12px14px16px18px

Xameneyidən sonra

00:24 / 01.05.2012
Ayətullah Xameneyidən sonra İranın ali dini rəhbəri kim olacaq? Son illər istər İranın daxilində, istərsə də bu ölkənin siyasi həyatı ilə maraqlanan xarici ekspertlər arasında müzakirə olunan məsələlərdən biri də budur. Bu da səbəbsiz deyil və ilk növbədə, İslam İnqilabının 73 yaşlı rəhbərinin səhhətindəki problemlərlə bağlıdır. Həmin problemlərin kökü təqribən 30 il əvvələ gedib çıxır: 1981-ci ilin iyun ayında “Mücahidini-xəlq” təşkilatının həyata keçirdiyi sui-qəsd nəticəsində Əli Xameneyi ağır yaralanmışdı. O vaxtdan bəri müxtəlif ağrılardan əziyyət çəkən Xameneyinin sağ əli işləmir. Üstəlik, son dövrdə onun prostat xərçəngindən müalicə olunduğu barədə məlumatlar yayılmışdır. Və bu da “vəliyi-fəqih”in varisi haqqında müzakirələrin intensivləşməsinə səbəb olmuşdur.
Əlbəttə, mümkün varisə maraq sadəcə qeyri-məhdud səlahiyyətlərə malik postda kimin əyləşəcəyi ilə şərtlənmir. Söhbət əslində beynəlxalq siyasətin önəmli subyektlərindən birinin sabahından, Qərblə münasibətlərindəki gərginlik yüksək həddə çatmış İranın bu qarşıdurmadan necə çıxacağından gedir. Bu, həm də əsasında Xameneyinin 23 ildir tutduğu vəzifənin mövcudluğunu doğuran “vilayəti-fəqih” prinsipinin durduğu İslam Respublikası quruluşunun taleyi ilə bağlı məsələ kimi diqqət mərkəzində dayanır. Yada salaq ki, İran İslam Respublikasının banisi ayətullah Xomeyninin vəfatından sonra ölkədə cəmi bir rəhbər əvəzlənməsi olmuşdur, onda da inqilabın xarizmatik liderinin cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənən iradəsinə rəğmən, hər şey “yağ kimi” getməmişdir. Yaranmış fikir ixtilafları üzündən ayətullah Müntəzirini varislikdən kənarlaşdıran ayətullah Xomeyninin secimi o zaman ölkə prezidenti olan Xameneyinin üzərinə düşmüşdü. Amma o, dini rəhbər üçün Konstitusiyada təsbit olunmuş tələblərə tam şəkildə cavab vermirdi (dini rəhbər ayətullah rütbəsinə, islam fiqhi sahəsində mükəmməl biliklərə, siyasi səriştəyə və idarəçilik təcrübəsinə malik olmalı idi). Odur ki, ayətullah Xomeyni 1989-cu ilin aprelində Əsas Qanuna dəyişiklik edərək, rəhbərin ayətullah olması şərtinin müvafiq maddədən çıxarılmasına nail oldu və üç ay sonra 86 müctəhiddən ibarət Ekspertlər Şurası (Məclisi-Xobreqan) o zaman orta səviyyəli “hüccətül-islam” tituluna malik Xameneyini ölkənin ali dini rəhbəri seçdi.
Qanunvericiliyin bu şəkildə konkret şəxsə uyğunlaşdırılması presedenti onun Xameneyidən sonra təkrarlanmayacağına zəmanət vermir. Həm də nəzərə almaq lazımdır ki, İran da 1980-ci illərin sonundakı İran deyildir. Əvvəla, o dövrdə, hətta 1990-cı illərdə belə Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi kimi siyasətçilərlə müqayisədə kölgədə qalan Xameneyi indi ölkənin ən güclü və təsirli dövlət adamıdır və onun fiziki yoxluğundan doğan hakimiyyət boşluğunu doldurmaq heç də asan olmayacaqdır. İkincisi, İran cəmiyyəti, siyasi elitası və ruhaniləri Xomeyninin vəfat etdiyi dövrlə müqayisədə kifayət qədər parçalanmış vəziyyətdədir və bu parçalanma xüsusən 2009-cu ilin qalmaqallı prezident seçkilərindən sonra daha da dərinləşmişdir, odur ki, post-Xameneyi mərhələsində çeşidli siyasi, hərbi, dini qruplaşmalar arasında tarazlığın yaradılması son dərəcə çətin bir vəzifə kimi qarşıya çıxacaqdır. Belə mürəkkəb situasiyada Xameneinin siyasi səhnəni tərk edəcəyi təqdirdə ali dini rəhbər postu ilə bağlı üç mümkün variantı nəzərdən keçirmək olar:
A. “Vəliyi-fəqih” vəzifəsini ya Xameneyinin canişin təyin etməsi, yaxud vəsiyyəti, ya da Ekspertlər Şurasının seçimi əsasında konkret şəxs tutur və teokratik hakimiyyət strukturunda hər şey olduğu kimi saxlanır.
Bu halda ali dini rəhbər postunu kimin tutacağı məsələsi meydana çıxır. Mümkün namizədlər sırasında aşağıdakı dini-siyasi şəxsiyyətləri qeyd etmək olar:
1. Ayətullah Mahmud Haşimi Şahrudi – Ən nüfuzlu ruhanilərdən sayılır. 1948-ci ildə Nəcəfdə anadan olmuşdur. 1999-2009-cu illərdə İran ali məhkəməsinin sədri olmuşdur. Hal-hazırda Nəzarət Şurasının (Şurayi-Negəhban) və Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin (Məcməi-Təşxisi-Məsləhəti-Nezam) üzvüdür. Vaxtilə İraq İslam İnqilabı Şurasının rəhbəri olmuşdur. Mühafizəkar dairələrdə kifayət qədər təsirə malik olsa da, əhali arasında o qədər də populyar deyildir.
2. Sadiq Laricani – 1960-cı ildə Nəcəfdə doğulub. İran ictimaiyyətinin yaxşı tanıdığı beş qardaşdan biridir. 2009-cu ildən İran Ali məhkəməsinin rəhbəridir. Qardaşı Əli Laricani İran parlamentinin sədridir.
3. Ayətullah Misbah Yəzdi – 78 yaşlı bu ruhani prezident Əhmədinejadın mürşidi olmuş, lakin prezidentlə Xameneyi arasında yaranan ixtilafdan sonra birincini dəstəkləməkdən əl çəkmişdir. Radikal baxışları ilə seçilən bu mühafizəkar dini xadim 2007-ci ildə Ekspertlər Şurasının sədri vəzifəsinə seçkilərdə Rəfsəncaniyə uduzmuş, lakin son parlament seçkilərinə öz bloku ilə qoşulmaqla iddia və imkanlarının tükənmədiyini nümayiş etdirmişdir. Prezident komandasını tənqid etsə də, onunla gizli əlaqədə olduğu da bildirilir.
4. Əkbər Haşimi-Rəfsəncani – Xameneyinin “əbədi rəqibi”, İslam Respublikası tarixinin ən ciddi siyasi fiqurlarından biridir. Rəhbərdən beş yaş böyük olsa da, fiziki durumu və fəallığı onu nəzərdən qaçırmamağa əsas verir. İran parlamentinin sədri, ölkə prezidenti kimi önəmli postları tutmuş Rəfsəncani 2009-cu il prezident seçkilərindən sonra rəhbərin iradəsinə qarşı çıxdığı üçün ötən il Ekspertlər Şurasının sədri vəzifəsindən kənarlaşdırılmışdır, lakin bir müddət əvvəl ayətullah Xameneyi, görünür, siyasi qüvvələr balansını qorumaq məqsədilə onun Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin rəhbəri vəzifəsində qalmasına sərəncam vermişdir. Mühafizəkarların müəyyən kəsimi arasında nüfuz sahibi olan Rəfsəncani ekstremal siyasi şəraitdə Xatəmi və Kərrubi kimi islahatçılarla işbirliyi qurmaq potensialına da malikdir.
5. Məhəmmədrza Mehdəvi-Kəni – 81 yaşlı bu ayətullah son illər siyasi səhnədə xüsusi fəallığı ilə diqqəti çəkmişdir. O, 2009-cu ildən dini rəhbəri seçən Ekspertlər Şurasının sədri, Mübariz Ruhanilər Cəmiyyətinin baş katibidir. Bu il martın 2-də keçirilmiş parlament seçkilərində Mühafizəkarların Birləşmiş Cəbhəsinə rəhbərlik etmişdir.
6. Həsən Xomeyni – Ayətullah Xomeyninin 40 yaşlı nəvəsidir. Əhmədinejad hökuməti ilə kəskin ziddiyyətdədir. “Yaşıl hərəkat” nümayəndələri tərəfindən dəstəklənir, xüsusən Mir Hüseyn Musəvi onu “ayıq şəxsiyyət, layiqli müctəhid, xalqın ümidini doğrulda biləcək ruhani” kimi səciyyələndirmişdir.
7. Müctəba Xameneyi – Ayətullah Xameneyinin ikinci oğlu, parlamentin sabiq sədri Həddad Adilin (onun yenidən parlamentin rəhbəri seçilməsi ehtimalı böyükdür) kürəkəni, 43 yaşlı Müctəbanın adı son vaxtlar rəhbərliyə potensial namizədlər arasında tez-tez çəkilir və indiki rəhbərin də bu yöndə fəaliyyətlərdə bulunduğu qeyd olunur. Bildirildiyinə görə, atası onun dini məqamını təsdiq etmək xahişi ilə üləmalara müraciət etmiş, bunun əleyhinə çıxan ayətullah Sistanidən fərqli olaraq, Məkarim Şirazi, Fazil Lənkərani, Safi Qolpayeqani kimi “mərcəi-təqlid”lər Müctəbaya fətva icazəsi vermişlər. İslahatçılara qarşı sərt mövqeyi ilə seçilən Müctəba Xameneyi “Sepah”da ciddi dayaqlara malikdir.
Qeyd etmək zəruridir ki, bu variantda son yeddi-səkkiz ildə ölkənin siyasi-hərbi həyatında aparıcı mövqeyə çıxmış, İran iqtisadiyyatının üçdə birinə, rejimin nüvə proqramına və s. nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun – “Sepah”ın sözü həlledici əhəmiyyət kəsb edəcəkdir.
B. Dini rəhbər vəzifəsinə konkret şəxs seçilmir, onun funksiyaları bir neçə nəfərdən ibarət şuraya həvalə edilir.
Qeyd edək ki, yuxarıda xatırlatdığımız 1989-cu ilin rəhbər seçkisində belə bir cəhd olmuşdur. Həmin vaxt təklif edilmişdi ki, ayətullah Xomeynini əvəz edə biləcək dini-siyasi lider olmadığından üç nəfərdən – Ekspertlər Şurasının o zamankı sədri ayətullah Əli Meşkini, ayətullah Musəvi Ərdəbili və Xameneyidən ibarət rəhbərlik şurası yaradılsın. Lakin bu təklif kifayət qədər səs qazanmamış və Xameneyi ayətullah Qolpayeqani ilə yarışda səslərin üçdə ikisindən çoxunu toplayaraq, rəhbər seçilmişdi.
İran Konstitusiyasının 117-ci maddəsinə görə, dini rəhbər vəfat etdiyi, yaxud vəzifəsindən kənarlaşdırıldığı təqdirdə, Ekspertlər Şurası yeni rəhbər seçənə qədər üç nəfərdən ibarət şura rəhbər vəzifələrini həyata keçirir. Bu şuraya prezident, ali məhkəmənin sədri və Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin təklifi ilə Nəzarət Şurası üzvlərindən bir fəqih daxildir; əgər bu müvəqqəti şuranın üzvlərindən hər hansı biri vəzifəsini icra edə bilmirsə, onun yerini tutacaq şəxsi də, şurada fəqihlərin çoxluq təşkil etməsi şərtilə, Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclis seçir.
Konstitusiyada bu müvəqqəti şuranın fəaliyyət müddətinə hər hansı məhdudiyyət qoyulmur, odur ki, Ekspertlər Şurası yeni rəhbər barədə yekdil rəyə gələ bilmədiyi halda, bu şuranın fəaliyyəti istənilən qədər uzana bilər.
Göründüyü kimi, bu variantın reallaşması üçün həm hüquqi baza, həm də presedent yaratmaq cəhdi mövcuddur, bununla belə hazırkı şəraitdə onun reallaşma ehtimalı çox da yüksək deyil.
C. Dini rəhbər vəzifəsi ya simvolik status qazanır, ya da tamamilə ləğv edilir.
Bu variantı şərtləndirən səbəb odur ki, hakimiyyət bölgüsünün həyata keçirildiyi İran şəraitində hakimiyyət qollarının fövqündə dayanan bir qurumun lazımsızlığı və müəyyən məqamlarda işə mane olması getdikcə daha artıq hiss edilir. Bu, xüsusən, Mahmud Əhmədinejadın ikinci prezidentliyi dövründə zaman-zaman özünü göstərməkdədir. Hakimiyyətdaxili ziddiyyətlər ona gətirib çıxarmışdır ki, ötən ilin yayında ayətullah Xameneyi hakimiyyət qollarının mübahisələrini həll etmək üçün Konstitusiyada nəzərdə tutulmayan (!) ayrıca bir qurum yaratmaq təşəbbüsündə bulunmuşdu, baxmayaraq ki, bu mübahisələr çox vaxt dini rəhbərin icraedici, yaxud qanunverici hakimiyyətin işinə müdaxiləsindən qaynaqlanır. Bu şəraitdə İranın çeşidli siyasi qüvvələri tərəfindən sözügedən variantın gerçəkləşməsinə yönəlik çağırış və fikirlərin səslənməsi təbii sayıla bilər.
Belə ki, hələ 2005-ci ildə Haşimi-Rəfsəncaninin oğlu Mehdi Rəfsəncani “USA Today” qəzetinə verdiyi müsahibədə atasının prezident seçiləcəyi təqdirdə Konstitusiya dəyişikliyi yolu ilə dini rəhbərin səlahiyyətlərini azaldacağını və bu postu ingilis kralı kimi fəxri bir vəzifəyə çevirəcəyini bildirmişdi. Nəzərə alsaq ki, ata Rəfsəncani hazırda Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin sədridir, onda növbəti rəhbər seçkilərində onun bu məsələdə tutacağı mövqeni və təsir imkanlarını təsəvvür etmək çətin deyildir.
İran hakimiyyətinin digər güclü qanadında – prezident Əhmədinejad komandasında isə, görünür, dini rəhbər postunun, ümumiyyətlə, ləğv olunması fikri üstünlük təşkil edir. Komandanın ideoloqu (və prezidentin qudası) Rəhim Məşayinin irəli sürdüyü “İran məktəbi” təlimində “vliayəti-fəqih” prinsipinə yer yoxdur. Təsadüfi deyil ki, ənənəvi dini dairələrlə kəskin münasibətlərin hökm sürdüyü bütün 2011-ci il ərzində onlar tərəfindən “sapdırıcı cərəyan” (cərəyani-inhirafi) adlandırılan prezident komandası ilk növbədə “vilayəti-fəqih” prinsipinə xəyanət etməkdə suçlanırdı.
Beləliklə, ilk baxışda nə qədər inanılmaz görünsə də, bu variantın gerçəkləşmə imkanı kifayət qədər realdır. Bütün hallarda Xameneyidən sonra İranın indiki İran olmayacağı şübhəsizdir.
Məsiağa MƏHƏMMƏDİ,
Strateji Araşdırmalar Mərkəzinin eksperti




Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar