12px14px16px18px

Mariya Styuartın odisseyası: qanın xoşbəxtlik hədiyyəsi və sonrakı bədbəxtliklər labirinti

Telman ORUCOV
07:01 / 28.04.2012
(Əvvəli ötən şənbə saylarımızda)

Elizabetin guya hər şeyin üzə çıxması, Mariya Styuartın bütün ittihamlardan azad olması üçün onun İngiltərə məhkəməsində mühakimə edilməsinə razılıq verməsi barədə məkrli təklifi və bunda təkid etməsi öz bəhrəsini verir və Şotlandiya eks-kraliçası ağılsız səhvə yol verərək bu təkliflə razılaşır.
Elizabet artıq özünü qalib kimi aparırdı, qaliblərin isə öz hüququ vardır, bu isə məğlub olan adam üçün hüquqsuzluğa çevrilir. Qədim romalılar demişkən, Vae victis! – Məğlublara dərd olsun! Elizabet əlinə keçmiş faktlarla öz rəqibini məhv etmək istəyirdi.
Elizabetin casusları da olduqca uğurla işləyirdi. Ona görə də İngiltərə kraliçası öyünürdü ki, hökmdarların böyük qulaqları vardır, onlar yaxında və uzaqda olan hər şeyi eşidirlər. Kraliçanın ətrafı da Mariya Styuartı tələyə saldıqlarına görə sevinirdi. Arxiyepiskop Parker iftixarla deyirdi ki, nəhayət ki, bizim xeyirxah kraliça canavarın qulağından yapışmışdır.
Qanunsuzluq harada baş verməsindən asılı olmayaraq həmişə narahatlıq əmələ gətirir. Elizabet Mariya Styuartın azadlığını əlindən aldığı gündən, özünü də azadlıqdan məhrum etmiş kimi görünürdü. Həm də məhz elə bil ki, buna qəsdən qayğı göstərirdi ki, Mariya Styuartın ulduzu keçmiş şöhrətində olduğu kimi parlasın. Qəribə görünsə də, Mariya Styuartın işlərindən heç biri, barəsində görülən ədalətsizlik qədər onu belə əfsanəvi bir şəxsiyyətə çevirməmişdi.
Mariya Styuartın İngiltərədəki məhbus həyatı olduqca qüssəli keçirdi, bir ulduzsuz gecəyə bənzəyirdi. Yaxşı deyirlər ki, nə tam xoşbəxtlik, nə də keçirdiyi əzab adama ayrıca şəkildə verilmir. Bu illər ərzində nələrsə dəyişmişdi. Lakin əsasən kiçik məsələlərə, boş şeylərə görə belə dəyişiklik baş vermişdi. Mariya Styuart əvvəlcə Bolton şəhərindəki qəsrdə dustaq kimi saxlanırdı. Onun həyatı bu kölgəli şəraitdə solurdu. Öz kökündən kəsilmiş gövdə bir daha çiçəkləmir və bar vermir. Bu qadına guya çox nəzakətlə yanaşılırdı, onunla ehtiramla davranırdılar. Lakin rəsmi nəzakət qaydasında lağa qoyma digər bütün ələ salmalardan daha ağır şəkildə adamı yaralayır.
Müəyyən məsələlərdə ona sərbəstlik verilirdi, çoxlu qulluqçuların xidmətindən istifadə edirdi, lakin həyat üçün daha vacib olan böyük azadlıqdan o, məhrum edilmişdi. Quş qızıl qəfəsdə saxlansa da, azad, sərbəst uçmağa həsrətdir. Mariya Styuart da elə bil ki, qızıl zəncirlə qandallanmışdı. Onu 50 nəfərdən az olmayan adam müşayiət edirdi. Formal olaraq o, qonaq hesab olunurdu, mahiyyətcə dustaq idi. Mariya Styuartın dustaqxana nəzarətçisi olan qraf Şrüsberi bu vəzifəni icra etdiyi 15 il ərzində heç də təkcə nəzarətçi deyildi, daha çox onun bədbəxtlik sirdaşı idi. O da elə bil ki, Mariya Styuartın özü kimi məhbus idi. Axı zindan nəzarətçiləri dustaqlardan heç də fərqlənmirlər, oradakı atmosfer dustaqlar kimi onları da zəhərləməmiş qalmır.
Mariya Styuart düşdüyü şəraitlə, üstünə hücum çəkən hər şeylə razılaşdığını bildirmək üçün yazırdı:
Mən nəyə çevrilmişəm. Niyə nəfəs alıram?
Bədənim könülsüzdür,
keçmişin kölgəsiyəm.
Bəd külək sərt qaydada hey qovur məni.
Həyatdan diləyirəm yalnız öz ölümümü.
Belə etirafına baxmayaraq, o, öz püşkünü sakitcə qəbul etmək istəmir. Mariya Styuart İspan Məğlub edilməz Armadasının və ordularını gözləyirdi ki, onu xilas etsin. Çünki möhkəm iradəyə malik olan bu qadın bir damcı ümid belə qalırdısa, mübarizə aparmaq əzmində idi. Bu vaxt Lepanto döyüşündə (1571-ci il) Osmanlı dəniz donanması üzərində qələbə çalmış, İspaniya kralı V Karlın haramzada oğlu, həmin dövrdəki kral II Filippinin ögey qardaşı Xuan Avstriyalı meydana çıxdı. O, özünə Tunisdə krallıq düzəltməyə can atırdı, həm də birdən belə bir eşqə düşdü ki, Mariya Styuarta evlənib, Şotlandiya tacına da sahib ola bilsin. Bu vaxt da Mariya Styuartın bəxti gətirmir, Xuyan Avstriyalı qəflətən vəfat edir. Bu qadın nə edirdisə, hər şeydə uğursuzluğa düçar olurdu. Məhəbbət dövrü, həyat zamanı artıq geridə qalmışdı. Onda ölümə münasibətdə mistik bir iradə yaranmışdı.
Bu boşluğa son qoymaq üçün o, ölməyə razı idi. Bu qeyri-müəyyənlik, daimi gözləmə, ümid, qəm və hər şeyin boşa çıxması başqa hansı bir düşüncə yarada bilərdi. Elizabetin Mariya Styuart ətrafında hördüyü intriqa toru isə getdikcə daralırdı. Təəssüf ki, bu qadın öz düşmənlərinin silah kimi istifadə etdiyi intriqalara nüfuz edə bilmirdi. Lakin onun özü də sakit dayanmırdı, xarici dünya ilə əlaqə yaratmaq üçün hər cür hiylələrə əl atırdı.Bu isə ona fayda vermək əvəzinə, daha böyük ziyan gətirirdi.
Onun gur fəaliyyəti onsuz da çətin olan vəziyyətini bir qədər də ağırlaşdırdı. Elizabetə sui-qəsd təşkil etməkdə Mariya Styuartın iştirak etməsi üzə çıxdı. Sui-qəsdçi Babinqton Londondan qaçmalı oldu, lakin savannadakı antilop hansısa hissin altında özünü şirin üstünə atan kimi, dönüb paytaxta qayıtdıqda,özünün işgəncələrlə müşayiət olunan sonluğunu tapmalı oldu.
Sui-qəsdin ifşa edilməsi hesabına Elizabetin ölümdən xilas olması Londonda az qala bayram şənliyinə çevrildi, bu vaxt adamlar yalnız sui-qəsd və həm də Mariya Styuartın məhv ediləcəyi barədə danışırdılar. Mariya Styuartın özü qurbana çevrilməli idi. Elizabetin ətrafı Şotlandiya kraliçasının öldürülməsini qəti şəkildə tələb edirdi. Ölüm yatağında olan Con Noks Elizabetə demişdi ki, əgər ağac kökündən kəsilməmişdirsə, o, yenidən yaşamağa başlayacaqdır, özü də gözlənildiyindən xeyli əvvəl. Görünür, insan yırtıcılardan da betərdir, axı ölüm ərəfəsində olan şir artıq ov barədə düşünmür, öz acı taleyinə göz yaşları axıdır. Ölümün kandarında olan insan isə öz həyatına dəyəcək son zərbəni də unudub, başqasının ölümünü sürətləndirməyi israr etməyə girişir. Ölümlə son mübarizəsini aparan adam ağılsızcasına, başqasının məhv edilməsi hesabına özü barəsində təbiət tərəfindən verilən hökmün icrasının az da olsa ləngidilməsinə çalışır. Digər tərəfdən ölən insan özü üçün olmasa da, övladlarının, yaxınlarının hökmdarlardan ənam payı alması naminə ona axırıncı xidmətini göstərməyə çalışır ki, bəlkə də bu xidmət qiymətini və müvafq olaraq mükafatını almamış qalmadı.
Elizabet isə rəqibini edam etmək barədəki təkidli təkliflərə daim belə cavab verirdi ki, o, quzğundan müdafiə olunmaq üçün onun yanına uçub gələn quşu öldürə bilməz. Bəlkə də Mariya Styuart ölümdən o qədər də qorxmurdu, nə qədər ki, Elizabet bu qadını öldürməkdən qorxurdu. Böyük alman şairi Höte demişkən, “qorxu və ümid, bəşər nəslinin ən mənfur düşmənləridir”. Mariya Styuart üçün isə yeganə mümkün olan qələbə ləyaqətli ölüm idi. Elizabet isə gecə və gündüz daha güclü qorxunun – öz vicdanının sərt hakimiyyəti altında idi.
Həqiqətən də Mariya Styuartın faciəli ölümü onun şöhrətinin həqiqi başlanğıcı olacaqdı.Nəhayət məhkəmə onu ölüm cəzasına məhkum etdi. Mariya Styuart tac qoyulmuş krallardan ilk edam olunanı olacaqdı.
Tarixdə düşmən tərəfindən əsir götürüldükdən sonra qətlə yetirilən hökmdarlar heç də az olmamışdı.Öz ölkəsində isə belə tale ilə üzləşmək az sayda hökmdara nəsib olur. Edam edilən kraliçanın nəvəsi, İngiltərə kralı I Karl da həmin taleyi yaşayacaq, Oliver Kromvel tərəfindən dar ağacından asılacaqdı. Fransada isə Mariya Styuartdan bir əsr sonra ölkənin kralı XVI Lui və onun kraliçası Mariya Antuanetta gilyotina bıçağının zərbəsi ilə həyatla vidalaşacaqdılar.
Ölümü yaxınlaşan adamlara nədənsə daim vaxt çatmamış kimi görünür. Edam günündən əvvəlki gecə Mariya Styuart yatmışdı. Onun qulluqçu qızları isə yatmamışdılar, bir küncə çəkilib dua edirdilər ki, yatan kraliçanı narahat etəmsinlər. Səhər tezdən Mariya Styuart saçlarını qaydaya saldı, xüsusi zövqlə geyindi. Böyük kraliça həqiqi böyüklüyə məxsus olan qaydada ölmək istəyirdi. Belə münasibətdə o, özünü intihar etməklə həyatdan getməyə qərar vermiş Misirin son kraliçası Kleopatranı xatırladırdı. Eyni taleyi yaşayan bu qadınları həmyaşıd da saymaq olardı.
Öləndə Kleopatranın 39 yaşı var idi. O, ölüm ərəfəsində özünü necə bir mərdlik və nəcabətlə aparmışdısa, Mariya Styuart da özünü belə aparırdı. Qulluqçu qızlar da hər iki kraliçaya son ana qədər sədaqətli olaraq qalmışdılar.
Mariya Styuartın edama yollanarkən geyindiyi paltar dəbdəbəli və gözəl idi. Çünki bu qadın gözəlliyin yer üzündə necə bir hakimiyyətə malik olduğunu yaxşı bilirdi. O, istəyirdi ki, adamların xatirəsində müti bir qurban kimi deyil, cəsarət simvolu kimi qalsın. Ona görə də öz taleyinin ən böyük saatına, həyatın son nöqtəsinə, ölümə belə ciddi –cəhdlə hazırlaşmışdı. Taleyin müəmmalarını başa düşmək olmur, əgər digər ulduzlar onun taleyini idarə etsəydilər, Mariya Styuart İngiltərə taxt-tacında əyləşmiş olardı. Eşafota qalxdıqda Mariya Styuart hamının eşitməsi üçün dedi ki, öz düşmənlərini ürəyinin hökmü ilə bağışlayır.
Elizabetin anası Anna Boleyn də edam kötüyü qarşısında onu ölümə məhkum etdirmiş əri, kral VIII Henrini ən mərhəmətli hökmdar adlandırmışdı. Yəqin ki, bu qadınların hər ikisi özlərindən daha çox, yeganə övladlarının talelərini mümkün zərbələrdən qoruyub, hifz etmək üçün qatillərinə qarşı belə barışdırıcı mövqe tutmuşdular.
Mariya Styuartın başına qara mahud örtdülər və cəllad öz işini gördü.
Elizabet isə guya heç nədən xəbəri olmamasını andıran plaşa bürünmüşdü.
O, ətrafındakıları söyürdü ki, niyə onun göstərişi olmadan edam hökmü icra edilmişdir. O, bu davranışı ilə təkcə başqalarını deyil, özünü də aldatmağa çalışırdı. Öldürülmüş kraliçanın oğlu, Şotlandiya kralı VI Ceymsə yazırdı ki, faciəvi səhv onun xəbəri, razılığı olmadan baş vermişdir. Kral isə cavabında yazırdı ki, beləliklə siz özünüzü bu bədbəxt hadisələrin təqsirindən təmizləyirsiniz.
Elizabet görkəmli siyasətçi hesab olunurdu. Siyasətdə isə meyar rolunu haqq deyil, uğur oynayır. İngiltərə kraliçası yaxşı başa düşürdü ki, bu edama görə dünya heç də təşviş hissləri keçirməyəcəkdir. Elizabet rəqibini aradan götürdükdən bir il sornra İspan Məğlubedilməz Armadası təbiətin ingilislərə göstərdiyi böyük kömək hesabına dənizdə qalxan sərt tufan nəticəsində Britaniya adaları ətrafında darmadağın edildi. Elizabetin donanması okeanları dolaşaraq, uzaq torpaqlara istiqamət götürdü və onları dünya imperiyasında birləşdirməyə başladı.
Mariya Styuart taleyində, bütün ziddiyyətləri ilə yanaşı təəccüb doğuran elə bir şey yoxdur. Qəddarlıq və ədalətsizlik qranitindən bütün dövlət binaları tikilir və onların bünövrəsi hökmən qanla bərkidilir. Siyasətdə yalnız məğlublar haqlı olmurlar, tarix də onların cəsədləri üzərində addımlamaqda davam edir.
Mariya Styuart 45 yaşında həyatdan getdi. Bu qısa ömrünün 20 ilini o, dustaqlıqda keçirmişdi. Onun qohumu və rəqibi Elizabet isə onun yaşadığı illərin sayına bərabər bir müddətdə İngiltərənin kraliça kimi idarə etdi və ömrünün yetmişinci ilində həyatla vidalaşdı.
Elizabet, hökmranlıq müddətinin uzunluğuna görə qədim dünyadakı Misir faraonu II Ramses və Yeni Babilistan çarı Nabuhodonosorla müqayisə edilə bilər.Bu sələfləri müharibə aparmağa böyük diqqət verirdilər. Müharibə şöhrəti artırmaq vasitəsi hesab olunurdu,həm də daxili ziddiyyətləri müvəqqəti də olsa ört-basdır etməyə kömək edirdi. Onlardan fərqli olaraq Elizabet işğal müharibələri aparmamışdı. Sonra onun taxt-tacda olmaq rekordunu Fransa kralı XIV Lui, Böyük Britaniya kraliçası Viktoriya, Avstriya imperatoru Frans İosif və hazırkı ingilis kraliçası II Elizabet ötüb keçdilər.XİV Lui də müharibələrdən doymurdu,ardı-arası kəsilməyən müharibələrlə Fransanı taqətdən salmışdı.Viktoriya imperialist siyasətin uğuru üçün bütün vasitələrə,o cümlədən müharibələrə əl atırdı.Frans İosif Birinci Dünya müharibəsinə start verən hökmdarlardan biri olmuşdu.II Elizabet Folklend adaları üstündə Argentina ilə qısa müddətli müharibə aparmışdı.Kraliça Mariya Styuart isə digər problemlərlə üzləşdiyindən müharibə barədə düşünməyə onun vaxtı da olmamışdı.
Elizabetin vəfatından sonra nəsldə başqa varis olmadığından (Kral VIII Henrinin oğlu 16 yaşında ölmüş, qızı Mariyanın övladı olmamış, digər qızı Elizabet isə heç ərə getmədiyindən “Bakirə” ləqəbinə layiq görülmüşdü), Mariya Styuartın oğlu VI Ceyms I Ceyms adı altında İngiltərə kralı oldu və onun anasına olan ehtiramı, cəsədinin köçürülüb Vestminister abbatlığında dəfn edilməsində ifadə olundu.
Mariya Styuartın xoşbəxtlik gəmisi gənc yaşlarında sualtı qayaya dəyib, zədələndi və məhvə sürüklənmək şəklində quduz dalğaların ixtiyarına buraxıldı. Bu dalğalar isə artıq onun üstünü alan bədbəxtliklərin nişanəsi idi.Belə acınacaqlı mövcudluq Londondakı edam kötüyündə başa çatmaqla, onun sehrli və qəmli odisseyasına son nöqtəsini qoydu.
Odisseyin Troya müharibəsində iştirak etməsi və vətəni İtakaya dönməsi ölümcül sınaqlarla müşayiət olunan iyirmi illik bir müddəti əhatə etdi. Mariya Styuart da iyirmi il ərzində yer üzərindəki cəhənnəmin doqquz dövrəsini dolaşmalı oldu. İtaka çarı böyük əziyyətlərdən sonra doğma məkanına, vəfalı arvadı Penelopanın yanına qayıtdısa, Mariya Styuart öz qohumu olan kraliçanın fəal iştirakı ilə özü üçün çıxışı olmayan labirint sayılacaq İngiltərədə uzun illər dustaq həyatı sürdü. O, Elizabeti Ariadna hesab etsə də, onu xilas edəcək sapı tapa bilmədi, əksinə burada mühakimə adlanan Minotavrın qurbanına çevrildi. Qədim yunan mifologiyasına görə gənc afinalılar labirintdə belə məhvə məruz qalırdılar. Yalnız Tesey Minotavra qalib gəlib bu təhlükəni yola çıxarmışdısa, Mariya Styuart isə həmin mostrla bacarmıyıb, onun hökmü ilə həyatla vidalaşmalı oldu. Başqa finalı da gözləmək olmazdı. Elə bil ki, bu qadına Atridlər lənəti tuş gəlmişdi. Bu lənət onun sonrakı nəslinə də sirayət etdi, Styuartlar sülaləsinin ömrü yalnız daha bir əsrə qədər davam edə bildi.
Mariya Styuart əgər Horatsinin zərb-məsələ çevrilmiş “Non uno luna nitet vultu” – “Xoşbəxtlik heç də həmişə adama gülümsəmir” sözlərinə lazımınca əhəmiyyət versəydi, bəzi çətinliklərinə baxmayaraq, Fransa kral sarayındakı nisbətən yerüstü cənnəti andıran bir şəraitdən Şotlandiyadakı və İngiltərədəki onu məhvə aparan bir mühitə düşməzdi və həyatını belə vaxtından əvvəl qurban verməzdi.
Telman ORUCOV



Bu yazı ( 197 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar