12px14px16px18px

İlqar Fəhminin "Aktrisa" romanı: Özbək-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsi rakursunda

İslamcan YAQUBOV
10:47 / 12.05.2012
İlqar Fəhminin "Aktrisa" romanı gənc özbək tərcüməçisi Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən Özbək dilinə iki millət arasında çox qədim olan mədəni, maarifləndirici və ədəbi dostluğun nəticəsi kimi tərcümə edilmişdir. Eyni zamanda, bu, vasitəçi dilin iştirakı olmadan birbaşa tərcümənin aparılmasına bir işarədir. Başqa sözlə, bu onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksəlmişdir.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli gənc yazarlarından biri olan İlqar Fəhminin detektiv romanı Özbək oxucularının diqqətinə çatdırılan ilk sənət əsəridir. İlk olaraq roman “7x7” qəzetində dərc edilmişdir. Daha sonra əsər ayrıca kitab şəklində işıq üzü gördü. Yazıçının bəzi ədəbi əsərləri türk, rus, tacik, gürcü və s. dillərə tərcümə olunmuşdur.
Tanınmış Azərbaycan şairi və publisisti Rəşad Məcidin dediyi kimi, Azərbaycanın Corc Simenonu olan İlqar Fəhminin romanının özünəməxsus xüsusiyyəti nədən ibarətdir?
Haqqında danışdığımız romanın adının niyə məhz “Aktrisa” olması və müəllifin niyə məhz teatr aktrisasının həyatı haqqında roman yazmasının müəyyən səbəbi vardır. Vəziyyət onu göstərir ki, bir şair olmaqla bərabər, eyni zamanda İlqar Fəhminin teatra çox böyük marağı vardır. Bundan əlavə, romanda təsvir olunan hadisələr məkan və zaman baxımından məhdudlanmışdılar. Əsas rolu mərkəzi süjet oynayaraq hadisələr çox sürətlə inkişaf etmişlər. Hadisələrin baş verdiyi məkan və zaman bir -birinə çox yaxındır. Eyni zamanda, süjet hadisələrinin baş verdiyi məkan iki qonşunun bağı ilə məhdudlaşır. Bütün bunlar onu göstərir ki, müəllif süjetin dramatik konstruksiyasını və ifa imkanlarını çox yaxşı müəyyənlşdirmişdir. Buna görədir ki, o, bu roman üzərində işləyərkən səbəb-nəticə əlaqələrinə əsaslanmışdır.
“Aktrisa” romanı birdən-birə oxucunu özünə bağlamır. Bizə elə gəlir ki, bu cür vəziyyət romanın arxitektonikası ilə bilavasitə bağlıdır. Çünki roman iki bərabər həcmli hissəyə bölünmüş və bu iki hissənin vəhdəti vasitəsilə müəllifin konsepsiyası ifadə edilmişdir.
Aristotelin dediyi kimi, təsvir üslubu müəllifin hekayətində hadisələrlə qarışmayaraq, hekayətin bütün inkişafı boyunca müəllifin özü-özlüyünün qorunub saxlanması və yaxud təsvir olunan personajların ifadəsi vasitəsilə baş verir. Romanın izahat üslubunun təsdiq edilməsi üçün müəllif hekayəti qəflətən istintaq orqanlarının əlinə keçmiş qatilin (Rüfət Hüseynzadə) elektron gündəliyi vasitəsilə danışır.
Bir ədəbi detal kimi çatdırılan gündəliklə tanış olduqca oxucunu romanın əvvəlində müşayiət etdiyi qənaətlər tədricən yox olur. Bunun yerinə oxucunu insan və bəşəriyyətin qərarı, insan və tale haqqında aydın fikirlər və sonsuz hisslər bürüyür. Başqa sözlə desək, ədəbi detal insan xarakterini özündə birləşdirərək onu daha parlaq etmiş, reallığı daha canlı şəkildə təsvir edərək xülasəyə gətirmiş, həmçinin də, yazıçının fikirlərini daha gücləndirmiş və bitginləşdirmişdir.
Müəllif Lalə xanımın gözəlliyi və məftunluğunu Mark Antoni və Yuli Sezarın qəlbini ovsunlamış Misirin əfsanəvi şahzadəsi Kleopatra ilə eyniləşdirmişdir.
Doğrudan da, qəribə və anlaşılmaz davranış tərzi, dəlisov və yüngül xarakterli istəklər, gözlənilməz və qeyri-adi hərəkətlər, hər gün özünü müxtəlif görünüşdə nümayiş etdirməsi bu qadını daha da cəlbedici edirdi. Bir tərəfdən onunla bir yerdə yaşamaq kişi üçün əsl həzzə çevrilsə də, digər tərəfdən onun xasiyyətini anlamaq olduqca çətin idi.
Beləliklə, Lalə üçün həyat oyun, insanlar isə bir təskinlikdir. Onun fikrincə, həyat da bir teatr səhnəsidir. Onun ailə üçün yaranmadığı açıq şəkildə aydındır - o, sadəcə olaraq, bir aktrisadır. Buna görədir ki, öz qonşusu Rüfət Hüseynzadə ilə yeni “ifasına” başladıqda o, heç düşünməzdi ki, bu “maraqlı oyun” bir faciə ilə nəticələnəcək. Lalənin həm sevilməyə, həm də nifrət edilməyə layiq bir qadın olması aydındır.
Romanın qəhrəmanlarından biri olan yazıçı Rüfət Hüseynzadə insanlar arasında böyük hörmət qazanmış bir şəxsdir. Bəs onda niyə o, belə bir faciəvi bir əməl törətmişdir. Bu iki qətli törədəndən sonra o, öz həyatının da faciəvi nöqtəsini qoymuş olur. Biz bu sualın cavabını onun gündliyində tapmış oluruq. Baxmayaraq ki, bu gündəlik çox şəxsi idi və Rüfət Hüseynzadə onu özünün gözəl qısa vaxt çərçivəsində yaşanmış hisslərini yadda saxlamaq üçün yazırdı, o, bu gündəliyi bir yazıçı olduğundan məhv etmir. Bu gündəlik yazıçının son əsəri kimi qalır. Dolaşıq hadisələrdən söhbət açaraq Rüfət Hüseynzadə doğru tərəfə istiqamətləndiyini hiss edir. O, anlayır ki, bu cinayətləri törətməklə Allahın qarşısında bağışlanılmaz və ağır günah işlətmiş olur. Buna görə də, o, vicdanı qarşısında əzab çəkir. O, özünü çox qəti şəkildə mühakimə edir və onu həyata keçirir.
Şübhəsiz ki, qeyrətli bir kişi üçün yad bir qadını seyr edərək əylənmək düzgün hərəkət deyildi. Lakin bu həm təbiətcə romantik olan yazıçı Hüseynzadə üçün, həm də eyvanda və yaxud pəncərənin qarşısında dayanaraq öz davranışı ilə yad bir kişini cəlb edən aktrisaya böyük zövq bəxş edirdi. Təəssüf ki, Rüfət Hüseynzadə öz hiyləgər hisslərini cilovlaya bilmədiyi üçün çox mürəkkəb vəziyyətlə qarşılaşaraq özünü ağır günaha sürükləmiş olur. O, qadının nəzakətli və qəmgin baxışlarından, ümidlə və göz yaşları ilə dolu baxışlarından xeyli təsirlənmişdir. Hüseynzadə heç zaman düşünməzdi ki, Lalə sadəcə olaraq özünün qəddar ərinin əllərindən əzab çəkən qadının - yalqız və ümidsiz bir qadının rolunu professionallıqla ifa edirmiş. Onun fikrincə, arvadını teatrı atmağa təhrik edən, onu sənətindən ayıran və durmadan ona əl qaldıran ər, sözün əsl mənasında, qəddar bir insandır. Buna görə də, o, bir hörümçək kimi qəddar kişinin toruna düşmüş bu qadını xilas etmək qərarına gəlir. Bunun nəticəsi kimi, o, nağıllarda olduğu kimi, bu qadını amansız quldurlardan xilas edərək şər fikirlərini yox etməyi özünə öhdəlik bilir.
Lalə özünün onun həm müəllifi, həm prodüseri, həm də ifaçısı olduğu bu mono tamaşada rolunu yüksək zövqlə ifa etdi, onun seyrçisi isə Hüseynzadə idi. O, bundan çox razı idi. Lakin bunun faciəvi sonluğu heç zaman onun ağlına gələ bilməzdi. Bank sahibinin ölümündən sonra Hüseynzadə hiss etmişdi ki, Lalə tərəfindən ona qarşı həm müəyyən maraq, həm də, nə isə bir qəribəlik mövcuddur.
Lalənin fikirlərini təsvir edərkən yazıçı İlqar Fəhmi C.Berkley, İ.Kant və F.Nitşenin psixoanaliz, post strukturalizm və sürrealistlərin xüsusi istiqamətinə əsaslanmış insanın davranış və əməllərinin məntiqi şəkildə izah olunmasının mümkünsüzlüyü haqqında ideyalarından bəhrələnmişdir. Bunun vasitəsilə romanın qəhrəmanı özünün tam şüurluluq səviyyəsinə çatmağına çalışır.
Ən vacibi odur ki, romanın müəllifi həyatı məntiqi olmayan bir oyun - absurd kimi qiymətləndirmir. Lalə və Hüseynzadənin personajlarının münaqişələrində o, iki cür mənəvi-əqli konsepsiyanı müzakirəyə qoyur ki, bunların birincisi onun tərəfindən qəbul, ikimcisi isə inkar edilir. Buna görə də oxucu Lalə və Hüseynzadənin ölümlərinə eyni müstəvidən yanaşmır. Romanı bitirərkən oxucunu bu cür fikirlər narahat edir - Lalə bütün bu faciəyə səbəb olan əsas şəxsdirmi? Doğrudan da, Lalənin eqoistik həyat tərzi “təxəyyül məntiqinə” əsaslanmışdır. Bu cür xudbin istək həyat reallığı ilə ziddiyyət təşkil etdiyinə görə onu xəyali əməllərə sürükləyir. Səhnə həyatına dərin ehtirasla yaşayan aktrisa artıq oynamış olduğu rollara və oxuduğu kitablara əsasən həyat səhnəsi yaradır. Nəticədə, o, reallığı öz arzusu ilə qarışdırmış olur.
Aydındır ki, Lalənin yanaşması üçün xarakterik olan ikilik yalnız auditoriya və ifaçı üçün nəzərdə tutula bilər. Biz bu ideyanın məğzini diqqətlə öyrənsək, müəyyən edəcəyik ki, Lalə insanların həyatını absurd sayır və Yaradanın rolunu inkar edir. Buna görə də, o, qürurla söyləyir: “Mən öz kiçik ifamı insanların absurd teatrından yığışdıra bilərəm” . O, incəsənət və ədəbiyyatın onun üçün bir əyləncə vasitəsi kimi xidmət etdiyini belə gizlətmir. Əslində, Lalə sənət əsərləri və ədəbiyyatı xəyalpərəstlərin cəfəng yaradıcılığının nəticəsi kimi qiymətləndirir. Buna görə də, qatilin kim olduğunu bildiyi halda, polisə bu barədə heç bir məlumat vermir. O, Hüseynzadəni onun ərini öldürdüyünə görə deyil, özünün uğursuz ifasını pozmuş olduğuna görə günahlandırır.
Sonda Hüseynzadə anlayır ki, onun gördüyü Lalənin obrazı yalnız xəyalındakı mələkdən ibarət idi və qatil rolunda çıxış etdi. Beləliklə, bank sahibini öldürərək o, ağır cinayət etmiş oldu. Buna görə də, Hüseynzadə öz dəhşətli əməlinə nifrət bəsləyir. O, bankirin bir aktrisa tərəfindən həyata keçirilən murdar oyunun qurbanına çevrildiyindən çox heyfslənir. O, şairlərin öz əsərlərində təsvir etdikləri qadınlara nifrət bəsləyir və uzun illər boyu qiymətləndirdiyi qadının təravət və düzgünlük simvolu olmadığını, əksinə, hiyləgərlik və mənasızlığa gətirib çıxardığını anlayır.
Bu qəzəb gündən-günə böyüyərək özünün yalnız xarici gözəlliyə deyil, planlaşdırılmış riyakarlığa aldanmış olduğuna görə özü-özünün bağışlamamasına gətirib çıxarır. Hüseynzadə anlayır ki, öz səhvi ucbatından bir iblisin əlinə düşmüşdür. Romanın qəhrəmanı iddia edir ki, həyat Yaradan tərəfindən göndərilmiş insanlar üçün çox böyük sınaqdır. Beləliklə, o, bu qənaətə gəlir ki, özünün doğru yolunu artıq itirmiş və bu sınaqdan keçə bilməmişdir, yalnız insanlar deyil, Yaradan daha onun bu günahından keçməyəcəkdir.
Laləyə qarşı daha çox niftət və qəzəb hiss etməkdənsə, Hüseynzadə onun gözəlliyi və cazibədarlığına susayır. Nəticədə o yenə və yenə günaha əl atmış olur. Maraqlıdır ki, Lalə dəhşətli ölüm və cinsi zorakılıq mərhələsini də səhnədə oynadığı bir rolu kimi qəbul edir. Özünün düşündüyü bu faciənin fantastik final səhnəsini o, həm inilti, həm ağlama, həm qəzəb, həm nifrət, sonda isə səmimiyyət və təbəssümlə “ifa” edir. Təəssüf ki, o bu dünyanı bütün kainatda yalnız bir yaradanın - Allahın olduğu və insanın onun tərəfindən yazılan taleyini dəyişə bilməməsini anlamadan tərk edir. Romanın sonunda iblis gözəlliyinin simvolu olan Laləni və onun günahsız ərini öldürən günahkar şəxs - Rüfət Hüseynzadə də faciəvi ölümlə üzləşir.
İlqar Fəhminin yaradıcının - şair və yazıçının personajını romanın mərkəzinə yerləşdirməsi məqsədəuyğundur. Bizə aydın olur ki, romanda bu situasiya həyatın reallığı, faciəvi münaqişələr, faciəvi vəziyyətlər, faciəvi personaj konsepsiyasının anlamı ilə sıx əlaqə vasitəsilə meydana gəlir. Əslində, aydındır ki, roman boyu qəhrəmanların üzləşmiş olduğu situasiyalar, ağıllarında meydana gələn konfliktlər faciəvi şəkildə nəticələnir. Bundan başqa, romandakı faciəvi konflikt yalnız insani məqsədlərlə deyil, şəxsiyyət və tale fəlsəfəsi ilə sıx surətdə bağlıdır. Bunun üçün də Hüseynzadə təkbaşına mübarizə aparan dərin mənəvi və ruhi çətinliklərdən əzab çəkirdi. Lakin o, özünün faciəvi situasiyasında belə Yaradanın itaətindən boyun əymir. Hüseynzadə bunu Allahın qərarını gözləmədən, özünün özünü cəzalandırması ilə sübut edir. Bu xüsusiyyətlərinə görə o, Allahın qərarını gözləməyən Edipə, özünə cəza üsulunu seçmiş Anna Kareninaya və yaxud özünün ruhunda iblisi inkar edən İvan Karamazova bənzəyir.
Qonşu Azərbaycan roman yazı üslubunda müşahidə edilən bu cür situasiyalar Özbəkistanda baş verən roman yazı prosesinə oxşardır. Məsələn, müstəqillik dövrü Özbək roman janrında həyatın real hadisələrinin insanın şüuruna, düşüncələrinə, mənəvi-ruhi dünyasına təsiri yüksəlmişdir. Çünki bu dövrə xas olan sürətli inkişaf ədəbi düşüncələrdə öz əksini taparaq milli-fəlsəfi və estetik baxışlar sisteminin əhatə edilməsinə gətirib çıxarmışdır. İnsan intellektinə itaət edilə bilməyən həyatın müxtəlif və sonsuz imkanlarının sübut edilmə nümunələri vardır.
Janrın əhatəliliyinə xas olan keyfiyyət-struktur dəyişiklikləri milli roman janrının formasını yeniləmiş və onun ədəbi təsvir imkanlarını genişləndirmişdir. Başqa sözlə, Özbək romanları bu təbiətdən olan bir çox ədəbi nümunə və janrların özünəməxsus xüsusiyyətlərini mənimsəmişdir. Hal-hazırda, reallıqla yanaşı, vicdan və fikirlər, sərbəst süjet bizim romanlarımızın özünəməxsus təbiətini istiqamətləndirməyə başlamışdır.
“Qurani Kərim”-in Özbək dilinə izahlı tərcüməsi və hədislərin geniş şəkildə yayımı, Nizami, Nəvai, Rumi kimi klassik Şərq ədəbiyyatı nümayəndələrinin xəzinəsinin əks etdirilməsi, Cədid ədəbiyyatının şərhi müasir Özbək ədəbiyyatının inkişafına təsir etmişdir. Həmçinin, Z.Freydin psixoloji assosiasiya nəzəriyyəsi, E.Fromun insan psixoanalizi, N.A.Berdyayevin ekzistensial konsepsiyaların spesifik xüsusiyyətləri kimi əsərlər müsbət şəkildə mənimsənilmişdir. F.Dostoyevski, C.Coys, F.Kafka, A.Kamünün roman və hekayələri, C.Yakobi, N.Qartman, M.Haydeger kimi XX əsr filosofların nəzəriyyələrinin geniş şəkildə yayımlanması insanları müxtəlif aspektlərdən anlamağa imkan vermişdir.
Yuxarıda müşahidə edildiyi kimi, müasir Özbək və Azərbaycan roman yazı üslubunun çoxlu sayda ümumi cəhətləri var. Biz düşünürük ki, bu proses ilk əvvəl onu göstərir ki, müasir müəlliflərin təfəkkürlərində ümumi bir proses yer alır. İkincisi, bu bir daha onu sübut edir ki, ədəbiyyat və incəsənət insanlararası mədəni yaxınlığın əsas vasitələridir. Üçüncüsü, poetik ifadənin nəzəri izahı müqayisəli - tipoloji şəkildə ədəbi prosesin təbiətinin məğzini yenidən tədqiq etməyə imkan verir. Dördüncüsü, ədəbi situasiya və qaynaqların hərəkətverici qüvvəsinin müəyyən edilməsi bizim ədəbiyyatımıza unikal nəzəri-metodoloji yanaşma prinsiplərini formalaşdırmağa yardım edə bilər.
İslamcan YAQUBOV
Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin dosenti



Bu yazı ( 171 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar