12px14px16px18px

Yeddi cildə sığmayan yetmiş beş il

Vaqif ARZUMANLI
10:48 / 12.05.2012
Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin yeddi cildliyi haqqında düşüncələr

Görkəmli folklorşünas və ədəbiyyatşünas Qəzənfər Paşayevin həm imzası, həm əsərləri, həm də efirdən və ekrandan eşidilən fikir və düşüncələri geniş oxucu kütləsinə, elmi və ədəbi ictimaiyyətə yaxşı məlumdur.
Pedaqoji mühazirələrin çevrəsində, folklor nümunələrinin axtarışlarında, bədii tərcümələrin sorağında, elmi araşdırmalar aləmində keçən əlli ildən artıq dövrün uğurları və dəyərləri ilə diqqəti cəlb edən və bu ilin qızmar avqustunda 75 yaşını qeyd edəcəyimiz ədəbiyyatşünas alim, pedaqoq, tərcüməçi, dilçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çox maraqlı və olduqca zəngin həyat və yaradıcılıq yolu keçmişdir.
Onun imzasını təkcə Azərbaycanda deyil, İraqda, Türkiyədə, İranda da tanıyanlar kifayət qədərdir. Bu məqamda bir neçə ay əvvəl dünyasını dəyişmiş dəyərli ustad, akademik Bəkir Nəbiyevin beş il bundan əvvəl yazdığı bu sətirlər yadıma düşdü: “Qəzənfər Paşayev 40 ildən artıqdır ki, Azərbaycan ədəbiyyatının, mədəni və elmi əlaqələrinin tədqiqi və təbliği sahəsində yorulmadan çalışır. İstedadlı alimin indiyə qədər Azərbaycan, rus, ingilis, ərəb və türk dillərində müxtəlif ölkələrdə 30 kitab və monoqrafiyası, 200-dən artıq elmi məqaləsi çap olunmuşdur.
...Maraq dairəsinin genişliyindən asılı olmayaraq hər bir elm adamının bir sevimli baş mövzusu da olur və o, öz çalışmalarının müxtəlif mərhələlərində həmin mövzuya dönə-dönə qayıdır, bu sahədə heç vaxt azalmaq bilməyən bir məhəbbətlə qələm çalır”. (Bəkir Nəbiyev. Alim haqqında dost sözü. - Ədəbiyyat qəzeti, 2007, 24 avqust)
Unudulmaz Bəkir müəllimin dediyi həmin mövzu hansı mövzudur? Əlbəttə ki, bunu hamı çox yaxşı bilir: Bu, İraq türkmanlarının (İraqda yaşayan Azərbaycan türklərinin) ədəbi - mənəvi dəyərlərinin araşdırılması və təbliğidir.
Bir anlığa Qəzənfər müəllimin bu istiqamətdə apardığı araşdırmalarının mövzu və adlarına diqqət yetirək: “Kərkük bayatıları” (1968), “Arzu-Qəmbər” dastanı (1971), “Kərkük mahnıları” (1973), “İraq - Kərkük atalar sözləri” (1978), “İraq - Kərkük bayatıları” (1984), “Altı il Dəclə-Fərat sahillərində” (1985), “Nəsiminin İraq divanı” (1987), “Kərkük folkloru antologiyası” (1987), “Azərbaycan folkloru antologiyası”nın İraq-türkman cildi (1999), “Bu sevda ölüncədir” (2001), “Kərkük folklorunun fonetikası” (2003), “Azərbaycan və Kərkük xalq mahnılarının müqayisəli tədqiqi” (2011).
Q.Paşaevin həyatının bir neçə ili İraq Respublikası ilə bağlıdır. O, üç dəfə (1962-1964, 1964-1966, 1972-1976-cı illərdə) İraq Respublikasına tərcüməçi kimi göndərilmişdir. “Altı il Dəclə-Fərat sahillərində” kitabı məhz müəllifin İraqda tərcüməçi işlədiyi illərin təəssüratları əsasında yazılmışdır.
Bakıda ilk dəfə İraq türkman kitabxanası yaradan, hansı sahədə çalışırsa-çalışsın, hansı mövzuda yazırsa-yazsın, hər zaman Kərkük-türkman folkloruna, ədəbiyyatına sadiq qalan Q.Paşayev bu istiqamətdə göstərdiyi səmərəli fəaliyyətinə görə dəfələrlə İraq dövlətinin, Kərkük Vəqfinin, İraq-Türkman Cəbhəsinin yüksək diplom və ödüllərinə layiq görülmüşdür. Təsadüfi deyil ki, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Q.Paşayevi Azərbaycan kərkükşünaslığının banisi adlandırmışdır.
Q.Paşayev 1968-ci ildə “Kərkük dialektinin fonetikası” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etdikdən sonra, elmi axtarışlarını Azərbaycan-İraq (Kərkük-türkman) ədəbi əlaqələrinin öyrənilməsi istiqamətində aparmışdır.
Q.Paşayev ədəbiyyatşünas alim və tərcüməçi kimi eyni zamanda Azərbaycan-ingilis, Azərbaycan-fransız ədəbi əlaqələri tarixinin öyrənilməsi istiqamətində də maraqlı və qiymətli axtarışları, tapıntıları ilə tanınır. Müxtəlif illərdə onun bu sahədə yazdığı maraqlı məqalələri, ingilis və fransız ədəbiyyatlarından tərcümə etdiyi bədii nümunələr həm ədəbi və elmi ictimaiyyətimiz, həm də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır.
Təxminən 50 illik elmi axtarışlar və yaradıcılıq yolu keçmiş Q.Paşayev Çin mütəfəkkiri Konfutsinin bu kəlamının qəlbinə hakim kəsildiyini bildirir: “Elm, bilik elə bir həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir.” Gözəl fikirdir!
Yeri gəlmişkən, Qəzənfər müəllimin özünün də elm haqqında qiymətli və maraqlı deyimi var: “Elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik görülmüş işlərin sayəsində yaranır”.
Olduqca mənalı elmi və yaradıcılıq yolu keçən Q.Paşayev əlamətdar yubileyi ərəfəsində (anadan olmasını 75 illiyi) seçilmiş əsərlərinin yeddi cildliyini nəşr etdirmişdir (Bakı, “Təhsil”, 2012).
Seçilmiş əsərlərin birinci cildi müəllifin bu sözləri ilə başlayır: “Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin insanların, qohumların itkisi, nisgili, qocalığın təəssüfü adama rahatlıq vermir. Get-gedə ömrə ümidi azalan yaradıcı adam təsəllini qoyub gedəcəyi əsərlərdə tapır. Odur ki, 75 yaşımın tamam olduğu 2012-ci ildə “Seçilmiş əsərləri”mi 50 ildən artıq mənalı ünsiyyətdə olduğum oxuculara və tədqiqatçılara ərməğan etməyə tələsdim...
Elm, bilik insanı yazıb-yaratmağa ruhlandırır. Elə bu səbəbdən də gələcək nəsillərə gərəkli ola biləcəyini düşünərək “Seçilmiş əsərləri”mi yadigar qoymağa qərar verdim”.
Çox doğru və faydalı bir iş görmüsünüz Qəzənfər müəllim!
Müxtəlif dövrlərdə yazılmış, lakin arxivlərdə yatıb qalmış əlyazmalar, yaxud yarımçıq nəşrlər o qədərdir ki!...
Hər bir araşdırmanın və bədii tərcümə nümunəsinin zamanında oxuculara çatdırılması, layiqincə nəşr olunması və yayılması çox vacib məsələlərdəndir.
Q.Paşayevin “Seçilmiş əsərləri”nin birinci cildi müəllifin 1992-ci ildə “Yazıçı” nəşriyyatında çap etdirdiyi “İraq-türkman folkloru” əsəri ilə açılır. Seçilmiş əsərlərin ilk cildinin həmin əsərlə başlanması heç də təsadüfi deyil. Bu əsərin mahiyyəti, dəyəri elə onun 1992-ci ildəki nəşrində verilmiş bu annotasiyasında açıqlanır: “Xalqın ən böyük milli sərvəti onun folklorudur. Əsatir və bayatıda, nağıl və dastanda ədəbiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklorudur.
Bu baxımdan, müəyyən ictimai-siyasi səbəblər üzündən soykökündən ayrı düşmüş, İraqın şimalında, əsəsən, Kərkük vilayətində toplu halda yaşayan, Azərbaycanca danışan elatın folkloru xüsusi əhəmiyyət kəsb edir.
Canlı bir dildə, elmi-kütləvi şəkildə yazılmış bu əsərdə İraq - Türkman folkloru, ilk dəfə olaraq sistemli monoqrafik təhlildən keçirilir, onun epik, lirik, arxaik janr və növləri ətraflı tədqiq olunur. Əhəmiyyətli səciyyəvi xüsusiyyətlər üzə çıxarılır”.
Əslində bu əsər Q.Paşayevin elmi fəaliyyətinin ən uca-şah zirvəsidir. Belə ki, folklorşünas alim 1993-cü ildə bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Birinci cildə daxil edilmiş ikinci əsər isə müəllifin 1985 və 1987-ci illərdə iki dəfə nəşr olunmuş məşhur “Altı il Dəclə-Fərat- sahillərində” əsəridir.
Bu əsərində Q.Paşayev “Müxtəlif illərdə tərcüməçilik fəaliyyəti ilə əlaqədar İraqda olarkən xidməti işindən əlavə dincəlib istirahət etməli olduğu vaxtı dost ölkənin xalqlarının ictimai həyatını, ədəbiyyatını, mədəniyyətini, İraqda yaşayan azərbaycanlıların maddi-mədəni varidatını böyük həvəslə öyrənməyə sərf etmişdir” (Ayaz Vəfalı).
“Altı il Dəclə-Fərat- sahillərində” kitabını mən müəllifin çox qiymətli əsəri hesab edirəm. Təsadüfi deyil ki, səksəninci illərdə geniş oxucu kütləsi tərəfindən çox böyük rəğbətlə qarşılanan həmin kitabın ilk nəşri (1985) on min nüsxədə, iki il sonra isə təkrar nəşri yüz iyirmi min nüsxədə işıq üzü görmüşdür.
İkinci cilddə müəllifin 2011-ci ildə nəşr etdirdiyi “Dilimiz - varlığımız” kitabına daxil edilmiş məqalələri, eləcə də “Könüldən-könülə yollar görünür”... başlığı altında toplanmış ədəbi-tənqidi məqalələr və yazılar verilmişdir.
Burada bütün məqalələri, xüsusən də “Azərbaycan dilinin qərib dialektləri” adlı məqaləni həyəcansız oxumaq olmur.
Tədqiqatçı Azərbaycanın əzəli torpaqlarında yaşayan soydaşlarımızın qürbət ünvanlı Dərbənd və Kərkük dialektlərindən, onların məxsusi oxşar xüsusiyyətlərindən söz açır və bu xüsusi oxşarlığın kökünə varır. Məlum olur ki, XVI əsrin əvvəllərində Şah İsmayıl İraqda məskunlaşan Bayat qəbiləsinin bir hissəsini Dərbəndə köçürmüşdür (Bax: ASE, III cild, s. 418).
Professor Qəzənfər Paşayev bu məqalədə danılmaz faktlardan, tarixi həqiqətlərdən söz açaraq yazır: “Acı olsa da, etiraf edək ki, tarixin yaddaşı qısa, insanlar unutqan olurlar. Əcəba indi çoxmu soydaşımız bilir ki, İraqda iki milyondan artıq qardaş-bacılarımız yaşayır. Görəsən çoxmu soydaşımız bilir ki, indi Rusiya Federasiyasının tərkibində olan Dərbənd və Tabasaran rayonlarının 30 kəndində (biz hələ Dərbənd şəhərini demirik) yalnız azərbaycanlılar yaşayırlar”.
Bu cilddə verilmiş iri həcmli əsər İraq-türkmanlarına həsr edilmiş, Kərkük dialektinin fonetikasına dair “Kərkük dilinin fonetikası” monoqrafiyasıdır.
Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri sırasına daxil edilmiş Kərkük dialekti ilə bağlı Q.Paşayevin hazırladığı namizədlik dissertasiyası həm aktual, həm də dilçilik və folklor araşdırmaları baxımından böyük maraq doğurur. Ötən əsrin altmışıncı illərində hazırlanmış həmin əsər elmi ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Hazırkı nəşrdə bir sıra mətnlər və iri həcmli lüğət də verilmişdir.
Q.Paşayev bu araşdırması ilə bir daha təsdiq etmişdir ki, “Azərbaycan ədəbi dilinin təsir dairəsindən kənarda qalan Kərkük dialekti qədim dövrlərə aid dil faktlarını daha çox saxlaya bilmişdir”. Müəllif 1962-1966, 1972-1975-ci illərdə İraq Respublikasında uzunmüddətli ezamiyyətlərdə olarkən Kərkük dialekti üzərində müşahidələr aparmış və zəngin material toplamışdır.
Üçüncü cild müəllifin 2003-cü ildə “Elm” nəşriyyatında nəşr olunmuş “Kərkük folklorunun janrları” kitabı ilə açılır.
Türkiyədəki Erciyes Universitetinin professoru Mahir Naqibin “Abidə bir əsər” adlandırdığı bu monoqrafiya Kərkük folklorunda janr baxımından təsnifatın aparıldığı Kərkük türkmanlarının mərasim, epik, lirik növlərinin məzmun və poetik quruluş baxımından öyrənildiyi ilk fundamental araşdırmadır.
Bu əsərin 1998-ci ildə İstanbulda “İraq-Türkman folkloru” adı altında nəşrinə giriş məqaləsi yazmış professor Mahir Naqib xüsusi olaraq vurğulayır ki, “Bir zamanlar tək torpaq parçası halında olan Kərkük və Azərbaycan, XX yüzilin başlarında iki ayrı adda halına gəlmişdir. Bu gün iki adanı bir-birinə bağlayan körpünün memarı Q.Paşayevdir. Şübhə yoxdur ki, günümüzdə adacıqlar halına gələn Türk Dünyasını bir-birinə bağlayan mədəni körpülərin ağırlığını Q.Paşayev kimi şüurlu elm adamları çiyinlərində daşıyacaq və gələcəkdə də yüksək tutacaqdır. Möhtərəm Qəzənfər Paşayevin məna və ciddiyyət dolu, əhatəli və birləşdirici çalışmalarını, sadəcə, Kürkük və Azərbaycanda deyil, bütün Türk Dünyası minnətdarlıq və şükranlıqla anacaqdır”.
Üçüncü cilddə həmçinin Q.Paşayevin ünsiyyətdə olduğu, uzun illər dostluq etdiyi, dünyasını dəyişmiş ziyalılar haqqında yazdığı məqalə və xatirələri verilmişdir. “Borcumuzdur bu ehtiram” başlığı altında toplanmış otuzdan artıq məqalə və yazı maraqlı müşahidələr, qiymətli xatirələrlə zəngindir. Həmin yazıları oxuduqca müasir Azərbaycan ədəbiyyatının və elminin tanınmış nümayəndələrinin həyat və yaradıcılığının bir çox qiymətli səhifələri gözlərimiz önündə canlanır.
Dördüncü cilddə altı bölmədən ibarət “Nəsimi haqqında araşdırmalar” monoqrafiyası və bu yaxınlarda dünyasını dəyişmiş akademik Bəkir Nəbiyevə həsr olunmuş “Ədəbiyyatşünaslıq elmimizin patriarxı” araşdırması verilmiş və “Sevərək yaşayanlar”, ədəbi-elmi əlaqələr, “Kərkük dünyası” başlıqları altında hazırlanmış məqalələr verilmişdir. Bu məqalələrin də coğrafiyası çox genişdir. Müəllifin elm haqqında düşüncələrindən başlamış bitib-tükənməyən Azərbaycan folkloru incilərinə qədər uzanan fikir və mülahizələrini əhatə edən bu məqalələrdə həm müasir Azərbaycan və Kərkük ədəbiyyatının ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığının maraqlı epizodları, həm də ədəbi əlaqələrimizin bir sıra qiymətli səhifələri əhatə olunmuşdur.
Bu cilddə “Sevərək yaşayanlar” başlığı altında Şeyxülislam Hacı Allahşükür Paşazadə, Elcin Əfəndiyev, Vasim Məmmədəliyev, Budaq Budaqov, Nəriman Həsənzadə və digər görkəmli ziyalılarımıza həsr olunmuş maraqlı məqalələr verilmişdir.
Cildin ən maraqlı səhifələrinin bir qismi ədəbi-elmi əlaqələr mövzusunda yazılmış məqalələri əhatə edir. Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ ədəbi və elmi əlaqələrindən bəhs edən həmin yazılarda xeyli qiymətli və yeni fakt və materiallara rast gəlmək olar. Bu baxımdan “Kərkük dünyası” başlığı altında toplanmış məqalələr də öz orijinallığı ilə seçilir. Kərkük-türkman ədəbiyyatı xadimlərinin həyat və yaradıcılıq yollarını əks etdirən bu məqalələr həm elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi üçün İraqda yaşayan soydaşlarımızın folkloru, müasir ədəbi ab-havası haqqında kifayət qədər məlumatı əhatə edir.
Dördüncü cildə Q.Paşayevin müxtəlif illərdə qələmə aldığı publisistik yazılar da verilmişdir ki, onlar “Ürəkdən gələni deməsən olmur” və “Sazlı-sözlü dünyamızdan” başlıqları altında toplanmışdır.
Beşinci cilddə Q.Paşayevin müxtəlif vaxtlarda bir sıra ədəbi məclislərdə, kütləvi informasiya vasitələrində etdiyi çıxışları, müsahibələri, müxtəlif yubileylərdə, doğum və anım günlərində, kitabların təqdimatı mərasimlərində, radio və televiziya kanallarındakı söylədiyi fikir və mülahizələri verilmişdir. Həmin qiymətli fakt və materiallarla bağlı haqq qazandırıram ki, “Xalq qarşısında böyük və danılmaz xidmətləri olan şairlərimizdən Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Qasım Qasımzadə, Hüseyn Arif, Tofiq Bayram, Nəriman Həsənzadə, Fikrət Qoca, şair-tərcüməçi Vladimir Qafarov, yazıcılardan Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, Manaf Süleymanov, Anar, Elçin, Fərman Kərimzadə, Nahid Hacızadə, ədəbiyyatşünaslardan Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Gülrux Əlibəyli, Əjdər Xanbabayev, İmamverdi Əbilov, Ayaz Vəfalı, İlyas Tapdıq, Xeyrulla Məmmədov və bir çox başqa görkəmli şəxsiyyətlər barədə çıxışlarım (mən hələ akademiklərdən Budaq Budaqov, Ziyad Səmədzadə, Vasim Məmmədəliyev, Bəhram Əsgərov, Tofiq Hacıyev, professorlardan Müseyib Müseyibov, Camal Mustafayev, Qəzənfər Kazımov, Cəfər Quluzadə və s. kimi başqa elm sahəsinin adamlarını demirəm), nə gizlədim, mənə fərəh, sevinc və qürur hissi bağışlayıb. Eyni zamanda təmənnasız zəhmətimin izsiz qalması barədə düşünmüşəm. Ürək ağrısı ilə düşünmüşəm ki, rəsmi dövlət səviyyəsində keçirilən tədbirlərdəki çıxışlar xaric, yerdə qalanlar unudulmağa məhkum olurlar. Baxmayaraq ki, onların bir çoxunda ədəbiyyatımız üçün gərəkli olan mətləblər qədərincədir. Məhz buna görə də düşünürəm ki, ədəbi məclislərdə, doğum və anım günlərində, yas mərasimlərində görkəmli şəxsiyyətlərimiz, qələm sahiblərimiz, alimlərimiz barədə səslənən fikirləri, çıxışları it-bat olmaqdan qoruyaraq gələcək nəsillərə yadigar qoymaq faydalı olardı”.
Beşinci cilddə həmçinin Q.Paşayevin tanınmış şəxsiyyətlərə və ədəbiyyat xadimlərinə, qəzet və jurnal redaktorlarına məktubları (həmçinin məşhur fransız ədibi Aleksandr Dümanin (Ata) Azərbaycanda çap olunmamış, 1858-ci ildə Bakıdan Parisə göndərdiyi məktubu da daxil edilməklə), müxtəlif illərdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarına onun verdiyi opponent rəyləri, ayrı-ayrı namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarına yazdığı rəsmi rəylər, eləcə də müəllifin Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Fuad Qasımzadə haqqında yazdığı məqalələri verilmişdir.
Altıncı cild bütünlükdə Q.Paşayevin ingilis və fransız ədəbiyyatlarından etdiyi tərcümələri əhatə edir. Burada A.Dümanın məşhur “Qafqaz səfəri” kitabının tərcüməsi, eləcə də məşhur Amerika alimi, professor Sula Benetin “Necə yaşayasan-yüzü haqlayasan” kitabının (Nyu-York. 1976) bütün dünyada “detektiv əsərlər kraliçası” kimi tanınmış məşhur romanlar müəllifi Aqata Kristinin “Mavi qatarın sirri” romanının dilimizə tərcümələri verilmişdir.
Orijinaldan bədii tərcümənin uğurları baxımdan yüksək peşəkarlıqla Azərbaycan dilinə edilmiş həmin tərcümələr ayrıca bir məqalə və araşdırma mövzusu olduğunu nəzərə alaraq, adları sadalanan tərcümələrin nəşrini yüksək qiymətləndirir və bu istiqamətdə Qəzənfər müəllimin bu xeyirxah işi davam etdirməsini çox arzu edirəm.
“Seçilmiş əsərlərin” sonuncu cildinin əvvəlində müəllifin “İraq türkman folklorunun janrlar sistemi” monoqrafiyasının rus dilinə tərcüməsi verilir (tərcüməçi Vladimir Qafarov). Bu araşdırma orijinalda “Seçilmiş əsərlərin” üçüncü cildində çap olunmuşdur. Cildə həmçinin Q.Paşayevin rus dilində hazırlanmış məqalələri, ingilis dilində ölkəşünaslıqdan bəhs edən “İngiltərədən söz açaq “ adlı universitet tələbələri üçün dərs vəsaiti, ingiliscə və türkcə çıxan, məqalələri daxil edilmişdir.
Yeddinci cilddə həmçinin müəllifin ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyi elmi, publisistik və bədii tərcümələr də yer almışdır. Professor Q.Paşayevin əsərini xüsusi olaraq qeyd etmək istərdim. Bunlar “Nostradamusun möcüzəli aləmi” və “M.F.Axundzadənin ədəbi tənqidi” əsərləridir.
Q.Paşayev 2007-ci ildə iri həcmli (760 səh.) “Nostradamusun möcüzəli aləmi” kitabını çap etdirmişdi (Bakı, “Təhsil”). Həmin nəşr çox böyük maraq doğurmuşdu. Əslində bu tədqiqat əsəridir.
Bu da maraqlıdır ki, “Təqribən 500 ildir böyük fransız alimi və öngörücüsü Mişel Nostradamusun bəzən peyğəmbərcəsinə dəqiqliklə söylədiyi mətləblər həqiqətə çevrilib öz yerini alır, dünyanın ən müxtəlif ölkələrində cəmiyyətin diqqət mərkəzində qalaraq dönə-dönə tərcümə və nəşr olunur. Q.Paşayev onun bütün görücülük irsini Azərbaycanda ilk dəfə olaraq tam şəkildə tədqiq və tərcümə etmiş, ömrünün 7 ilini sərf edərək 757 səhifəlik sanballı bir kitab kimi meydana qoymuşdur (Bəkir Nəbiyev).
Hazırkı nəşrdə “Nostradamusun möcüzəli aləmi” kitabının bir fəsli - “Dərk olunmayan aləm” verilmişdir.
Məlum olduğu kimi, M.F.Axundzadələr nəslinin nümayəndəsi Pərirux xanım və onun həyat yoldaşı - Tokio universitetinin professoru İrəc Parsinecad (Onların hər ikisi 1987-ci ildə Bakıda səfərdə olmuş və M.F.Axundzadənin anadan olmasının 175 illik yubiley tədbirlərində iştirak etmişlər) görkəmli Azərbaycan mütəfəkkirinin həyat və yaradıcılığını araşdırırlar. Və İ.Parsinecad 1988-ci ildə ABŞ-da ingilis dilində “M. F. Axundzadənin ədəbi tənqidi” araşdırmasını çap etdirmişdir.
Vaxtilə Q.Paşayev bu əsər barədə dövri mətbuatda məqalə çap etdirmiş (“Ədəbiyyat qəzeti”, 1994, 23 sentyabr), daha sonra isə onu Azərbaycan dilinə tərcümə etmişdir.
Q.Paşayevin seçilmiş əsərlərinin yeddi cildliyi çox nəfis və yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Hər cildi təxminə 45 çap vərəqi həcmində nəşr edilmiş “Seçilmiş əsərlər”in hər birinin sonunda onun çap etdirdiyi bütün əsərlərin üz qabığının foto-şəkilləri tarixi ardıcıllıqla təqdim edilir ki, bu da yaradıcı ziyalı üçün qiymətli amildir. Onu da qeyd edim ki, hər bir cilddə müvafiq əsərlə bağlı onun müəllifinə və mövzuya dair çoxlu sayda foto materiallar da verilmişdir.
Q.Paşayevin “Seçilmiş əsərləri”nin yeddi cildliyinə yazdığı ön sözdə (Müəllifdən) vurğulanır ki, “Seçilmiş əsərləri”ni vərəqlədikcə, görülən işlərin miqyasına vardıqca qədim Çin mütəfəkkiri Konfutsinin kəlamı qəlbimə hakim kəsildi: “Elm, bilik elə bir həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir.”
Bu, həqiqətən də, belədir. Eyni zamanda məlum bir həqiqət də vardır. Elm, bilik insanı yazıb-yaratmağa ruhlandırır. Yaradıcı adam dərk edir ki, dahi Səməd Vurğunun “Deyilən söz yadigardır” kəlamında böyük bir hikmət vardır. Elə bu səbəbdən də gələcək nəsillərə gərəkli ola biləcəyini düşünərək “Seçilmiş əsərlər”imi yadigar qoymağa qərar verdim”.
Bu qeydlərdə hər şey gözəldir, təbiidir, hikmətlidir. Lakin bir istisna ilə. Üzümü 75 illik yubileyini qeyd edəcəyimiz qiymətli, dəyərli ziyalımıza tutaraq belə deyərdim: “Qəzənfər müəllim! Bu yeddi cildlik Sizin 75 illik həyat və ədəbi fəaliyyətinizin elmi, bədii aynasıdır. Axı, Siz indi də yazıb-yaradırsınız, hələ uzun illər də yazıb-yaradacaqsınız. Hələ Sizin elmi, ədəbi ictimaiyyətə, geniş oxucu kütləsinə ərməğanlarınız çox olacaq...
İnanıram ki, hələ seçilmiş əsərlərinizin on cildliyini də yadigar qoymağa fürsətiniz imkanınız olacaq. Sizə bu yolda yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzu edirəm!
Əminəm ki, Sizin gələcəkdə nəşr edəcəyiniz on cildlik seçilmiş əsərləriniz haqqında da fikirlərimi geniş oxucu kütləsi ilə bölüşməyə fürsət tapacağam.
Vaqif ARZUMANLI
Filologiya üzrə elmlər doktoru, professor



Bu yazı ( 223 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar