12px14px16px18px

Əhməd Ağaoğlu: Malta sürgünü

Vilayət QULİYEV
01:09 / 14.04.2012

(Əvvəli ötən şənbə sayımızda)



Mayın əvvəllərində artıq məhbusları İstanbulda saxlamağın perspektivsizliyi həm sultan hökumətinə, həm də ingilislərə tamamilə aydın olmuşdu. Admiral Vebb Londona göndərdiyi 5 may 1919-cu il tarixli məktubda bu münasibətlə yazırdı: “Sədrəzəm (Damad Fərid Paşa nəzərdə tutulur – V.Q.) müxtəlif səbəblər üzündən tutulanların mühakimə edilmələrini çətin, cəzalandırılmalarını isə bundan da çətin sayır. Ona görə də onların Maltaya göndərilib-göndərilməyəcəkləri ilə maraqlanır. Müttəfiq qüvvələrin qərarlarına qarşı müqavimət imkanı yaranarsa bu adamlar aranı qarışdırmaq istəyən qüvvələrə dəstək verəcəklər. Bunun qarşısının alınması vacibdir”.
İngilislərin nəzarəti altındakı Malta adasının sürgün yeri kimi istifadə ideyası yeni deyildi. İstanbulda həbslərin geniş vüsət aldığı mart ayında artıq birincilər sırasında cəzalandırılan türk silahlı qüvvələri 6-cı ordusunun komandanı Əli İhsan Sabis və yavəri adanın məcburi sakinləri arasında yer almışdılar.
Yunan qoşunlarının İzmiri tutması Malta sürgünün sürətlənməsinə ciddi təkan oldu. Qəzəblənmiş xalqın dustaqları azad etməsi təhlükəsi böyük idi. Mayın 19-da onların bir hissəsinin təhlükəsizlik baxımından daha etibarlı sayılan Ərəbyan karvansarası adlı yerə köçürülmələrinə qərar verildi. Yəqin ki, məhz həmin gün Mustafa Kamal Paşanın komandası altında gələcək istiqlal savaşçılarının bir hissəsinin Samsuna çıxması da bu qərarın verilməsində az rol oynamamışdı. Xalq arasında o qədər tanınmayan 41 nəfərin hökumətin iradəsi ilə azadlığa buraxılması isə, çox güman ki, ingilislərin səbrini daşıran sonuncu damlaya çevrildi. Dustaqları sürgün yerinə aparmaq üçün zirehli gəmi sifariş verildi. Eyni zamanda Bəkir ağa bölüyünün və Ərəbyan karvansarasının mühafizəsi gücləndirildi, türk əsgərləri Britaniya zabitinin komandası altındakı ingilis və fransız əsgərləri ilə əvəz olundu.
İngilislər sürgünlüləri Malta adasına Əhməd bəy üçün xüsusi ilə önəmli bir gündə – 1919-cu il mayın 28-də yola saldılar. Həmin gün Bakıda Cümhuriyyətin birinci ildönümü təntənə ilə qeyd edilirdi. Hərbi parad və Əhməd Ağaoğlunun da üzv olduğu Parlamentin təntənəli iclası keçirilmişdi. Son dərəcə çətin daxili və xarici şərtlər altında bir il müstəqil yaşamağın qürurunu duyan xalq sevincini gizlətmirdi.
Əhməd Ağaoğlu isə həmin tarixi gündə İstanbul sularında lövbər atan, az sonra onu hər iki sevimli vətənindən – Azərbaycan və Türkiyədən qoparıb uzaqlara aparacaq “Ena” adlı ingilis zirehli hərb gəmisinin kədərli sərnişinləri arasında idi. Yaxınlarının sürgünə göndərilməsi xəbərini alanların hamısı Qalata limanına toplaşmışdılar. Səməd Ağaoğlu – gələcəyin görkəmli türk dövlət xadimi və yazıçısı vida dəqiqələrini belə xatırlayırdı: “Atam göyərtənin dəmir barmaqlıqlarına söykənmişdi, bizə baxırdı. Yanında Ziya Göyalp dayanmışdı. Hər tərəfdən səslər gəlirdi. Lakin indi o anlar nə danışdığımızı xatırlaya bilmirəm. Gözlərim önündə yalnız böyük qardaşım Əbdürrəhmanın qəflətən qayığın içərisində ayağa qalxması, ciyərlərinin və səsinin bütün gücü ilə “Yaşasın ittihadçılar!” – deyə bağırması canlanır”.
Maltaya sürülənlər arasında Əhməd bəydən başqa daha bir neçə Azərbaycan türkü var idi. Son anda 67 nəfərlik qrupa 11 nəfər də əlavə edilmişdi. Onlar Qarsa nəzarəti əllərinə alan ingilis hərbi qüvvələrinin təzyiqi ilə 1919-cu il aprelin 13-də devrilmiş Cənub Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin üzvləri – İbrahim bəy, Əziz bəy və Həsən bəy Cahangirzadə qardaşları, Musa Salahov, Yusif bəy Yusifzadə, Məhəmməd Əlibəyzadə və digərləri idilər.
İki illik sürgün həyatını daim Əhməd bəyin yanında olan, ona yalnız eloğlusu kimi deyil, həm də mənəvi rəhbəri və mürşidi kimi yanaşan İbrahim bəy Cahangirzadə (Türkiyədə daha çox Cahangir Aydın adı ilə tanınmışdı – V.Q.) “Atamın dostları” kitabındakı “Məchul qəhrəman” memuarında belə təqdim olunurdu:
“Öldüyü günə qədər Rizədən Vana, Qarsdan Ərzincana kimi böyük bir məmləkət parçasının üstündə onun qədər sevilən, onun qədər sayılan adam azdır. Gözəl üzü, gözəl qəddi-qaməti, gözəl səsi və natiqlik məharəti ilə bütün o illər ərzində xalqın arasında əsatiri bir çoban kimi yaşamışdı. Türk millətinin son əlli illik istiqlal mübarizəsi tarixində indi çox məchul, sabah isə həmin mübarizənin bütün hadisələrini yorulmadan tədqiq edəcək nəsillər üçün yepyeni bir sima kimi meydana çıxacaq bu adam atamın ən yaxın dostlarından biri idi. Aralarında yaş fərqi azdı. İdeal fərqi isə heç yoxdu. İkisi də türkün istiqlal və mədəniyyət qovğası yolunda Türküstandan Dunaya qədər uzanan torpaqlar üzərində yorulmadan mübarizə aparmışdılar”.
Göründüyü kimi, hətta əyalət Qars da daxil olmaqla sürgünə göndərilənlərin heç biri sıradan adamlar deyildilər. İstanbuldakı ingilis yüksək komissarlığı Türkiyədə milli müqavimət hərəkatını təşkil edə biləcək bu şəxslərə hər şeydən öncə girov kimi baxırdı. Həmin girov onlara hələlik ölkədəki yeganə mütəşəkkil siyasi qüvvənin – “İttihad və Tərəqqi” partiyasının fəaliyyətini nəzarətdə saxlamaq üçün lazım idi. İyunun əvvəllərində Britaniya xarici işlər naziri lord Kirzonla razılaşdırılan bir sənəddə sürgünlülərin içərisində həmin partiyanın bir sıra tanınmış üzvlərinin olduğu və onların girov tutulmalarının lazımi anda ingilislərin işinə yarayacağı bildirilirdi.
Odur ki, dustaqlar Malta adasına yola salındıqdan iki gün sonra admiral Qaltrop gizlətmək istəmədiyi məmnunluq hissi ilə yazırdı: “Həbsdə saxlananların azadlığa çıxan kimi bütün ittihadçıların nüvəsi halına gələcəkləri aydın görünürdü. Nəticədə paytaxta ciddi qarışıqlıqların meydana gəlməsindən ehtiyat olunurdu. Baş verəcək qarışıqlıqlar isə yalnız indiki hökumətin deyil, həm də müttəfiqlərin maddi və mənəvi planlarına ciddi zərbə vura bilərdi. Təhlükə açıq xarakter aldığından onun aradan qaldırılması da eyni dərəcədə təcili tədbirlərin görülməsini tələb edirdi”.
Keçmiş ittihadçılar İstanbulda həbsdə saxlansaydılar müttəfiqlərə qarşı xalqın qəzəb və etirazının daha geniş vüsət almasına təkan verəcəkdilər. Azadlığa buraxıldıqları təqdirdə isə onların bir çoxunun türk millətinin azadlıq mübarizəsinə qoşulacaqları şübhə doğurmurdu. Malta sürgünündən xilas olandan sonra əksər ittihadçılar məhz belə də etdilər – Anadoluya gedib İstiqlal Savaşının iştirakçıları sırasında yer aldılar. Yaranmış vəziyyətdə ingilislər yeganə çıxış yolunu haqqında heç bir məhkəmə hökmü olmayan adamları mümkün qədər tezliklə İstanbuldan uzaqlaşdırmaqda, onların mövcudluğunu türk cəmiyyətinə unutdurmaqda görürdü.
Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı erməni soyqırımında, yaxud soyqırımı təşviqində günahlandırılırdı. Bilal Şimşirin yazdığı kimi ingilislər “qələmlərindən başqa özgə bir silahları olmayan Ziya Göyalp və Əhməd Ağaoğlu kimi şəxsiyyətlərin də üzərinə “ermənilərə zülm” ləkəsini yaxmaqdan çəkinməmişdilər”.
Əsasən millət vəkillərindən, vali, mütəsərrif və qaimməqamlardan, habelə ayrı-ayrı zabitlərdən ibarət olan (Ənvər Paşanın atası Hacı Əhməd Paşa və şeyxülislam Xeyri Əfəndi də onların arasında idi) 41 nəfərlik ikinci qrup da ölkədə qarışıqlıqlar törətməkdə və erməni zülmündə suçlu bilinirdilər. Bölgüdən də göründüyü kimi onlar daha çox ikinci dərəcəli rolların ifaçıları hesab olunurdu. Nəhayət, 14 nəfərlik üçüncü qrupa nisbətən aşağı rütbəli hərbçilər daxil idi və onların günahı müharibə əsirləri, ilk növbədə isə ingilis əsgər və zabitləri ilə pis rəftar sayılırdı.
Sənədlərdə “Qars şurasının üzvləri” kimi keçən 11 nəfərlik Cənub Qərbi Qafqaz Cümhuriyyəti hökuməti üzvlərinin konkret suçu göstərilməsə də, onların da sürgünə göndərilmələrinin səbəbini ilk növbədə nəzarət altında saxladıqları əraziləri türk torpaqları kimi mühafizə etmələri, yerli əhalini erməni zülmündən qorumaları ilə bağlı idi. İlk növbədə ermənilərin, qismən də gürcülərin haqsız ərazi iddialarına qarşı çıxdıqları üçün onları zorla vətənlərindən ayırıb Maltaya sürmüşdülər.
Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onları dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Sonralar faşistlərin oxşar cəza müəssisələrində olduğu kimi, burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Məsələn, Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onları dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlayırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. Limni adasında əsir həyatının bütün əzablarını yaşayan “birinci dərəcəli” qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirilmişdilər.
lll
İlkin mərhələdə Maltaya aparılanlar sözün tam mənası ilə taleyin ümidinə buraxılmışdılar. İngilislər onlarla istədikləri şəkildə rəftar edə bilərdilər. Sultan hökuməti təbəəsi sayılan bu insanlarla əsla maraqlanmırdı. Türkiyə Böyük Millət Məclisi hökuməti hələ Avropaya təsir göstərəcək gücə malik deyildi. Ona görə də hər kəs başının çarəsini özü qılmalı idi. Bəziləri lüzumsuz şikayətlərlə ingilisləri haldan çıxaracaqlarından qorxaraq sakitcə oturub gözləməyi üstün tuturdular. Bəziləri isə əksinə, ilk gündən öz şərəf və ləyaqətlərinin müdafiəsinə qalxmışdılar. Bu cür barışmaz təbiətli adamların önündə gedənlərin biri də Əhməd Ağaoğlu idi.
“Malta sürgünlüləri” kitabının (ilk nəşr: İstanbul, 1976) müəllifi Bilal Şimşir ingilislərin adada əsir saxladığı şəxslərin səciyyəsini verərkən Əhməd bəyi “Yavuz (burada sərt, barışmaz mənasında – V.Q.) bir adam” kimi təqdim edir. Həqiqətən də, Malta əsirləri arasında Əhməd Ağaoğlu qədər haqsızlığa üsyan edən, özünün, millətinin və dövlətinin şərəfini, izzəti-nəfsini qoruyan, heç nəyə baxmadan daim müstəmləkəçi ingilislərin üzərinə yeriyən və hər fürsət düşdükcə onların saxta cəngavərlik maskasını yırtan ikinci şəxsə rast gəlmək mümkün deyil. Burada mübaliğə yoxdur.
Onun qeyri-bərabər mübarizəsi həbsə atıldığı ilk gündən başlanmışdı. Əvvəldə də göstərdiyim kimi, Əhməd bəy polis idarəsinə gətirilən kimi tutulub saxlanmasının səbəblərini aydınlaşdırmaq üçün müttəfiqlərin nümayəndəsi ilə görüş istəmişdi. Bunun ardınca isə şikayət ərizəsi yazmaq üçün kağız-qələm tələb etmişdi. Limni və Malta adalarında saxlandığı müddətdə də o, eyni inadkarlıq və qətiyyətlə düşdüyü vəziyyətlə barışmaq niyyətində olmadığını dəfələrlə nümayişkaranə şəkildə göstərmişdi.
İlk baxışdan inanılmaz da görünə bilər: Bəkir ağa bölüyündə saxlanan və sürgünə göndərilənlər arasında hətta ingilislərə minnətdar olanlar vardı. İzahat sadə idi: mal və can təhlükəsizliyinə heç bir təminat verilmədiyi qarışıq zamanda Britaniya imperiyası onları himayəsi altına alır, təhlükəsizliklərini təmin edirdi. Aydın məsələdir ki, belə düşüncə sahibləri heç kimə və heç nədən şikayətlənməyi ağıllarına da gətirmirdilər. Başqa bir qisim isə şikayətlərin nəticə verməyəcəyi, əksinə, ingilisləri daha da hiddətləndirəcəyi qənaətində idilər. Bunun da cəzasını yenə özləri çəkməli olacaqdılar: ingilislər sürgün şərtlərini daha da ağırlaşdıracaqdılar. Belələri yoldaşlarının hər hansı artıq söz və ya hərəkətinə qarşı qətiyyətlə çıxırdılar. Əhməd bəy də ehtiyatlı həmkarlarından tez-tez “Yersiz şikayətlərinlə bizi burada ömürlük çürüdəcəksən!” tipli tənələr eşitməli olurdu. Amma bildiyini heç kimə vermirdi.
“Haqqını arayan daim möhtərəmdir” – prinsipi ilə hərəkət edən Əhməd Ağaoğlu ehtiyac içərisindəki sürgün yoldaşlarının yemək və yaşayış şərtlərinin yaxşılaşdırılması üçün özünü qabağa verməkdən heç vaxt çəkinmirdi. İngilislər yaz və yay axşamları gecə bayırda oturmağı, yaxud saat 22-dən sonra siqaret çəkməyi yasaq edəndə bu qadağalara qarşı ilk çıxanlardan biri Əhməd bəy olmuşdu. Aza qane olaraq heç vaxt düşməndən səxavət, yaxud mərhəmət gözləməmək məhbəs və sürgün həyatının ilk günlərindən başlayaraq əsas prinsipinə çevrilmişdi. Təhqirə keçən ingilis əsgərinə əl qaldırmaqla (prinsiplərinə yad olsa da!) onlardan əsla qorxub-çəkinmədiyini göstərmişdi. Əvəzində bir neçə günü müvəqqəti qaupvaxtda keçirməli olmuşdu.
“İngilisə onun qədər baş ağrısı verən ikinci bir sürgünlü yoxdur. Azadlığa çıxması üçün çarpışırdı. Amma bunu yalvarıb-yaxararaq edəcək bir təbiətdə deyildi. Lütf yox, haqq arayırdı. İngilisin ikiüzlülüyünü ortaya qoyurdu. Sanki mübarizəsinin son məqsədi öz azadlığı deyil, ingilisin maskasını yırtmaq idi. Əsaslı hüquqi biliyi, çoxillik qəzetçilik fəaliyyətindən irəli gələn polemika bacarığı, mükəmməl fransızcası, bunların hamısından daha çox isə sərtliyi, barışmazlığı ilə altdan-altdan iş görməyi üstün tutan ingilisi mübarizə meydanına səsləyirdi. İngilislər isə bu sərt adamla açıqdan-açığa polemikaya girməkdən çəkinirdilər” – Bilal Şimşir Malta məhbusu Əhməd bəyi belə sözlərlə səciyyələndirir və araşdırdığı Britaniya Forin Ofisinin sürgünlülərlə bağlı sənədləri içərisində onun qovluğunun “ən qalın” olduğunu göstərirdi.
Əhməd Ağaoğlu Britaniya yüksək komissarı admiral Qaltropa ilk müraciətini Bəkir ağa bölüyünə gətiriləndən təxminən 20 gün sonra, 1919-cu il aprelin 16-da yazmışdı. “Zati-aliləri! Həftələrdən bəri zülm çəkən və bu zülmün sonunu görməyən bir məhbusun yazdıqlarını axıra qədər oxumağınızı ədalət və insanlıq adına Sizdən xahiş edirəm” – sözləri ilə başlayan məktubda o, “alman tərəfdarı”, habelə “ingilis və erməni düşməni” sayılmasına qətiyyətlə etiraz edərək bildirirdi:
“İngilislər məni aşağıdakı məsələlərdə günahlandırırlar: a) almanlara satılmışam, b) erməni hadisələrində iştirakım olub. “Tayms” da (qəzetin 1919-cu il mart saylarının birində Əhməd bəyin Qafqaz və Türkiyədəki fəaliyyəti haqqında başdan-başa mənfi ruhlu böyük məqalə verilmişdi – V.Q.) məni eyni məsələlərdə günahlandırır. Bu iyrənc ittihamlara qarşı çıxmaq üçün bütün imkanlarımın əlimdən alındığı, ingilislərin sayəsində azadlıq haqqımı da itirdiyim indiki şəraitdə şərəf və həqiqət bayrağını hər zaman yüksəklərdə saxlamış Britaniya imperiyasının bir təmsilçisi kimi ədalət axtarışımda Zati-alilərinizə üz tutmaq qərarına gəldim”.
“Tayms” qəzetindəki məqalədə Əhməd Ağaoğlunun 1916-cı ildə Türkiyənin bir qrup millət vəkili və tanınmış ziyalıları ilə Almaniyaya səfər etməsindən və almanların pulu ilə İstanbulda qəzet çıxarmasından bəhs olunurdu. Xüsusən sonuncu iddianın cəfəngliyi məhbusda ciddi etiraz doğurmuşdu. Çünki bir müddət baş redaktorluğu ilə nəşr edilən “Tərcümani-həqiqət” təxminən qırx illik tarixə malik milli nəşr idi. Hakim “İttihad və Tərəqqi” partiyasının qeyri-rəsmi orqanına çevrildiyi dövrdə onun heç bir xarici maliyyə yardımına ehtiyacı olmamışdı. Eyni sözlər fransız dilində cəmisi altı ay çıxan “Hilal” qəzetinə də aid edilə bilərdi. “Bu iyrənc və alçaldıcı iftiranı qətiyyətlə rədd edirəm” – deyən Əhməd bəy daha sonra adının hər hansı şəkildə erməni düşmənçiliyi ilə əlaqələndirilməsinə toxunaraq yazırdı: “Erməni hadisələri ilə əlaqədar ittihama gəldikdə isə ona da eyni qətiyyətlə kəskin etirazımı bildirirəm”.
Azərbaycanlı publisist istər “Kavkaz”, “Kaspi”, “Həyat”, “İrşad” qəzetlərində, istərsə də 1909-cu ildən sonra aparıcı simalarından birinə çevrildiyi Türkiyə mətbuatında erməni siyasətçiləri və ictimai xadimləri ilə kəskin polemika aparmış, onların yalan və saxtakarlıqlarını açıq şəkildə söyləməkdən çəkinməmişdi. Əvəzində Azərbaycanda yaşadığı dövrdə dəfələrlə haqqında donoslar yazılmış, milli ədavəti qızışdırmaqda, panislamizm və pantürkizmdə günahlandırılmışdı. Lakin bütün bunlara baxmayaraq, o heç vaxt nə Qafqazda, nə də Anadoluda ermənilərə qarşı zorakılıq və düşmənçilik təbliğatı ilə məşğul olmamışdı. Əksinə, məsələlərə ədalətli yanaşmasına və obyektiv münasibətinə görə İstanbul erməniləri onun şərəfinə məşhur “Tokatlıyan” otelində ziyafət təşkil etmişdilər. Bu barədə Əhməd Ağaoğlunun ingilis yüksək komissarına ünvanlanan məktubunda da məlumat verilirdi.
Daha sonra 1918-ci ilin ikinci yarısında ana vətənindəki yarım illik həyatına işıq salan Əhməd Ağaoğlu bu dövrdəki fəaliyyəti ilə bağlı səsləndirilən iftiralara qarşı çıxaraq yazırdı: “Rus boyunduruğundan xilas olandan sonra övladı kimi geri döndüyüm Azərbaycandakı davranışıma gəlincə, ingilis, fransız və amerikan təmsilçiləri general Tomsonu, polkovnik Şardinini və doktor Pasteni burada şahid qismində göstərə bilərəm”. Özünün “ingilis düşmənçiliyi” ilə bağlı irəli sürülən əsassız ittihamları rədd etmək üçün də Əhməd bəyin kifayət qədər dəlilləri vardı:
“Zati-aliləri! – deyə o, sözünə davam edirdi: – Ənzəlidəki görüşlərdə Azərbaycan heyətinin rəhbəri kimi mən çıxış etmişəm, ingilislərlə məmləkətim arasında normal münasibətlər mənim təşəbbüsümlə quruldu, xilas yolunun və gələcək rifahın Britaniya imperiyası ilə işbirliyində olması həqiqətini də xalqıma mən aşıladım”. Əhməd bəyin fikrincə, onu ingilis düşməni kimi qələmə vermək istəyənlərin yalnız bir niyyəti vardır: bu da hansı yolla olursa olsun, Parisə, Sülh konfransına getməsinin, orada iştirakının qarşını almaqdan ibarətdir. “Azərbaycanın və İngiltərənin düşmənləri bunu bacardılar” – deyə o, fikirlərinə yekun vururdu.
“İngilis dövləti tərəfindən həbsdə saxlandığım üçün əvvəla ingilis dövləti adından və ikincisi də ədalət naminə mənimlə görüşmək borcunuzdur” – deyə Əhməd bəy şəxsiyyəti, siyasi baxışları və qəzetçilik fəaliyyəti ilə bağlı ortaya atılan bütün iddialara aydınlıq gətirməyə hazır olduğunu bəyan edirdi.
Onun ədalət axtarışı şəxsi xarakter daşımırdı. Əhməd Ağaoğlu ingilislər qarşısında yalnız özünü deyil, mənsub olduğu milləti, iman gətirdiyi dini, vətəndaşı sayıldığı ölkəni, insanların hür yaşamaq haqqını müdafiə edirdi. Onun şəxsi nümunəsi tezliklə digər Malta məhbuslarını da ingilislərdən yalvarıcı tərzdə ədalət ummaq əvəzinə sərt tələblər və ittihamlar irəli sürməyə ruhlandırmışdı.
Aydın məsələdir ki, ingilis yüksək komissarlığı tezliklə barışmaz əleyhdar kimi qəbul etdiyi Əhməd bəyi yetərincə dəyərləndirdi və onu “yerində oturtmaq” üçün haqqında dosye toplamağa başladı. İstanbuldakı Britaniya xəfiyyələrinin məlumatları əsasında hazırlanan və admiral Qaltropa təqdim olunan ilk məxfi materiallardan birində onun aşağıdakı portreti yaradılmışdı:
“Qəzetçidir. Panislamist təmayülün, habelə “İttihad və Tərəqqi” partiyasının qızğın tərəfdarlarındandır. 1916-cı ilin yanvarından 1918-ci ilin mayına qədər “Tərcümani-həqiqət” qəzetini nəşr etdi. Həmin dövrdə almanlardan yardım aldığı bildirilir. Son zamanlara qədər Osmanlı təbəəsi idi. Qafqazdakı evində Ənvər Paşanı (fikrimcə, yanlışlığa yol verilmişdir, Nuru Paşa olmalıdır – V.Q.) qonaq saxlamışdır. Türkcə təbliğat xarakterli qəzet çıxarmaq üçün Qafqaza 10 min lirə apardığı deyilir. İki Azərbaycan zabitinin İstanbula pul gətirdiyi, yarısının özü, yarısının da İstanbuldakı bolşevik liderlər (? –V.Q.) üçün olduğu barəsində məlumatlar mövcuddur”.
Göründüyü kimi, Əhməd Ağaoğlunun ifrat fəallığı əks effekt doğurmuşdu. Rəqibləri də onun “zəif yerini” axtarmağa başlamışdılar. Əllərində suçluluğu ilə bağlı birbaşa dəlillər olmadığından dolayı yollara baş vururdular. Onu susdurmaq üçün ləkələmək, haqqında həm türk hökumətinin, həm də mübarizə yoldaşlarının nəzərində yanlış təsəvvürlər yaratmaq fikrinə düşmüşdülər.
O da atılan əlcəyi qəbul etmişdi. Limni adasından 1919-cu il iyunun 5-də Britaniyanın Egey dənizindəki hərbi qüvvələrinin komandanlığı vasitəsi ilə Londona göndərdiyi məktubda bir daha özünü tanıtmağa çalışmışdı. Parisdə keçən gənclik illərindən, Azərbaycandakı ictimai-siyasi və jurnalist fəaliyyətindən, çar üsul-idarəsinin təqib və təzyiqlərindən, Türkiyədə qəzetçi, millət vəkili və universitet professoru kimi gördüyü işlərdən söz açmışdı. Vətəninin gələcək taleyi ilə bağlı çox mühüm səfər ərəfəsində – Parisə gedərkən əsassız yerə həbsə atıldığını təkrarlamışdı.
“Üzümü İngiltərəyə tutur və soruşuram: mən niyə buradayam? Bəlkə bir müharibə canisi kimi? Elə isə günahım nədir? Zati-aliləri, bir daha təkrar edirəm: özümü tamamilə günahsız sayıram!” – deyə bəyan edən Əhməd bəy daha sonra ingilis rəsmiləri ilə qiyabi dialoqunu belə davam etdirirdi: – “Bəlkə doğrudan da bir günahım var. Elə isə bunun açıq söylənməsini istəyirəm. Azadlığını itirmiş adam daha nədən qorxa bilər? Müharibə ilə heç bir bağlılığım olmadığı halda nəyə görə mənimlə hərb canisi kimi rəftar edilməlidir? Sizdən lütf və ya əfv diləmək səviyyəsinə enmərəm. Sadəcə, ədalət istəyirəm! Bir məhkəmə qarşısına çıxarılmağımı, mühakimə olunmağımı istəyirəm! Məhkəmənin verəcəyi qərara boyun əyməyi əvvəlcədən qəbul edirəm !”
Onun 1919-cu il iyulun 7-də “ingilis ədalətinin və ingilis vicdanının ən səlahiyyətli təmsilçiləri” adlandırdığı Böyük Britaniya lordlar palatasının sədrinə və ədliyyə nazirinə göndərilən məktub da eyni tələbkarlıq və barışmazlıq ruhu ilə aşılanmışdır: “Zati-aliləri! İngiltərə dünyaya meydan oxuyan gücü ilə mənim kimi bir çox insanları asanlıqla əzə bilər,” – deyə “tikanlı məftillər və qoşa kilidli qapılar arxasında vəhşi heyvan kimi saxlanmasından” qəzəblə söz açan Əhməd bəy yazırdı: – “Amma bu İngiltərənin şöhrətinə nə artıracaq? Bir dustağın gücü çata biləcək ən böyük şey mühakimə olunmasını istəməkdir. Bu haqqın verilməsindən boyun qaçırmaq ona qarşı zor işlətməyin ən qorxunc formalarından biri deyilmi ?”
Bütün əvvəlki müraciətlərində olduğu kimi sitat gətirdiyim məktubunda da Əhməd bəy izzəti-nəfsi baxımından vacib saydığı mühüm bir məqamı təkrar vurğulamağı yaddan çıxarmırdı. O, yazırdı: “Bütün bunları sizdə mərhəmət duyğuları oyandırmaq üçün söyləmirəm. Əsla! Kiminsə mənə acımasını, yaxud günahsız yerə bağışlanmağımı qətiyyən qəbul etmərəm. Mən ədalət istəyirəm !”
Göründüyü kimi, həbsdə saxlansa da, Əhməd bəy vicdanı azad olduğu üçün açıq mübarizədən, məhkəmə önündə sorğu-sual və araşdırmalardan çəkinmirdi. İngilislər isə yenə də gizli üsullara – xəfiyyələri vasitəsi ilə əksəriyyəti real əsasdan məhrum olan donoslar toplanmasına üstünlük verirdilər. Admiral Vebbin Londona göndərdiyi növbəti iftira da əvvəlkilərindən fərqlənmirdi. 14 iyul 1919-cu il tarixli həmin sənəddə ingilislərə “baş ağrısı” verən dustaq belə xarakterizə olunurdu:
(Ardı var.)
Vilayət QULİYEV



Bu yazı ( 720 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar