12px14px16px18px

Eybəcərləşmiş kapitalizm və “izm”lərə əlvida

Telman ORUCOV
00:50 / 10.03.2012
 
XIX əsrin başlanğıcında bu yeni dövlətlərdə mövcud olan iqtisadi-sosial quruluşlar vaxtilə dəbdə olan “izm”ləri də bütünlüklə nüfuzdan salmışlar. İki əsr əvvəl isə dünyada baş verən siyasi dəyişikliklər bu “izm”lərin adı ilə birbaşa bağlanırdı. Sənayeləşmə və fransız inqilabının birləşmiş qüvvələri 1815-ci ildən sonra çox növlü təlimlərin və hərəkatların sayının xeyli artmasına gətirib çıxardı. 1848-ci ildə ümumi Avropa inqilabı başladıqda, 1815-ci ildən həmin dövrə qədər olan otuz üç il bu vaxt yaranan və indiyədək ömür sürən “izm”lərin səhnəyə gəlməsi ilə əlamətləndi. Bundan əvvəl isə heç bir “izm” mövcud olmamışdı.
Daha çox tanış olan və kapitalizm iqtisadiyyatını rəmzləndirən “liberalizm” sözü ilk dəfə ingilis dilində 1819-cu ildə, “radikalizm” 1820-ci ildə, “sosializm” 1832-ci ildə, “konservatizm” 1835-ci ildə meydana gəlmişdi. Siyasət üfüqü bu vaxt “izmlər” rəngləri ilə boyanmışdı. 1830-cu illərdə ilk dəfə “fərdiyyətçilik” (“individualizm”) “konstitusionalizm”, “humanizm” və “marksizm” sözləri eşidildi. “Millətçilik” (“nasionalizm”) və “kommunizm” 1840-cı illərdən tarixlənir. 1850-ci illərə qədər ingilis dilində danışan dünya “kapitalizm” sözünü eşitməmişdi, baxmayaraq ki, Karl Marksın təlimləri 1840-cı illərin narahat dövrlərini ifadə etməklə böyümüş, boy atmışdı.
“İzm”lərdən təkcə biri siyasi xarakter daşımaqdan uzaq idi. Bu “romantizm” ifadəsi idi. Həmin söz ingilis dilində ilk dəfə 1840-cı illərdə artıq yarım əsrlik tarixi olan hərəkatı təsvir etmək üçün istifadə olunmuşdu. “Romantizm” isə birinci növbədə ədəbiyyat və incəsənət nəzəriyyəsi idi.
Siyasi “izm” sikkələrinin sürətlə döyülməsi hər bir halda heç də o demək deyildi ki, onların daşıdığı ideyalar yenidir. Adamlar liberalizm haqqında danışmamışdan əvvəl azadlığı sevirdilər və “mühafizəkarlıq” (“konservatizm”) termininin mövcud olduğunu bilməməsindən əvvəl belə, mühafizəkar idilər. Bir çox “izm”lərin meydana gəlməsi göstərirdi ki, xalq öz ideyalarını daha sisitemləşdirilmiş şəkildə təsvir etməyə çalışır.
Ayrı-ayrı “izm”lərin şüurlara hakim kəsilməsinə gəldikdə, liberallar ümumən biznes və peşə siniflərinin adamları idi. Onlar müasir olan, maariflənmiş, səmərəli, ağıllı və düzgün hesab edilən hər şeyə inanırdılar. Onlar insanın özünü idarə etməsinə və özünə nəzarət edə bilmək qüvvəsinə inam bəsləyirdilər. Həm də parlamentin və ya təmsilçilərdən ibarət hökumətin yüksək dəyərinə bel bağlayırdılar. Bu adamlar laissez-faire adlanan prinsipə (“hökumətin iqtisadiyyata qarışmamasına”, “müdaxilə etməməsinə”) rəğbət bəsləyirdilər. Radikalizm tərəfdarları isə əşyaların “kökünə” çatmağa cəhd edirdi. “Kommunizm” ifadəsi isə sosializmin qeyri-dəqiq sinonimi kimi işlənirdi. Lakin son onilliklərdə “izm”lər sıradan çıxmağa, dünya siyasət səhnəsini tərk etməyə başladı.
Avtoritar rejimlər özlərinə məxsus olan idarəetmə çərçivəsini yaratmaqla, “izm”lərə elə bir əhəmiyyət vermirlər. Belə rejimlərin hakim kəsildiyi ölkələrdə parlament, hakimiyyətin icra qolu qarşısında xidmətçi rolundan uzağa gedə bilmir. Avtoritar rejimlər ölkədə yaratdıqları xofu gücləndirmək qayğısına qalmaqla, daha böyük miqyaslı vəzifələrinin öhdəsindən gəlməyə müvəffəq olurlar. Adamlar itaətkarlığa, haqsızlıqlara dözməyə, hər cür dərəbəyliyi adi hal kimi qarşılamağa öyrədilir, hüquqlarının tapdanması müqabilində onlara xüsusi dözümlülük hissləri aşılanır.Elə bil ki, əhali “Stokholm dindromunun” təsirinə məruz qalır. Bu sindrom vaxtı girovlar bir qayda olaraq öz canilərinə rəğbət bəsləməyə başlayırlar, hətta onları özləri ilə bir qəbildən olan hesab edirlər. Belə hiss bütöv bir xalqın dilinə və rituallarına keçir. Cəmiyyət üzvləri itaət, təzim, sitayiş ruhunda tərbiyə olunurlar. Rüşvət daha fəal işləyən və cəmiyyətin bütün hüceyrələrinə nüfuz edən amilə çevrilir. Virus (latın dilində “virus” – “zəhər” deməkdir) güclü olduqca yayılan epidemiya ölkə hədlərində pandemiya xarakteri daşımağa başlayır. Ziyalıların bir hissəsi arasında yaltaqlığın və məddahlığın yayılmasına rəvac verilir və bu “ixtisas” həyatda özünü təsdiq etmə vasitəsinə çevrilməyə başlayır. Başqa cür düşünənlər, ölkəsini demokratik, xalqını daha firavan görmək istəyənlər isə təlqin edilmə hesabına “ağ qarğalara” çevrilirlər. Ümumi rəğbət ifadə edən melodiyanı pozanlar az qala dövlətçiliyə xəyanət damğasına tuş gəlmək təhlükəsi ilə üzləşir və onların düşüncələrinə nifrin yağdırılmağa başlanır.
Avtoritar rejimlərin hakim kəsildiyi ölkələrdə hakimiyyət bütün mətbuatı olmasa da, birinci növbədə elektron informasiya vasitələrini öz inhisarına götürür. Televiziya və radioda ölkə daxilində baş verən hadisələrin çatdırılması informasiya xarakterindən uzaqlaşaraq, təbliğat vasitəsinə çevrilir və bu təbliğat maşını hər şeyi çəhrayı rəngdə göstərməyə və söyləməyə cəhd edir. Başqa bir fərqli rəngə, hətta kiçicik çalara da yol verilmir. Kimsə real həqiqətə əsaslanan, ümumi təbliğata uyğun gəlməyən bir fikir söyləsə, onun ləyaqətinə vulqar şəkildə hücumlar etmək kampaniyası başlanır. Bu sahədə ixtisaslaşmış, xüsusi “istedad” sahibi olanlar ekran ittihamçılarına çevrilirlər. Həmin “fikir nəhəngləri” müxalif düşüncə sahiblərini ən iyrənc ifadələrlə xarakterizə etməklə, atdıqları çamur mərmiləri ilə onları palçığa bulaşmış hippopatam şəklinə salırlar.
Avtoritar rejimlər iri tikintilərə, böyük miqyaslı abadlıq işlərinə girişməklə, əsasən Qərbə istiqamətlənmiş bolluq, dəbdəbə görünüşü yaratmağa səy göstərirlər. Əhalinin ehtiyacdan qurtulmadığı bir şəraitdə, Qazaxıstanda olduğu kimi göydələnləri ilə seçilən yeni paytaxt şəhəri də salmaq olar. Günəş Kral adlandırılan Fransa kralı XIV Lui o vaxtkı Avropanı heyran edən və bu gün də möhtəşəmliyi sevinc bəxş edən Versalı tikdirmişdi və Parisdən aralı olan bu sarayda yaşayırdı. Bu dəbdəbə bütün aydınlığı ilə Fransaya göstərirdi ki, xalq heç nədir, kral isə hər şeydir.
   Dövlət büdcəsinin, əldə edilən böyük maliyyə resurslarının xərclənməsinə, sərf edilməsinə, onlara sərəncam verənlər istisna olmaqla, başqa heç bir nəzarət orqanı və ya vasitəsi yoxdur. Parlamentlər hələ Qədim Roma senatının səlahiyyətinə daxil olan büdcəyə nazarət etmək vəzifəsini icra etməkdən kənarda qalırlar, ictimaiyyət isə yalnız yayılan rəsmi informasiyalara və bir də şayiələrə bel bağlamalı olur. Seçilmə qaydasına görə “cib parlamenti” adlananlar, elə bil ki, öz fəaliyyətləri, əslində fəaliyyətsizlikləri ilə də bu ləqəbi doğrultmağa çalışırlar.
Klassik, ənənəvi kapitalizm ölkələri bu nümunələrə heç cür uyğun gəlmir, axı birinciləri ilk növbədə demokratiyanın təntənəsi, müstəqil parlament və müstəqil məhkəmə sistemi səciyyələndirir. Postsovet məkanındakı əksər dövlətlərdə bu cəhətlərin formal təzahürü gözə çarpsa da, onlar demokratik prinsiplərə xas olan mahiyyətdən xalidirlər, qısırdırlar. İngilislər “barren cloud” – “qısır bulud” adlandırdıqlarından heç vaxt yağış gözləmədikləri kimi, hakimiyyət bölgüsünün qısırlılığa məhkum olduğu dövlətlərdə də demokratiyanın tək-tək damcıları istisna olmaqla, leysan ehtimalı ilə yalnız illüziyaları qidalandırmaq olar, bu ölkələrdəki həqiqi demokratiya təntənəsinin həsrəti Nubiya səhrasında il boyu yağış gözləməyə bənzəyir.
Eybəcərləşmiş kapitalizm nəinki özünü sağaltmaq qüvvəsinə, heç bu xəstəliklərdən uzaqlaşmaq üçün elementar müqavimət gücünə də malik deyildir. Ona görə də bu qüsurların azalması deyil, getdikcə artması təhlükəsi özünü daim nümayiş etdirir. Əgər “dostbazlıq kapitalizminə” qarşı sistemli mübarizə aparılmasa, onun zəhərli bəhrələri getdikcə artacaq və bu zəhərin təsiri “inqilab düşkünlərini” ilhamlandıracaqdır. Biz bunu təkcə Afrikanın şimalında və Yaxın Şərq ölkələrində deyil, həm də Mərkəzi Asiya dövlətlərində baş verən siyasi kataklizmlərin timsalında görürük. Özbəkistanda Əndican buntu, Qırğızıstanda dalbadal baş verən və qan tökülməsi ilə müşayiət olunan inqilablar, Qazaxıstanda son vaxtlarda cərəyan edən Janozen qanlı hadisələri buna parlaq sübutdur. Əlbəttə, edilən çağırışlar “dostbazlıq kapitalizmi” dövlətlərinə xilas üçün müəyyən şanslar verir. Çox yaxşı olar ki, həmin dövlətlər mövcud zaman çağırışının tələblərinin sərtliyindən çox, onun mahiyyətini anlasınlar, özünü qoruyub saxlamaq instinktinə müvafiq olaraq bəladan qaçmaq yollarını arasınlar, əvvəllərdə olduğu kimi öz menyularındakı repressiya qarniri ilə təklif edilən xörəyə üstünlük verməyi yadırğasınlar. Avtoritar rejimlərin mimikriya cəhdləri artıq elə bir fayda vermir. Bədbəxtlikdən, həmin rejimlər öz idarəetmə üslublarını həqiqi qaydada dəyişdirmək qayğısına qalmırlar. Yaxşı məlumdur ki, siyasət və zəka nadir hallarda eyni yolları seçirlər. Bəlkə də məhz belə əldən verilmiş imkanlarla tarixin dramatik inkişafı baş verir. Buna təəccüblənmək də lazım gəlmir. Siyasət bütün dövrlərdə paradokslar elmi olmuşdur. Çətinliklər yaratmaq onun ehtirası, cəmiyyəti parçalamaq toxumu səpmək onun istedadıdır.
   Həmin ölkələrdən daxil olan informasiyalar da ziddiyyətli olur. Qapalı cəmiyyətlər dövlət sərhədindən daha çox, informasiya mənbələrinə daha böyük qıfıl vurmağa çalışır. Ona görə də həmin ölkələrdəki informasiya bulaqları elə çirklənmiş olur ki, onların bulanıq sularında həqiqəti tapmaq da müşkül bir işə çevrilir.
Bu ölkələrin xarakterik xüsusiyyətlərindən biri onlarda tamahkarlıq kultunun yaranmasıdır, ona sitayiş cəmiyyət üzvlərinin gözünü kor etməyə başlayır. Varlılar, – əslində onların xeyli hissəsini oğrular, parazitlər adlandırmaq daha düzgün olardı, – qarşısında itaət, təzim adamların davranış qaydasına, etiket adlanan müəmmalı elmə çevrilir. Təmənna, rüşvət hesabına, digər əyri, haram yollarla qazanılan sərvət heyranlıq mücəssəməsinə, ilham mənbəyinə çevrilir.
Əlbəttə, varlıların çox olduğu ölkələr az deyildir, onlarda əhali kütləsi ehiyac girdabı barədə real həyatdan deyil, Çarlz Dikkens və ya Emil Zolyanın romanlarından məlumat alır. Bu mənada ərazisi təbii sərvətlərdən məhrum olan İsraili misal göstərmək olar. Yəhudilər XX əsrin birinci yarısında öz qədim dövlətlərinin mövcud oldugu bu əraziyə dönəndə, onların qədim tarixləri müstəsna olmaqla, normal yaşamağa və varlanmağa yol açan heç bir imkanları yox idi. Lakin onlar ən düzgün yolu seçib, anladılar ki, yalnız insan kapitalına bel bağlamaq olar. Ona görə də əsas diqqəti təhsilə və elmə verdilər, bu sahələrə böyük sərmayə qoydular. Yarım əsr ərzində İsrail dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Burada elmi kəşflər və modernləşmə ölkənin vacib kartı rolunu oynamağa başladı. İsrail ən müasir sənaye məhsullarını ixrac etməklə yanaşı, həm də qonşularına və Avropaya kənd təsərrüfatı məhsulları, ərzaq satır. Yaxın Şərqdə bəlkə də yeganə dövlətdir ki, neft yataqlarına malik deyildir, bu mühüm yanacağa tələbatını yalnız idxal hesabına ödəyə bilir. Təbii sərvətlərin kasadlığı, əslində yoxluğu bu ölkəni iqtisadi geriliyə, xalqı isə ehtiyaca, yoxsulluğa məhkum edə bilməmişdir, əksinə İsrail əhalinin maddi rifahı səviyyəsinə görə çox ölkələrə nümunə ola bilər.
Yaponiya kimi bu ölkədə də uşaqlar kiçik yaşlarından zəhməti sevməyə, bilik qazanmağa vurğunluqla girişməyə öyrədilir, burada müəllimlər tələbəyə qiyməti yalnız biliyə görə yazırlar və bu yolla həqiqi mütəxəssislər yetişdirirlər. Müəllimin başlıca vəzifəsi uşaqlara yaradıcı və novatorcasına yanaşmaq qabiliyyəti aşılamaqdır. Onlar belə davranışları ilə həm də ləyaqətli vətəndaşlar yetişdirmək işinə xidmət edirlər. Ümumiyyətlə, qabaqcıl ölkələrdə məktəbli, tələbə biliyə, elmə yiyələnib kreativ adamlara çevrilir. Axı, onlar özlərini gələcəkdə realizə və təsdiq etməlidirlər, müstəqil həyata, vicdanlı həyat sürməyə başlamalıdırlar. Onlar bugünkü gerçəkliyi geridə qoyub, öz zəka və bacarıqları ilə gələcək üfüqlərə boylanmalı, reallığın sərt üzü ilə qarşılaşmağa hazır olmalıdırlar. Onların həqiqi təhsil hesabına əldə etdikləri diplom heç də formallığı ilə fərqlənən kağız parçası olmayıb, müstəqil həyata yol vəsiqəsidir. Onlar öz qüvvələrinə arxalanacaq, valideynlərindən və digər himayəçilərindən kömək ummayacaqlar. Belə ölkələrdə ağıldan kor olanları tapmaq, küçədə cüzam xəstələri ilə qarşılaşma kimi mümkün olmayan bir işə çevrilir.
Tarix və müasir dünya inkişaf yolu barədə çox sayda nümunələr təqdim edir. Gənc dövlətlər qüsurlara sirayətlənmək əvəzinə, qabaqcıllıq etalonlarından öyrənsələr öz inkişaflarına möhkəm binövrə yarada bilərlər. Bu təcrübələrdən istifadə etmək, bolluca faydalanmaq olar, bunun üçün yalnız istək və iradə tələb olunur. Qabaqcılların arxasınca getmək, onların nümunəsindən istifadə etmək, əlbəttə, o qədər də asan məsələ deyildir, heç də hamar yolla irəliləmək düşüncəsi yaratmamalıdır. Enişli-yoxuşlu bu yolda irəliləmək adamlardan, xüsusilə böyük vəzifə sahiblərindən cəsarət və dözümlülük tələb edir, çətinliklərə sinə gərməklə onlar öz xalqlarının xoşbəxt gələcəyinə qapıları aça bilərlər.
Elə ölkələr vardır ki, oradakı rejimi avtoritar adlandırmağın özü onları tərifləmək deməkdir. Dünyada da onlar barədə xoşagəlməyən rəy yaranır, başqaları onlara barbar ölkələri, xalqlarına isə ibtidai tayfalar kimi baxırlar. Onlarda daha vacib olan bir cəhət isə çox vaxt elə bil ki, bilərəkdən nəzərdən yayınır, buna ümumiyyətlə kəskin reaksiya verilmr. Bu da ondan ibarətdir ki, həmin rejim bütün qüdrətini kiçik adama qarşı çevirir. Belələrində məmurların dövlət qarşısındakı borc hissi, vicdana, ədalətə əsaslanmaq barədə söhbət açmaq yalnız gülüş doğura bilər. Xalq buna dözürsə, narazılığını açıq şəkildə ifadə etmirsə və ya bundan çəkinirsə, bu o demək deyildir ki, öz vəziyyətindən razıdır. Onda bəs gətirdiyimiz nümunələr hansı başqa səbəbdən yaranmışdır? Bu məmurlar unutmamalıdırlar ki, dinməz qalmağı bacaran nifrət ən qızğın nitqlərdən də yüz dəfə təhlükəli olur. Dinməz, ucadan dilə gətirilmiyən narazılıq daha qorxuludur, toplanmış qəzəb bir qədər sonra qaynayan qazandan çıxmağa yol tapmadığından onu partladan qaz kimi özünü göstərir. Şimali Afrika dövlətlərindəki hadisələr bunu sübut etdi. Onlar Tsitseronun dediyi “Cum tasent, clamant ” – “Adamlar dinməyəndə qışqırırlar” ifadəsinin bir daha həqiqət olduğunu göstərdi.
Onda nəyə görə bu ölkələrdə hakimiyyət təcrübədə sınaqdan çıxmış demokratik inkişaf yolu əvəzinə, xalqdan ayrı düşmək kimi etimadsızlıq əhval-ruhiyyəsi yaradan yolu tuturlar. Məsələ orasındadır ki, həmin ölkələrdə ali hakimiyyət kürsüsünə yiyələnənlər, ölkənin prezidenti adlansalar da, heç də bu xalqların prezidentinə çevrilmirlər. Əlbəttə, onlar seçki vasitəsilə, demokratik yolla bu ada yiyələnmişlər, lakin bəla burasındadır ki, seçkinin özünün də düzgünlüyünə, legitimliyinə sarsılmaz inam yoxdur. Əsl demokratik yolla seçilənlər xalqla elə bir birliyə qovuşurlar ki, onların arasında elə vəhdət mövcud olur ki, etimad müddəti başa çatana qədər bu ittifaqın həyatiliyinə heç bir şübhə yeri qalmır. Həqiqi dövlət rəhbəri şəxsi arzularından daha çox, ölkəsi və xalqı haqqında düşünür, lazım gəldikdə öz şəxsi mənafeyini də qurban verməyə hazır olur, öz xoşbəxtliyini də birinci növbədə ölkəsinin zəfərlərində, xalqının xoşbəxtliyində görür. Hakimiyyətə can atmağı, hər kəsə məxsus olan eqoizmi də belələri bütünlüklə ümumxalq mənafeləri üzərinə keçirirlər. Onlar məhz ölkələrinin gələcək böyüklüyü naminə yaşayırlar. Onlar şəxsi var-dövlət, sərvət toplamaq barədə düşünmürlər, əksinə xalqın rifahı və xoşbəxtliyi onların səcdə qıldığı, bütün şəxsi mənafelərini qurban verdiyi mehrab rolunu oynayır. Ona görə də onlar vəzifədən, bəzən hətta həyatdan getdikdən sonra saxta təriflərdən və bayağı məddaqlıqdan uzaq olan həqiqi ehtiram, bəlkə də pərəstiş hissinə yiyələnirlər, xalqın böyük əksəriyyətinin ürəyində özlərinə az qala əbədi sığınacaq tapırlar. Onlar ölkənin üfüqündə parlaq meteor kimi işıq saçırlar. Çünki bütün həyatlarını, istedad və bacarıqlarını öz millətlərinin gələcəyinə həsr edir, buna verirlər. Məhz belə dövlət xadimləri ilə tarixin iradəsi qalib gəlir. Belələrinin həyatında, günəş enerjisi ilə müqayisə edilə bilən xalqın enerjisi təcəssüm olunur.
Dövlət rəhbərləri öz vətəndaşlarından vətənə məhəbbət, vətənpərvərlik hissi umurlar. Bir müdrikin dediyi kimi: “Dostunun olması üçün özün dost olmağı bacarmalısan” ifadəsindən istifadə edərək demək istəyirsən ki, onlar özləri birinci növbədə idarə etdikləri milyonlara nümunə göstərməlidirlər. Düşmənə nifrət hissi aşılamaqdan daha çox, hər bir vətəndaşda vətənə məhəbbət hissi tərbiyə olunmalıdır və bu əməldə, davranışda, vətənə hərtərəfli xidmətdə öz əksini tapmalıdır. Bu məsələdə dövlət rəhbəri xalqın, ölkənin mənafeyini özünün ümdə şəxsi maraqlarından da üstün tutmasını əyani şəkildə, addımbaşı göstərməlidir. Yuli Sezarın qatili olan Brut yaxşı demişdi: “Mən Sezarı onu az sevdiyimə görə deyil, Romanı daha çox sevdiyimə görə öldürdüm”. Brut Sezarı sevirdi, lakin Romanın respublika quruluşuna daha sədaqətli idi və bunun təsdiqi kimi o, silahdaşları ilə birlikdə belə ağır sui-qəsdə əl atmalı olmuşdu.
Dövlət məmurları da şüurlarındakı tamah əjdahasını öldürsələr, var-dövlət hərisliyi apendisitini kəsib atsalar, onda xalqın onlara bəslədiyi münasibət ən azı hörmətdən xəbər verər. Axı dövlət üçün onların tamahkarlığı, Sezarın respublika quruluşuna olan təhlükəsindən daha qorxulu olur. Əgər Sezar diktatorluq eşqinə düşdüyünə görə senatda ona hücum edənlərdən 23 ölümcül xəncər yarası almışdısa, dövlətçiliyi məhvedici bəladan xilas etmək üçün məmurlar da yaponların xarakirisi kimi özlərinin acgözlüyünü belə zərbəyə məruz qoymalıdırlar. Bədbəxtlikdən, var-dövlətə hərislik heç bir hədd tanımır, elə bil ki hamı Vergilinin müdrikliklə ifadə etdiyi “Auri sacra fames” – “İyrənc zəhmətsiz gəlir həvəsinə” tutulur. Dənizin suyunu içdikcə yanğı artdığı kimi, sərvətin həcmi artdiqca, onu toplamaq həvəsi daha da güclənir. Makbetin əlinin qan ləkəsindən dənizlər də təmizləyə bilməyən kimi, məmurların əllərinin natəmizliyini ən səmimi etiraf da, tövbə də silib, yaddaşlardan çıxara bilməz. Lakin əyri yoldan dönmənin özü də müəyyən qədər təskinlik verə bilər ki, bu məmurlar ömürləri boyu lənət ünvanı olmalarını gec də olsa dayandırmağı bacardılar.
Avtoritar rejimlərin hakim kəsildiyi ölkələrdə müxalifət baş qaldırır, öz narazılıqlarını mitinqlər və digər protest tədbirləri vasitəsilə numayiş etdirməyə çalışır. Müxalif qüvvələr daim təzyiq altında yaşadıqlarından daha da radikallaşır, hər şeyi dəyişmək arzusu ilə inqilab əhval-ruhiyyəsi yaratmağa çalışırlar.
Demokratiyanın təntənəsinə can atan müxalifət isə inqilab kabusunu rədd edərək, təkamül yolu ilə öz məqsədlərinə çatmağa çalışır. Lakin avtoritar rejimlərin hakimiyyəti demokratik vasitələrdən istifadə imkanını da məhdudlaşdırdığından, təkamül qaydasında irəliləmək imkanları xeyli dərəcədə bağlanmış olur. Yozef Şumpeter özünün məşhur “Kapitalizm, Sosializm və Demokratiya” kitabında qeyd etdiyi kimi, əgər müxalifət hakimiyyəti devirmək üçün təsir göstərməkdən ötəri gücə və vasitələrə malikdirsə, əgər bu sadəcə hökumətin yıxılmasına deyil, dövlətin süqutuna səbəb olacaqsa, o özünü saxlamağı bacarmalıdır. Müxalifət marginal mövqedən, radikal hərəkətlərdən dövlətçiliyi qorumaq naminə qaçmalıdır. Lakin hakimiyyət də demokratik institutların fəaliyyəti üçün meydan verməli, vətəndaş cəmiyyətinin formalaşdırılmasına əngəl törədən cəhətləri aradan qaldırmalı, bu yolla qəzəb hissinin xeyli azalmasına şərait yaratmalıdır.
Bu ölkələrdəki müxalifət hər cür haqsızlıqlarla üzləşdiyi təqdirdə belə, inqilab çağırışlarından uzaqlaşmalıdır, axı inqilab ölkəyə fəlakətdən başqa heç nə bəxş etmir, xalqın böyük əksəriyyəti isə bu kataklizmlən böyük ziyan çəkir. Onlar özlərinə təlqin etməlidirlər ki, xalqı bəlalara düçar etməmək naminə inqilab limiti artıq çoxdan qurtarmışdır. Siyasi ölü modelləri dirçəltmək tarixi dövrün çağırışına cavab vermək əvəzinə, keçmişin üfunətli miraslarını bərpa etmək cəhdindən başqa bir şey deyildir. Müxalifət öz vəzifələrini götür-qoy edərkən xalqın amalını ön plana çəkməli, ölkənin ümdə mənafelərindən çıxış etməlidir. Xalq bütövlükdə heç vaxt inqilab arzulamamışdır, bu ideyanı yalnız bir ovuc fanatik həyata keçirməyə can atır. Fanatiklər isə bir qayda olaraq fəlakət ehtimalına da məhəl qoymurlar.
Eybəcər, qeyri-ənənəvi kapitalizm modelinin bir mühüm fərqi də, onun özünün inkar etdiyi sosializmin bəzi qüsurlarını başqa bir şəkildə qoruyub saxlamasıdır. Sosializm quruluşu bütün istehsal vasitələrini, istehlak məhsullarının istehsalını və ticarətini müsadirə hesabına öz əlində saxladığı kimi, “dostbazlıq kapitalizmi” də özəlləşmə ilə liberal iqtisadiyyata keçsə də, əslində bu liberalizmi özünün mühüm xüsusiyyətlərindən məhrum edir. Əgər sosializm sistemində hər şey dövlətin əlində idisə, yeni növ kapitalizmdə bütün iqtisadiyyat və kommersiya bir neçə klanın əlinə keçir, bu vaxt sosializmdəki dövlətin yerini inhisarcı klanlar tutur. Bu klanlara, bir qayda olaraq, yüksək vəzifəli məmurlar və onların pərdə arxasındakı əlaltıları başçılıq edirlər. Avtoritar rejimlərdə nepotizm, dostbazlıq ali prinsipə çevrilir.
    Təbii sərvətlərin hasilatı,emalı və satışı hansı ad altında mövcud olsa da, həmin klanların nəzarəti altında olmaqla, onların dövlətlə birlikdə həmmülkiyyətçilər rolunda çıxış etmələrinə şərait yaradır. Xarici ticarət, xüsusən bütün idxal məhsulları növləri, təsir dairəsi şəklində klanların aralarında bölünür. Əgər kimsə naşılıq ucbatından hansısa istehlak məhsulu gətirməyə cəhd etsə, bədbəxtliklər seriyasını təsvir edən filmin baş qəhrəmanına çevriləcəkdir. Gömrük orqanları klanların mənafeyini qoruyan Çin səddi rolunu oynayır. Əgər Böyük Çin səddi ölkənin ərazisini köçərilərin hücumlarından qorumaq üçün tikilmişdisə, bu dövlət orqanı inhisarçıların fəaliyyət dairəsinə kiminsə “soxulmasına” imkan verməmək vəzifəsini həyata keçirir. Gömrük orqanları bu “müdaxiləçilər” üzə çıxdıqda, elə vasitələrə əl atır ki, onlar tezliklə təslim olmaq, diz çökməkdən başqa bir yolun olmadığı qənaətinə gəlir və böyük maddi ziyana düşməklə yanaşı, öz “ağılsızlıqlarından” əl çəkmək məcburiyyətində qalırlar.
Avtoritar rejimlər demokratiya qiyafəsində nəzərləri oxşamaq üçün siyasi partiyalar yaradılmasına dözürlər. Hakimiyyətə sahib olan partiya və ona yaxınlığı ilə öyünənlər müstəsna olmaqla, digər partiyalar anabioz şəraitinə salınır, onların xalqın içərisinə nüfuz etmək imkanlarına tabu qoyulur. Ona görə də çoxları öz məsləklərini və müxalif mövqelərini dəyişib hakimiyyətin “cib” partiyalarına çevrilirlər. Öz mövqelərini qoruyub saxlamaq istəyənlər isə, üzvlərin təzyiq altında baş verən başqa tərəflərə səmt götürməsi, qaçması hesabına, payızda yarpaqlarını tökmüş ağacları andırırlar. Adətən qurumağa üz tutan ağaclar əvvəlcə yarpaqlarından məhrum olmağa başlayır. Ağacın altında vaxtaşırı tonqal yandırılırsa, buna heç özünü diriltmək xüsusiyyəti ilə fərqlənən evkalipt də dözə bilməz.
Parlamentdə hakim partiyanın inhisarı şəraitində (avtoritar rejimlər inhisardan ümumiyyətlə ilham alırlar) “cib partiyalarının” nümayəndələri ilə yanaşı, bəzən azmış (və ya azdırılmış) müxalifət üzvləri də gözə dəyir. Bu yaxınlarda Qazaxıstanda keçirilən parlament seçkiləri yeni bir sürprizlə əlamətdar olmuşdur, indiyədək bütün parlament kürsülərini zəbt etmiş hakim “Nur Otan” partiyası bu dəfə alicənablıq göstərib, ona təzim qılan iki partiyaya da az sayda yer vermişdir. Arabanı yenə əvvəlki güclü orta at çəkəcəkdir, böyürdən qoşulanlar yalnız nal ritmlərini şiddətləndirməyə kömək edəcəklər.
Bir sözlə, əgər “dostbazlıq kapitalizmi” iqtisadiyyatda, kommersiyada, ticarətdə inhisar yaratmağı başlıca vəzifə hesab edirsə, niyə siyasətdə də bu sınaqdan çıxmış vasitədən üz döndərsin. Demokratiya siyasi baxış nöqteyi-nəzərindən xalqın parçalanmağına şərait yaradırsa, çox amillərin zahiri birliyi məhz inhisarda daha çox öz təcəssümünü tapır. Belə cəmiyyətdə klanlar avtoritar hakimiyyət piramidasının əsasını təşkil edirsə, onun başını qotik binaların qülləsi kimi hakimiyyətin ali pilləsi nişan verir.
Avtoritar rejimlər birinci növbədə onun binövrəsini qoyanlara borcludur və sonralar ətalət qaydasında öz mövcudluğunu uğurla davam etdirə bilir. Bəzən diktatorlar təbiətin hökmü ilə ali kürsüdən uzaqlaşdıqda, bu heç də rejimin nəinki sonu, hətta sonunun başlanğıcı ümidini də yaratmır. Bəlkə də rejim bəzi kosmetik düzəlişlərə əl atır, lakin əsl mahiyyət dəyişilməmiş qalır. Türkmənistanda “Türkmənbaşı” titulu ilə mükafatlanmış Saparmurad Niyazov hədyanlığında, əllaməliklərində heç də Şərq despotlarından geri qalmırdı. Onun varisi Qurbanqulı Berdımuxammedov sələfi kimi özünə qızıl suyuna çəkilmiş heykəl qoydurmasa da, qızıl dişlərin ölkədəki bədnam qadağasını ləğv etməsini özünün böyük hünəri, demokratiyanın irəliləyişinə xidməti hesab edir. Lakin o, avtoritar üsul-idarədən imtina etməkdən çox uzaqdır.
Vaxtilə hərəkətlərinə görə Türkmənbaşıya loyal münasibət bəsləməyənlərdən bəziləri onun təcrübəsini təkrar etməyi heç də yasaq hesab etmirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevə “Erbası” titulu ilə müraciət edilir, Belarusiya prezidenti Aleksandr Lukaşenko özünün “Batka” adlandırılmasında heç bir qüsur və ya istehza əlaməti görmür. Vaxtilə Tentserona Roma respublika quruluşunu Katalina qəsdindən qoruyub, hifz etdiyinə görə “Vətənin atası” adı verilmişdi. Hindistan milli azadlıq hərəkatının lideri Mohandas Karamçand Qandi heç bir rəsmi vəzifəyə sahib olmayanda “Mahatma” – “Böyük ruh” ləqəbi ilə, məhz xalq tərəfindən mükafatlanmışdı və hələ sağlığında ona sitayiş edilirdi. Mustafa Kamal paşa müasir Türkiyənin varlığını bir dövlət kimi çoxtərəfli qüvvələrin təcavüzü vaxtı qoruyub saxladığına, çürümüş imperiyanın sümükləri üzərində respublika quruluşu yaratdığına görə “Atatürk” adına layiq görülmüşdü.
Təəssüf ki, bəzi indiki prezidentlər özlərini məşhur tarixi şəxsiyyətlərə oxşamaq istəyirlər, bu vaxt heç də onlarla özlərinin əməllərinin miqyasını müqayisə etmək istəmirlər. Dağıstanlı müdrik söz ustası Abutalıb yaxşı demişdi: “Tolstoyun şlyapasına bənzər şlyapa almışam, onun başına bənzər başı haradan tapmağı bilmirəm”. İndiki titul axtaranlar özlərinə buna bənzər sual versəydilər, pis olmazdı.
Orta əsrlər Fransada krallar daim nəcib sifətlərdən düzəldilmiş ləqəblər daşıyırdılar, çox hallarda onlar bu adın mahiyyətinə uyğun gəlmirdilər. İran şahı Məhəmməd Rza Pəhləvi qədim Persiya qaydalarına müvafiq olaraq özünü “şahənşah” adlandırırdı, lakin xalqın nifrətinə düçar olduğuna görə, ölümü ərəfəsində qürbət ölkələrdə sığınacaq tapmaqda da çətinliklə üzləşmişdi.
Avtoritar rejimlərin liderlərinə həsəd aparmaq da düzgün deyildir, onlar özlərinin yaratdığı sistemin girovlarına çevirirlər. Məşhur “Rusiya 1839-cu ildə” əsərinin müəllifi fransız markiz de Kyustin Şlisselburq zindanında olduqdan sonra belə qənayətə gəlmişdi ki həbsxana nəzarətçiləri də dustaqlar kimi bədbəxtdirlər, onlar da eyni mühitin havasını udurlar. 
Hər bir siyasətçi, dövlət xadimi tutduğu vəzifənin fövqündə özünə yanaşmalıdır, bu vaxt var-dövlət hərisliyi onu qətiyyən cəlb etməyəcəkdir. Xüsusən ali vəzifə sahibləri onsuz da bir çox həyati məhdudiyyətlərlə üzləşməli olur. Özlərindən asılı olan bir məhdudiyyət isə möhkəm iradə gücü tələb edir. Bu da var-dövlət hərisliyi kimi eybəcər həvəsi, oruc tutan müsəlmanlar kimi içərilərindəki tamah əjdahasını öldürməkdir. Axı orta əsrlərdəki Avropa monarxlarının çoxu da qara gün haqqında fikirləşməyib, sərvət toplamaqla məşğul olmurdu. Bəs indiki “monarxlar” niyə belə istəyə düşməlidirlər?
Ölkə başçısı ailə timsallı bir dövləti idarə etməklə, əslində xalqa münasibətinə görə ailə başçısı rolunu oynamalıdır. Valideyn övladlarını necə sevirsə,dövlət rəhbəri də xalqını elə sönməz məhəbbətlə sevməlidir. Bunun üçün bütün qüsurlarını, onlardan ən qorxulusu olan tamahkarlığını qurban verməlidir. Vətən naminə verilən bu qurban heç vaxt xatirələrdən silinməyəcəkdir. Qədim Roma respublikasının ilk iki konsulundan biri olan Valeri dəbdəbəli bir evdə yaşayırdı. Dostları bunu ona irad tutduqda, bir gecənin içində həmin evi sökdürdü və yaxın dostunun evində yaşamağa başladı. Bu hərəkəti ilə o, vətəndaşlar arasında yaxşı hörmət qazandı və ona “Poplikola” – “Xalqın dostu” ləqəbini verdilər.
İndiki prezidentlərin hansısa dost evində yaşaması yolverilməzdir. Hətta onların iqamətgahı müəyyən amillər nəzərə alındıqda, başqa evlərdən seçilə də bilər. Lakin şit dəbdəbə, saray zənginliyinə aludəçilik heç də bu böyük vəzifə sahiblərinin şərəfini yüksəltməyə xidmət etmir. Prezidentlərin yaşayış məkanı orta əsr Avropa feodallarının qalın divarlar arxasında gizlənmiş, su dolu dərin xəndəklərlə əhatə olunmuş möhtəşəm qəsrlərini xatırlatmamalıdır.
Tarix öyrədir ki, demokratiya ilə korrupsiya bir-birinə zidd olduqlarından, birgə yaşaya bilmirlər. Korrupsiya demokratiyanın varlığı üçün ölümcül qorxu törədir. Həm qədim Yunanıstan, həm də Qədim Roma korrupsiya nəticəsində demokratiyadan məhrum oldular. Hər iki dövlətdə seçkilər çox vaxt varlılar tərəfindən satın alınırdı. Axı demokratiya kövrək çiçəyə bənzəyir. Korrupsiya şaxtası onu asanlıqla məhv edir. Qədim Romanı pozan, dağıdan, məhvə yaxınlaşdıran iki səbəb, iki quduz ehtiras var idi. Bunlar ambitio – şöhrətpərəstlik və avaritia – pul düşkünlüyü idi. Bu qüsurların öhdəsindən gələ bilməyən Qədim Roma süquta uğradı.
Demokratiya həm də qanunların aliliyini tələb edir. Qanunlar yalnız ciddi surətdə onlara riayət edildikdə öz qüdrətini saxlamış olur. Demokratiyanın nəfəsi olmayan dövlətlərdə də qanunların icrasına nəzarət çox hallarda ümdə vəzifələrdən biri hesab edilirdi. Bəzi hökmdarlar bunun naminə hətta qəddarlığa da əl atırdılar və xalq tərəfindən bu, ədalət nümunəsi kimi qəbul edilirdi. Persiya çarı Böyük I Dara qanunu kobud surətdə pozmuş hakimlərin dərisini soydurub, bu dəriləri onların kolleqalarını qorxutmaq üçün hakim stullarının üstünə örtük kimi çəkdirirdi. İki min beş yüz illik uzaq keçmişdən yaxın dövrə gəldikdə, müstəmləkəçilikdən azad olmaq ərəfəsində Sinqapurun 1959-cu ildən başlayaraq 25 il ərzində baş naziri olmuş Li Kuan Yu vəzifəsinin icrasına başlayanda üç yüzə qədər rüşvətxoru güllələtdi,bu iyrənc peşəyə digər yiyələnənlər özlərini intihar etməyə məcbur oldular. Hər ikisinin sərtliyi, qəddarlığı yalnız dövlət mənafeyindən irəli gəlirdi. Böyük Dara çoxlu iqtisadi islahatlar aparmış, imperiyasının qüdrətini yüksək zirvəyə çatdırmışdı. Onun dövründə paytaxtı Suzadan Kiçik Asiyanın qərb qurtaracağındakı Sardı şəhərinə 1800 km-lik yol çəkilmiş, ilk dəfə olaraq bu Çar yolunda böyük səmərəiliklə işləyən poçt stansiyaları yaradılmışdı.Həmin qədim rabitənin iş prinsipi indi ABŞ poçt sisteminin devizi kimi qəbul olunmuşdur. Li Kuan Yunun başçılığı altında isə ölkəsi görünməmiş iqtisadi və sosial inkişafa nail olmuş, burada xüsusən Şərqə məxsus olan məmurların təmənna ummasına son qoyulmuşdu.
Bu misallar heç də dəri soymağı, güllələtməyi dirçəltmək çağırışı deyildir. Lakin bu gün qanunlara riayət edilməsinə qayğı, dövətdəki qüsurlara, insanların mənəviyyatının pozulmasına qarşı mübarizə heç də əvvəlki dövrlərdən az əhəmiyyət daşımır. Axı dövlət xaosu rədd edir, məhz qanunlarla idarə olunduqda öz vəzifələrini uğurla yerinə yetirmək imkanı qazanır. Qanunlar işləməyəndə dövlətin dayaqları çürüməyə başlayır. Korrupsiya, rüşvətxorluq isə qanunlara məhəl qoyulmamasının ən dəhşətli nümayişi olmaqla, dövlətə və xalqa ağır iqtisadi, slsial və mənəvi ziyan vurur.
Qədim romalılar “Temporis filia veritas” – “Həqiqət zamanın qızıdır” deyirdilər. Bu qız gerçəkliyin iç üzünü açır və onu düzgün qiymətləndirməyə kömək edir. Xalqın gözü bir qayda olaraq həqiqət meyarı kimi çıxış edir və qüsurlar həddi aşdıqda, adamlar ona qarşı olan müəyyən tolerantlığını da itirirlər. Məmurlar daim belə nəzarət altında olduqlarını unutmasalar, özlərini onları əsir etmiş eybəcərliklərdən xilas etmək üçün vicdanlarını işə salsalar, gerçəkliyin sifətinə vurduqları ləkəni bir qədər təmizləməyə girişərlər.Bu isə cəmiyyətdəki mənəvi, əxlaqi mühitin saflaşmasına müəyyən şərait yaradardı.
Telman ORUCOV



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar