12px14px16px18px

Ana dilimizin fədakar təəssübkeşi – professor Qara Məşədiyev

00:55 / 18.05.2012
 
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, Milli Məclis yanında Toponimiya komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev uzun illərdir Azərbaycan dilinin keşiyində dayanan fədakar alimlərimizdəndir. O, Azərbaycan onomastika sahəsində öz məktəbini yaratmış alimdir. Bu məktəb doğma xalqına, onun qədim və zəngin mədəniyyətinə, dilinə, tarixinə, ədəbiyyatına, mifologiyasına, milli təsdiqinə əvəzsiz xidmət göstərir. Dilçi alimlə ömrünün 73-cü baharında görüşüb ötən illərə nəzər saldıq.
 
   
 
...Yol...
 
   
 
– Qara müəllim, elmə uzaq bir dağ kəndindən gəlmisiniz. İstərdim, söhbətimizə də elə o uzaq kənddən, o uzaq illərdən başlayaq...
 
– Gədəbəy rayonunun ucqar bir yerində, Şınıx bölgəsinin Düzrəsullu sovetliyinin Göyəmli kəndində anadan olmuşam. O kənddə ki, cəmi 8-9 ev vardı. Birinci sinifdə oxumaq üçün kəndimizdən 20 kilometr aralıda yerləşən Zamanlı kəndinə gedirdik. Səhər yola düşüb günorta məktəbə çatırdıq. Balaca uşaqlar idik, çox əziyyət çəkirdik, buna baxmayaraq, biz o kəndin uşaqlarından daha yaxşı oxuyurduq. Yeddinci sinfi bitirəndən sonra yolumuz bir az da uzandı. 30 kilometr aralıda yerləşən Çayrəsullu kəndindəki orta məktəbə getdik. Məktəbi əla qiymətlərlə bitirdim. Bakıya gəlib sənədlərimi Azərbaycan Pedaqoji Dillər İnstitutuna verdim, üç beş aldım, Azərbaycan-alman dili fakültəsinə daxil oldum.
 
İnsan böyüdükcə, yolları kimi arzuları da böyüyür. Arzuları onu böyük, işıqlı şəhərə gətirdi. O zaman ağlına da gəlməzdi ki, ömrünün 56 ilini bu şəhərdə yaşayacaq, dilçi alim olacaq, ancaq gözünü açanda qavradığı dialekti, ləhcəni heç vaxt unuda bilməyəcəkdi...
 
Qara Məşədiyev 1961-1966-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alır. Sonra iki il Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyir. 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1974-cü ildə “Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə” mövzusunda namizədlik, 1991-ci ildə “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ndə (SMOMPK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
 
– Doktorluq dissertasiyasını 17 ilə yazmışam. Çünki mövzum geniş bir sahəni əhatə edirdi. Toponimika xalqımızın tarixidir, sərhədlərimizdir, yurdumuzdur. Dilçilik baxımdan bu toponimləri araşdırarkən tarixin qaranlıq qatlarından türk tayfalarının izləri, mədəniyyəti, kökləri haqqında dəyərli məlumatlar əldə etdim.
 
Əjdər Fərzəli Qorqud “Professor Qara Məşədiyev öz məktəbini yaratmışdı” məqaləsində yazır: “...Qara müəllim bütün qayğılarını kənara qoyub yenidən arxivlərə baş vurdu. 1881-ci ildən 1929-cu ilə kimi Tiflisdə nəşr olunmuş, toplu halda 46 cilddən ibarət “Qafqazın ərazi və tayfalarının təsviri məcmuəsi”nin fundamental təhlilinə başladı.
 
Sözügedən mənbənin tədqiqi ilə daha çox rus, erməni müəllifləri məşğul olurdular. Onlar məcmuədə – onun bütün 46 cildində Azərbaycan mənşəli toponimləri, hidronimləri, və antroponimləri – onların rus dilində yazılışına əsaslanaraq “erməni mənşəli” qələmə verməyə çalışmışdılar. Qara Məşədiyev bu yozumların əsassızlığını, elmlə heç bir əlaqəsi olmayan uydurmalar olduğunu gördü, elmi həqiqəti nağıldan ayırmağın vacibliyini və mümkünlüyünü sübuta yetirməyi qarşısına məqsəd qoydu”. Və buna nail oldu.
 
   
 
Əsl müəllim
 
   
 
– Bir gün Platondan soruşurlar ki, atanı çox istəyirsən, yoxsa müəllimini? Platon deyir ki, atam məni göylərdən yerə endirdi, müəllimim məni yerdən göylərə qaldırdı. Bu səviyyəyə gəlib çıxmağınızda müəllimlərinizin rolunu necə qiymətləndirirsiniz və onlardan kimləri daha çox xatırlayırsınız?
 
– Müəllimlərimlə bağlı xatirələrim çoxdur. Orta məktəbdə oxuyanda Mirzə adlı yaxşı bir tarix müəllimimiz vardı. Bu müəllimdən dörddən artıq qiymət almaq qeyri-mümkün idi. Mən gecə-gündüz oxudum, Mirzə müəllim haradan sual verdisə, oradan cavab verdim. Axır ki, Mirzə müəllimdən beş aldım. Beş alandan sonra Mirzə müəllim qohumum Qədir kişiyə deyir ki, bu uşağın yeyəsi olsa, professor olar. İllər keçsə də, o söz yaddaşımda ilişib qaldı. 1998-ci ildə professor adını alanda birinci müəllimimi xatırladım. Onun uzaqgörənliklə dediyi sözü, bəlkə də arzusunu gerçəkləşdirdiyim üçün ömrümdə heç vaxt keçirmədiyim qəribə bir sevinc hissi keçirdim.
 
Tələbə vaxtı da yaxşı müəllimlərim olub. Biz təqaüdlə dolanan tələbələr idik. Ancaq əsl müəllimlərimizin qayğısını, diqqətini həmişə hiss edirdik. Cəfər Mehdiyev, Əminə Əliyeva, Tofiq Hacıyev, Yusif Seyidov, Ağamusa Axundov mənim ən yaxşı müəllimlərimdən olublar. Ağamusa Axundov həm də mənim doktorluq dissertasiyamın məsləhətçisi olub. Bax, bu müəllimlərimi görəndə, başımda papağım olsa, bu yaşımda da papağı götürürəm, onların qarşısında düz dayanıb, baş əyirəm.
 
– Çin filosofu Konfutsi deyirdi ki, əgər birillik planın varsa, taxıl ək, əgər 10 illik planın varsa, bağ sal, əgər 100 illik planın varsa, insanları öyrət. Siz də müəllimlərinizin yolunu – 100 illik yolu seçdiniz...
 
 - Doktorluğu müdafiə edəndən sonra mənim də dissertantlarım, aspirantlarım oldu. Yaxşı kitabxanam vardı, o kitabxananı onların ixtiyarına verdim, yazılarını gecikdirmədən oxudum, əlimdən gələn köməyi etdim ki, onlar bu yolu axıra kimi getsinlər. Bu günə kimi 20 elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşam. Hazırda 2 doktorantım, 1 aspirantım, 3 dissertantım var.
 
 
“Ana dilim ölən deyil”
 
   
 
– Qara müəllim, hər bir xalqın dili həm də onun mədəniyyətidir. Dilçi alim kimi dilimizin bugünkü səviyyəsi sizi qane edirmi?
 
- Dünya dilləri arasında Azərbaycan dili qədər saf, gözəl, oynaq, musiqili, başqa dillərə daha asan tərcümə olunan dil yoxdur. Çox incə, musiqili dilimiz var. Biz dilimizin qayğısına qalmalıyıq, onu kənar təsirlərdən qorumalıyıq. Müstəqil ölkəyik, qapılarımız dünya ölkələrinin üzünə açıqdır. Ölkəmizdə xarici şirkətlər fəaliyyət göstərir. Təəssüf ki, şəhərimizdə çox adları ingilis dilində yazırlar ki, bu da dilin qanunlarını pozur. Düzdür, dünya dilləri ilə əlaqədə, münasibətdə olmalıyıq, beynəlxalq sözlər istər-istəməz dilimizə daxil olur. Onları qəbul etməliyik. Ancaq çalışıb dilimizə daxil olan sözlərin qarşılığını tapmalıyıq. Biz dilimizin qayğısına qalmalıyıq və onları kənar təsirlərdən qorumalıyıq.
 
Bu yerdə böyük şairimiz Məmməd Arazın dilimizin himninə çevrilən “Ana dili” şeiri yada düşür:
 
 
Azərbaycan – mənim elim!
 
Azərbaycan – mənim dilim!
 
Doğransam da dilim-dilim,
 
Ana dilim ölən deyil!
 
Başqa dilə dönən deyil!
 
   
 
– Qara müəllim, institutda sizə “Əsas” – deyə müraciət edirlər. Demək, bir növ ombudsman missiyasını yerinə yetirirsiniz.
 
- (gülür) Məni sakit adam kimi tanıyırlar. Şikayəti, dərdi-səri olan mənim yanıma gəlir. İmkanım daxilində köməyə ehtiyacı olanlara həmişə əl uzatmışam.
 
Bu yerdə mütləq bir haşiyə çıxmalıyam. Filologiya elmləri doktoru, professor Məsud Mahmudovun Qara Məşədiyev haqqında “Allah adamı” adlı maraqlı bir yazısı var. Məsud Mahmudov yazır:
 
...Onun haqqında ilk cümləni qələmə alarkən xəyal məni 1978-ci ilə çəkir. Onda Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda yenicə işə başlamışdım. Günlərin birində indiki Sankt-Peterburq şəhərinə bir neçə illik elmi təcrübəyə göndərilməyim barədə qərar qəbul olundu və elə həmin gün o, Dilçilik İnstitutunun dəhlizində məni bir kənara çəkib gözlənilmədən bir qom pul uzatdı: “Uzaq yol gedirsən, yad yerdə pul gərəyin olar. Nə qədər lazımdır götür”. Özünəməxsus uşaq təbəssümü ilə gülümsündü: “Mən bunu sənə borc kimi vermirəm ki. Təki sən oxuyub yüksələsən. Pulu qaytarmasan da olar”.
 
Qara müəllim səmimiliyi, mehribanlığı, insanpərvərliyi ilə ətrafındakıları yaşamağa, yaratmağa həvəsləndirir. Onunla gələcək planlarını müzakirə edən hər kəs özünü məqsədləri önündə daha güclü, daha qətiyyətli hiss edir.
 
– Aza qane olan insan kimi deyə bilərsinizmi ki, insanın ən böyük bəlası nədir?
 
– İnsanın başına nə gəlsə nəfsindən gəlir. Həmişə çalışmışam nəfsimə qalib gəlim. Aman verməmişəm ki, nəfsim məni yoldan çıxarsın. Bu cəhətdən özümü xoşbəxt sayıram.
 
Qara Məşədiyev həm də gözəl ailə başçısıdır. Böyüyə hörmət, ədəb-ərkan, İslam dininə ehtiram, halal süfrə, halal çörək bu ailənin əxlaq norması, yazılmamış qanunudur. Ailə üzvləri ona böyük ehtiram bəsləyir, müdrik nəsihətlərinə, öyüdlərinə canla-başla əməl edirlər. Bu, daxildən gələn bir sevgi, hörmətdir.
 
– Övladlarım oğul-uşaq sahibləridir. Günün bu günündə də mən qapıdan içəri ayaq qoyanda onlar ayağa dururlar, bir dəfə üzlərinə baxanda nə demək istədiyimi bilirlər. Nəvələrim yaxşı oxuyur. Deyirəm, kim daha yaxşı oxusa, kitabxanamı ona bağışlayacağam.
 
Nikbin xarakterli Qara müəllim sözünə davam edir:
 
– Necə ki, ömür var, işləməliyik, xalqımıza xidmət etməliyik, öyrənib bildiklərimizi gənc nəslə öyrətməliyik. Bir də Allah bizə kömək etsin, sərhədlərimiz bütövləşsin, işğal altında olan torpaqlarımız azad olsun. Bu, xalqımızın ən böyük arzusudur.
 
“Dörd şey geri gəlməz: deyilən söz, atılan ox, keçən zaman, qaçırılan imkan”. Ömər Xəttab belə deyirdi. Amma insanlar min illərdi ki, bu həqiqəti bilə-bilə söz deyir, ox atır, keçən zamana baxır, imkanı qaçırır. Vaxtdan ucada dayananlar isə zamanın içində vaxt tapıb elm ziyasında nurlanır, başqalarının da ömrünü işıqlandırır. Qara Məşədiyev kimi...
 
Təranə VAHİD
 



Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar