12px14px16px18px

Türkü türkə tanıdan Türkoloq

Əsgər RƏSULOV

TOFİQ MƏLİKLİ HAQQINDA PORTRET-OÇERK

01:14 / 03.05.2012
Tofiq müəllimi şəxsən, yaxud mavi ekranlarda görüb tanımayanlara deyək ki, onun yaraşıqlı uca boy-buxunu, gümrah yerişi var. Klassik yunan profili sifətinin dərinliyində gizlənən gözlərindəki nüfuzedici cazibəni, çöhrəsindəki isti işığı, həmsöhbətini öz orbitinə çəkən səmimi auranı nə tökülmüş saçları, nə də, ilk baxışda, təkəbbürlü ab-hava yaradan münasibəti kölgələyə bilir. O, sağlamlıq və gümrahlığını həm özünün ölçülü-biçili həyat tərzinə, həm də 1942-ci ilin 31 avqustunda Gəncədə doğulduğu gündən indiyə qədər ətrafını saran şəfqətli həkimlər “briqadasına” borcludur. Aman, səhv başa düşülməsin, Tofiq müəllim anadangəlmə xəstəhal deyil. Sadəcə, atası Davud kişi də, anası Yəmən xanım da, vəfalı ömür-gün yoldaşı Elmira bacı da, yeganə ciyərparası gözəl Aytən bala da ixtisasca həkimdirlər. Bu qədər doktor içərisində doktor olmamaq mümkün deyildi və Tofiq Məlikli də doktor oldu. Lakin tibb doktoru yox, filologiya elmləri doktoru. Üstəlik, bu yüksək elmi dərəcəni professor, Əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü kimi şərəfli adlarla da taclandırdı.
Tofiq müəllim Bakıda 132 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil alıb (1960-1965), fərqlənmə diplomu ilə məzun olub. Hələ tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləyən Tofiq müəllimin aldığı maaş, tərcümələrdən qazandığı qonorarlar, özünün də bir müsahibəsində zarafatla dediyi kimi, yoldaşları arasında onu “ən varlı tələbə” kimi tanıtdırıb. Çoxsaylı söhbətlərimizdə, eləcə də müsahibələrində özünün fəxrlə vurğuladığı kimi, 70-ci illərin əvvəllərində elmi-nəzəri türk dilinin sonuncu mogikanı, 10-dan artıq xarici dil bilən, Uzaq Sibirin dəhşətli həbs düşərgələrində ömrünün iyirmi ilini çürüdən, mənim də müəllimim olduğu üçün daima qürur duyduğum Yusif Ziya Şirvanidən dərs alıb. Praktik türk dilini öyrənməsində isə müəllimi Cabbar Cabbarovun böyük əməyi olub. Söhbətlərimizin birində Tofiq müəllim qürurla demişdi ki, o, yaşlı həmkar və həmmüasirləri, uzun illər Sovet Türkoloqlar Komitəsinə sədrlik etmiş akademik Andrey Nikolayeviç Kononovu və SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Komitənin sədr müavini Əthəm Rəhim oğlu Tenişevi də özünün müəllimləri hesab edir.
Tofiq Məlikli təhsilini SSRİ EA-nın Asiya və Afrika Xalqları Ədəbiyyatı (sonralar Şərqşünaslıq) İnstitutunun aspiranturasında davam etdirmiş (1965-1969), 1968-cı ildə namizədlik dissertasiyası müdafiə edərək orada kiçik elmi işçi olmuşdur (1969-1976). Sonrakı bir neçə ildə Türkiyəyə ezam edilmiş (o, Türkiyədə birinci dəfə hələ 1969-cu ildə olmuşdu), referent-mütərcim işləmişdir (1976-1978). Mənim Tofiq müəllimlə əyani tanışlığım da elə həmin dövrdə, uzun müddət tərcüməçi işlədiyim Türkiyədə, Tofiq müəllimin SSRİ-nin Ankaradakı səfirliyi əməkdaşlarının yaşadığı binadakı mənzilində olub. İlk duz-çörək kəsdiyimiz həmin evdə mən onun yüksək milli təəssübkeşliyinin, azərbaycançılıq duyğularının şahidi olmuşam. Bərabər işlədiyimiz SSRİ-Türkiyə Hökumətlərarası komissiyalarda Tofiq müəllimin türk və rus dillərinin incəliklərinə mükəmməl dərəcədə vaqifliyini görmüşəm. Türk ədəbiyyatına dair üzərində işlədiyim namizədlik dissertasiyası ilə əlaqədar məsləhətlərində türk söz sənətinə dərindən bələdliyindən qürurlanmışam. 35 il bundan əvvəl kəsilən duz-çörək düz-çörək olduğu üçündür ki, Tofiq müəllimlə təmaslarımız, söhbətlərimiz və görüşlərimiz bugünə qədər davam edir.
Tofiq müəllim Moskvaya qayıtdıqdan sonra SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində fəaliyyətini sürdürmüş (1978-1991), qısa bir müddət sonra Türkiyənin İstanbul Universiteti rəhbərliyindən işləmək üçün dəvət almışdır. 1991-1994-cü illərdə həmin Universitetin ədəbiyyat fakültəsinin professoru kimi fəaliyyət göstərən Tofiq Məlikli burada ilk dəfə olaraq “Rus dili və ədəbiyyatı” kafedrası açmış, ona rəhbərlik etmiş, eyni zamanda Boğaziçi Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxumuşdur.
1994-cü ildə Moskvaya qayıdan Tofiq müəllim Dünya Ədəbiyyatı İnstitutunda aparıcı elmi işçi olmuş, eyni il “Yeni türk şeiri: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, hazırda Moskva Dövlət Linqvistika Universitetində kafedra müdiri və bu məşhur ali təhsil müəssisəsinin aparıcı simalarından biri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Tofiq Məlikli tanınmış ictimai xadimdir. O, 1988-ci ildə Moskvada yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə yaradılan və bugünə qədər onlarla maraqlı ciddi tədbirə təşkilatçılıq və ev sahibliyi etmiş nüfuzlu “Ocaq” Cəmiyyətinin sədridir. 1990-cı ilin qanlı yanvarında Sovet qoşunları Bakının dinc əhalisini qanına qəltan edəndə Tofiq müəllim heç kimdən və heç nədən qorxub çəkinmədən “Ocağ”ın üzvlərini bir yerə toplamış, birlikdə Moskvada yaşayan azərbaycanlıları və Azərbaycanın dostlarını xalqımızın müdafiəsinə qaldırmışdı. O, Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidenti, Rusiya Türkoloqları Komitəsi sədrinin müavini, “Türkologiya” jurnalının redaksiya şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Nazim Hikmətin ədəbi irsi üzrə komissiyanın məsul katibi, AYB Moskva bölməsinin sədridir.
Əlbəttə, ictimai vəzifələr və diaspora tədbirləri, elmi-pedaqoji fəaliyyət, mütərcimlik Tofiq müəllimin bioqrafiyasının ayrılmaz və unudulmaz dilimləridir. Bunların hər biri haqqında səhifələr dolusu bəhs etmək mümkündür. Lakin qənaətimcə, Tofiq Məlikli, hər şeydən əvvəl, filoloq-türkoloqdur. Makromənada Türkiyə ədəbiyyatşünası və dilçisidir, mikromənada Nazim hikmətşünasdır. Onun Rusiya, Fransa, Polşa, İtaliya, Çexiya, Türkiyə və dünyanın bir çox başqa ölkəsində, eləcə də Respublikamızda türkologiyanın ən mühüm və aktual problemlərinə həsr olunmuş 10-a yaxın monoqrafiyası, dərsliyi və dərs vəsaiti, 100-dən artıq elmi əsəri, elə bir o qədər də publisistik məqaləsi nəşr edilmişdir. Alimin 45 ildən artıq dövr ərzindəki elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq ərsəyə gələn “60 –70-ci illərin əvvəlinin türk poeziyası” (1980), “Nazim Hikmət və Türkiyənin yeni poeziyası” (1987), “Türkcə-rusca danışıq kitabçası” (1994), “Türk ədəbiyyatı: köklər və budaqlar” (1998), “Türkoloji problemlər” (2008), “Nazim Hikmət. Poeziya və poetika” (2010), “Türkiyə ədəbiyyatı tarixi” (2010) kimi sanballı kitabları mütəxəssislərin və filoloq-tələbələrin stolüstü əsərləridir.
Tanınmış yazıçı-jurnalist Yaşar Əliyev Tofiq Məlikli ilə müsahibəsində (“525-ci qəzet”, 12 may 2008) həmsöhbətinin xarakterik məziyyətlərindən danışarkən sərrast bir deyimlə onu “Türkiyə ədəbiyyatının Rusiyada elçisi” adlandırır. Sovet dönəmində (elə indinin özündə də!) Türkiyədən SSRİ-yə rəsmi və qeyri-rəsmi səfərə gələn bütün söz-sənət adamları, istisnasız olaraq, Tofiq müəllimin qonaqpərvərliyindən, təmənnasız xidmətlərindən istifadə edərdi. Yaşar Kamal, Fazil Hüsnü Dağlarca, Əziz Nesin, Məlih Cövdət Anday, Fakir Baykurt, Ataol Bəhramoğlu kimi məşhur türk şair və yazıçılarının Sovet İttifaqında, eləcə də ölkəmizdə tanınmasında Tofiq müəllimin misilsiz əməyi var. Bu gün də adları çəkilən və çəkilməyən türk sənətkarlarının əsərlərinin rus və Azərbaycan dillərinə tərcüməsi, tərtibi, nəşri, həyat və yaradıcılıqlarına dair saysız-hesabsız məqalə və resenziyalar yazıb çap etdirməsi, sözlü, səsli və görüntülü kütləvi informasiya vasitələrilə təbliği onun “elçi” tituluna haqq qazandığının əyani sübutudur.
Son illərdə Azərbaycan, Rusiya və Türkiyə xalqları arasında dinamik inkişafla səciyyələnən ədəbi-mədəni əlaqələr türkologiyanın zəngin qollarından biri olan türk ədəbiyyatının obyektiv və elmi şəkildə öyrənilməsinə münbit zəmin yaratmışdır.
Sözsüz ki, belə bir şəraitdə türk humanitar elmlər sisteminin mühüm qolu olan filologiyanın nəzəri sahəsini təşkil edən ədəbiyyat tarixinin tədqiqatı da böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Tofiq Məliklinin son illərdə nəşr etdirdiyi kitablardan biri “Türkiyə ədəbiyyatı tarixi” adlanır. Kitab dərs vəsaiti kimi nəzərdə tutulduğu üçün həcmi və quruluşu da bu fənnin tədris proqramına görə müəyyənləşdirilib. Lakin cəsarətlə demək mümkündür ki, kitab Türkiyə ədəbiyyatının meydana gəlməsi və tarixi inkişaf mərhələlərinə yeni konseptual baxışla yazılıb. Tofiq Məlikli öz tədqiqatında, ilk növbədə, ədəbiyyatın özünün estetikliyini şərtləndirən kriterilərin müəyyənləşdirilməsindən, ədəbiyyatşünaslığın mahiyyətinin onun predmetinə verilən izahdan əhəmiyyətli dərəcədə asılı olmasından çıxış edir. O, belə hesab edir ki, ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığının xronoloji ardıcıllıqla yazılması “tarix” üçün yetərli deyil. Ədəbiyyatın tarixi demək, bütövlükdə ədəbi prosesin, əsərin meydan çıxdığı dövrün, ədəbi mühitin, mövcud olan ədəbi cərəyan və məktəblərin araşdırılması deməkdir. Alim haqlıdır. Əks halda, ədəbiyyatın tarixi ədəbiyyatşünaslıqdan daha çox, tarix elminin araşdırma obyekti olardı. Tofiq müəllim yuxarıda xatırlatdığımız müsahibəsində Türkiyədə ədəbiyyatşünaslığın bir elm olaraq vəziyyəti barədə sualı cavablandırarkən onu razı salmayan bəzi məqamlardan, o cümlədən Türkiyə ədəbiyyatının tarixi inkişaf mərhələlərinin dövrləşdirilməsindəki səhv konsepsiyalara toxunur. Rusiya və Azərbaycan filoloji məktəblərinin bu sahədə daha qüvvətli olduğunu vurğulayaraq qeyd edir ki, Türkiyə ilə müqayisədə Sovet türkoloqlarının ədəbiyyata elimi-nəzəri və metodik münasibətləri daha yüksək səviyyədə olub, onların türk ədəbiyyatına dair araşdırmaları həmin ədəbiyyatın dünyada tanınmasında mühüm rol oynayıb.
Alimin “Türkiyə ədəbiyyatı tarixi” kitabı sanki bu müsahibədə toxunduğu ədəbiyyatşünaslıq məsələlərinə özünün əyani yazılı cavabı təsirini bağışlayır. Türkiyə söz sənətini tarixi aspektdə və müasir təcrübədə tədqiq edən Tofiq Məlikli türk ədəbiyyatşünaslığının müasir vəziyyətinin aydınlaşdıraraq belə bir qənaətə gəlir ki, müasir ədəbiyyat elminin ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid kimi geniş miqyaslı və mürəkkəb məsələlərin öyrənilməsi, təhlili və tədqiqi işində ixtisaslaşmış üç əsas sahəsinin bir-birindən fərqli metod və predmetləri Türkiyədə uzun illər “Türk ədəbiyyatı tarixi” adını daşıyan kitablarda toplu halda həyata keçirilmişdir. Tofiq müəllim haqlıdır. Bu məsələ uzun illər belə davam etmiş, yalnız ötən əsrin 40-cı illərindən etibarən ədəbiyyatın nəzəri-estetik məsələləri ədəbiyyat tarixləri içərisindən çıxarılmağa, “Ədəbiyyat bilgiləri” kitablarında təqdim edilməyə başlanmışdır. Müasir mənada ədəbi tənqidin Türkiyədə formalaşması prosesi isə 50-60-cı illərə təsadüf edir. T.Məlikli kitabda Türkiyə ədəbiyyatşünaslarının türk ədəbiyyatının tarixi inkişaf mərhələlərinin ənənəvi üç dilimli xronoloji təsnifatını (İslama qədər, İslam sivilizasiyasında və Qərb sivilizasiyası təsiri altında) xatırladır, lakin qəbul etmir, öz təsnifatını verir və kitabın fəsillərini də bu elmi bölgü ilə müəyyənləşdirir: 1.Qədim türk ədəbiyyatı (XI əsrə qədər); 2.İslam dininin qəbulundan sonrakı türk ədəbiyyatı (XII-XIII əsrlər); 3.Klassik türk ədəbiyyatı (XIV-XVIII əsrlər); 4.XIX əsr türk ədəbiyyatı (“Tənzimat” və “Sərvəti-fünün”); 5.Yeni türk ədəbiyyatı (XX əsrin əvvəlləri – 40-cı illər); 6.XX sərin 50-ci illərinin türk ədəbiyyatı; 7.XX sərin 60-80-ci illərinin türk ədəbiyyatı; 8.XX sərin 90-cı illərinin türk ədəbiyyatı. Hər bir dövrün ictimai-siyasi və ədəbi-mədəni mühiti fonunda ədəbi-bədii cərəyan və məktəblərin təhlili verildikdən sonra həmin zaman diliminin ən aparıcı nümayəndəsi, yaxud nümayəndələrinin yaradıcılığı, əsərlərinin bədii məziyyətləri və sənətkarlıqları ilə türk ədəbiyyatının inkişafındakı yeri və rolu yığcam və bütöv şəkildə işıqlandırılır. Qədim türk ədəbiyyatının ilkin dönəmlərindən 2006-cı ilin Nobel mükafatçısı Orxan Pamuka qədərki mərhələnin ədəbi-bədii məhsullarını araşdıran müəllif Orxon-Yenisey abidələri, Mahmud Kaşqarlının “Divani-lüğət-it türk” ensiklopedik sözlüyü, Yusif Balasağunlunun “Qutadqu-bilik” didaktik məsnəvisi haqda hansı elmi səriştə ilə danışırsa, klassik türk Divan ədəbiyyatının, eləcə də XIX-XX əsrlərin korifey sənətkarları barədə həmin səriştəylə söz açır, qədim dövrlərdən günümüzə qədər olan geniş tarixi dönəmin türk yazılı ədəbiyyatını lakonik və ciddi təhlil predmetinə çevirir.
Zəngin informasiyaya malik Tofiq Məlikli türk ədəbiyyatının problemlərinə təkcə bu ədəbiyyatın özünün nümunəsində deyil, dünya ədəbiyyatı konteksində aydınlıq gətirməklə məsələyə fundamental yanaşmanın yeganə düzgün elmi yol olduğunu göstərir. “Türk ədəbiyyatı: köklər və budaqlar” kitabında olduğu kimi, bu əsərində də müəllif İslam fəlsəfəsi və islami elmləri, peyğəmbər və övliyaların həyatına dair dini-tarixi əsərlərin də klassik dönəm türk poeziyasının qaynaqları sırasına daxil edir. O, XIX əsrin ikinci yarısından bu qaynaqlar sırasına Avropa, xüsusilə də Fransa elmi, publisistik və bədii ədəbiyyatı nümunələrinin qoşulduğunu, bunun isə artıq türk ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayır.T.Məlikli XX əsr türk ədəbiyyatını, yuxarıda qeyd etdiyimiz kimi, dörd dövrə ayırır ki, bu da yeni təsnifatdır. Bir çox ədəbiyyat tarixlərində Cümhuriyyətə qədərki dövr “Fəcri-ati” və “Milli ədəbiyyat” deyilən iki dilim halında öyrənilir, 30-40-cı illərə qədərki dönəm ən yeni dövr adlandırılır, 50-60-cı illər isə bir ədəbi mərhələ şəklində tədqiqata cəlb olunurdu. Tofiq müəllim bütün monoqrafiyalarında, o cümlədən “Türkiyənin ədəbiyyat tarixi” kitabında, haqlı olaraq, 40-cı illəri və dövrün ən məşhur ədəbi hərəkatı olan və adına “birinci yeni” deyilən “Qərib” ədəbi məktəbini və onun aparıcı siması olan O.Vəlini türk poeziyasında müstəqil bir mərhələ hesab edir. 50-ci illəri və bu dövrün “Maviçilər” ədəbi hərəkatını və onun T.Uyar, Ə.Cansevər, C.Sürəyya kimi nümayəndələrini isə “ikinci yeni” adlandıraraq tamamən təzə bir mərhələ kimi təhlil süzgəcindən keçirir. Müəllif 80-90-cı illəri ən yeni dövr, O.Pamuku isə bu dönəmin ən məşhur nasiri kimi tədqiqata cəlb etməkdə də haqlıdır.
T.Məliklinin nazimşünas kimi xidmətləri haqqında çox söz demək olar. O, Nazim Hikmətin həyat və yaradıcılığını tədqiq edən görkəmli türkşünas-alimlər Əkbər Babayev, Aqşin Babayev, Radiy Fişlə bərabər, bu fitri istedad sahibi sənətkara öz elmi fəaliyyətinin geniş bölümünü ayırmışdır. Təsadüfi deyil ki, Tofiq müəllimin bütün kitablarında ustad N.Hikmətin təkrarolunmaz yaradıcılığı qızıl xətlə keçir və monoqrafiyalarından üçü bilavasitə bu sənətkara həsr olunub. Zənnimcə, onun bu sahədəki əməyinə ən dəqiq qiyməti alimin tanınmış həmkarı, görkəmli türkoloq, ədəbiyyatşünas, yazıçı-publisist Aqşin Babayev vermişdir. O, “Nazimi yaşadanlar” adlı məqaləsində böyük qədirbilənliklə yazır: ”...Azərbaycanda və Rusiyada Nazim Hikmətin ilk tədqiqatçısı həmyerlimiz, uzun illər Moskvada yaşayan, “Nazim Hikmət” adlı fundamental bir kitabın müəllifi, Nazim əsərlərinin tərcüməçisi, Nazim Hikmətin Bolqarıstanda çap olunmuş 8 cildliyinin tərtibçisi və redaktoru olan Əkbər Babayevin layiqli davamçısı “onu Moskvada əvəz edən məşhur türkşünas Tofiq Məliklidir... O da Nazim Hikmət vurğunudur. 2010-cu ildə Moskvada Tofiq Məliklinin “Nazim Hikmət. Poeziya və poetika” kitabı nəşr olunub. Kitabda XX əsrin türk ədəbiyyatı fonunda Nazim Hikmətin bir şair kimi yaratdıqlarına nəzər salınır, şeirlərinin tarixçəsi, poetik dəyəri açıqlanır. Bu dəyərli tədqiqat işinin ən maraqlı fəsillərindən biri Nazim Hikmətin 1951-1963-cü ilə qədərki həyatının əksi olan hissəsidir...” (“525-ci qəzet”, 21 may 2011-ci il).
Tofiq Məliklinin şairin yaradıcılığına dair saysız-hesabsız qiymətli fikirləri var və bunların hamısının xülasəsini belə vermək mümkün deyildir. Ona görə də Tofiq müəllimin özündən, qənaətimcə, şairi ən dolğun xarakterizə edən bir düşüncəni iqtibas edirik: ”Türklər Nazım Hikmətə sadəcə, bir kommunist kimi yanaşıblar və həmin münasibət bu gün də dəyişməz qalır. Ancaq onun əsərlərini kompleks şəkildə tədqiq etsələr, etiraf edərlər ki, Nazım Hikmət yeni türk şeirinin, ümumiyyətlə, türk ədəbiyyatının banisidir. Hesab edirəm ki, yeni türk ədəbiyyatı, yeni türk ədəbi dili Nazım Hikmətdən başlayır. 20-ci yüzilin iyirminci illərində qapalı Şərq poeziyasında Nazım Hikmət şeirinin doğuluşu təbiət hadisəsi kimi bir şeydi. Mən onu şeirin inqilabçısı hesab edirəm. O, dili, düşüncə tərzi, sərbəstliyi və s. məziyyətləriylə poeziyaya olan münasibəti dəyişdi...”
Bir məqamı da qeyd edək ki, Sovet türkoloqlarının Türkiyə ədəbiyyatını, onun ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığını araşdırmaları bütövlükdə həmin ədəbiyyatın, eləcə də görkəmli türk sənətkarlarının dünyada tanınmasına da səbəb olurdu. Məsələn, türk şairi Fazil Hüsnü Dağlarcanın dünyada tanınmasının səbəbkarı T.Məlikli olub desək, səhv etmərik. Adı öz ölkəsinin sərhədlərindən uzağa getməyən şairin “Dörd qanadlı quş” şeirlər kitabını Tofiq müəllim ilk dəfə ruscaya tərcümə etdikdən sonra bu əsər Litva, Hollandiya və Macarıstanda onun ön sözü və redaktəsilə çap olunmuşdu. Bundan sonra Dağlarca Rusiyaya dəvət almış, Bakıya da qonaq gəlmişdi. Sovetlər Birliyində Dağlarcaya verilən bu yüksək qiymət istər-istəməz Avropaya da təsirsiz ötüşməmiş, şair qısa vaxt ərzində Türkiyənin ən böyük sənətkarlarından biri kimi qəbul edilmişdir. Xatırladaq ki, bir neçə il əvvəl Bakıda Dağlarcanın “Sivaslı qarışqa” adlı şeirlər kitabı (2007) T.Məlikli ilə tanınmış mütərcim-publisist Səlim Babullaoğlunun tərcüməsində, görkəmli Xalq yazıçımız Anarın və Tofiq müəllimin ön sözləri ilə işıq üzü görüb.
T.Məliklinin elmi-bədii yaradıcılıq sahələrindən biri də tərcümə sənətidir. Bununla biz onun sadəcə praktiki tərcümə fəaliyyətini, türk şair və yazıçılarından rus və Azərbaycan dillərinə gözəl tərcümə nümunələrini (Yaşar Kamalın “Ölməz otu”, Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” romanları, Fazil Hüsnü Dağlarca və Ataol Bəhramoğludan şeir və poema çeviriləri və s.) nəzərdə tutmuruq. Tofiq müəllim həm də tərcüməşünasdır. O, hal-hazırda işlədiyi Universitetdə tələbələrə tərcümə nəzəriyyəsi və təcrübəsindən dərs deyir. Yuxarıda biz onun İstanbul Universitetindəki yaratdığı filologiya və mütərcimlik fakültəsindən bəhs etmişdik. Onun Türkiyədə çapdan çıxmış və tələbələrə tərcümə vərdişləri aşılayan “Türkcə-rusca danışıq kitabçası” öz əhəmiyyətini bugün də qoruyub saxlayır. Tofiq müəllimin tərcüməşünaslığın ən yeni sahələrindən biri olan qohum dillərdən tərcümə nəzəriyyəsilə bağlı dünyada, eləcə də Azərbaycanda mövcud olan vəziyyəti çox dəqiq ifadə edən fikrirləri var. Bu barədə ətraflı söhbətlərimizdə dəfələrlə şahidi olmuşam ki, o da Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə işini nəzərdə tutaraq “Ən çətin tərcümə, əslində, yaxın dillərdən tərcümədi” deyən görkəmli türkoloq, dilçi-ədəbiyyatşünas, yazıçı Kamal Abdullanın düşüncəsini paylaşır, qohum dillərdən tərcüməyə ciddi münasibət bəsləyir.
Tofiq Məlikli cəsarətli alimdir. Əvvəla, bədnam 37-ci il siyasi rejiminin pantürkist damğası ilə türkoloqları məhv etdiyi, Uzaq Sibirin həbs düşərgələrində çürütdüyü dönəmdən çox uzaq olmayan , Türkiyənin adının çəkilməsinin, hətta bu ölkə haqda düşünməyin belə qadağan edildiyi 60-cı illərdə türkşünas olmağa qərar vermək özü cəsarət istəyirdi. İkincisi, balaca Tofiqin Sovet rejiminin antitürk siyasətilə bağlı ilk və heç də xoş olmayan tanışlığı hələ uşaqlığında dayısı Həmid Araslının evində yaranmışdı. O, müsahibələrinin birində deyir ki, “hər an həbs olunmaq təhlükəsiylə üz-üzə qalan dayısının çamadanı hər gün yığılmış şəkildə qapının ağzında dururmuş.” Ədəbiyyatşünaslıq tariximizdə də böyük rolu olan, “Kitabi Dədə Qorqud”u ilk dəfə nəşrə hazırlamış nurlu, ziyalı insana qarşı bu cür düşmən münasibət elə o vaxtdan Tofiq müəllimin uşaq qəlbində daxili etiraz, nifrət hissi oyatmışdı. Məlumdur ki, o dövrün “başbilənləri” tərəfindən “Kitabi Dədə Qorqud”un nəşri başqa cür mənalandırılır, Eposda qonşularla oğuzlar arasında heç də xoş olmayan münasibətlər xalqlar arasında düşmənçilik toxumu səpmək kimi qələmə verilir, əsərin əsas mahiyyəti unutdurulmaq istənirdi.
Uzun illər sonra T.Məlikli Bakıda, məhz uşaqlığından yaddaşının bir küncündə oturub, ona türkoloq kimi daima ayıq-sayıq olmağı pıçıldayan “Kitabi Dədə Qorqud”un ilk kollokviyumunu keçirməklə Həmid müəllimin yarımçıq qalmış işini tamamlamışdır. Onun bu mötəbər elmi toplantını təşkil etdiyi 80-ci illərin sonunda da “Dastan”a münasibət birmənalı deyildi. Digər tərəfdən, kollokviyuma dəvət edilən türkiyəli qorqudşünaslar içərisində Sovet siyasi rejimi üçün “arzuolunmaz şəxslər” hesab edilən alimlər vardı. Təkcə bu faktın özü kollokviyumun təşəbbüskarı və təşkilatçısı T.Məliklinin böyük vətəndaş cəsarətindən xəbər verir. Mən o kollokviyumun Əlyazmaları İnstitutundakı plenar iclasında mütərcim sifətilə iştirak edirdim və toplantıya qatılan dönəmin məşhur alimləri, şərqşünasları, türkoloqları və qorqudşünaslarını indi də xatırlayıram: Z.Bünyadov, Y.Qarayev, B.Nəbiyev, Anar, Xalıq Koroğlu (Moskva), T.Məlikli, Ş.Cəmşidov, S.Əliyarov, T.Hacıyev, A.Babayev, K.Abdullayev, K.Vəliyev, eləcə də Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan türkoloq-alimlər. Tofiq müəllim “Bir kollokviyumun tarixçəsi” adlı məqaləsində (“525-ci qəzet”, 30.04.2011) tədbirin təşkilati işlərində mərhum dilçi-alim Aydın Məmmədovun böyük xidmətlərini qədirşünaslıqla qeyd edir. Kollokviyumun Türkiyə tərəfinin Osman Fikri Sertkaya rəhbərliyindəki heyətinə “Kitabi Dədə Qorqudun” ilk naşiri və tədqiqatçılarından olan Orxan Şaiq, Ankara Universitetinin professoru, ümumtürk mədəniyyəti tarixinin dünyaca məşhur mütəxəssisi Bəhəddin Ögel, Egey Universiteti Türk Dili və Ədəbiyyatı Bölümü başqanı professor Fikrət Türkmən, Ankara Qazi Universitetinin pofessoru (sonralar Türk Dil Qurumunun sədri) Əhməd Bican Ərcilasun, Elazığ Universiteti Sosyal Araşdırmalar İnstitutunun müdiri Tuncər Gülənsoy, Ərzurum Uviversitetindən Saim Sakaoğlu daxil idi. Yüksək elmi-nəzəri səviyyədə keçən kollokviyumun mənim yaddaşımda dərin iz salmasının bir səbəbi də budur ki, Tofiq müəllim lütfkarlıq göstərərək tanınmış türkoloq R.Rüstəmovla birgə hazırladığımız və həmin günlərdə yenicə çapdan çıxmış “Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti” kitabımızı toplantı iştirakçılarına təqdim etmişdi.
Fikrimizcə, Bakı kollokviyumu Türkiyədə və Azərbaycanda qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan vermişdir. 1988-ci ildən sonra “Dədə Qorqud ensiklopediyası”, onlarla maraqlı kitab, yüzlərlə məqalə çap olunmuş, elmi-tədqiqat işləri yazılmış, “Dədə Qorqud” elmi jurnalı nəşrə başlamışdır. Ümummilli lider H.Əliyevin bilavasitə təşəbbüsü, böyük dəstəyi və iştirakı ilə “Dastan”ın 1300 illik yubileyi Bakıda beynəlxalq səviyyədə keçirilmişdir. Bakı kollokviyumunun 10-cu ildönümü 1998-ci ildə Türkiyənin Konya şəhərində, 20 illiyi isə 2009-ci ildə Slavyan Universitetinin və onun rektoru, görkəmli türkoloq Kamal Abdullanın təşəbbüsü ilə Bakıda geniş şəkildə qeyd olunmuş, bu toplantılarda kollokviyumun oynadığı tarixi roldan, keçən illər ərzində qorqudşünaslıqda əldə edilən uğurlardan söz açılmışdı. Şübhə yoxdur ki, bu uğurlardan ən böyük pay öz xidmətləri haqqında həmişə xəsisliklə danışan Tofiq Məlikliyə düşür.
Biz buraya qədər türkoloq-ədəbiyyatşünas T.Məliklidən danışdıq. Tofiq müəllim həm də tanınmış dilçi-türkoloqdur. Bir neçə xarici dili, o cümlədən rus və fransız dillərini bu dillərə və əksinə tərcümə edəcək səviyyədə mükəmməl bilir. Dilçilik sahəsindəki elmi araşdırmalarını daha çox türk dillərinin müqayisəli təhlilinə, türkcənin tədqiqi və təlimindəki aktual problemlərin öğrənilməsinə həsr etmişdir. Bir neçə il əvvəl Türkiyədə çap edilmiş “Rusiyada türk dilinin tədrisi problemləri” adlı konfrans materialında Tofiq müəllimin türk dilinin öyrənilməsi, tədrisi və təlimi ilə məşğul olan məşhur rus türkoloq-pedaqoqlar P.Kuznetsov və Y.Şeka, tanımış türk dilçi-alimləri Tahsin Banguoğlu və Hamza Zülfükarla cəsarətli polemikləri onun türk dilinə dərindən vaqif olduğunu sübut edir. O, türkcənin tədrisi metodikasındakı pərakəndəliyin, xüsusən vahid qrammatik terminlər sistemi yoxluğunun yaratdığı çətinliklərin aradan qaldırılmasının vacibliyini qeyd edərək bu problemlərin konkret həlli yollarını göstərir. Həmin konfransda Tofiq müəllim əcnəbilər üçün türk dili dərsliyinin olmamasının yaratdığı boşluqdan, qrammatik terminlərin unifikasiyasının vacibliyindən və Beynəlxalq Türk Dili İnstitutunun qurulmasının perspektivlərindən söz açırdı ki, bu problemlərin bir qismi artıq həll olunsa da, digər bir qismi aktuallığını hələ də qoruyub saxlayır və öz həllini gözləyir.
Yəqin az adam bilir ki, T.Məlikli həm də zərif şeirlər müəllifidir. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun “Duyğuların ən gözəli” və “Ayrılıq heykəli” adlı iki şeir kitabında gözəl duyğulu, sərbəst vəznli, Nazim ruhlu, səmimi ovqatdan doğan lirik poeziya nümunələri və türk şairlərindən tərcümələri toplanıb.
Bir atalar sözü var: Yaxşı igid dayısına çəkər. Bu kəlam T.Məliklinin boyuna biçilib. Elmi ictimaiyyətdə öz sözü, yeri və çəkisi olan Tofiq müəllim türkologiyaya dayısının – Azərbaycan ədəbiyyatşünaslığının bünövrə daşlarından biri, şərqşünaslıq məbədimizin atlantlarından olan akademik Həmid Araslının (1909-1983) xeyir-duası ilə gəlib. Bir xeyir-dua da biz verək: Uca Tanrı 70 yaşının astanasında olan T.Məlikliyə Həmid müəllimin cismani həyatındakı ömründən daha uzun ömür, onun yaddaşlardan silinməyən mənəvi həyatı kimi bir həyat bəxş eləsin.
Əsgər RƏSULOV
filologiya elmləri doktoru, professor






Bu yazı ( 761 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar