12px14px16px18px

Cəfər Cabbarlının həyatı və mühiti yeni təfəkkür işığında

Yavuz AXUNDLU

ASİF RÜSTƏMLİNİN BÖYÜK DRAMATURQA HƏSR OLUNMUŞ MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

00:00 / 19.05.2012
 
Azərbaycan ədəbiyyatının, xüsusən dramaturgiyasının ən görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlı qısa ömür sürsə də, dövrünün ən qüdrətli qələm sahibi kimi xatirələrdə qalmışdır.
Cəmi 35 il ömür sürmüş, 20 il ədəbi yaradıcılıqla məşğul olmuş C. Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanmışdır.
Sovet dövründə C.Cabbarlının əsərləri, xüsusən dramaturgiyasının təhlilində müəllifin mövqeyi, məramı, əsərlərinin alt qatındakı dərin məna üzə çıxarılmamış, ideyası açılmamışdır. Müstəqillik dövründə ədəbi tənqid bu qiymətli əsərlərə yenidən müraciət etməli olmuş, onun əsərləri hərtərəfli və obyektiv təhlil obyektinə çevrilmişdir. Bu sahədə ədəbiyyatşünasların yeni nəsli xüsusilə fərqlənmişdir.
C.Cabbarlının arxiv künclərində saralmış vərəqləri və bütün əsərlərinin gənc tədqiqatçılar tərəfindən yeni təfəkkür işığında təhlil olunması və dəyərləndirilməsi, yazdıqları və çap etdirdikləri məqalələr və kitablar ədəbiyyatşünaslığa layiqli töhfə olmaqla bərabər, ədibin şəxsiyyətini bütün incəliklərinə qədər aşkarlamışdır.
Bu baxımdan istedadlı alim, tanınmış ədəbiyyatşünas Asif Rüstəmlinin uzun illik tədqiqatlarının nəticələrini “Cəfər Cabbarlı: həyatı və mühiti” adlı sanballı monoqrafiyada ümumiləşdirib nəşr etdirməsi ayrıca qeyd olunmalıdır. Səkkiz fəsildən ibarət monoqrafiya zəngin ədəbiyyat siyahısı ilə tamamlanmışdır.
Monoqrafiyanın başlıca məziyyəti C.Cabbarlının həyatı və yaradıcılığının yeni təfəkkür işığında araşdırılması və qiymətləndirilməsidir.
Monoqrafiyanın “Cəfər Cabbarlı: yaradıcılığın sübh çağı” adlanan I fəslində ədibin həyatının ilk çağları – doğulduğu, böyüdüyü mühit, təhsil illəri, şagird dostları, müəllimləri haqqında söhbət açılmışdır. Çünki sovet dövründə C.Cabbarlı haqqında aparılan tədqiqatlarda və nəşr olunan kitablarda, o cümlədən dərsliklərdə müəyyən dəqiqləşdirmələrə ehtiyac var idi. Belə ki, C.Cabbarlının sinif yoldaşlarından, ona dərs demiş müəllimlərdən birinin tərcümeyi-halında sovet ideologiyasına uyğun gəlməyən adi bir fakta görə onları ya çap etməmişlər, yaxud da lazımi “düzəlişlər” aparmışlar. Ona görə də A. Rüstəmli ilk növbədə bu təhrifləri düzəltməli olmuşdur.
“Müşahidələrin obyektivliyinə kölgə salmamaq şərtilə qeyd olunmalıdır ki, “gözlərini açanda dünyanı qaranlıq görənlər” (M. Cəlil), “Qaranlıq gecədə səni gözləyib, durmaqdan yoruldum, ey dan ulduzu” (C. Cabbarlı) – deyənlər cəmiyyətdə müəyyən bir təbəqəyə çevrilmişdi və onların mədəni həyatdakı siyasi alatoranlıqdan darıxdığı, mənəvi bürküdən boğulduğu, bezdiyi, qaranlıq mühitə ədəbi aydınlıq gətirə biləcək “dan ulduzu”nun, istiqlal ulduzunun həsrətilə alışıb-yananların nigarançılıq və narahatlıq ilə müşayiət olunan ümid dolu baxışları yeni epoxanın, yeni eranın, yeni əsrin üfiqlərinə, dan yerinə dikilmişdi. XX yüzilliyin sübh şəfəqləri qürub etməkdə olan əsrin qatı dumanlığından boy göstərməkdə idi...”
A. Rüstəmli ilk öncə Cəfər Cabbarlının doğum tarixini göstərən fərqli sənədlərin mövcudluğuna baxmayaraq dəqiqləşdirmələr aparmış, 1899-cu il tarixinin düzgün olduğunu təsdiq etmişdir.
Onun axtarışları nəticəsində məlum olmuşdur ki, C. Cabbarlının ilk şeirləri 1915-ci ildə yox, “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il tarixli sayında dərc edilən “Eşidənlərə” və “Şücaətim” adlı satiralarıdır. “Eşidənlərə” şeiri on beytdən ibarətdir. “Şücaətim” şeiri 6 misradır. Burada özünü “ustadı-kamil”, “ülumi-ələm” (elmlərin alimi) adlandıran bir lovğanın obrazı yaradılmışdır... Şeirdə natamamlıqla yanaşı, sənətkarlıq baxımından təcrübəsizlik, sadəlövhlük də özünü göstərir. Buna baxmayaraq 12 yaşlı Cəfərin ilk mətbu satirik şeiri “Şücaətim” maraq doğurur”.
Monoqrafiyada “Vəfalı Səriyyə” əsərinin yazılma tarixi də dəqiqləşdirilmişdir. Yəni əsər müəllifin qeydlərindən aydın olduğu kimi 1915-ci ildə deyil, 1912-ci il noyabrın 1-də, Qurban ayının 3-də tamamlanmışdır.
Birinci fəsildə “Ulduz”, “Ədirnə fəthi” dramları ilə bağlı bəzi şəxsiyyətlərin adı Sovet dövründə çəkilmədiyindən müəllif bu məsələlərə geniş yer vermiş, şərhlər, izahlarla onları təqdim etmişdir.
“Cəfər Cabbarlı Cümhuriyyət dönəmində” fəslində 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bərpa etməsi haqqında istiqlal bəyannaməsinin elan olunması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirilmişdir. Həvəskar oxucuların “Ulduz” və “Ədirnə fəthi” əsərlərinin köçürdüyü surətləri indi müxtəlif muzeylərdə saxlanılmaqdadır. 1919-cu il sentyabrın 19-da qələbənin bir illiyi münasibətilə “Bakı müharibəsi” tamaşaya qoyulsa da, onun əlyazması itirildi. A. Rüstəmli bu əsərlərə yüksək qiymət verərək yazırdı:
– “Bakı müharibəsi” – Azərbaycanın XX əsrin əvvəllərində ən ağır, ziddiyyətli dövrünü bədii çalarda və dramatik tonda özündə əks etdirən tarixidir.
– “Bakı müharibəsi”- Zalım və qatil erməni hərbi bandalarının, onlara arxa, dayaq rus bolşevizminə qarşı amansız mübarizə aparan Nuru paşaya, Mürsəl paşaya, Məhəmməd Tofiq bəyə minnətdarlıq çələngidir.
 – “Bakı müharibəsi”- Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda rəşadət və qəhrəmanlıq göstərərək şəhid olmuş qardaş türk məhmətçiklərinin şərəfinə ucaldılmış ilk bədii abidədir.
– “Bakı müharibəsi” – Türkiyə – Azərbaycan dostluğuna tarixi nümunə, əvəzsiz yardım üçün ikincisinin birinciyə ehtiramıdır.
– Və nəhayət, “Bakı müharibəsi” – əzəli və ədəbi qardaş Türkiyə xalqının yaxın keçmişinə gənc dramaturq Cəfər Cabbarlının həsr etdiyi trilogiyanın – “Ulduz” və “Ədirnə fəthi”ndən sonra üçüncü dəyərli hissəsidir”,
Sovet dövründə 1918-20-ci illərin ədəbi mühiti, o cümlədən bu dramlar haqqında ötəri yazılmış qeydlərdə hər üç dramın ideyası və sənətkarlıq məziyyətləri təhrif olunmuş şəkildə oxuculara çatdırılmışdır.
A.Rüstəmli bu faktları konkret nümunələrlə göstərir: “Öz burjua-mülkədar ağalarına və Türkiyədəki hamilərinə nökərçilik edən millətçi şairlər qəsbkar türk əsgərinin silahını mədh edir, Zaqafqaziyanın qardaş xalqları arasında ədavət salır, dini təəssüb və fanatizm təbliğ edərək xalq kütlələrinin siyasi şüurunu kütləşdirmək istəyirdilər. ... Bu qaragüruhçu, əksinqilabi təbliğat o zaman bəzi gənclərin şüurunu zəhərləyə bilmişdi. Bu gənclərin arasında Cəfər Cabbarlı da vardı”,
1919-cu il martın 4-də Azərbaycan teatrının ən müqtədir sənətkarı olan Hüseyn Ərəblinski faciəli surətdə qətlə yetirildi. Gənc C.Cabbarlı bu hadisəni mədəniyyətimizə, incəsənətimizə, teatrımıza qarşı ən amansız zərbə hesab edərək yazırdı: “Qarşıdan bir cəlladın sapandından atılan bir daş Ərəblinskini çocuqdan (yəni teatrdan-Y.A) ayırdı”.
A.Rüstəmlinin yazdığına görə C.Cabbarlının bu ağır itkidən sonra pyes yazmağa əli gəlmirdi. 3 ildən sonra o, “Oqtay Eloğlu” dramında H.Ərəblinskinin mühitini, mübarizəsini, düşüncələrini səhnəyə gətirdi. Oqtay Eloğlunun prototipi Hüseyn Ərəblinski idi”.
A.Rüstəmli C.Cabbarlının istiqlal mövzulu şeirlərini toplamış və “Azadlıq nəfəsli şeirlər” adlı ayrıca məqalə yazmışdır (“Ədəbiyyat” qəzeti, 19 iyun 1992, № 25).
O illərdə gənc Azərbaycan dövlətinin milli atributları – milli himni, dövlət bayrağı, gerbi haqqında onlarla şeirlər yazılmışdır. A. Rüstəmli qeyd edir ki, “... üç boyalı, ay və səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır”.
A.Rüstəmli C.Cabbarlının parlamentdə gedən mübahisələrdən vəziyyətin gərginliyini gördüyünü və şeirlərində olan qəm, kədər, qüssə motivlərinin də bunun təsirilə yarandığını yazır. Tədqiqatçı monoqrafiyada yeni hakimiyyətin ilk uğurları ilə yanaşı qarşılaşdığı çətinliklər haqqında da ətraflı məlumat vermiş, Bolşevik Rusiyasının gənc müstəqil Azərbaycana qarşı qərəzli mövqeyini şərh etmişdir.
Monoqrafiyanın “C.Cabbarlı və milli istiqlalçılar” adlı III fəslində cümhuriyyətin süqutundan sonra həmin gecə bir qrup vətənpərvərin C.Cabbarlının şəhərdən kənar evində toplanaraq gizli fəaliyyətə keçməyi qərara aldıqları barədə məlumat verilir.
C.Cabbarlı ilə birlikdə həbs olunmuş Rəhim bəy Vəkilov 25 aprel 1924- cü ildə 3 il müddətinə Yaroslavla sürgün edilmiş, sonralar məşhur Solovki adasındakı ölüm düşərgəsinə göndərilmişdir.
A.Rüstəmli C. Cabbarlı ilə Rəhim bəy Vəkilovun MTN arxivində olan 30 iyun 1923- cü ildə aparılmış üzləşdirmə protokolunu ilk dəfə oxuculara çatdırır. Burada R. Vəkilov C. Cabbarlının Tiflisdən gələn menşevk partiyası MK-nin nümayəndələri ilə danışıq apardığını təsdiq etsə də, Cabbarlı onun dediklərini qəbul etməmişdir.
Monoqrafiyada C. Cabbarlının məhbəsdə ikən “Maarif və mədəniyyət” jurnalının 1923-cü il 4-5-ci sayında “Qız qalası” poemasından bir parça çap olunduğu qeyd edilmişdir.
“Bədii həqiqətlər axtarışında” fəslində C. Cabbarlının həbsxanada yazdığı “Olsun qoy” şeiri “C” imzası ilə “Maarif və mədəniyyət” jurnalının 1923- cü il noyabr tarixli 15-ci sayında nəşr olunmuşdur.
Bu şeiri 1991-ci ildə tərtibçilər T. Mahmud və R. Həsənov Ə. Cavadın “Sən ağlama, mən ağlaram” kitabına salmışlar. Bir il sonra prof. Əli Saləddin də bu şeiri səhv olaraq Ə. Cavadın ikicildlik “Seçilmiş əsərləri”ndə çap etdirmişdir.
C.Cabbarlının “Olsun qoy” şeirinin dərc olunduğu “Maarif və mədəniyyət” jurnalının eyni sayında Ə. Cavadın “Ayə” şeiri də öz imzası ilə çap olunmuşdur. Bu fakt da “Olsun qoy” şeirinin Ə. Cavada məxsusluğunu inkar edir.
A.Rüstəmlinin ədəbi məhkəmələr barədə şərhləri də C. Cabbarlı yaradıcılığının yeni təfəkkür işığında tədqiqində bir vasitə idi.
Monoqrafiyada C. Cabbarlının gizli imzaları ilə bağlı müəllifin tədqiqatında da yeni tapıntılar diqqəti cəlb edir.
“Mütərcim Cəfər Cabbarlı” fəslində mövzu haqqında ətraflı bəhs edilmişdir. Ədibin rus və Avropa ədəbiyyatının ən qiymətli nümunələrindən edilən tərcümələrin üstünlükləri qeyd olunmuşdur.
Bu fəsildə ən maraqlı fakt C. Cabbarlının “Rövşən bəy Koroğlunun atlanışı” şeirinin ingilis dilindən etdiyi uğurlu tərcümədir.
“Həyat və yaradıcılığının son dövrü” fəslində tədqiqatçı öz axtarışlarını tamamlayır. Bu fəsildə onun dram əsərlərinin adi gözlə görünən üst qatı yox, daxili mənası, siyasi qayəsi, əsərlərinin əsl ideyası ustalıqla təhlil süzgəcindən keçirilmişdir.
A.Rüstəmli yazır: “Cəfər Cabbarlı Azərbaycanın müstəqilliyinə qarşı bolşevizmin siyasi istilasının bədii mənzərəsi kimi “Od gəlini” tarixi faciəsini yaratdısa, Solmazın gen və qan qohumu olan “Sevil”i mədəni təcavüzün faktı kimi ortaya qoydu. “Od gəlini”nin ardınca “Sevil” tamam başqa qiyafədə, özgə əhvali- ruhiyyədə Azərbaycan tamaşaçılarının qarşısına çıxdı. Solmazın Odlar yurdunda cismani məğlubiyyəti onun mənəvi qələbəsi, Sevilin Moskva təhsilindəki “qələbəsi” isə onun yeni ideoloji mühitdə mənəvi məğlubiyyəti idi”.
Bu, C.Cabbarlı yaradıcılığının yeni təfəkkür işığında obyektiv, bənzərsiz şərhinin bariz nümunəsidir. Bizim ədəbiyyatşünaslıq elmi və ədəbi tənqiddə də indiyə kimi bu əsərin əsas ideyasının ərəb istilasına qarşı mübarizə olduğu və İslam dini əleyhinə yazıldığı göstərilirdi.
A.Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı və mühiti” monoqrafiyası bütövlükdə son illərdə milli ideologiya əsasında yazılmış, dərin elmiliyi, obyektiv təhlili ilə seçilən dəyərli tədqiqatdır. Monoqrafiyanın bir üstünlüyü də C.Cabbarlı yaradıcılığının əsl mahiyyətinin açılmasında müəllifin 1920-ci ildən əvvəl Azərbaycanda, 1920-ci ildən sonra isə xaricdə, əsasən Türkiyədə qələmə alınan zəngin irsdən hərtərəfli bəhrələnməsindədir.
Sonda bir daha müəllifi – filologiya elmləri doktoru Asif Rüstəmlini ciddi tədqiqatına görə ürəkdən təbrik edir, ona daha yeni və yüksək uğurlar arzulayıram.
Yavuz AXUNDLU
professor



Bu yazı ( 356 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar