12px14px16px18px

Tütün limanı

Qan Turalı
12:33 / 05.05.2012
Günel Mövludun tərcümə etdiyi “Norveç meşəsi”ndə (müəllifi Murakamidir) bir dialoq var.
Roman qəhrəmanlarından Naqasava romanın əsas qəhrəmanı Vatanebeyə deyir ki, mən bir müəllifi öldükdən 30 il sonra oxuyuram.
Amma hər ikisi Fitsceraldın “Böyük Getszbi” romanını sevirlər, Fitcerald isə bu dialoqdan 28 il əvvəl vəfat edib.
Vatanebe ondan bu haqda soruşanda deyir: “Fitceralda iki ili keçmək olar”.
Mən Naqasava qədər maksimalist olmasam da müasir Azərbaycan ədəbiyyatını çox az mütaliə edirəm.
Əlbəttə ki, sevdiyim müəllifləri daim oxuyuram, lakin ucdantutma hamını oxuya bilmirəm, başqa cür desəm çap olunan kitabların ancaq on faizini oxuyuram.
Bunu istəyirsiniz mənim eqoistliyimə yozun.
Lakin mən belə düşünürəm ki, Azərbaycanda hər nə qədər də hamı “roman bumundan” danışsa da, “hamı şeir” yazır desə də keyfiyyətli bədii məhsul çox az istehsal olunur.
Əjdər Olu oxu rasionuma daxil etməyim bir neçə il əvvələ təsadüf edir.
Onun “525-ci qəzet”də çap edilən “Kür Əlisəmid” portret hekayəsini oxuduqdan sonra müəllifin daimi oxucusuna çevrildim.
Əjdər Olun yazdığı yazıçı Namiq Abdullayev portret hekayəsi məni valeh etdi.
Və ardınca da “Rafiq Tağı ki, Rafiq Tağı” hekayəsi.
Şeirdən nəsrə keçən əksər yazarlar kimi Əjdər Ol çox gözəl sintaksisə malikdir, cümlələrinin birini də redaktə etmək olmaz, bir sözü də mətndən çıxartmaq olmur, bir cümləsi haqda da “bunu başqa cür yazmaq olardı demək” mümkün deyil.
Mən bu yazını bir təhlil məqaləsi kimi yazmaqdan uzağam, bu cür məqalələri artıq yaza bilmirəm, sadəcə istəyirəm ki, oxuyub valeh olduğum bu portret-hekayələri eləcə də başqa hekayələri siz də oxuyasınız.
Sadaladığım portret hekayələr eləcə də başqa hekayələr Əjdər Olun bu günlərdə çap edilən “Tütün limanı” adlı kitabında çap edilibdir.
Portret hekayələr ilk Milli Kitab Mükafatında ikinci yerə layiq görülmüşdür, hərçənd bu faktı kitabın uğuru kimi qeyd etməkdən uzağam, çünki bu hekayələr Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərindən biridir və illərlə yaşayacaqdır.
Fantast yazıçı Namiq Abdullayevin təlatümlü həyatı, tənhalığı, qadınsızlığı, yoxsulluğu fonunda Azərbaycan yazıçısının faciəsini bundan yaxşı göstərmək yəqin ki, mümkün deyil.
Eləcə də Əlisəmid Kürün (hər nə qədər Əlisəmid bəy razılaşmasa) dəli-dolu xasiyyətini, həyat tərzini bundan daha gözəl ifadə etmək mümkünsüzdür.
Və mən xüsusilə “Qrafoman” hekayəsi üzərində dayanmaq istəyirəm.
Əjdər Olun başqa portret hekayələrindən fərqli olaraq bu hekayənin konkret qəhrəmanı yoxdur, yazıçı ədəbi mühitdə hər zaman mövcud olan lakin son zamanlarda sürətlə vüsət alan qrafomanlıq bəlasını 32 (!) qrafomanın həyatından götürdüyü faktlar əsasında ümumiləşdirərək qələmə alıb.
Bu ümumiləşdirmə sözü cümləni düzəltmək üçün təsadüfi seçilən bir söz deyil, tam əksinə portret hekayələri ifadə edən bir sözdür.
İsa Hüseynov yaradıcı prinsiplərini cəmi iki cümlə ilə izah edirdi: 1. Ümumiləşdirmə qabiliyyəti. 2. Mövzunu yaxşı bilmək.
Bu hekayələri də səciyyələndirən əsas əlamət də məhz ümumiləşdirmək qabiliyyətidir, çünki burda söhbət konkret bir yazıçıdan, tutaq ki, Namiq Abdullayevdən getsə də ümumilikdə bir ümumiləşdirmə gözə dəyir, yəni tənha və unudulmuş bir yazıçının portreti göz önünə dəyir və zamanın ruhu oxucuya aşılanır.
Əjdər Olun portret hekayələri (buna sənədli nəsr də demək olar) portret janrının ədəbiyyatımızda ən yaxşı nümunələridir.
Və Əjdər Olun əməyinə, istedadına qətiyyən kölgə salmadan təəssüflə demək istəyirəm ki, Azərbaycanda portret janrının nümunələri çox az yazılır, görünür yazıçılarımız həyat materialını, sənədli materialı təxəyyüllə üstünü örtməyi daha münasib bilirlər, hərçənd bizim klassiklərimiz haqda bu cür portret hekayələrə çox ehtiyac var.
Portret hekayələrdən əlavə kitabda yer alan digər hekayələr də orijinal məzmunu ilə seçilir.
Misal üçün “Səhra komandirinin meymunu” hekayəsinin süjeti novellavari sonluğu ilə diqqəti cəlb edir. Yazıçı gözlənilməzlik effektini sona qədər əlində saxlayır, oxucunun sonluqla bağlı bütün variantları sonda puça çıxır, yazıçı öz sonluğunu yazır.
Ya da kitaba adı verilən “Tütün limanı” hekayəsi sadə, insani hisslərin təsviri ilə yaddaşlarda unudulmaz bir mövqe qazanır. Kişinin yaddaşında solğun bir xatirə kimi qalan bir görüş qadının həyatının dönüm nöqtələrindən biridir və illər sonra görüşən qəhrəmanlar anları xatırlayırlar.
Hər bir hekayə haqda ayrıca danışmaq uzunçuluq olar, həm də kitabın əsrarını öldürərdi, ona görə də mən istərdim ki, oxucularımız “Tütün liman”ını alıb oxusunlar, mənim söylədiklərimdən əlavə özləri də kitaba qiymət versinlər.

Qan Turalı



Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar