12px14px16px18px

Səyyad Ağbabalı: “Bir ömür yaşadım ağlı-qaralı”

Züleyxa NADİR

TALE GƏLİB 60-ın QAPISINDA DAYANDI

00:29 / 01.05.2012
İnsan ömrü elə bir yaşantıdır ki, o bu ömrün nə zaman keçdiyini belə hiss etmir. Həyatın hər cürə keşməkeşi, ömrün ağrı-acısı insanın tale yoldaşı olur. Və bu taleyində o nələr görmür, nələr yaşamır. İnsan var ki, həyatını, taleyini bir məqsədə, bir amala bağlayır və tutduğu bu yoldan kənara çıxmır. İnsan da var ki, qədəm qoyduğu ilk addımdaca büdrəyir, yaxud da bu yol onun xoşuna gəlmir. Və beləcə həyat yollarında müxtəlif istiqamətlərə yön alır –bəzən qalib gəlir, bəzən də məğlub olur.
Mənim bu yazımın qəhrəmanı birincilərdəndi.
İnsanın həyatında elə anlar olur ki, bu, bir ömür onun taleyində önəmli rol oynayır. Və hər bir insanın da həyatında elə bir gün var ki, o sonralar xoş xatirəyə dönür, ömrünün şirin anlarına daha bir dad verir. Bu xatirə sona qədər insanın yol yoldaşı olur və insanın acılı-şirinli ömrünə bir başqa məna verən bu xatirə insanı hər zaman xoş duyğulara kökləyir.
Mənim bu yazımın qəhrəmanı xatirələrin yaxını-uzağı ilə, şirini-acısı ilə, kövrəyi və nisgillisi ilə dolu olan bir ömür sahibidir. O, jurnalist Səyyad Ağbabalıdır. Səyyad müəllimin jurnalist adının yanında “tanınmış”, “məşhur”, “televiziya tamaşaçılarının və qəzet oxucularının daim izlədiyi”, “ictimaiyyətin yaxşı tanıdığı”, “siyasətçilərin önəm verdiyi”, “dövlət xadimlərinin qiymətləndirdiyi” sözlərini də yazmaq olardı. Amma ehtiyac duymadım. Çünki Səyyad müəllim bu əlavə adlara heç zaman vurğun olmayıb, “mən sadəcə jurnalistəm” deyib.
Bəli, jurnalist Səyyad Ağbabalı doğrudan da belə bir insandır. O çoxlarından fərqli olaraq gördüklərini və duyduqlarını öz məqamında çatdırmağı bacaran jurnalistdir. Ölkəmizdə və dünyada gedən ictimai-siyasi prosesləri daim diqqətlə izləyən, anındaca onlara münasibət bildirən, fəal həyat mövqeyi olan jurnalistdir. Olduqca sadə, o qədər də iddialı, mürəkkəb və ziddiyyətlidir. Lakin onu çoxlarından fərqləndirən daha bir xüsusuiyyəti də var. Özünün də tez-tez işlətdiyi və sevdiyi bir sözlə ifadə etmək istəyirəm onun bu xarakterini: duyğusal bir insandır Səyyad müəllim. Bəlkə də onu tanıyanlar, yaxud tanımayanlardan bu söylədiklərimlə razılaşmayanlar var.
Əgər varsa, qoy onlar Səyyad müəllimin yazdığı “Bir ömür yaşadım ağlı-qaralı” kitabını oxusunlar və görsünlər ki, heç də yanılmamışam. Şablon da olsa bir fikri deməliyəm ki, indi hamı kitab yazır: əli qələm tutan da, tutmayan da. Az-çox buna ixtiyarı olanlar, bacarığı çatanlar isə az qala kənarda dayanıblar. Səyyad müəllim də belə ixtiyar sahiblərindəndir. Doğrudur, o indiyə kimi bir neçə kitab yazıb, onlarca kitaba da redaktorluq edib. Amma nədənsə onların heç birini ictimaiyyətə çatdırmaq istəməyib. “Bir ömür yaşadım ağlı-qaralı” isə mən deyərdim ki, Tanrının ona bəxş etdiyi taleyinin ağrılı-acılı qismidir. Amma bu tale kitabında xoş duyğular, sevincli anlar da yer tutub.
“Arena” qəzetində birlikdə işlədiyimiz zamanlarda bir neçə dəfə demişdi ki, yazmaq istəyir. Ömrünün arxada qalan illərini, Ermənistanda – doğulduğu ata-baba torpağında keçən əzablı günlərini, erməni daşnakları ilə necə savaşdığını, ona qarşı olan mənəvi-psixoloji hücumlara duruş gətirdiyini, dözdüyünü yazmaq istəyir. Deyirdi bunları, amma nədənsə günlər keçirdi, aylar ötürdü Səyyad müəllim isə ertələyirdi. Səbəbini soruşanda hələ özündə güc tapmadığını bidirirdi. Amma yaş gəldi 60-ın qapısında dayandı. Ömür qapısını döyən tale Səyyad müəllimi “tərpətdi”. “Özümdə güc tapıb ömür kitabımı səhifələməyə başladım. Lakin bu təkcə mənim ömür kitabım olmadı. O, ömrünün 60 ilinin daha çox hissəsini acılı-ağrılı keçirən bir insanın, doğma yurd-yuvası, ocağı erməni daşnakları tərəfindən tar-mar edilən, həm də bir qaçqının fəryadı, Dağlıq Qarabağda oynanılan siyasi oyunları, erməni vəhşiliklərini qulağı ilə eşidib, gözləri ilə görən bir yazarın içindən keçənlərin qələmə süzüləni oldu”.
Deyə bilərəm ki, bu kitab mənim gözümün qarşısında yazılıb. Kitabda yazılanları Səyyad müəllim “Arena”nın kiçik kollektivinə dəfələrlə söyləyib, başına gələnləri, gözü ilə gördüklərini, qulağı ilə eşitdiklərini zaman-zaman danışıb. Özü də ürək ağrısı ilə, qəlb sızıltısı ilə. Bəzən də bunların bir qismini kağıza köçürüb, mətbuatda çap etdirib. “Yuxumda səs verən olmur. Üz tuturam qəbiristanlığa. Görürəm elə əvvəlki qəbiristanlıqdı, böyüyüb eləməyib də. Baş daşları da elə həmin baş daşlarıdı. Lal-dinməz dayanıblar. Amma... bu dəfə qəbiristanlığa bağırıram:
–Eheyyy, ay camaat, hardasınız? Qəbir daşlarının arxasında niyə gizlənirsiniz? Çıxın görək başımıza nə çarə qılırıq”?!
Səyyad müəllim bu və buna bənzər yuxuları tez-tez gördüyünü hər dəfə söyləyəndə biz onun nə qədər ürək ağrısı keçirdiyini görürdük, hiss edirdik. İyirmi beş ilə yaxındır ki, qaçqınlıq həyatı, yurd – yuva həsrəti, torpaq nisgili Azərbaycanın qərbindən bura pənah gətirmiş hər bir soydaşımızın alın yazısına dönüb. Və bu alın yazısı onların tale yolunu cızır. Hər kəs bu “yolda” bir ömür şələsi daşıyır. Səyyad müəllim illərdi bu “şələni” necə daşıdığını qələmə aldığı “Bir ömür yaşadım ağlı-qaralı” kitabında bircə-bircə sadalayır. Onun bu ağlı-qaralı ömrünün yaşantılarında nələr baş verib, o nələrdən adlayıb, nələri qazanıb?.. Bütün bunları kitabda yazıb.
Hələ lap uşaqkən atasını itirən Səyyad Ağbabalının anası çiyinlərində həm ata, həm də ana taleyi daşımalı olur. Övladlarını yetişdirir, onlara təhsil verir. Mənfur erməni xislətinin az qala dəfələrlə qurbanına çevrilmək təhlükəsi ilə üz-üzə gəlsələr də, ana bu təhlükələrdən sovuşdurur balalarını. Ən zirək oğlu Hamletin (ailədə Səyyad müəllimin adı Hamlet olub) təhsil alıb ali dərəcəyə, uca bir mərtəbəyə çatması, mənsəb sahibi olması üçün varlığından belə keçməyə hazır olur...
Qısa, həm də çox uzun bir yol keçir Səyyad müəllim. Üç ali məktəbin məzunu olur. Hər adamın hünəri deyil bu. Amma kim idi buna qiymət verən? Ermənimi? O da ki, ola erməninin əlində dəstəvuz etdiyi “xalq düşməninin nəvəsi” damğası. Həmin “damğa” hər addımda onun yoluna bir sipər çəkib. Bu azmış kimi ermənilər ona illərlə “türk”, “qatı millətçi”, “müsavatist” deyiblər. Bir türkün öz tarixi torpağında baş qaldırmasına mane olmağa çalışıblar. Hər vəchlə onu aradan götürmək istəyiblər. “Ermənilər mənim başımı kəsəcəklərinə and içmişdilər”. Amma Səyyad müəllimin əzmini qırmaqmı olar? O, mübarizə aparır, döyüşür, haqq etdiyi yerdə olmağa çalışır. Amasiya rayon partiya komitəsində işləyir, rayonda çıxan “Məhsul” qəzetinin redaktoru olur...
Artıq 1988-ci il idi. Ermənilər azərbaycanlılara qarşı terrora başlamışdılar. Azərbaycanlılar torpaqlarından, ev-eşiklərindən qaçqın düşdülər. Bu qaçqın taleyini Səyyad Ağbabalının ailəsi üçüncü dəfə yaşadı. Bundan əvvəl 1915-1918-ci il erməni qırğınından da qaçqın düşmüş babalarının acı taleyini yaşadı. Necə deyərlər tarix təkrar olundu. “ 1915-1918-ci il qırğınları zamanı Qərbi Azərbaycan türklərinin bir qismi İrana, bir qismi isə Türkiyəyə qaçıb canını qurtarır. Belə tale Ağbaba camaatına da qismət olub. Anam danışırdı ki, kənd ağsaqqalları camaatı başına yığıb qərar verirlər ki, müvəqqəti olaraq İrana köçsünlər. Vəziyyət düzələndən sonra doğma yurdlarına dönərlər”. Bir müddət İranda yaşayan Səyyad müəllimin anası, dayısı sonra Türkiyədə yaşamağa məcbur olurlar. Onlar Qarsda təsadüfən kor aşıq Nəsiblə rastlaşırlar və birlikdə yenidən Ağbabaya dönürlər.
Xəyanət etdikdə sənin cəsədini qəbul etməyən torpaq parçasına Vətən deyilir. Səyyad Ağbabalı əsl vətən oğludur, əsl vətəndaşdır. Bu sözləri tam məsuliyyətimlə yazıram. “Vətən, vətən” deyib Vətən üçün heç nə etməyib, əvəzində isə ondan çox şey tələb edənləri hamımız tanıyırıq. Səyyad müəllim isə fərqlidir. O heç vaxt qışqırmayıb, saxta səslə bağırmayıb. Onu ağuşuna alan Azərbaycan torpağına olan sevgisini jurnalist qələmi ilə göstərib. Azərbaycan radiosunda işləyərkən bir jurnalist olaraq ən qaynar nöqtədə fəaliyyət göstərib. Tale onu burada da yeni bir sınağa çəkir. O bu sınaqdan da üzüağ, başıuca çıxır. Xankəndində Qarabağ erməniləri ona sui-qəsd təşkil edirlər. Amma Vahid Əzizin köməyi ilə xilas ola bilib. Oxucular bu barədə şair Vahid Əzizin kitabda yer alan “Səyyad Aşbabalının başını Xankəndində kəsəcəkdilər” sərlövhəli yazısından daha ətraflı öyrənə bilərlər.
Bəli, “Bir ömür yaşadım ağlı-qaralı” deməklə Səyyad Ağbabalı bu kitabda 60 illik həyatının yaşantılarını göstərir və oxucu ilə dialoqa girir, onunla üz-üzə dayanır, gözünün içinə dik baxır. Kitabı oxuyan hər kəs “Sən kimsən, Səyyad Ağbabalı?” sualının cavabını tapır. Çünki burada heç bir yalan, şişirtmə rəqəm, saxta fakt yoxdur. Bu səbəbdəndir ki, ön sözün müəllifi Zəlimxan Yaqub yazır: “Tam səmimiyyətlə deyirəm ki, Səyyad Ağbabalının bu kitabını diqqətlə oxuyun. Onun əsasında yeni dövrün dəqiq və həssas, düzgün və obyektiv tarixini yazmaq olar”.
Əvvəldə də dediyim kimi mən Səyyad Ağbabalını illərdi tanıyıram. Demək olar ki, jurnalist yaradıcılığına, yazı üslubuna, deyim tərzinə, ictimai-siyasi hadisələrə yanaşma metoduna yaxşı bələdəm. Bununla belə kitabın üzərində redaktə işi apararkən mən onu bir daha tanıdım. Mənə elə gəldi ki, kitabın müəllifi sadə bir jurnalist yox, nəhəng bir şəxsiyyətdir. (Əslində Səyyad müəllimin yazdılarının heç zaman ciddi bir redaktəyə ehtiyacı olmayıb. Lakin o, müqəddəs sözə qiymət verdiyi, ona məsuliyyətlə yanaşdığı üçün bu işi mənə etibar etmişdi. Mənim cüzi redaktəmlə razılaşmağı da Səyyad Ağbabalının böyüklüyündən xəbər verir).
Mən bu yazını niyə yazdım? O gün – aprelin 14-də Səyyad Ağbabalının 60 yaşının tamamında – BMM-də “Bir ömür yaşadım ağlı-qaralı” kitabının təqdimatı keçirildi. O gün biz Səyyad Ağbabalının ömründən keçən acılı-şirinli xatirələrin toplandığı “Bir ömür yaşadım ağlı – qaralı” kitabının təqdimat mərasiminə yığışmışdıq. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən bu tədbirdə Səyyad müəllimin yaxınları, dostları, jurnalistlər, ictimai xadimlər iştirak edirdilər. Və hamı Səyyad Ağbabalının həmin gün 60 illik ömrünün qapısından daxil olan bu ömür kitabını vərəqləyirdi...
Əslində Səyyad müəllim “Bir ömür yaşadım ağlı-qaralı” deməklə çoxlu mətləblərə işıq salıb, oxucuya çatdırmaq istəyib ki, onun 60 illik ömründə ağla yanaşı qara da olub. Bu qara hələ də davam edir. Bu, ondan ibarətdir ki, didərgin salındıqları dədə-baba torpaqları Ağbaba, cənnət Qarabağ hələ də mənfur ermənilərin tapdağı altındadır. Torpaqlarımız erməni murdarlarının tapdağından xilas olduqdan sonra bu qara silinəcək. İnşaallah!..
P.S. Səyyad müəllim, əslində mən bu yazdıqlarımı o gün 60 yaşınızın tamamında BMM-də deməliydim. Amma deyə bilmədim...
Qoy gec də olsa bu yazım sizin 60 yaşınıza ərməğanım olsun.
Züleyxa NADİR




Bu yazı ( 215 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar