12px14px16px18px

Kamal Abdulla artıq birincidir

Vaqif BAYATLI ODƏR

XARİCİ ƏDƏBİYYATI ÇOX ŞİŞİRTMƏYİN, ONLAR BİZDƏN YUXARI OLDUQLARINI SANDIĞINIZ QƏDƏR DƏ BİZDƏN AŞAĞIDIRLAR

13:00 / 05.05.2012
Kamalın əsərlərinin “Nobel”ə təqdim olumağıyla çağdaş Azərbaycan ədəbiyyatı ədəbiyyat sahəsində ən böyük tribunadan “Mən də varam” deyir. Çox arzu edərdim, Kamal o mükafata tez qalib gəlsin, ancaq bunun baş verəcəyindən, ya verməyəcəyindən asılı olmayaraq, Kamal artıq qalibdir. O, Azərbaycandan rəsmi şəkildə “Nobelə” təqdim olunmuş ilk yazıçımızdır. Kamal həm də bizi “Nobel” mükafatı kompleksindən xilas etdi. On illər keçəcək, ancaq bu nüfuzlu mükafatın tarixində, Azərbaycan türklərinin yaddaşında ilk kimi Kamal Abdulla qalacaq.
Bilmirəm, bütün dünya millətləri də belədir, ya yox, bizdə özünü özününkülərə tanıtmaq, dünyaya tanıtmaqdan daha çətindir. Beləcə, həm ədəbiyyatımızı, xalqımızı dünyaya tanıtmaq, həm də özümüzə hamıdan kiçik, balaca baxmaq kompleksini yıxmaq baxımından Kamalın əsərinin “Nobel”ə təqdim olunması çox mühüm hadisədir. Bununla, başqalarını dağ boyda, özümüzü bir balaca çopur daş boyda görmə erası bitir.
Yenə qeyd edirəm, Azərbaycanda orta “Nobel” səviyyəsindən yuxarı yazıçı, şair həmişə olub. İndiyə qədər “Nobel”i almamağımızın əsas səbəbkarı tək biz yox, həm də “Nobel” Komitəsinin inadla Azərbaycan ədəbiyyatını diqqətə almamasından irəli gəlir, orda hələ də Sovetlərdən qalma “ənənə” davam edir, onların hətta az qala bizim varlığımızdan xəbərləri yoxdur, daha doğrusu çox uzağa baxa bilmirlər.
Uzaqları görmək də böyük istedad istəyir, elə Nobel Komitəsində də.
Bu sərhədləri qırmaqda Kamalın “Nobel”ə təqdim olunmasının çox mühüm rolu olacaq. Çoxları istəsə də, istəməsə də millətimizi bəzilərinin gözündə aşağılamaq kompleksindən xilas etməkçün bu xəbər heç şübhəsiz çox əhəmiyyətlidir.
Dünya ədəbiyyatının öncülləri içərisində biz də varıq, bizim ədəbiyyatımız da var, gec-tez özümüzün də buna inanmağımıza, millətlər içində millət, ədəbiyyatlar içində ədəbiyyat kimi özümüzü hiss etməyimizə səbəb olacaq.
“Nobel” mükafatı yarananda bizim M.Ə. Sabirimiz, Mizə Cəlilimiz, Ə. Haqverdiyevimiz var idi, ancaq onlar görmədilər. Bizim Cavidi, Cavadı da görmədilər. Bizim əsl poeziyamızın səviyyəsi çox vaxt orta dünya şeirindən, son əsrlərdə isə orta “Nobel” səviyyəsindən yuxarı olub. Mən nəsrimizin də həm bu gününə, həm də gələcəyinə nikbinliklə baxıram.
Sabir Əhmədlinin hələ isti ruhundan, İsa Muğannadan, Anardan, Əkrəmdən, Elçindən, Afaqdan, Mövluddan, Seyrandan, Vaqif Nəsibdən və hələ dipdiri olan Rafiq Tağıdan, xatırlanmadıqları üçün “Nobel” Komitəsinin gələcəkdə üzr istəyəcəyinə əminəm.
Xarici çox şişirtməyin, onlar bizdən yuxarı olduqları qədər də bizdən aşağıdırlar. Elə günahlarını duymamaqda da.
Bu üzrün və iradların həm Kamala mükafatın təqdimat mərasimində, həm də Murad Köhnəqaladan, Həmid Herisçidən, Zahid Sarıtorpaqdan, Rasim Qaracadan, Salamdan, Orxan Fikrətoğludan, Qulu Ağsəsdən, Xanəmirdən, Pərvizdən, Aqşindən, Baycandan, Sevinclərdən, Güneldən, Qaraqaplandan, Böyükçöldən, Şəhriyardan, Fərid Hüseyndən hansılarınınsa gələcəkdə “Nobel” mükafatını xoşbəxt edəcəkləri günlərdə də səslənəcəyinə əminəm.
Bütün mükafatlar əslində qadın kimidir. Dünya tarixində qadınları türklər qədər ucaldan ikinci xalq yoxdur. Türk kişiləri qadınlara həmişə “Xan-ım”, yəni mənim xanım, yəni xanın xanı deyib özlərindən üstün tutmuşlar.
Ən sonda yüz on illik “Nobel” dağını aşmağa ilk cəhdimizin, ilk alpinistimizin – Kamalın qədəmləri mübarək olsun.
Vaqif BAYATLI ODƏR,
Gürcüstan Nazirlər Sovetinin Mayakovski, Azərbaycan Mətbuat Fondunun Mirzə
Cəlil mükafatları laureatı



Bu yazı ( 380 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar