12px14px16px18px

Şuşaya məktub

Səbinə GÖZƏLOVA
11:37 / 08.05.2012



Məktubuma salamsız başlamaq istəyirəm. Ümumiyyətlə, məktub formasında yazmaq istəmirəm. Baxmayaraq ki, adı “Şuşaya məktub”du. Bilirsən niyə? Axı sual verə bilərsən ki, “məni tərk edəndə “Sağ ol” dedinmi, indi də salamlaşırsan, hələ məktub da yazırsan?!”
Onda bu yazdıqlarımı adi ürək sözləri kimi qəbul et, ŞUŞA!
Gün gəlir, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə bütün həyatını danışmaq istəyirsən. Mən də danışdım. Təxminən 2 ay bundan öncəydi, Şuşada uşaqlığımızı birlikdə keçirdiyimiz qonşumuz zəng vurdu. 20 ildən sonra mənim nömrəmi tapmışdı, dərsdə mühazirə dediyim anda telefonuma zəng gəldi. Bilinməyən nömrə olduğu üçün əhəmiyyət vermədim. Amma gördüm, dərsimə mane olur. Cavab verməyə məcbur oldum. Bəli, uşaqlıq dostum idi. 20 il öncə Mikayıl Gözəlovun ölüm xəbəri gələndə anamın məni qucağına alıb güllə kimi zirzəmidən çıxdığı anda gözləri gözlərimə sataşan ilk insan idi o! Gözlərində “Biz bir daha görüşə bilməyəcəyik” nidası vardı...
2 gün bundan öncə Vətən həsrətinə son qoyub, başqa materikdən gəldi. SƏNdən xeyli danışdıq, SƏNi bolluca xatırladıq. Hətta bəzən göz yaşlarımızı saxlaya bilməyib söhbəti dəyişdik. Qəfildən uca bir səslə mənə səsləndi: “Səbinə!” Cavab vermədim. “Gözəlova! Həyətimizin ən ərköyün qızı! Cavab ver görüm, necə ayaqda qaldınız, necə dözüb durdunuz? Bu möhkəmliyi sən hardan aldın?” Mən sadəcə bir gülümsəmə ilə ona cavab verdim: “Şuşa necə güclü görünürsə, mən də elə güclüyəm, dostum!”
Mənim SƏNə deyəcəyim heç nə yoxdu. Çünki SƏNi ən yaxşı mən tanıya bilərəm. SƏNdə doğuldum. SƏNdə uşaqlığımı keçirdim və SƏNdə arzularıma son qoydum. Və SƏNdə Onu itirdim. SƏNdən küsdüyümü deyə bilərlər. Heç kimə inanma! Heç kimə! Yalançı vətənpərvərlərdən başqa hamıya inan!
Bu məktubum SƏNədi. Onunla isə hər axşam danışıram, giley-güzar edir, bəzən də onunla fəxr etdiyimi deyirəm, həsrətimi bildirirəm. Sonda isə “SƏNin üçün çox darıxıram, SƏNi çox sevirəm, Ata” deyib, gözlərimi yumuram. O isə ağ-qara şəkildəki zəhmli baxışları ilə məni yuxuya verir.
SƏNi və Onu eyni ildə itirəndə şüşə tək sındım. Amma məni tək qoyduğunuza baxmayın, elə ürəyimin bütöv şüşəsi SƏNsən, bir də Odur. Eyni il dedim, çünki o vaxtdan illəri ayırmıram, dəyişmirəm. Sadəcə, fəsillər bir-birini əvəz edir. Soyuq qış gecəsində Onu, gözəl bir yaz günündə SƏNi itirdik.
Ən son şəkillərinə baxdım. Evimizi gördüm. Sadəcə yanmış eyvanımız yox, küçəmizin hər tini, hər daşı, hər döngəsi məni məhv etdi. Özümü bağışlamıram, ŞUŞA!
Şuşaya duman gəlib,
Qəlbimə güman gəlib.
Hər dərdimi-sərimi
Sinəmdən qovan gəlib.
İndi evimizdəki ağsaçlı Ana hər yay səni axtarır. “Yayda hamı mənim başıma toplaşardı. İndi hamı məni öz yaylağına dəvət edir. Eybi yox, bir gün gələr yenə hamınızı mən dəvət edərəm ŞUŞAya” – deyib hey gileylənir. Hər yeri gəzdirdik, heç yerdə SƏNi tapa bilmədi. Ən son Böyük Qafqazın yamaclarına apardıq. Orda SƏNin dağlarına bənzər dağlar, havana bənzər hava, suyuna bənzər bulaq suyu tapdı. Amma yenə də narazıdı, gileylidi. “ŞUŞA qədər ola bilməz deyir”. SƏNdən söz düşəndə “Xoşbəxt illərimin şəhəridi” deyir.
Bizi bağışla, ŞUŞA! SƏNi qoruya bilmədik! Amma əzilmə, üzülmə, ŞUŞAM, biz SƏN ən öyrənirik güclü olmağı. Şüşə sınanda bir daha birləşmir. SƏNdən möcüzə gözləyirəm. Şüşəni birləşdir. Bizləri topla başına. Səni ayaqda, güclü, məğrur görmək istəyirəm. Bu 20 il son 20 il olsun! Bundan sonra bizim ol! Sözdə yox, həyatda bizim ŞUŞAmız ol!
Səbinə GÖZƏLOVA


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar