12px14px16px18px

Yol adamı

Vüqar SƏFƏRLİ
01:03 / 03.05.2012
Jurnalistlik Xəzər TV-nin aparıcısı Səbuhi Yusiflinin hələ orta məktəbdən arzusu olub. Odur ki, Türkiyə Cümhuriyyətində Atatürk Universitetinin Hüquq fakültəsinə qəbul olunsa da, bundan imtina etdi və öz arzusunu gerçəkləşdirmək üçün 1993-cü ildə həmin universitetin jurnalistika və rejissorluq fakültəsinə qəbul olundu və 2001-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirdi. Türkiyədə olarkən Səbuhi Yusifli jurnalistika ilə bağlı işi “çıraqla axtarırdı” və o iş tapılana qədər fərqli iş sahələrində çalışmalı oldu. Daha sonra qardaş ölkədə TRT – Televiziya və Radio şirkətində işlədi. Ancaq əsas fəaliyyətini 2002-ci ildə Azərbaycanda Burç FM radiosunda başlayıb. Demək olar ki, radio onun televiziyaya yüksəlməsi üçün məktəb rolunu oynadı. Burada o, ilk öncə səs operatoru, aparıcı və müdir vəzifələrində işləyib. Bir müddət sonra Səbuhi müəllim Xəzər Televiziyasından işləmək təklifini aldı və 2007-ci ildən etibarən bu kanalda çalışır. O, televiziyada yaradıcı fəaliyyətinə “Sualım var” verlişinın müəllifi və aparıcısı kimi başlayıb. 2009-cu ildən Xəzər televiziyasında “Səyyah” verilişinin ssenari müəllifi və aparıcısıdır. O, həm də bu kanalda yayımlanan “Qaynana” serialının baş prodüseri kimi fəaliyyətini davam etdirir. “Səyyah” verilişində o, Azərbaycanı qarış-qarış gəzir, tamaşaçılara bu yerlərin adət-ənənələrini tanıdır, maraqlı məlumatlar verir.
Neçə illərdir səyahət etdiyi Azərbaycan yollarında Səbuhinin başına çox hadisələr gəlib. Özü həmin hadisələrdən birini belə xatırlayır: “Soyuq bir qış günü idi. Daşkəsən rayonuna səfər etmişdik. Ucqar bir kəndin dağının ətəyində tarixi bir məkanın axtarışında idik. Məkanın olduğu yerə ya piyada, ya da ki ulaq və atla getməli idik. Çünki ora maşın yolu yox idi. Söhbət sıx meşəliklərin və qayaların arasında olan cığır yoldan gedir. Ona görə də kənddən bir neçə atla həmin yerə yola düşdük. Bir az yolun çətinliyi, bir az havanın soyuq və qarlı olması işimizi daha da müşkülləşdirirdi. Uzun sözün qısası, gedəcəyimiz yerə az qalmışdı. Mən mindiyim atın xasiyyətini bilmirdim. Yol getdikcə darlaşır və keçilməz hala gəlirdi. Sıldırım bir yerdən keçmək məcburiyyətində qaldıq. Təbii ki, bizdən əvvəl gedən kənd sakinləri də bizlə bərabər hərəkət edirdi, amma onlar yola bələd idilər. Mənim atım saldırımı keçəndə arxamdakı at, mənim atıma sanki həmlə etdi. Atım təbii olaraq digər ata qarşılıq vermək istədikdə, mən atın idarəsini itirərək yıxıldım. Lakin sol ayağım üzəngidə qaldı. Sol ayağım üzəngidə ikən mən atın sağ tərəfinə yıxılmışdım, ayağım da dizimdən burularaq asılı vəziyyətdə qalmışdım. Elə bu an atım yenə digər ata reaksiya vermək məqsədi ilə arxaya iki ayağı ilə təpik atmaq istədi. At təpik atdığı zaman, mən tez tərpəndim, üzümü və bədənimi az da olsa zərbə istiqamətindən yayındıra bildim. Elə bu an qulağımın dibindən atın təpiyinin küləyini hiss etdim. Hardasa bir saniyənin hökmü məni bəlkə də ölümdən, ən azı kəllə və çənə sümüyümün qırılmağından xilas etdi. Bir sözlə Allah çarəsiz səyyahı qorudu. Sonra insanlar mənim köməyimə gəldilər. Amma at vəfalıdır deyirlər. Mən bu vəfanı atda hiss elədim. O, məni hirsindən sürüyə də bilərdi, amma o sadəcə təpik atmaqla, sahibinə yenə vəfasını göstərdi. Nəhayət, səyyahın məqsədi həyata keçdi. Və biz o tarixi qalanı çəkdik. Ancaq demək istərdim, təəssüflər olsun ki, o biri hadisəni biz kamera ilə görüntüləyə bilmədik. Çünki o məqamda hamı həyəcanlı idi. Səyyahları səyyah edən bu yolların çətinliyi və daşıdığı məqsədlərdir. Bu həyat yolunda onsuz da hamı bir səyyahdır”.
Səbuhi Yusiflinin jurnalistika ilə bağlı fikri isə belədir: “Jurnalistika bəzilərini məşhur edər, bəzilərini isə maarif əhli edər. Jurnalistikada məsuliyyətli olmaq və bu peşəyə sevgiylə yanaşmaq lazımdır. Dördüncü hakimiyyət olan bu sahədə nizam-intizam pozularsa, xaosun hüdudlarını təsəvvür etmək o qədər də çətin deyil”.
Səbuhi müəllim üçün əsas amil iş fəaliyyətini uğurla davam etdirmək və xalqın hörmətini qazanmaqdır. Aparıcının ən böyük məqsədi dünya millətlərinin bilinməyən adət-ənənələrini öz gözü ilə görüb onları tamaşaçılara tanıtmaqdır. O, boş vaxtını ailəsi ilə keçirməyi sevir. Xəzər TV-nin aparıcısı imkan olanda evdə xarab olmuş məişət əşyalarını təmir etməyi də çox xoşlayır. Səbuhi Yusiflinin fikirincə, insan addım-addım irəliləyir və həyatda uğur qazanmaq üçün mütləq səbrli olmalısan.
Vüqar SƏFƏRLİ





Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar