12px14px16px18px

Yetimlik yetirsə, Şair yetirər...

ŞAİR MUSA YAQUBA GECİKMİŞ CAVAB MƏKTUBU

15:11 / 18.05.2012
 
Onüç il bundan əvvəl yazdığım amma çeşidli səbəblərdən çap etdirmədiyim bu məktub və şeir birdəncə unudulduğu yerdən gün işığına çıxdı (Heç nə unudulmur, unudulsa da ) və mən yazıları -dostum böyük şairimiz Musa Yaqubun yetmiş beş illiyində yubiley təbriki kimi çap etdirməyi düşündüm…
Həqiqi ziyalı şərtlər nə olursa olsun, tapındığı həqiqəti hətta ölüm ayağında da müdafiə etməyi bacarmalıdır. Çünki çəkilən hər iztirab sonunda müqəddəsliyin xəbərçisidir və onsuz da ziyalını ziyalı edən çəkdiyi zülümdür, uğradığı haqsızlıqlara qarşı verdiyi mücadilələrdir. Münaqişədə sonunda zəfər məğlub olanındır, bəlkə yenilmək hardasa zənginləşməkdir bir düşünürə görə. Və ziyalı adındakı işığı qoruya bilməsi ilə ziyalıdır. Onsuz da qaranlıq deyə bir şey də yoxdur, işığın yox olduğu yerdə qaranlıq var. Aydının görəvi qaranlıqları aydınlatmaqdır.Ustad Cəmil Məricin sözlərini təkrarlasaq: “Türk aydınının qədəri məhbəsdə şarkı söyləməkdir”. Dərdi yalnızca pul olan bir yığından millət olmaz, olsa da ayaqda qalması mümkünsüzdür. Bir baxıma, Azərbaycan aydını yalnız qürbətdə deyil, vətəndə də qəribdir.
“Həqiqəti tapan, fərqli düşünür deyə onu hayqırmaqdan çəkinirsə, həm ağılsız, həm də qorxaqdır. Bir adamın məndən başqa hər kəs aldanır deməsi doğrudan da çətindir, amma həqiqətən hər kəs aldanırsa o nə etsin?” Daniel de Fonun bu fikirlərini də elə belə xatırlamadım. Doğrudan da satqınlığın baş alıb getdiyi coğrafi məkanlarda toplumlar milli lallığını, karlığını yaşayır.
Bakının “korlar şəhəri”nə Türkiyə “unudulanlar diyarı”na çevrildiyi bir vaxtda vətəndən qürbətə gələn bir xəbər ümidsizliyə haqqımın olmadığını , nə ölsə də toxumun ölmədiyini, min ildən sonra da torpağa düşsə yenə göyərəcəyini diqtə edirdi.“7 gün” qəzetinin 15 aprel 1997-ci il tarixli nömrəsində Musa Yaqubun “Şair Məmməd İsmayıla məktub” şeiri çap olunmuşdu. (Əslində ona poema da deyə bilərsiniz.) Nə adı verirsiniz verin, bu məktub “Hamı lal, hamı kar, hardadı həmkar?" səssiz iç harayıma və mənə qarşı qurulan unutdurma xəyanətinə bir başqaldırı, bir hayqırış idi...Çünki indi yox, məhz o zaman o məktubu yazmaq da, onu səxavətlə çap etmək də qəhrəmanlığa bərabər bir iş idi, çünki yazan da, çap edən də buna görə onlara “sağ olun” deyilməyəcəyini gözəl bilirdilər. O zaman Musa Yaqub Milli Məclisin üzvü idi və deputat mandatlı bir adamın, qorxmadan , çəkinmədən , bilə-bilə bu riskə getməsi , hələ yaxşılıq toxumlarının sona qədər tükənmədiyinin bir sübutu idi. Həqiqəti qızıl-qırmızı müdafiə edən və buna görə işindən-gücündən, ailəsindən, ən əsası canı qədər sevdiyi vətənindən olan, geriyə dönüşü düyünə düşən bir dostun xətrinə “gözü çıxan qardaşı görmürsənmi” misalını bilə-bilə öz taleyini riskə atmaq! Əlinizi ürəyinizin üstünə qoyub bu sualın cavabını öz-özünüzə siz də verin,”əlini üzünə tutub” getmiş bir adama bundan artıq nə lazımdı ki?! Həm də uzun illər sağımda, solumda quyruq bulayan tanrıtanımaz “dostlarımın” buxarlandığı bir vaxtda nədən Musa Yaqub? Nədəni birdir: Musa Yaqub tale şairidir ona görə. İnana bilərsən, əziz oxucu “dostlarımı” sınağa çəkmək üçün məni qürbətə salan qədərimə min kərə şükür oxuyuram, bilirsənmi niyə, çünki vətəndə qalsaydım, əvvəlki kimi vəzifəm-filanım olsaydı, heç zaman mən bu adlarına “dost” dediyim sürüngənlərin kimliyini öyrənə bilməyəcək və bəlkə dünyamı da bu bilməzlik içində dəyişəcəkdim. Məni sınaqdan sınağa böyüdən tale, sanki bu dəfə də “dost” sınağı-satqınlığı ilə üz-üzə gəlmək üçün yolumu qürbətə saldı və dəstək, umduğum yerdən yox, bəlkə də güman etmədiyim yerdən gəldi-Musa Yaqubdan. Mənə ünvanlanmış bu qardaş göynərtisi görünür Azərbaycanın başqa bir yerindən yox, məhz tale qardaşım Musa Yaqubun doğma kəndi Buynuzdan yüksələ bilərdi. Yəqin bu, təsadüfi deyil, çünki Buynuz nəyi ifadə edirsə, elə mənim doğma kəndim Əsrik də eyni anlamı ifadə edir. Bu adlar təsadüfi deyil ki! Hər qoç buynuzlu, hər gənc əsrimiş də dəliqanlı olmur ki! Və beləcə Buynuzun qardaş göynərtisinə Əsrikin bir şükran və cavab borcu vardı. Və o borcu əziz oxucum, səninlə də bölüşmək istədim.
Məmməd İSMAYIL                                    
 
Eləmi yerdəsən sənə əl yetə?
Zəng etsəm, bir ümid yoxdu zəngə də,
Yağış buluduyam üzü qürbətə,
Kövrək misraların mənimlə gedər...
 
Bildim ki köpümü alacaq səsin,
Dedim ki, bu şimşək çaxmasın hələ.
Dedim ki, bu bulud suya dönməsin
Dedim ki, bu yağış yağmasın hələ..
 
Nə bilim, bəlkə də kəsibdi baxdım
Çəkdim sözlərini həsrət suyuna.
Ege sularına qarışıb axdım,
Qarışdım qürbətin qürbət suyuna.
 
Gəlib imza atır hərə bir ilkə
Min bir toy olsa da birdir yasımız.
Anadan vətənə uzanmır, bəlkə
Qürbətə uzanır alın yazımız..
 
Hər insan dünyada qürbət ölkəsi
Dərd kimi oyanmış, bəxt kimi yatmış.
Bir el ki, içində boğulur səsi,
Bir yurd ki, haçandı qulağı batmış.
 
Bəlanın bəhsində bəxt uduzanda
Durub görərsən ki, yaza qar yağıb.
Ağzına su alıb zaman susanda
Yaxşı ki, sən vardın, ay Musa Yaqub.
 
Gəlsin, ümid əkib dərd bitirənlər
Zoğ kimi göyərdi bu giley niyə?
Qardaş itirənlər, yar itirənlər,
Diyar itirənlər belə göynüyər.
 
Çaya can atmaqdı bulağın andı
Dərd vətən dərdidi, ay Musa Yaqub.
Arxamca uzanan bu nə fəğandı,
Bu nə göynərtidi, ay Musa Yaqub.
 
Uca zirvə seçər yağan qar belə
Zirvə qazananı bulud itirər.
Yetim ağlayanda ağlayar belə
Yetimlik yetirsə, şair yetirər.
 
Şeytan marığına yatanda hamı
Yaxşı ki, sən vardın, ay Musa Yaqub.
Bələnin başını aşan dünyamı
Geriyə qaytardın, ay Musa Yaqub.
 
Tanrı duasına gözü acdımı
Yal-yamac quruyur, ay Musa Yaqub.
Tək elə quruyan qarağacdımı?
Hər ağac quruyur, ay Musa Yaqub.
 
Dumana bürünən bir dağ kimiyəm,
Qürbətə bürünüb itdim gözündən.
Üzüm yox, üzünə çıxa bilmirəm
Üzü qara olmuş bəxtin əlindən.
 
Çürükdü bir qozun qabığında qəm
Yüz dərdə qılıfdı, qəbirdi dərim .
Mən hardan gəlirəm? Vallah bilmirəm,
Haraya gedirəm? Yoxdu xəbərim!
 
Göz oldum, qürbətin nazına yatdım
İçinə boylanır yoldan azanlar..
Daha şairliyin daşını atdım,
Kiminsə bəxtinə düşəcək yəqin,
Başını gözləsin şeir yazanlar.
 
Düzdü, söz var oldu, paltar olmadı
Evdə uşaqların əyinlərinə.
Susmadım, bu qədər yazdım, girmədi
Çöldə nadanların beyinlərinə..
 
Nədən qaçılsa da dərddən qaçılmır
Sirr kimi qönçəsi açsa da yazın.
Dərdim açılsa da qəlbim açılmır
Qalmışam əlində bir çıxılmazın.
 
Şöhrət dedikləri bir quru ündü
Bu dünya yox imiş eynimdə mənim.
Uzaqdan baxarsan, başım düyümdü
Yüz fikir dolaşıb beynimdə mənim.
 
Öldümmü, qaldımmı düşmə sorağa
Nə yaxın anlayar, nə uzaq məni.
O dəniz qoynundan atdı qırağa,
Büsbütün unutdu o torpaq məni.
 
Çay bulaq gözündən baş alıb gedər
Bəlkə, ulaşmadı suyu bir kəsə.
Bu da bir taledi-ömrüm dərbədər
Qayçı ayaqlarım mənzillər kəsər.
 
Yol tutub yeriyir yalanlar bəzən
Bəzən açılanlar solmaq istəyir.
Görürsən, birinci olanlar bəzən
Axırdan birinci olmaq istəyir.
 
Yaşadım, bir şeylər söylədi yaşım
Əhdinə yetişən bu bir məramdı.
Birinci olmadım, yoxsa, qardaşım
Sonuncu olmaq da mənə haramdı?
 
Sən də mənim kimi “şöhrətə” susa
Çəkilməz qəmlərin girinci sən ol.
Dərddə yerimizi dəyişək,Musa
Gəl mənim yerimə birinci sən ol.
 
Onsuz da çoxları qorxub, çəkinmir
Bazarı açıqdı-işə yarayır.
Gözəllik tükənir, tükənməsinmi,
Gözəl yox, çirkin də gözəl arayır.
 
Fikrinə tutalğac, ümid nöqtəsi
Hərə bir bəhanə məsəli tapır.
İnsan var arayır, gözəllik gəzir,
Səadət axtarır, təsəlli tapır.
 
...Qürbətin udduğu suyu bir udum
Qayıdıb üz tutdum sən sarı sənə.
Bilmirəm, heç haçan mən yalan oldum
Keçdi birincilik azarı sənə.
 
Doğrudur, hər tarda bir sarı sim var
Sən də o məclisdə bir sirr adasan.
Dönüb bax, sağında, solunda kim var
Kim idin, kimlərlə bir sıradasan?
 
Bəlkə, daş altında qalıbdı əlin
Bəs niyə çəkilib durmusan yanda?
İlin bu vədəsi böyük bir elin
Dili boğazından çıxarılanda.
Oxudum, gözümdə qaraltdı yazı,
Bir zaman N.S. qoşduğun yazı...
 
Qulaq burması var, qulaq burulub,
Qulağı eşitmir-kefindədir kar!
Hamının ağzına qıfıl vurulub
Hamı lal, hamı kar, haradır həmkar...
 
Ömürmü, kömrmü fərqi yox yanan,
Dərd çıxır evlərin baclarından!
Mayası haqdandır hər bərəkətin,
Bəlkəmi, bu işin bəlkəsi yoxdu.
Arada şeytan var, bu məmləkətin
Üstündə Tanrının kölgəsi yoxdu.
 
Nə üzlə qayıdaq de hansı kəndə
Gedən bir-birinin bəhsinə gedir.
Bizim üzümüzə getmir, gedəndə
Bahar tanrıların səsinə gedir..
 
Bahara nə var ki, bahar usanmaz
Göbələk gətirər bağlı qapılar.
Burda peyğəmbər də tapılar, amma
Ona atılacaq daş da tapılar...
 
Düşmən dil çıxardı biz susa-susa
Ümid qönçələri yanıb bürüşdü.
Əsrikdə əsriklik qalmadı Musa,
Yoxsa, Buynuzun da buynuzu düşdü?!
 
Çıx Vətən seyrinə gör nə gündədi,
Ağrılı başlardı ağıllı başlar.
Köç geri qayıdıb, axsaq öndədir
Tutub öz yerini keçəllər, çaşlar.
 
Qazancın ağzına aldığın susa
Susmaq qızıl imiş sözü haqlanır.
Kabab iyisin gedirik, Musa
Çatanda görürük eşşək dağlanır.
 
Ay millət vəkil, bir işığa çıx
Soruş gör bu millət hayana gedir.
Baş yazıq olubdu,ayaq da yazıq
Hər kəs öz başının hayına gedir..
 
Alan özləridi, stan özləri
Füzuli, Kəlbəcər, Ağdam, Laçın yox.
Ən gözəl tərəzi elin gözləri
Tərəzi gəzməyə ehtiyacın yox!
 
Mən deyim, sən eşit nə var o kənddə
Orda uşaqlıdan qalma bir payız
Orda vaxt bələnin başından aşır.
Uzaq yamacında xatirələrin
Tutqun yaddaşında çaqqal ulaşır.
 
Əski sevgilərin susub dilləri
Soyuyub nəfəsi alxışların da.
Orda məndən əsən soyuq yelləri
Görərsən dostların baxışlarında.
 
Qalıb öz hayına əski həyanlar
Hərdən varlığımı yoxa saydılar.
Şeytan məclisində yuxa yayanlar
Sonra da haqqımda şayiə yaydılar.
 
Yox, daha anam da gəlmir şerimə
Ölənlər ehsanlar, ayələr gəzir.
İndi o yerlərdə mənim yerimə
Namərdin yaydığı şayiələr gəzir.
 
Bir ömrün qışı var, bir ömrün yazı
Hər papaq altında bir sirr oğlu sirr:
Qırışan üzümə baxıb qımışır,
Tökülən saçıma baxıb sevinir.
 
Bu dərdə dözərmi bir dev oğlu dev
Üzə dirənəndə bəd ehtiyaclar.
Allah ümidinə təpədə bir ev,
Yamacda sahibsiz, yetim ağaclar.
 
Dağların qamaşan gözü gündədi
Suları çay olur əriyən qarın.
Kökü təpələrdə od içindədi,
Kölgəsi dərədə yuyunan narın.
 
Qalıb ağzı günə əkdiyim əkin
Gecikmiş qədəmi daş olub qarın.
Gümanı bir az da azalıb yəqin,
Dumanı bir az da artıb dağların.
 
Gör nələr söyləyir o çay, o bulud
Cavabı kimdədi, su var, su yoxdu.
Eh dağa nə var ki unutma, unut
Onda unudulmaq qorxusu yoxdu.
 
Kül basmış közləri kimdi közərdən?
Arı baldan bezib, ilan zəhərdən.
Kəramət gözləmir oyunçu zərdən,
Beşi üç olacaq vecinə deyil.
 
Ömrümüz güdaza gedən hesabmı
Görüş ayrılıqdan gələn cavabmı
Bu gizli görüşlər əsən-savabmı
Yoxsa, suç olacaq vecinə deyil..
 
Ötəri xəyaldı duman dağ üçün,
Qınama, bir şey yox qınamaq üçün.
Tanrı sevdiyini sınamaq üçün
Yolunu qürbətə salır, ay Musa.
 
Sən özün bilirsən nə deyim axı
Harda kimin kimi , nəyin nəyi var.
İnsanın özünə daldalanmağı
Sonra ölümünə çəkilməyi var.
 
Görünən dağların ardında dağlar
Anrıdan o yana anrı var isə
Gözə görünənlər yoxluğa məhkum
Tanrıdan o yana Tanrı var isə
Yoxluğum qoy səni çox incitməsin..
 
Ay Allah bəndəsi, daha nə deyim,
Dərviş ol, mənim tək sən də dərdə var.
Bəlkə bu qədərdi mənim bildiyim
Mənim bilmədiyim bir şeylər də var.
 
Bu mən!Mən çəkilib durdum qıraqda
Əlim uğurludu, bu, bir siftədi.
Şeytan bazarında zorlu qabaqda,
Tanrı dərgahında güc zəifdədir.
 
Yandırıb kül edər qorun dərdini,
Biri dərd çəkəndə biri kef çəkir.
Gör necə güclüdü, zorun dərdini
O başıbəlalı bu zəif çəkir.
 
Tarix danışdırsa kəsik başları..
Muzey marağı var xəncərə bizdən.
Qaranlıq arayan yad baxışları
İşıq oğurladı pəncərəmizdən.
 
Bir zaman dilimdən çıxanlar ahdı,
Demişdim mənzillər kəsəndə ağlım.
Seçilən bəndədi, seçən Allahdı,
Sən kimi seçirsən, sən kimi xalqım?!
 
Kimin damağında de bu dad olur,
Bir söz söyləmişdim, bir söz keçənlər,
Adamlar seçənlər deputat olur,
Tarixə ad olur tale seçənlər...
 
Danşırsan belə. Susursan olmur,
Ay Musa!
Havaya, suya boğulmur
Namusa boğulur, insan namusa.
 
Fikrindən dönmədi fikri səthilər
Gəkib dəyişdilər haqqı nahaqla.
Bizə bu əsrdə yer vermədilər,
Özünü gələcək yüz ilə saxla!
 
Kim keçir tarixin saldığı izdən
Üç yüz il yaşayır adi qarğalar.
Günlərin birində ölərik, bizdən
Ölüm xəbərimiz yadigar qalar.
 
Atı da çaşırar buraxma yüyən
Vətən istəyirəm yüyəni dartsın:
“Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağı artsın!”
Çanaqqala-TÜRKİYƏ
1999
 
 
 
 
 



Bu yazı ( 187 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar