalnız Qax rayonundakı Əmbərçay kənd məktəbinin müəllimi Pəri xanım Novruzova “Şəlalə” rayon qəzetindəki “Ata və oğul” adlı məqaləsində onun həyatıyla bağlı bir sıra məqamlara ilk dəfə toxunub. Həmin yazıda oxuyuruq ki, Abdulla əfəndi “Dağıstanın Qazıqumuq kəndində ruhani məktəbini bitirmiş və Qaxın qazısı təyin olunmuşdu. İlahiyyatla yanaşı, kimyadan, riyaziyyatdan, digər elmlərdən hali idi. Zəngin kitabxanası var idi. Burada dinə, dünyəvi elmlərə, Şərq ədəbiyyatına dair kitabların, habelə əlyazmalarının toplandığını deyirlər. Təəssüf ki, kitabxanadan əsər-əlamət qalmamışdır”.
Abdulla əfəndi öz çağının ən gözüaçıq və savadlı adamlarındandı. O zaman dövlətli ailələrin uşaqları evdə xüsusi müəllimlərdən dərs alardı. Abdulla əfəndi də öncə yerli ruhanilərdən savad aldıqdan sonra Dağıstan üləmalarının yanında dini elmlərə yiyələnib. Sonralar 2 il Bağdadda oxuması sayəsində dünyəvi elmləri də dərindən mənimsəyib. Azərbaycana döndükdən sonra təkcə Qaxda deyil, bütün Zaqatala Dairəsində nüfuzlu əfəndi kimi ad qazanıb. Buna görə də Qaxa qazı – şəriət məhkəməsinin hakimi təyin etmək lazım gəldikdə Abdulla əfəndidən layiqlisi tapılmayıb. O, bu vəzifədə bütün camaatın sevgi və sayğısını qazanıb, bu üzdən qaxlılar onu sevgiylə “Qazı baba” adlandırıb. Təəssüf ki, onun qazılıq tarixini dəqiqləşdirəcək sənədlər hələlik əlimizdə yoxdur, ancaq bu, XX yüzilin ilk iki onilliyinə düşür. Bu vaxt Abdulla əfəndi həm də Qax məscidinin nəzdində məktəb açaraq müəllimlik edib. Onun bu məktəbdəki yetirmələri arasında 1954-1959-cu illərdə Azərbaycana rəhbərlik etmiş akademik İmam Mustafayev (1910-1997) də vardır.
Abdulla əfəndi dərin imanlı bir Allah adamıydı. Hətta allahsız kommunistlərin ağalığı illərində də o, ibadətindən əl çəkməyib. Hər ramazan ayında Qaxda olan dostları Sarıbaşlı Hacı Rəcəb kişi (o, əfəndinin kürəkəni – qızı Salehə’nin əriydi) və başqaları ilə birgə kasıb-kusub üçün iftar süfrələri təşkil edərdi, bunu kimin etdiyini isə heç kəs bilməzdi.
Ancaq Abdulla əfəndiyə sıradan bir din xadimi, adi bir molla kimi yanaşmaq çox kobud yanlışlıq olardı. O, sözün gerçək anlamında hərtərəfli alimdi. Oğlu Sədi Qəbulzadə’dən Əbdürrəhman bəy Qəbulzadənin eşitdiyi bir hadisə oxucularımıza da maraqlı olar.
Sədi Qəbulzadə Neft-Kimya İnstitutunda (indiki Neft Akademiyasıdır) oxuyarkən ona riyaziyyatdan bir məsələ verilib. O, məsələni həll etməyi bacarmayaraq müəllimdən kömək istəyib. Müəllim də çox çalışandan sonra aciz qaldığını boynuna alıb. Beləliklə, bu məsələ institutda söz-söhbət yaradıb. Sədi evə gələndə məsələni atasına göstərib. Abdulla əfəndi məsələni çox da çətinlik çəkmədən həll edib və bildirib ki, məsələnin şərtində işarələr (mənfi-müsbət) dəyişik düşdüyünə görə onu həll etmək mümkün olmurmuş.
Alimlik bacarığını nəzərə alaraq Abdulla əfəndi Bakıya – universitetin şərqşünaslıq fakültəsində dərs deməyə dəfələrlə çağırılsa da həm yaşının ötdüyünə, həm də “Bakının tozlu havasına” görə təklifdən boyun qaçırıb.
Geniş dünyagörüşü və yüksək savadı, uca şəxsiyyəti Abdulla əfəndiyə çoxlu dostlar qazandırmışdı. Onların içərisində şəkili Axund Fərəcullah Pişnamazzadə ayrıca seçilib. Sıx ünsiyyətdə bulunan, gəliş-gedişləri olan bu dəyərli insanlar əqidəcə bir-birinə çox yaxındılar. Hər ikisi millətin ağ günü, xoş gələcəyi üçün çalışır, bunun başlıca yolunu maarif və təhsildə görürdü.
PARLAMANDA
Pəri xanım Novruzova yuxarıda sözügüdən məqaləsində yazır ki, Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra Abdulla əfəndi “yerli əhalini yeni dövlətə sədaqətlə xidmətə çağırmışdır”. Bu sözlərinin doğruluğunu əfəndinin sonrakı ictimai-siyasi fəaliyyəti də təsdiqləyir.
Zaqatala Dairəsi 1918-1920-ci illərdə milli münaqişələrin ən gur yerlərdəndi. Sözsüz ki, belə ağır durumda xalq özünü qorumaqçün ilk növbədə öz ağsaqqallarına sığınır, onlardan yardım umur; bu yerlərdəsə el böyükləri arasında Abdulla əfəndinin müstasna nüfuzu vardı. Ancaq silahsız əhalini silahlı və təlim keçmiş düşməndən qorumaq çox çətindi, buna görə də Türkiyədən qurtuluşcu əsgər qardaşlarımızın gəlməsinə ən çox sevinənlərdən biri də Abdulla əfəndi oldu. Azərbaycanın hər qarış torpağında sonsuz sevgiylə qarşılanan Nuru paşa eyni məhəbbəti Qaxda da gördü. P.Novruzova bildirir: “Nuru paşanın Qaxda səmimiyyətlə qarşılanması Abdulla əfəndinin adı ilə bağlıdır”. E.İbrahimova isə dəqiqləşdirib ki, Nuru paşa ilə Abdulla əfəndinin görüşü İslam bəy Qəbulzadənin evində olub. Unudulmamalıdır ki, əfəndi yalnız Nuru paşanın təmtəraqla qarşılanmasının təşkilatçısı olmaqla qalmayıb, həm də el arasındakı bütün nüfuzunu işə salaraq əhalini paşaya yardımçı olmağa səfərbər edib.
(Ardı gələn şənbə sayımızda)
Ədalət TAHİRZADƏ Tel.: [+99450] 612-68-12 (mob.) E-mail: [email protected]




Bu yazı ( 615 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar