12px14px16px18px

Qəbirqazan

İlham Orxan FƏTƏLIYEV
14:06 / 17.05.2012
 
 
Belə bir deyim var , “yetim quzudan qoç olmaz!” Olmazsa, heç olmasın!Amma unutmayın! Unutmayın ki,Tanrının xəlq etdiyi bu yetim quzunun da düzəni dəyişmiş dünyada yaşamaq haqqı var!
 
Dünənə qədər Mayısın qəbirqazanıydım. Ölü sahibləri yaxşı pul verəndə mürdəşirlik də edərdim. Əslinə qalanda başqa seçimim yoxuydu. Belə çətin bir zəmanədə nə edə bilərdim ki? Arxam yox, pulum yox, təhsilim yox! Nə isə... Birtəhər yaşamalıydım! Elə ona görə də bu peşədən ikiəlli yapışmışdım . Niyə də yapışmayım ? Çörək pulum qəbir qazmaqdan çıxırdı. Yoxa lənət! Başımı birtəhər dolandırırdım... Amma bir şeydən heç xoşlanmazdım. Mayıslıların məni qəbirqazan yox, mürdəşir deyə çağırmaları şəxsiyyətimə toxunurdu. Şükürlər olsun! Şükürlər olsun ki, Tanrı məni unutmadı, həyatımı dəyişdi. Yox, bu təsadüf deyildi, alın yazısıydı...
 
lll
 
Mayıs mənim kəndimin adıdı. Laçın dağlarının ətəyində yerləşir. Elə də böyük deyil. Sıx meşələri, uca dağları, Həkəri çayı, təmiz havası, soyuq bulaqları, bir də inadcıl insanlarıyla tanınırdı. Kəndin camaatı olduqca qürurluydu. Kasıb olsalar da, mərdiydilər və həmişə də əlləri cibində gəzərdilər. Mən də onlardan biriydim. Lovğa deyildim, amma pulum olmadıqda belə əllərim həmişə cibimdə olardı. Heç yadımdan çıxmaz. Bir neçə il öncə Həkəridə balıq tutan Novruzəli kişi evə qayıtmamışdı. Axtarışlar bir nəticə vermədi. Onu gördüm deyən yoxuydu. Elə bil ki, kişi yağlı əppək olub geybə çəkilmişdı... İki gündən sonra ucqar bir dağ kəndindən Mayısa xəbər gəldi:
 
– Həkəridən hər iki əli cibində olan kişi meyidi tapmışıq. Onun Mayısdan olmasına əminik. Gəlin ölünüzə sahib çıxın! Bu, Novruzəli kişinin meyidiydi. O, çayda boğulub öləndə belə əllərini cibindən cıxartmamışdı... Xırda çatışmazlıqları nəzərə almasaq mənim kəndim dünyanın ən gözəl, ən mənzərəli, ən füsünkar kəndidir. Mən, Mayısı bütün varlığımla sevirəm. Hərdən mənə elə gəlir ki, heç kolxoz sədri Göyüş müəllim də Mayısı mənim qədər sevə bilməz! Yaşım 22-ni adlasa da, subay qalmışdim. Nəinki Mayısda, heç qonşu kəndlərdə də mənə arvad olmaq istəyində olan qız-gəlin yoxuydu. Hamı kimi onlar da mürdəşirdən qorxurdular...
 
15 yaşım olanda valideyinlərimi itirmişdim. Onlar avtomobil qəzasında həlak olmuşdular. Mən tək qalmışdım.Tək deyəndə ki, Zülfəli adında karsız bir əmim varıydı. Valideyinlərim öləndən sonra o, kənddən xeyli aralıda, yamaclıqdakı qəbirstanlığın bir neçə addımlığında daxma qaraltdı və ata mülkümə sahib çıxaraq məni zorla ora köçürtdü. Kənddəki bütün evlərin pəncərələri Həkəriyə baxırdı. Mənim daxmamınsa pəncərəsi yoxuydu, qapısı isə birbaşa qəbiristanlığa açılırdı... Əmim Zülfəli quşçuluq fermasının müdiriydi. Göyüş müəllimin istəyiylə onu kolxoza “partkom” da seçmişdilər. Zülfəlinin həyat yoldaşı Günəş xala isə kənd sovetinin sədriydi və hər dəfə məni görəndə deyərdi: – Ay yetim, sənin ahın bir gün bizi tutacaq, özü də yaman tutacaq! Yad qızı olsa da, Günəş xaladan narazı deyildim. Allah, köməyi olsun! Əmimin təkidlərinə baxmayaraq o, məni əsgər getməyə qoymadı. Kənddə mənə, yetimə can-can deyən çox olsa da, çörək verən yoxuydu. Acından ölməmək üçün Vəli dayı ilə birlikdə çalışır, qəbir qazırdım. Biz, Mayıs da daxil olmaqla, Gəloxçular tayfasının məskunlaşdığı yeddi kəndin qəbirqazanıydıq. Vəli dayıdan ölü yumağın sirlərini də öyrənmişdim...
 
Son vaxtlar elə bil ki, üstümüzə it əsnəmişdi, ölən yoxuydu. Bilmirəm, havasındandı, yoxsa suyundan? Zalım uşaqları, qocalıb əldən düşəndə də ölmək istəmirdilər (Gəloxçulari deyirəm). Bizə isə səbir etmək qalırdı. Allahdan ümidimizi üzmürdük. Molla Qasım da eynən bizim günümüzdəydi. Onun da bazarı kasadıydı. Son zamanlar yaman əsəbi olmuşdu. Hirsini də bizim üstümüzə tökərdi. O, ölü sahiblərinə xoş gəlmək üçün dayımla məni yerli-yersiz danlayar, düz işimizə də pəl vurardı. Bir sözlə, kişi nöqsan tutmaqda pərgar olmuşdu. Heç yadımdan çıxmaz. Göyüş müəllimin atası Əziz kişinin dəfn mərasimiydi. O, Göyüş müəllimi qəbirə girməyə qoymadı. Üç-beş manata görə ahıl yaşında özü qəbirə gürdi və dəfn mərasimini birtəhər sona çatdırdı. Nə isə...
 
lll
 
Əcəl imkan vermədi. Ustadım, müəllimim, çörək verənim, mənəvi atam Vəli dayı öldü. Ölənlə ölmək olmaz! Mən də ölmədim! Amma Vəli dayıya olan son borcumu vicdanla yerinə yetirdim, ona şahlara layiq qəbir qazdım. Halalı olsun! Elə bir qəbir qazdım ki, heç Göyüş müəllimin atası Əziz kişiyə də eləsini qazmamışdım. Atalar düz demişlər: “Sən saydığını say, gör fələk nə sayır”. Vəli dayının qırxı çıxmamış sular yavaş-yavaş durulmağa başladı, qaranlıq məqamlar aydınlaşdı. Sən demə, gorbagor olmuş Vəli məni aldadırmış, qazancın heç on faizini də mənə vermirmiş. Yetimin puluna, malına, mülkünə göz dikəni Allah heç vaxt bağışlamaz! Necə ki, Vəlini bağışlamadı. Hələ harasıdı? Zülfəli də cəhənnəmlik olacaq! Bir il olardı ki, tək çalışırdım. Özümü yaxşıca tutmuşdum, əməllənmişdim. Çay daşından kürsülü, üç otaqlı ev tikdirmişdim. Qoyun-quzu almışdım. Toyuq-cücəm, hətta keçim də variydı. Əməlli-başlı təsərrüfat yaratmışdım. Hasarım olmasa da, qaratikan kolundan darvaza düzəltmişdim və məftillə üç yerdən dirəyə bağlamışdım. Elektrik zəngini də eyni üsulla dirəyə bənd etmişdim. Evə qayıdanda ilk öncə zəngin düyməsini basar (evdə gözləyənim olmasa da), onun cingiltili səsini eşitdikdən sonra darvazanı açar və həyətə girərdim. Əslində darvazanı açmağa ehtiyac yoxuydu. Hasarım olmadığı üçün darvazanın yanından ötüb çətinlik çəkmədən həyətə adlaya bilərdim. Mənsə adlamırdım... Evdə olan zaman zəngi vurmayan müsafirlərə yer-göy dağılsa da, hay verməzdim. Bunu kənddə hamı bilirdi və nədənsə şıltaqlığıma dözürdülər... Hə, yadımdan çıxmamış onu da deyim ki, təkidlərə baxmayaraq evi qəbirstanlığın yaxınlığında, köhnə daxmamın yerində tikdirdim. Nəhayət ki, istəyimi gerçəkləşdirdim. İndi mənim öz evim varıydı və onun bütün pəncərələri qəbirstanlığa baxırdı...
 
lll
 
Göyüş müəllimin məni idarəyə çağırdığını eşidəndə sevindiyimdən qanad açıb uçmaq istəyirdim. O, xeyir verən adamıydı. Məni idarəyə elə-belə çağırmazdı. Yəqin ki, böyüklərdən kimsə ölmüşdü... Göyüş müəllim kabinetdə tək deyildi. Zülfəli də oradaydı. Göyüş müəllimə salam verdim və diqqətlə Zülfəlinin sifətinə baxdım. Rəhmətlik babam Nüsü kişidən uzaq , bədbəxt oğlu bədbəxt, xozan tülküsünə oxşayırdı. Nə isə... Xeyir iş üçün çağırılmadığımı anladım və özümü toparlamağa çalışdım. Elə bu zaman Göyüş müəllim dilləndi: – Oğul, “raykom”dan telefon açmışdılar. Səninlə maraqlanırdılar. Dedilər ki, rayonda ən cavan qəbirqazan sənsən. Səni partiyaya keçirmək istəyirlər. Partiyaya qəbirqazan lazımdı! Məsələni tezləşdirmək üçün kolxoza qəbirqazan ştatı da ayırıblar. Qalır, raykomun bürosunda Qorbaçovu necə lazımdı tərifləmək. Verilən sualları cavablandırmasan da olar. Minnətləri olsun! Sənin kimi cavan qəbirqazanı haradan tapacaqlar? Bu gündən sənə əmək kitabçası da açacagıq. Qəbirqazan ştatı sənindir, yaxşı maaş da alacaqsan...
 
“Raykom”a kolxozun “partkom”u, əmim Zülfəliylə birlikdə getmişdim. Büro üzvlərinin heç bir sualını cavablandıra bilmədim. Raykomun birinci katibi çulumu sudan çıxarmaq xatirinə dedi: – Oğul, əvvəlcə əllərini cibindən çıxart! Ay, sağ ol! İndi isə sualıma cavab ver! Sənin ən böyük arzun nədi? Qəbirqazanın arzusu nə ola bilərdi ki? Fkirləşmədən, özü də birnəfəsə dedim: – Mixail Sergeyeviç Qorbaçova adına layiq qəbir qazmaq! Aləm bir-birinə dəydi... Məni də, Zülfəlini də “raykom”dan iti qovan kimi qovdular. Zülfəli ürək tutmasından elə yoldaca keçindi. Nə isə... Göyüş müəllim kəndin girəcəyində, Tamam xalanın evinin yanında var-gəl edirdi. Məni görər-görməz qışqırdı: – Ə, yetim! Sənə nə pisliyik etmişdim? De, mən də bilim! Pislik etməmışdimsə, onda niyə məni, elə partiyanı da bədbəxt etdin?.. Get, get Zülfəliyə qəbir qaz, sonra yır-yığş elə, sabah səni bir daha kənddə görməyim. İti görüm, qurdu görüm, amma səni Mayisda görməyim!
 
Göyüş müəllim həqiqətən də çox böyük adamıydı. Onun sözündən çıxmaq olmazdı. Vallah, istəsəydi məni atın döşünə qatıb uçurumdan Həkəriyə atardı. Heç tikəm də tapılmazdı. Tapılsaydı da ona gözün üstə qaşın var deyən olmazdı. Qorxu çox köpəkoğlu şeydi. İstəməsəm də, Zülfəliyə qəbir qazır, sabah hara gedəcəyim barədə fikirləşirdim... Hə, onu da deyim ki, bizim Göyüş müəllim həm də çox tədbirlı adamıydı. Zülfəlini tez-tələsik basdırmaqla bu gün baş vermiş olayı onunla birlikdə, özü də birdəfəlik dəfn etmək istəyirdi... Artıq şər düşmüşdü. Təkbaşına qazdığım qəbirdə tamamlama işləri görürdüm... Birdən belin nəyəsə toxunduğunu hiss etdim. Səliqəylə torpağı təmizlədim. Köhnə küp idi. Sevinməyə vaxtım yoxuydu. Dərhal küpü götürüb evə tərəf qaçdım. Mayıslıları duyuq salmamaq üçün bu dəfə zəngi vurmadım, heç darvazanı da açmadım. Həyətə darvazanın yanından keçdim və tez-tələsik evə girdim. Yır-yığış edib küplə birlikdə Mayısı həmişəlik tərk etdim...
 
lll
 
İndi mən çox imkanlı adamam. Evlərim, bağım, maşınlarım, obyektlərim, zavodum da var. Bakı böyük şəhərdi. Kimdi mənim keçmişimlə maraqlanan? Yeni pasportumda ismimı, soyadımı, hətta, kəndimin adını da dəyişmişəm. Əmək kitabçamı da təzələmişəm. Saxta diplom da almışam. Bir sözlə, keçmişimi Mayısda, özü də birdəfəlik dəfn etmişəm (Allah Göyüş müəllimin atası Əziz kişiyə rəhmət eləsin!). Vallah, o günləri heç yadıma salmaq da istəmirəm... Amma bu illər ərzində çox çalışsam da, gərəksiz vərdişlərimi unuda, ləhcəmi isə dəyişə bilmədim... Son zamanlar Mayıs tez-tez yuxuma girir. Yuxudan hövlank oyanır, saatlarla özümə gələ bilmirəm. Axı, Mayısı yuxuda nə qədər görmək olar? Dünən qəribə bir yuxu görürdüm... Həmişəki kimi Mayısın qəbirqazanıydım. Göyüş müəllim ölmüşdü... Ona qəbir qazıb hüzür yerinə getdim. Çadırda boş yer yoxuydu. Yalnız yuxarı başda Göyüş müəllimin yeri boşuydu. Salam verdim. Salamımı almasalar da, Göyüş müəllimin yerində əyləşmək istəyəndə hamı bir ağızdan qışqırdı: Mürdəşirə bax eyy..! Ə, yetim yerini bil! Əlimin zəhmətiylə, qəbir qazmaqla, mürdəşirlik etməklə Mayısda çoxundan yaxşı yaşayırdım. Nə bilmək olar? Yəqin ki, onlar elə bu səbəbdən də məni sevmirdilər. Yox, mayıslılar paxıl deyildilər, onlar məni sevirdilər. Hə, nəhayət ki, anladım. Bunun sevgiylə heç bir əlaqəsi yoxuydu. Onlar mənə şəxsiyyətini, mənəviyyatını itirmiş adam kimi baxırdılar. Yuxuda özümə söz verdim. Söz verdim ki, nəyin bahasına olursa-olsun itmiş şəxsiyyətimi tapacağam, mütləq tapacağam. Amma bir şeyə yaman təəccüb etdim. Nədənsə, bu dəfə gördüyüm yuxu rəngliydi. Nə isə... Göyüş müəllim Mayısın Leniniydi desəm yanılmaram. Kişi əsil kommunist, marksisiydi. Elmi kommunizmi gözəl bilirdi...  Marksın “‘Kapital” əsərinin mahiyyətini ondan öyrənmişdim. Göyüş müəllim deyərdi: – Oğul, “Kapital” sənlik deyil. Qəbir qazmaqla heç vaxt kapital sahibi ola bilməzsən. Kəsəsi, pulu, qızılı olan adama arxa lazım deyil. Ağıllı olmaq yetər ki, həmən o qızılın, pulun üstünə pul gəlsin! Mən hər gün Marksa da, Göyüş müəllimə də, elə “Kapital”ın özünə də rəhmət oxuyuram. Sağ olsunlar! Sağ olsunlar ki, keçmişimi mənə unutdurdular, tapdığım qızılları pula çevirib parlaq gələcəyimi təmin etməkdə mənə yardımçı oldular. İndiki zəmanədə pul hər şeyi həll edir. Mən də saxta diplomla nazirlikdə kadrlar şöbəsinin rəisi vəzifəsinə işə düzəldim. İşə düzəlmək üçün soyuq havada düz bir həftə, özü də “dublyonka”da nazirin dalınca qaçdım (o, idman paltarında hər axşam Dənizkənarı bulvarda qaçırdı). İnadım bəhrəsini verdi. Bir neçə gündən sonra şöbəyə rəis təyin olundum... Kadrları seçib-yerləşdirmək meyarım nazirimizin ürəyincə idi. Niyə də olmasın? İlk öncə onun tapşırıqlarını yerinə yetirirdim. Sonra isə şəxsiyyətini, mənəviyyatını, insani keyfiyyətlərini itirmiş kadrlara üstünlük verir, onları işə götürürdüm. “Pul qazanmaq” ücün nazirliyin belə işçilərə çox böyük ehtiyacı varıydı. Yenə də nə isə... Pulum, var-dövlətim artdıqca dərdim də artırdı. Bir də gözümü açıb gördüm ki, yaş ötüb, subay qalmışam. Puluma, var-dövlətimə sahib çıxacaq varisim yoxdu. Nə edəcəyimi bilmirdim. Bəlkə, əməlisaleh bir qəbirqazan tapım? Ona yaxşıca pul verim və xahiş edim ki, öləndə var-dövlətimi mənimlə birlikdə dəfn etsin. Yox, mən peşəkarıydım. Mayısda yüzdən çox qəbir qazmışdım. Gözəl bilirdim ki, olmaz! Olsaydı, molla Qasım bütün ölüləri axirət dünyasına kəfənlə yola salmazdı. Gec də olsa anladım. Anladım ki, keçmişimlə bərabər gələcəyimi də itirmişəm...
 
lll
 
Qəbul günümüydü. Otağa sarışın, mavi gözlü cavan bir oğlanla yaşlı qadın daxil oldu. Deyəsən, oğlan qadının nəvəsiydi. Onun sənədlərinə baxdım, yerindəydi. Bloknotumu vərəqlədim. Tapşırılmamışdı. Durumundan, hərəkətlərindən və danışığından şəxsiyyətini, mənəviyyatını itirmiş adama oxşamırdı. Çox suyuşirin bir oğlanıydı. Ona qanım qaynasa da rədd cavabı verdim! Kaş ki, heç verməyəydim. Bayaqdan diqqətlə məni süzən qadın qəfildən dilləndi:
 
– Buyyy, başıma xeyir! Ə, Mayıs, səni görüm saqqalın ağarsın! A bala, məni hara gətirmisən? Bu ki, bizim qəbirqazandı...
 
İlham Orxan FƏTƏLIYEV


Bu yazı ( 1347 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar