12px14px16px18px

Yalanın gerçəkliyi

Fazil GÜNEY
11:38 / 02.05.2012
(povestdən parça)

Onun bütün həyatını qarışdıran həmin gün yolu universitetə düşmüşdü, bir nəfər tələbəni tapşırıb geri dönürdü. Nədənsə yalnız bir tayı açılmış qapıdan çıxmaq istərkən yerindəcə mıxlanıb durdu. Qapının düz ortasında qaragöz, ağbəniz, ucaboy, incəbel bir qızla üz-üzə dayanmışdı. Qızın gözəllik aurası onu necə öz təsir dairəsinə aldısa irəlimi, yoxsa gerimi getməyi anışdıra bilmədi.
- A kişi, yoldan çəkilsənə! - deyə kimsə arxadan səsini ucaltdı.
Mürtəd diksinib geriyə sıçradı, üstəlik qıza fransızsayağı bir reverans da elədi, yəni başını yüngülcə aşağı əyib, əli ilə yol göstərdi. Qızın sifətindəki təəccüb və təkəbbürü ilahi bir təbəssüm əvəz etdi, Mürtədə baxışlarıyla minnətdarlığını bildirib liftə sarı getdi. Mürtədin bəxtindən lift işləmədiyi üçün qız artırma ilə çıxmağa başladı. Özünə gəlmiş Mürtəd yolunu dəyişdi, "onun hansı fakültədə oxuduğunu bilməliyəm" deyərək, hiss etdirmədən qızın arxasınca yuxarı qalxmağa başladı. Bayaq qızın ancaq boğazdan yuxarısına baxmışdı, indisə bütün bədənini gördü...
Bircə həftənin içində Mürtəd qız haqqında gərəkən məlumatları topladı, ürəyini açmazdan öncə elə bir fənd işlətdi ki, qız onu oxuduğu fakültənin hörmətli müəllimləri ilə birgə gördü. Sonra bir neçə dəfə onunla "təsadüfən qarşılaşdı", salam verdi, qızın ilahi baxışlarını tutmaq istədi, amma mələk heç onun üzünə də baxmadan başı ilə salamı alıb yan keçirdi.
Mürtəd yaman aşiq olmuşdu. İlk qarşılaşdıqları zaman qızın ona zillənmiş baxışlarının təkrarlanmasını istəyirdi. Qızsa ona heç qıyqacı da baxmırdı. İndi onun fikir-zikrini pulla yanaşı qız da məşğul edirdi..."Bəs birinci dəfə niyə elə baxdı? Gülümsər baxışlarını düz gözümə zilləyib, eşq oxuyla ürəyimin başından vurdu? Bəlkə eşq kəməndinə saldığı ovunun donub qalmasından zövq alıb gülmüşdü? Bütün hallarda ruhdan düşmək olmaz, belə gözəl qızın naz-qəmzəsinə dözmək lazımdır" deyə axırda özünə təskinlik verirdi.
Bir gün qızı universitetin həyətində tək görüb, qırğı kimi başının üstünü aldı:
- Salam, Ayçiçək xanım.
Qız başını qaldırdı, onu gördükdə baxışlarını aşağı endirib Allahın salamını aldı.
- Başa düşürəm, kimisə gözləyirsiniz. Çox yox, beşcə dəqiqə məni dinləyə bilərsinizmi?
- Rəfiqəm indi gəlməlidir.
Yaponların ən az işlətdikləri "yox" sözüdür. Müsahibinə "hə" demək istəməyəndə nəzakət xatirinə sözü elə fırladırlar ki, "yox" mənasını verir. İndi qızın bu yaponsayağı cavabı onu karıxdırsa da, sırtıqlığına saldı:
- Çox gözəl, çox pakizə. O gələnə qədər mən sizi darıxmağa qoymaram.
- Sağ olun, mən darıxmıram.
- Onda sizi əyləndirərəm, bulud kimi tutulmuş baxışlarınızın açılıb gülümsəməsi üçün min oyundan çıxaram, lazım gəlsə, meymun kimi ortalığa düşüb oynaram da.
Birdən qız özü də gözləmədən ürəkdən şaqqıldadı. Onun gülməsindən sevinən Mürtədsə hırıldadı. Amma heç ağlına gəlmirdi ki, bu ciddi qızın birdən-birə belə qəhqəhə çəkməsinin səbəbi nədir... Bəlkə heç qismət olmayacaqdı da bilsin ki, o, həm sözü, həm də üzü ilə qızın yadına sirkdə oynayan meymunu salmışdı. Ayçiçək onun sifətinin meymunun sifətinə necə oxşadığını görüb özünü saxlaya bilməmişdi. Mürtədsə qızı güldürə bildiyinə bərk sevindi. Adətən əlinə yaxşı pul gələndə belə sevincək olurdu. O, qazandığı uğuru möhkəmləndirmək üçün "ataka"ya keçdi:
- Gerçək sözümdür. Gülüş sizə çox yaraşır. Sizi gülərüz görmək üçün dünyanın naz-nemətini ayaqlarınız altına tökərəm.
Qızın baxışları ciddiləşdi:
- Axı nəyə görə?
- O ahu baxışların mənə dikilməsi üçün.
- Bəyəm elə varlısan?
Qızın bu sözlərindəki istehzanı duymayan Mürtədin çiçəyi çırtladı, onun qoltuğunun altını şişirdib, göylərə olmasa da, universitetin damına qədər qaldırdı.
- Sizi xoşbəxt eləməyə çatar. Şəhərin yaxşı yerində evim, bir neçə yerdə torpağım, pulum, qızılım vardır. Hamısı sizə qurbandır.
- Doğru deyirsiniz?
Qızın istehzası yenə Mürtədə çatmadı, əksinə, bu iki söz onu bir az da yuxarı qaldırdı, əlini bürüşmüş üzündə şappıldatdı:
- Bu canım üçün. Siz maa gəlməyə razı olun, görün nələr edirəm. Özüm də anadangəlmə subayam, tək yaşayıram.
Birdən qızın baxışları sərtləşdi, şəhərin köhnə məhlələrində çoxdan daşınmayan iylənmiş zibil qutusunun yanından keçirmiş kimi üz-gözünü ikrahla turşudub, incə dodaqlarının arasından çıxan batmandan ağır zəhərli sözlərini heç adını da bilmədiyi, arxasınca sürünən bu sırtıq eybəcərə yönəltdi:
- Siz heç güzgüyə baxmırsınız? Bu sir-sifətlə utanmırsınız mənə bu təklifi edirsiniz? Məni var-dövlətlə almaq istəyirsiniz? Gediniz...
Qəzəbindən etikanı, ədəb-ərkanı bir tərəfə tullayan qızdan eşitdiyi bu sözlər Mürtədi sanki qalxdığı yüksəklikdən - universitetin damından guppultuyla yerə - qızın ayaqlarının altına saldı...

lll

Həmin gün o gözəl qızdan aldığı zərbələrdən özünü birinci kərə nakauta salınmış boksçu kimi hiss edən Mürtəd evə gəlib paltarını dəyişmədən divana uzandı. Yetkinlik yaşına çatandan bəri birinci dəfə ürəkdən ağladı, onu belə eybəcər doğduğu üçün anasına, atasına söydü, onları "gorbagor olmuşlar" adlandırdı. Lakin onun dəmir iradəsi vardı, bu iradə o hələ ana bətnində olandan yaranıb möhkəmlənmişdi. Odur ki, yatıb dincələndən sonra özünə gəldi, yenə əfi ilana, bic, kəmfürsət tülküyə döndü, qızı ələ keçirmək üçün yollar axtarıb planlar cızmağa başladı. Neynəsin? Çox baş sındırmadı, əlüstü çarə tapdı: qızı qaçırtsın. Amma necə? Onun qımırını gördüyü üçün bunu elə belə zorla etmək olmazdı. Elə etmək lazımdı ki, bu iş könüllü olsun. Yəni bir gün qız dərsə yox, yanına düşüb onun evinə gəlsin. Adətən könüllü qaçırılmağın, yaxud qızın qoşulub qaçmağının bir neçə səbəbi vardır: Birincisi, ata-anası qızı başqasına vermək istəyirlər, qızsa sevgilisinə qoşulub qaçır. İkincisi, valideynlərin qızın sevişdiyi oğlanın özündən, yainki ailəsindən zəhlələri gedir. Üçüncüsü, valideynlərin toy eləməyə imkanları olmur və qızla oğlan qovuşmağa çox tələsirlər.
Bu variantlardan Mürtədin xeyrinə tək bircə fakt vardı: ata-anası qızı qohumlarına vermək istəyirdilər. O isə daş atıb başını tuturdu, "hələ oxuyuram" deyib vaxt qazanırdı. Mürtədə elə gəlirdi ki, qızın xoşuna gəlib sevdiyi oğlan olsa, qoşulub qaçar. Bu oğlan o deyildi, artıq cavabını almışdı. "Arikin ağlı yox, yaraşığı məndə olsaydı, gör nələr edərdim" deyə tanışlarından birini xatırladı. Televizorun düyməsini basıb otaqda vargəl etməyə başladı. "Arşın mal alan"dan fraqmentlər göstərilirdi. "Aha tapdım! Arikin gözəlliyi, mənim ağlım birləşsə qızı almaq olar. Lap arşınmalçı Əsgər kimi fənd işlədərəm"...
Mürtəd ağlına gələn bu ideyanın təsirindən yerindən dik sıçradı. Yüz qram araq vurdu. Stresi özündən uzaqlaşdırdı.
Məsələni isti-isti həll etmək üçün zəng vurub Ariki tapdı, həmişəkitək onu yemək-içməyə dəvət etdi.
Hamının Arik çağırdığı Ərtaq onunla yaşdaş idi, cəlbedici aristokrat sir-sifəti, görünüşü vardı. Gendən baxan deyirdi bəs imkanlı, işi-gücü olan adamdır. Əslində yaxşı manerası olan, özünü məclislərdə aparmağı bacaran bu oğlan ali təhsilli olsa da, bir yer tapıb dolana bilmirdi. Atası onu Sovet dövrü üçün böyütmüşdü: müdafiə edib elmi dərəcə alsın, alim olsun, sonra yerini ona verib təqaüdə çıxsın. Bu məqsədlə də oğlunu öz yanında - Elmlər Akademiyasında işə düzəltmişdi. Ev uşağı olan, yeyib içməyə, əli cibində gəzməyə vərdiş etmiş Ərtaq zəmanənin nəbzini tuta bilmirdi, nə alveri, nə də dəllallığı bacarırdı. O zamanlar Akademiyadan ayrıla bilməyən elmi işçilərin məvacibi yol puluna, onun ucuz yeməkxanasında nahar yeməyinə çatırdı. Düzünəqulu işləyib maaşa göz dikməklə keyf çəkmək olmurdu. Ərtaq dəbdəbəli məclislər, bahalı restoranlar, ən aşağısı kababxanalarda vurmaq düşkünü idi. Mürtəd onu dəfələrlə yedirib içirib öz məqsədləri üçün istifadə etmişdi.
Ərtaq onu görən kimi qucaqladı.
- Yallah, qədeş, bu aydınları niyə yaddan çıxarırsınız? Gör neçə aydır görüşmürük.
Ərtaqın babası da, atası da ziyalı olmuşdular. "Yalnız üçüncü nəsil əsil intellegent olur" deyə o, bir az vurandan sonra lovğalanırdı.
- Sən öl demirəm, özüm ölüm həmişə ürəyimin düz içindəsən. İşim çox, dərdim ağır, görüşə bilmirdim. Başım açılan kimi konlümə sənlə oturmaq düşdü.
Onlar görüşdükləri kababxanada küncdəki masanı seçib sifarişlərini verdilər.
İçki məclislərində Mürtədin bic bir gedişi vardı: özü qurtum-qurtum gillədir, qarşısındakını isə dibinəcən içirdirdi. Buna görə də həmişə ayıq olurdu. Onda anadan gəlmə instinkt bir duyğu vardı: həmişə tətikdə durmaq, ayıq-sayıq olmaq, yoxsa axırına çıxarlar. Amma bu dəfə o, Ərtaqdan geri qalmırdı... İkisi də dəmləşmişdi, Ərtaq stəkanları doldurub yenə dostluq şərəfinə sağlıq dedikdə, Mürtəd onu saxladı:
- Bir dayan, de görüm, doğrudanmı məni özünə daimi dost sayırsan?
- Ba!... Qədeş, o nə sözdür! Haçan bir sözünü iki eləmişəm?
- Heç vaxt. Amma bu dəfəki iş həyat, ölüm-qalım məsələsidir. Yeddi milyon yarımlıq xalqın içində yalnız sən mənə kömək edə bilərsən.
- Hazıram qədeş, mən bacaran işdirsə, sən əmr et. Neynəməliyəm?
- Bacarmağına bacararsan. Səndən başqa bu işi görə bilən tapılmaz.
Tərifdən qoltuğu qarpızlanan Ərtaq səbirsizliklə soruşdu:
- Elə isə, ürəyimi üzmə, de gəlsin.
- Eşq mərəzinə tutulmuşam.
- Nə? Eşq mərəzinə? O necə olur?
- Sevərsən, istədiyin qız səni rədd edər, onda başa düşərsən.
- Qədeş, bu, qrip kimi bir şeydir. Mən ildə iki dəfə qripə, iki dəfə də sevgi mərəzinə tutuluram. Hər ikisi tez keçib gedir.
- Ola bilsin ki, bu xəstəlik sənin boğazından aşağı enmir, elə ağız-burnunda ilişib qalır. Məndə isə sevgi mərəzi ox kimi düz ürəyimin ortasına sancılıbdır. Onu dartıb oradan çıxarsan, qəlbimi parça-parça edər.
- Yaxşı, indi nə cür deyirsən, elə də edək.
- Sən yəqin ki, mənim ağlıma, bacarığıma şübhə etmirsən...
- Əstəğfirulla, qədeş. Sənin hördüyün torları, qurduğun qurquları, toqquşdurduğun səhnələri Hollivudun heç ən mahir kino rejissorları belə bacara bilməzlər.
- Ay sağ ol. Elə isə qulaq as, plan belədir: Sən o qızı özünə cəlb edirsən, tanış olanda öz adını yox, mənim adımı deyirsən, yəni sən mən olursan, sevgi, aşıq-maşiq oyunu oynayırsan, onunla gəzirsən, kinoya, teatra, restorana, bir sözlə istədiyi yerə aparırsan, istədiyi hədiyyələri alırsan.
- Qədeş hansı pulunan?
- Kəmhövsələlik eləmə. Hər görüşdən qabaq mənə xəbər verirsən, cibinə pul basıram. Bayram hədiyyələrini alıb verərsən. Bir sözlə elə edərsən ki, o gözəl qız sənə vurulsun, təcrübən çoxdur, neçə qızı gözüyaşlı qoyubsan. Bilirəm ki, o səni sevəcək, nə istəsən onu eliyəcək.
Ərtaqın ağzı sulandı, həm Mürtədin pulları, həm də gözəl qızla müftə-müsəllah keyf çəkməyi təsəvvürünə gətirdikdə, uçmağa qanadı olmadı, bu işin nə qədər uzanacağını bilmək istədi:
- Bəs sonra? Bu teatrın axırıncı səhnəsi necə qurtaracaq?
- Çox qabağa getmə, əvvəlcə özünü ona sevdirməlisən, qız səndən ötrü dəli-divanə olandan sonra növbəti gedişimizi edəcəyik. Aydındırmı?
- Aydın oldu, bir məsələdən başqa. Axı bu oyunda mən əsil aşiq rolunu oynamaq üçün qızla öpüşmək, qucaqlaşmaq zorundayam. Birdən göz qızdı, ayrı işlər oldu, onda necə?
- Oğlan, göz qızmamalıdır. Sən əflatuni aşiq rolunu oynamalısan.
- Əşi, mən özümü demirəm, yaxşı bilirsən ki, mənimçün şəhər doludur qızınan. Birdən o duyğularını cilovlaya bilmədi, bütün qapı-pəncərələri açıb məni içəri dəvət elədi?
- Cilovunu sənin əlinə verəndə, həddini bil, məscidin qapısı açıq olanda itdə həya olmalıdır. Sən özünü bilməməzliyə vur, içəri girmə. Axı sən iş başındasan.
- Qədeş, sözdə asandır. Çalışacağam sənin bütün təlimatlarına əməl edim.
- Bax, yadında saxla, boyun-boğazdan aşağı düşmək olmaz. Sərhədi keçsən, cızdığımız plandan çıxsan, səni də, onu da cəhənnəmə vasil elətdirməyə pulum çatar...
Bu dəm Mürtədin üzünə baxan Ərtaq diksinib ayıldı: Sanki qarşısında qorxu filmlərində gördüyü İblis dayanmışdı. Nifrət və qəzəb dostunun sifətini daha da qorxunc etmişdi. Odur ki, dil-dodağı topuq vura-vura dilləndi:
- Qədeş, gəl növbəti badələri bu işdə uğurumuzun şərəfinə qaldıraq. Arxayın ol, hər şey dediyin kimi olacaq.
Onlar stəkanları boşaltdıqdan sonra Mürtəd cibindən beş yüz dollar, bir paçka manat çıxarıb Ərtaqa verdi:
- Al, qoy cibinə ki, onunla görüşəndə ürəkli olasan. Amma əclaf, dollarları ancaq onun üçün xərcləməlisən. Manatlar isə sənin cib xərcliyindir, köynək və qalstukunu dəyişdir. Hər addımının hesabatını mənə verəcəksən.
- Baş üstə, - Pulları səliqə ilə cüzdanına qoyan Ərtaq dedi: - Elə sabahdan işə başlayaram. Amma qızı mənə özün göstər, onun haqqında bildiklərini deginən.
lll

İki gün sonra Ərtaq Mürtədə ilk "kəşfiyyat" məlumatlarını verdi. "O fakultədə məni tanıyanlar çoxdur. Ayçiçəyin rəfiqələrindən biri Sara adlı qız uzaq qohumumun nişanlısıdır. Üç gün sonra ad günüdür, məni də dəvət elədi. Obyekt orada olacaq, tanış olmaq üçün əla fürsətdir. Onu mənə göstərməyinə ehtiyac yoxdur. Ad gününə hədiyyə ilə getməliyəm."
Mürtəd ondan ancaq Saragilin ünvanını soruşdu.
Ad gününə hazırlaşan Ərtaq Mürtədin hesabına özünə bahalı köynək və qalstuk, qohumunun nişanlısına "Şanel" ətri və kremi aldı, Hollandiyadan gətirilmiş qızıl güllərdən dəmət bağlatdırdı. Çoxdan əyninə almadığı "Pierre Cardin" şirkətində sanki məxsusi onun bədəninə tikilmiş bahalı tünd göy kostyumunu geyindi. Bunu da Mürtədin həlləm-qəlləm işlərinin hesabına qazanmışdı.
Bazar günü keçirilən məclisdə öz yerlərini tutmuş qonaqların nəzər-diqqəti qəsdən bir az gecikib, içəri girən Ərtaqa dikildi. Şıq geyimli, boy-buxunlu, uzun saçlı, üzündə diplomatik gülüş oynayan bu gənc oğlan sanki Avropanın məşhur moda şirkətindən qostrola gəlmişdi. O, başını dik tutaraq qəşəng düzümlə bağlatdırdığı dəməti və "Şanel"i xüsusi incəliklə, şahzadəyə bahalı hədiyyə verirmiş kimi, məclisin baş tərəfində oturmuş Saraya təqdim etdi, onun əlini öpdü.
Bu səhnədən vəcdə gələn Sara gözləri yaşarmış halda dedi:
- Arik, bizi gözlətdirsəniz də qəlbimizi riqqətə gətirdiniz.
- Amma mənə yer saxlamayıbsınız.
- Sizin yeriniz həmişə bizim yanımızdadır, - deyən Sara solunda oturmuş Ayçiçəyin yanında ona yer düzəltdirdi. Və bu zaman adını eşidib üzünü görmədiyi qızla baxışları toqquşdu. Daha Ərtaqın üz-gözünə gözəllik qarşısında hayıl-mayıl olduğunu göstərən yalançı ifadə verməsinə ehtiyac olmadı. Dodaqları altında "heyrət, ey büt" deyə pıçıldayan Ərtaqın ağzı açıla, gözləri bərələ qaldı. Baxışları içəri girəndən ürəyinə yatmış oğlanın baxışları ilə toqquşan Ayçiçək də gözlərini ondan çəkə bilmədi. Bu baxışma çoxlarının gözündən yayınmadı. Həm də ona görə ki, bu iki gənc bir-birinə çox yaraşırdı, sanki yaradılışdan bir-biri üçün doğulmuşdular.
- Hə, gözünüzü bir-birinizdən çəkin, hamı sizə baxır, - Saranın pıçıltısı onları ayıltdı. Sonra ucadan gəncləri bir-birinə, həm də məclisə təqdim etdikdən sonra Sara Ərtaqa göz vurub səsini alçaltdı: - Arik, mənim rəfiqəm utancaq qızdır, ona yaxşı qulluq elə.
Ayçiçək azacıq sarıya çalan çəhrayı rəngli, topuqlarına düşən don geymişdi. Ərtaq ayağa durub yüngülcə təzimlə onu rəqsə dəvət elədi, qız ayağa qalxdıqda sağ əli ilə onun sol əlindən tutub, rəqs üçün ayrılmış çox da geniş olmayan ortalığa apardı. Mahir ovçu gözü ilə bir andaca ovunu başdan ayağa süzən Ərtaq onun bədən mütənasibliyini, hər bir əzasının yerli-yerində olduğunu görüb duydu. Ayçiçək qüsursuz gözəl idi. "Meşədəki armudun yaxşısını ayı yemək istəyir" deyə düşünən Ərtaq sağ əli ilə qızın incə belindən yapışdı, sol əli ilə onun sağ əlindən tutub qoşa qanad kimi yana gərdi. Ayçiçək sol əlini oğlanın sağ çiyninə qoyanda sanki dövrə qapandı, onların gözə görünməz enerjiləri bir-birinə axmağa başladı.
Rəqs bitən kimi hamı əl çaldı. Əlbəttə, hamıya xoş təsir bağışlayan bu cütlüyü qalib hesab etdilər, bir qutu Avstriya konfetini və gül dəstəsindən ibarət mükafatı onlara verdilər. Ərtaq hər ikisini qıza uzatdı.
"Yox, evə güllə gedə bilmərəm" deyə Ayçiçək Saranın qulağına pıçıldadı. Qulağı darı dələn, Ayçiçəyin bütün hərəkətlərini izləyən Ərtaq "məsələ məlumdur" deyə fikirləşsə də dilindən tamam başqa sözlər çıxdı:
- Siz gözəlliyinizi tamamlayan rəqsinizlə də hamını heyran etdiniz.
- Sizidəmi?
- Hamıdan çox. Xüsusilə "Süleymani" ilə.
- Sağ olun, indi inandım.
Ayçiçəkdən çıxmayan iş, Ərtaq onun cib telefonunun nömrəsini istəyəndə çox naz-qəmzə etmədən verdi.
Məclis başa çatmamış Ayçiçək getmək üçün Saradan icazə istədi:
- Axşam düşməmiş evə gedim. İki-üç saatlığa izn almışam.
Sara etiraz etmədi. Ərtaq onu maşınla evlərinə aparmaq istədi. Qız kəsinliklə etiraz etdi, ancaq çöl qapısınadək ötürülməsinə razılıq verdi. Sağollaşanda Ərtaq onun uzatdığı yumşaq əlini öpməkdən özünü saxlaya bilmədi. Qızı yola saldıqdan sonra sağ əli ilə bir çırtıq çalıb özündən razı halda məclisə qayıtdı. "Amma gələcək görüşlərdə hissə qapılıb özümü unutmamalıyam. Mən iş başındayam, pul qazanıram" deyə özünü danladı.
Xalanəvəsi onu qırağa çəkib başını uca etdiyinə görə minnətdarlığını bildirdi, sonra "Yaxşı qızdır, sənə yaraşır, ciddi fikrin yoxdursa, aldatma onu, yazıqdır." dedi.
Ərtaq çiyinlərini çəkib başı ilə təsdiqlədi:
- Düz sözə nə deyəsən, - sonra onu yanında - qızın yerində oturdub bu mövzudan uzaqlaşdırmaq üçün dedi: - Çoxdandır səninlə vurmuruq, süz, bir-iki badə içək.
Doyunca yeyib içdikdən sonra məclis Ərtaq üçün maraqsız oldu, o da sonacan qalmayıb sağollaşdı, evə çatan kimi onu gözləyən Mürtədə hesabat verdi, gözlədiyindən qat-qat yaxşı nəticə əldə etdiyini bildirdi:
- Şef, bu gün bir aylığın işini gördüm. Düşünürəm ki, qız ovcumuzun içindədir. Amma kəsin sözümü onunla ikinci görüşdən sonra deyəcəm.
- Əla, davam elə, pul xərcləməkdən qorxma. Amma niyə qızı evlərinə ötürməyib tək buraxdın, bilmirəm.
- Mən ötürmək istədim, özü razı olmadı. Onların evində çox ciddi qaydalar hökm sürür.
Ərtaqın ağlına birdən gəldi: bəs bunu Mürtəd hardan bilir?... Özü öz sualını cavabladı: "Saranın ünvanını nahaqdan soruşmurmuş. Deməli, əclaf küçədə pusquda durubmuş..."
Fazil GÜNEY





Bu yazı ( 82 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar