12px14px16px18px

Güllələnmiş körpə gülüşlərinin poeziyası...

Fariz Çobanoğlu
00:18 / 23.05.2012

Azərbaycanın işğal olunmuş ayrı-ayrı rayonları barədə mətbuatda, eləcə də “Qarabağa aparan yol” qəzetinin səhifələrində bir çox məqalələr yazmışam. Amma “Şuşa” adı gələndə həmişə susuram. Çünki Şuşanın əzəməti, görünüşündəki Tanrı qüdrətinin qeyri-adiliyi məni həmişə susdurub. Qorxmuşam ki, zəif ifadələrim, bəsit fikirlərim Şuşanın əzəmətinə kölgə salar. Bu qorxunu bilərəkdən həmişə içimdə saxlamışam. Yaxşı yazmamaqdansa, heç yazmamağa üstünlük vermişəm.
Bu yazımda özünün orijinal üslubu və poeziyasında elat dilindən qaynaqlanan şirin misraları, şeirləri ilə seçilən, sevilən, “Qızıl qələm”, “Dan ulduzu” və “Məhəmməd Əsədov” mükafatlarına layiq görülən tanınmış şair Əli Mahmudun Şuşaya həsr etdiyi, daha doğrusu yurd yanğısından yazılmış bir neçə şeirinin üzərində dayanmaq istəyirəm. Əvvəlcə onu deyim ki, münaqişənin alovlandığı dəhşətli illərdə Qarabağ həqiqətlərini “Azadlıq” radiosu ilə dünya dinləyicilərinə çatdırdığına görə təqib və təzyiqlərə məruz qalmış şair Əli Mahmudla artıq neçə ildir bir yerdə işləyirəm, amma hələ də bilmirəm ki, o, Laçındandır, yoxsa Şuşadan. Bu sonuncu cümləni diktə edərkən şair Tamella Pərvin emosiyalarını gizlətmədən “Əli Mahmuddan yazırsan? Ondan özüm yazacam” – dedi. Bu xeyirxah hissin bir adı var: yaxşı adamı, yaxşı şairi başqasına qısqanmaq. Şair Əli Mahmudun Şuşadan ya Laçından olduğuna gəlincə isə bunu hələ də dəqiq bilmirəm. Çünki o Şuşa və Laçın haqqında həmişə eyni doğmalıqla danışır. Şuşadan danışanda elə bilirsən Şuşada doğulub, Laçından danışanda isə Laçında dünyaya göz açıb qənaətinə gəlirsən. Onun üçün məmləkətin bu başı – o başı, bölgüsü yoxdur. Bir meyarı var; yaradıcı aləmdə ən yaxşı qarabağlı Qarabağ haqqında ən yaxşı yazı yazan müəlliflərdi, deyir. Qarabağ yaralı yerimiz olmasaydı inanıram ki, “Qarabağ”ın yerinə o, “Azərbaycan” ifadəsini işlədərdi. Qarabağın hansı diyarından olduğunu dəqiq bilməsəm də mən Əli Mahmudu yaxşı tanıyıram, canında Azərbaycançılıq yanğısı daşıyır. Nə qədər səbirli, təmkinli olsa da, yeri gələndə bir çınqıya bənddir ki, o yanğının alovunu görəsən. Hardasa Nizaməddin Şəmsizadənin qeydlərinə rast gəlmişdim... “1977-ci ildə yazılmış “Azərbaycan xəritəsi” minatür şeir diqqətimi cəlb etdi. Görün, Sovet rejiminin, totalitar ideologiyasının kəshakəs vaxtı gənc şair Əli Mahmud nə yazıb:
Deyirlər ki,
Vətənimiz böyük olmuş.
Hanı vətən?
Xəritədə parası var.
...Mən bilirəm kimliyimi,
Məni məndən gizlətməyin,
Məni belə inlətməyin.
İndi belə yazmaq hünər deyil, amma o vaxt bu vətəndaşlıq hünəri, 22 yaşlı gənc şairin vətənkeşlik, Azərbaycançılıq nidası idi...”
Bu yazıda Şuşa nəğmələrindən danışmaq istəyirəm. Ancaq təkcə Əli Mahmudun yazdığı Şuşa nəğmələrindən...
“Şuşada nəyim qaldı” adlı bir şeiri var.
“Vətən nədir?” sualına həmin şeiri oxumaqla ən mükəmməl cavabı tapmaq olur. Orta məktəbdən üzübəri “Vətən nədir?” mövzusunda inşa yazıları yazmışıq. Böyüdükcə mövzu ilə bağlı düşüncələrimiz də böyüyüb. Yetkinləşdikcə daha geniş sferada düşünmək istəmişik, “Vətən nədir?” sualının doğru-dürüst cavabını verməyə çalışmışıq. Orta məktəb dərsliklərində müxtəlif şair və yazıçıların Vətənin mənasını, mahiyyətini ifadə edən əsərlərini də oxumuşuq. Bir qədər irəli getdikcə dünya ədəbiyyatını az-çox vərəqləmişik. Yenə də həmin suala doğru-dürüst cavab verə bilmərik. Şübhəsiz, hər kəs başa düşdüyü şəkildə məsələyə aydınlıq gətirə bilər. Lakin əsl mətləb hələ də aydınlaşmamış qalar. “Şuşada nəyim qaldı” şeiri şairin “Vətən nədir?” sualına cavabıdır, özü də ən yaxşı cavabı:
Qəbrimə nişanə seçdiyim
mamırlı bir daş.
Gözümə tökmək üçün
qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə bişib
Dodaqlarımı göynədən
Bircə damla yaş.
Təbii ki, Vətən “bir ovuc torpaq” və “bir damla göz yaşı” ilə insanlığın qədir-qiymət yükünə çevrilə bilməzdi. Ancaq şairin dediyi “bir ovuc torpaq” və “bircə damla yaş” hansı anda gəlirsə, hansı məqamda qarşısı alınmaz bir istəyə dönürsə, bax, elə o anda vətənin əsl həyati mahiyyəti üzə çıxır. Məgər bir talesiz qəribin ömrün son ucunda arzuladığı bir ovuc yurd torpağının hərarətində, ətrində, qoxusunda Vətən yaşamırmı?!
Yovşan ətri türkün yaddaşıdı, ulu yurda qayıdış çağırışıdır. Vətənsiz, yurdu yağmalanmış bir türk övladı üçün yovşan ətrinin qoxusu nədirsə, “Şuşada nəyim qaldı” şeirinin oyatdığı duyğuların gücü də elə o yovşan ətri kimidir:
...Təsəlli üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər şehinə bələndiyim,
Üzümü sürtdüyüm,
Gözümə dürtdüyüm,
Maralotu sümbülüm...
Beləcə şeiri axıra qədər bənd-bənd oxuyur və heç yerdə, heç bir sətirdə fiziki əməyin məhsulu olan vara-dövlətə işarə kimi təəssüflə yad olunası bir nişanə tapmırsan. Şeirdə şairin ruhunda yaşayan Şuşa mənzərələri yurd yanğısı ilə vəsf olunur. Şuşanı xatirələrdə əbədi yaşada biləcək hisslər, duyğular tərənnüm olunur. İnsanı ötəri, müvəqqəti yurda bağlayan heç nə bu şeirdə anılmır. Yalnız uzunömürlü, insanlığı qürrələndirən və onu yaşadan dəyərlər, poeziya naxışları, ilmələri yaradaraq həqiqi mənəviyyat hadisəsi kimi üzə çıxır. Şeir insanı həm itirilmiş yurd üçün ürəkdən göz yaşı tökməyə, həm də bu yurdun intiqamını düşməndən qəddarlıqla almağa səsləyir. Əli Mahmudun daxili yanğısı və insanın mübarizə amalını birləşdirən bu tip şeirləri həqiqətən ecazkar Şuşa mənzərələrinə çox oxşayır. Elə bil ki, Şuşanın bir parçasıdı, hansısa dağının bir ətəyidi, hansısa çəmənin bir üzüdü, hansısa bulağın bir gözüdü, sadəcə poeziyanın ayna sularında durulub, cilvələnib bu sətirlər, düşüncələr...
Yurdsuz, vətənsiz yaşamağın mənasızlığını, bir heç olduğunu dərk edən müəllif yaradıcılığını izləyən yüzlərlə oxucusunu da bu mətləbdən halı etmək üçün daha çox vətənpərvər şeirlər yazmaqla bəlkə də təsəlli tapır, yoxsa yox, həqiqətdə isə bu, yaradıcı bir insanın döyüş xəttidir. Belə şeirlər – torpaqla , yurdla, nəfəs alan misralar yeri gələndə barıt qoxuyur, yeri gələndə güllə olur, qurşuna dönür düşmən sinəsində...
Milləti, xalqı ruhdan düşməyə poetik duyğuları ilə sipər çəkən, çadır şəhərciklərini döyüş səngərlərinə daşımaq istəyən Əli Mahmud Qarabağın mədəniyyət beşiyi Şuşa haqqında çox şeir yazıb. Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib. Misraların birində Şuşa şəhəri dağların zirvəsinə qonmuş özü boyda qartala bənzədilir. Bu, çox gözəl bir bədii tapıntıdır və mən elə bu anlarda həmin şeiri yenidən oxumaq üçün kitabı vərəqləsəm də, gözümə dəymir, fəqət oxuduğum anların bədii zövqünü elə indi də canımda hiss edirəm.
Qarabağ həsrətli şeirlərinin yazılmasında təbii ki baş məqsəd yurd itkisilə barışmazlıqdır. O cümlədən, Şuşaya həsr etdiyi bədii nümunələrdə də eyni hisslər misraların, sətirlərin arasından boy göstərərək insanı səfərbər etmək, doğma yurd uğrunda mücadiləyə qaldırmaq kimi təsirli mənzərələr yaradır. Fikirlər, düşüncələr arasından sanki qəfil bir şimşək oynayır, düşmən boynuna enmək üçün sıyrılmış ovxarlı qılıncın parıltısı göz qamaşdırır, dəli Kür dəli kəhər kimi kükrəyir, döyüş gərənaylarının həyəcanı və nizami ordunun eyni ahənglə vuran zəhmli ayaq səsləri eşidilir. Bütün bunlar bəzən Əli Mahmud yaradıcılığında birbaşa ifadə olunmasa da, onun şeirlərinin ruhunda aydın görünür.
Əli Mahmudun Şuşaya məhəbbətinin ifadəsi olan daha bir əsəri “Vaqifin məqbərəsi önündə oxuduğum şeir” adlanır. Əsər 1982-ci ildə Şuşada yazılıb. Səhv etmirəmsə Heydər Əliyevin Şuşaya Vaqif məqbərəsinin açılışına getdiyi günlərdə. Bu şeir də digər qələm məhsulları qədər rəvan və oxunaqlıdır. Hər hansı misra və bənddə düşüncənin təzyiqə məruz qalması hiss olunmur. O şeirdəki bəndlərin hər biri asanlıqla, cəmi bir-iki dəfə oxumaqla yaddaşa köçə bilir. Xüsusilə sevdiyim bir bəndi təkrar oxuyuram. Mənə elə gəlir ki, şair görünənləri tamam fərqli anlayır. Adi düşüncənin fərqinə belə varmadığı mənzərə, sən demə, poetik baxışda gözəllik tabloları imiş və şairin sənətkarlığı o zaman üzə çıxır ki, buna oxucusunu da inandıra bilir, sadəcə deyim tərzi ilə:
O görünən düzlər Kür qırağıdı.
Qalxır ağ tayalar ağ günəş kimi
Kəhrəba salxımlar boyunbağıdı,
Torpağa vermişəm böyük sevgimi.
Şeirdən aydındır ki, Şuşa uca bir zirvədədir və şair o zirvədən üzü arana sarı göz işlədikcə baxır. Kürqırağı mənzərələrini təsvir və tərənnüm edir. Ağ tayalar ağ günəşə, kəhrəba salxımlar bir ağbənizli gözəlin boyunbağına oxşayır şair gözlərində. Həyatı və torpağı bunca duyan, ona mərhəmanə hisslər bəsləyən şair “torpağa vermişəm böyük sevgimi” – deməklə, vətəndaşlıq hisslərini bir daha ortaya qoyur. Bütün sevgilər insanın torpağa verdiyi sevginin içərisindədir. Torpaq sevgisindən kənarda heç bir sevgi yoxdur. Həyat torpağın üstündə qurulursa, bütün nemətlər torpaqda yetişirsə, insanın bir-birinə olan məhəbbəti, sevgisi də mən deyərdim ki, torpaqdan qidalanır, boy atır. Sadəcə kim torpağa nə qədər bağlıdırsa, onun başqa sevgiləri də o meyarla ölçülməlidir. Əks halda, torpağı duymayan, sevməyən insanın başqa ülvi hisslərindən və onun həyata məhəbbətindən danışmağa dəyməz. Demək, şair ən böyük sevgisini torpağa verməkdə haqlıdır.
Ümumiyyətlə, Əli Mahmudun bir çox şeirlərində insanla təbiət vəhdətinin qorunması ideyası təkcə sənətkar mövqeyini aşkarlamır. Həm də onun sənətinə gözəllik gətirir. Deməli, ideya düşüncənin deyil, həm də şair ruhunun varlığında yaşayır. Konkret olaraq şair demir ki, təbiəti sevmək, qorumaq lazımdır. Bu və buna bənzər ifadələr işlətmir. Lakin şair şeirlərində öz ruhi, mənəvi aləminin şəklini çəkir, poetik obrazını yaradır. Poetik obrazlar dolğun və canlı olduğu üçün istər-istəməz hər bir düşüncəyə hakim kəsilə bilir.
Ana dilinin şirinliyi hopub Əli Mahmudun şeirləriniə. Onun bir şair xoşbəxtliyi də orasındadır ki, yaradıclığı o qədər aydın, o qədər durudur ki , onu yaşından asılı olmayaraq uşaq da, gənc də, qoca da, dərdli də, dərdsiz də-hər kəs oxuyub, duya bilir. Bu şeiriyyətdən hər kəs özü üçün bir pay götürə bilir. Bütün şairlər kütləvi oxucular üçün yaza bilmir. Məsələn, elə şairlər var ki, onların əsərlərini oxumaq üçün yanında xüsusi lüğət kitabçaları, ensiklopediyalar olmalıdır ki, anlamadığın sözləri açıb ordan öyrənəsən. Bəzilərinə elə gəlir ki, onlar savadlıdır və oxucularının onları anlamaması normal haldır. Ancaq mən belə düşünmürəm. Poeziya dili yeri gəlsə dünyaya təzə ayaq açan körpənin də anlayacağı dil olmalıdır. Ən azı böyük poeziya böyük sevgidən yaranır. Böyük sevginin dili isə ana südü qədər təmiz, ana laylası qədər şirin olmalıdır.
Əli Mahmud zəngin bir yaradıcılıq yolu keçib. İlk gənclik illərində “Şuşa” rayon qəzetində işləyib. Səhv etmirəmsə 1968-ci ildən mətbuat aləmində şair kimi çap olumağa başlayıb. Təkcə şeirləri ilə deyil, zaman ötdükcə dəyərli bədii publisistikası ilə də öz imzasına sevgi qazandırıb. Milli dərdlərimizi, Vətən tarixinin ağrı-acılarını poeziyasına sığışdıra bilməyəndə publisistikaya keçid alıb. Əslində, onun publisistikası da şeirlərinin davamı kimi oxunur. Bu, təkcə Əli Mahmudda deyil, bütün yaxşı şairlərdə belədir. Məmməd Aslan, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və başqalarının da publisistikasındakı şirinlik Əli Mahmudun da publisistikasına xas olan keyfiyyətdir. Onun şeirlərinin də, bədii məqalələrinin də əsas qəhrəmanları yurdu talanmış, ocağı söndürülmüş soydaşlarımızıdır. Əli Mahmudda bu haray, bu nida, bu həyəcan yaşantıdır, içdən gələn səsdir. O, hər zaman bir qarabağlı, bir azərbaycanlı kimi yazır, yaradır.
Bu yazını mayın 1-də başlamışdım. Şairin doğum günündə. Sözün açığı əvvəlcə istədim ki, ad günü münasibətilə yığcam bir təbrik yazım. Sonra gördüm ki, mayın 8-i gəlir, Şuşanın işğal günü bizi haqlayır. Odur ki, əvvəlki fikrimdən daşındım. Əli Mahmudu doğum günü münasibətilə təbrik edə bilmədim. Axı necə təbrik edə bilərdim? Mayın 1-i doğum günü, mayın 8-i doğma yurd yerlərinin yandırılması, amansızlıqla talan edilməsi, daşının daş üstə qalmaması gözlərim önündə canlanırdı. Və bir də onun yaradıcılığından bir qəlpə kimi yaddaşımda gəzdirdiyim ağrılı-acılı sətirləri nədənsə təkrar-təkrar xatırlayırdım:
Bir körpə görmüşəm,
Gözlərində yaş gilələnmişdi.
Elə bil körpənin
Gülüşü güllələnmişdi...
Müharibənin gətirdiyi fəlakətlər bu dörd misraya necə də məharətlə yerləşdirilib! Amma görünən təkcə bu deyil, güllələnmiş körpə gülüşlərinin çöhrəsində bir yaralı vətən obrazı da çırpınır...
Güllələnmiş körpə gülüşlərinin poeziyası adlandırdığım bu yazıya burda nöqtələr qoyuram. Məncə, bu nöqtələr də nəyisə ifadə edir. Ən azı bu söhbətin hələ davamı olacaq arzusunu özündə daşıyır...
Fariz Çobanoğlu



Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar