12px14px16px18px

Çingiz Hüseynovun “Fətəli fəthi“ romanının yeni nəşri Moskvada təqdim olunub

00:13 / 01.05.2012
Aprelin 27-də Moskvadakı Millətlər Evinin böyük zalında məhşur yazıçı, ədəbiyyatşünas alim, Rusiya Yazıçılar Birliyinin üzvü, professor Çingiz Hüseynovun “Fətəli fəthi” romanının yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi cəmiyyətinin təşəbbüsü ilə gerçəkləşib.
Əvvəlcə yazıçı Çingiz Hüseynov tribunaya yaxınlaşaraq, tədbirə gələnləri salamlayıb, “Bu gün mənim yox, Mirzə Fətəlinin bayramıdır” – deyib. Yazıçı onunla görüşə gələnlərə dərin təşəkkürünü bildirib.
“Şəhriyar” ədəbi cəmiyyətinin sədri Vasif Məmmədov tədbiri giriş sözüylə açaraq, yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, mərasimin aparıcılığını yazıçı Əbdül Hüseynova həvalə edib.
Ə.Hüseynov Ç.Hüseynovun keçdiyi həyat yolundan, əsərlərindən, Azərbaycan-Rusiya ədəbi əlaqələrindəki rolundan danışıb.
Rusiya Yazıçılar İttifaqının üzvü, Dağıstanın dövlət mükafatı laureatı professor Kazbek Sultanov Çingiz Hüseynovun əsərlərini sevə-sevə oxuduğunu, yazıçının yaratdıqlarının özünəməxsusluğuyla seçildiyini, dərin fəlsəfi mahiyyət daşıdığını vurğulayıb.
Tədbir iştirakçılarından Manaf Ağayev Ç.Hüseynovun maraqlı şəxsiyyətlər haqqında ölməz əsərlər yazdığını, həmin şəxsiyyətlərin tarixdəki rolunu, onların obrazlarıyla bərabər, həmin dövrün mənzərəsini bizə çatdırdığını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, Yuri Dolqoruki adına beynəlxalq mükafatın laureatı şair Nəsib Nəbioğlu Çingiz Hüseynovu bir ağsaqqal kimi, yaxın dost kimi 30 ildən bəri yaxından tanıdığını, onunla sıx təmasda olduğunu önə çəkib. Yazıçının mürəkkəb həyat yolu keçdiyini, əsərlərinin yüksək dəyərini, özünəməxsus yazı manerasını, zəngin yaddaşını və mütaliəsini xüsusi vurğulayıb: “O xalq xoşbəxtdir ki, onun Çingiz Hüseynov kimi ensiklopedik biliyə malik yazıçısı var”. N.Nəbioğlu yazıçıya həsr etdiyi şeiri oxuyub.
Parisdən Çingiz Hüseynovla görüşə gələn Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının prezidenti Marat Kalandarov ədibin məqalələrini məmnuniyyətlə çap etdiyini və hər nəşrdən sonra redaksiyanın çox sayda məktub aldığını bildirib. Sonra o, assosiasiyanın və Avropa İttifaqı yanında Mədəniyyət, incəsənət Təşkilatının diplomunu Çingiz Hüseynova təqdim edib.
Bakıdan gələn professor Eldar İsmayılov Çingiz Hüseynovun əsərlərinin həmişə maraq doğurduğunu, şair Sultan Mərzili ədibin zəhmətkeşliyini, yaradıcılığının fəlsəfi mahiyyətini diqqətə çatdırıb.
Kitabın təqdimetmə mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlıları Konqresinin, diasporun nümayəndələri, şairlər, yazıçılar, alimlər iştirak ediblər.
Sonda yazıçının kitabı – “Akademiya” nəşriyyatında nəfis şəkildə hazırlanan “Fətəli fəthi” romanı mərasim iştirakçılarına təqdim olunub, qonaqlar Azərbaycan nemətlərilə bəzədilmiş süfrəyə dəvət ediliblər.
Oxucularımızın nəzərinə çatdırırıq ki, yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Çingiz Həsən oğlu Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. 1952-ci ildə MDU-nun filologiya fakültəsini bitirib. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. 1955-71-ci illərdə Ç. Hüseynov SSRİ Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı üzrə komissiyasının sədri, 1972-91-ci illərdə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında kafedra müdirinin müavini olub, 1991-ci ildən MDU-nun filologiya fakültəsində dərs deyib. Müxtəlif vaxtlarda Rusiya, Fransa, ABŞ, Türkiyə və başqa xalqların mədəniyyətləri haqqında mühazirələr oxuyub.
İlk mətbu əsəri 1955-ci ildə “Bakinski raboçi” qəzetində çap olunub. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazan Ç.Hüseynov 30-dan artıq irihəcmli nəsr əsərinin müəllifidir. Forma və məzmunca ziddiyyətli dramatik süjetli “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, “Doktor N” ,”Ailənin sirləri” əsərləri ona böyük şöhrət gətirib. Ç.Hüseynov 1960-cı illərin əvvəlindən davamlı şəkildə gündəlik yazıb və 50 ilə yaxın bir müddətdən sonra – 2009-cu ilin yayında həmin gündəlikləri əsasında Moskvada “Ötən günlərin görüşünə” adlı xatirə kitabını nəşr etdirib.
Ç. Hüseynovun, birinci hissəsi 1998-99-cu illərdə “Nauka i reliqiya” jurnalında çap olunmuş “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” əsəri Məhəmməd peyğəmbərin həyatına həsr edilib. Ç.Hüseynov M.Ə.Sabir, C.Məmmədquluzadə, S.Vurğun və başqa bir sıra Azərbaycan yazıçı və şairlərin yaradıcılığından bəhs edən elmi məqalələrin müəllifidir.
Onun əsərləri tərcümə olunaraq dünyanın bir sıra ölkələrində, habelə ABŞ-da çap edilib. Çingiz Hüseynov Beynəlxalq Yazıçılar Birliyinin Azərbaycan ədəbiyyatı üzrə komissiyasının sədri, azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin şura üzvüdür.
Nəbi VERDİYEV,
Moskva





Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar