12px14px16px18px

“Ayrılıq” üçün “bomba kimi” mükafat

Sədaqət KAMAL
13:24 / 08.03.2012
Tehranın öz keçmiş əyyamında bülbüllərin cəh-cəh vurduğu Bağe-Firdovs, yəni Cənnət bağı 2012-ci ilin fevralında 30-cu Fəcr kino festivalı qonaqlarını təbiətin təbiətinə uyğun olaraq soyuq qarşılasa da (qar yağırdı), şah Qacar dövrünün bu memarlıq abidəsi uca daş sütunlar üzərində oyulmuş çiçəklərlə onu seyr edənləri, elə beləcə bülbül olmağa çağırırdı. Amerikalı qonaqların “sou vandeful, sou biyutiful (necə möhtəşəm, necə gözəl)” deyə-deyə sarayın pillələrini qalxması mənə beş gün əvvəlki olayı xatırlatdı “Nə ,Tehrana gedirsən? Amerikanlar bir-iki günə oranı bombalayacaqlar. Başın sağ-salamat otur evində (yəni Bakıda)”. Qulaqlarımda cingildəyən bu sözləri yeni tanış olduğum, pillələri əl-ələ verib qalxdığım amerikalı rəfiqəmə Mrs. Tarpleyə desəm, güləcək, yoxsa əsəbiləşəcək; axı mən jurnalistəm, sual verib cavab almaq hüququm var. “Yox danışmasam, yaxşıdır”- deyə fikirləşdim. Ancaq iranlı qızlar sayağı başına hicab örtmüş Mrs Tarpleyə “Qadın vardır ki, ona hicab yaraşmır, ancaq sizin ağlığınız bu hicabda işıq saçır, gözəlsiniz” deməyi münasib saydım. Hicablı Sofi Lorenin gözəlliyini isə göz lazım idi ki, seyr etsin. Bəli, dünya kino ulduzunun əksini də İran İslam Respublikası, 2002-ci ildən etibarən Firdovs bağını İranın kino muzeyinə çevirdiyi bu məkanda gördüm İslam Respublikası və kino. Çoxları bu məqamda İslam və kinonun əkslik daşımasını vurğulamaqdan vaz keçə bilmirlər. Məsələn, bu yaxınlarda İran və Azərbaycan kinematoqrafçılarının birgə çəkdikləri “Tərsinə çevrilmiş dünya” filminin (rej. Ənvər Əbluc) Muğam Mərkəzindəki təqdimat mərasimində filmin ssenari müəllifi Çingiz Abdullayev çıxışında kino ictimaiyyətinin bərk gülüşünə səbəb olan bir açıqlama verdi. “Filmimizdə uzun müddət ayrılıqdan sonra qovuşan ər-arvadın görüş səhnəsini çəkirdik. Onların ilk görüşən adamlar kimi belə bir-birinə yaxın durmasına icazə verilmədi. Lakin cütlüyün məhəbbətini kinematoqrafik dillə təsvir etmək üçün yol tapdıq: Bir tərəfdən qadın, o biri tərəfdən də əri boş qalmış çarpayılarına baxdılar ... ”
Bu məqamda Bakıda keçirilən İran filmləri həftəsində İran rejissoru Kamal Təbrizinin “Şeyda” filmində böyük və ülvi məhəbbətin kinematoqrafik həllini yada saldım. Filmin süjet xətti belədir: İran-İraq müharibəsinin gedişində gözlərindən yara almış İran əsgərinə şəfqət bacısı Şeyda (Qeyd edim ki, Şeyda rolunun ifaçısı da “Oskar” almış “Ayrılıq” filminin qəhrəmanı, İranın gözəl aktrisası Leyla Hatəmidir) hər gün gözlərinə sarğı qoyur və sonra da yatağının başında ona Qurandan surə oxuyur. Əsgər elə bu səsin sehriylə də həyata qayıdır. Filmdə göründüyü kimi, İran kinosunda insanın mənəvi dünyası daha çox qabardılır. Bu halda onların öz aktrisalarını soğan kimi soymağa ehtiyac qalmır.
Namaz qılmağı müsəlmançılığın vacib şərtlərindən biri sayan İslamın İranı bəşəriyyətin mənəvi təmizliyini qorumaq naminə kinosunu namaz üstündə Allaha duaları kimi təqdim edir cəmiyyətə. Niyyəti nə qədər təmizdir, bunu bir özü bilir, bir də Allahı.
“Filmlərində döyüş səhnələrini çəkən bir sıra Amerika rejissorları silah təchizatı ilə bağlı Pentaqondan asılı olduqları üçün onların müharibə planlarından da asılı vəziyyətə düşürlər”. Bu sözləri yuxarıda adı çəkilən Beynəlxalq Fəcr kino festivalı çərçivəsində keçirilən “Hollivudizm və dünya kinosu” konfransında məşhur amerikalı tənqidçi professor Mr Tarpley söyləyirdi öz çıxışında. Bu halda dünya kinosunda iki cəbhənin yarandığı iddiası ilə üz-üzə gəlməmək olmur. Əgər bu gün İran kinosu mənəvi dəyərlərin müdafiəsində durduğunu elə filmlərinin girişindəcə “Bismillahir Rəhmanir Rəhim”lə ifadə edirsə, yəni İslami dəyərlərə söykənərək yaratdığını vurğulayırsa, bu faktın özü artıq kinonun beşiyi sayılan Qərblə qarşıdurma yaradır. İran bu gün Qərb və Amerika ilə soyuq müharibə vəziyyətindədir. Artıq iki ildir ki, İran, İslam İnqilabının qələbəsi münasibətilə təsis etdiyi Beynəlxalq Fəcr kino festivalı çərçivəsində “Hollivudizm və dünya kinosu” konfransı təşkil edir və bu festivala Amerika və Qərb də daxil olmaqla dünyanın bir çox ölkələrinin tanınmış kinematoqrafçıları, politoloq alimlər təşrif buyururlar. Burada bir çox Hollivud filmləri hollivudizm siyasəti, yəni Amerikanın bomba atdığı ölkələrdə özünə haqq qazandırmaq məqsədilə filmlərində pərdələdiyi siyasət tənqid hədəfinə çevrilir. Əksərən pasifistlərin toplaşdığı builki konfransda İranın məşhur aktyorlarından biri, Əhməd Nəcəfi mikrofona gur səslə elə belə də bildirirdi: “Mən Hollivudu sevirəm”. Onun bu nidasında bir həqiqət var idi. Kino sənətkarlarının şöhrət zirvəsi sayılan Hollivud kino industriyasını, həm də onun dünya şöhrətli sənətkarlarını danmaq həqiqətin gözünə dik baxmamaq deməkdir. Yuxarıda adı çəkilən “Hollivudizm və dünya kinosu “ konfransından bir neçə gün sonra Amerika Kino Akademiyası, Hollivudun elə özü İranın dünya kinosuna Allahın adıyla göndərdiyi mesaja cavab verdi: “Oskar”. Bu xəbər Amerikanın İranı bombardman edəcəyi qorxusu ilə yaşayan dünya ictimaiyyətini çaşdırdı. Əslində sözü oynatsaq, elə kino aləmində “Oskar”ın özü mükafatların bombasıdır. Ancaq lap dərinə getsək, bir-birilə soyuq müharibə vəziyyətində olan ölkələrdən birinin digərinə yüksək mükafat verməsi xalq diplomatiyası da sayıla bilər. Sənətkarlar siyasətçilərin işinə qarışmırlar. Onların vəzifəsi sənət incilərini, dənizin dərinliklərinə baş vurub inci axtaran qəvvas kimi axtarıb üzə çıxarmaqdır. Bəs “Oskar” alan Oskar (Əsgər) Fərhadinin “Ayrılıq” filmi incidirmi? Rejissorun özünün müəllifi olduğu ssenarinin süjeti belədir: Cəmiyyətin özəyi sayılan sadə İran ailəsinin dağılması problemini araşdıran filmdəki hadisələr iki ailənin həyat tərzi fonunda verilmişdir. Ailələrdən birinin xanımı qərb yönlüdür, o, təmiz, saf ailəsinin dağılması bahasına olsa belə, Qərbə (filmdə Qərbin adı çəkilməsə də, bu sözsüz də aydındır) köçüb yaşamaq istəyir. Bunun üçün o, ərindən ayrılmaq üçün boşanma iddiası qaldırır, çünki əri öz vətənini tərk etmək istəmir. Qadın isə ərinin icazəsi olmadan 11 yaşlı qızını özü ilə apara bilməz, onun məqsədi qızının gələcəyini, yüksək təhsilini təmin etmək üçün xaricə köçməkdir.
Digər ailə isə kasıbçılıq məngənəsində sıxılır. Bu ailədəki hicablı qadın bütün həyat tərzini şəriət qaydalarına uyğun olaraq qurub. Ərinə sitayiş edir, (yəni onun üçün ərdən boşanmaq yolverilməzdir) eləcə də yalan danışmaqdan qorxur. Lakin ehtiyac, ailəsini nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq istəyi onu məcbur edir ki, hər möhnətini ərinə deməsin. Və nəhayətdə o, iki yol ayrıcında qalır, həqiqəti gizlətmək üçün yalandan Qurana əl basmalıdır, əri də ondan bunu tələb edir. Bu məqamda Qərbə getmək istəyən qadınla yalandan Qurana əl basmaq istəməyən həmin qadının mövqeyi üst-üstə düşür. Həmin qadın da ailəsinin dağılmasına razıdır, ancaq yalandan Qurana əl basmağa yox. İki müsəlman qadını. Birinin imanı vətən xaricində, digərininki Quranda.
Bu maraqlı süjet xətti tək İranda mövcud olan reallıqları deyil, ümumiyyətlə, bugünkü müasir cəmiyyətdə ailədaxili münasibətlərin tərəfləri olan insanların mənəvi dünyasını, psixoloji durumunu zərgər dəqiqliyi ilə canlandırmağa imkan yaradıb. Bu mənada o, realist ekran əsəri nümunəsidir. Filmin bugünkü reallığı əks etdirən bir sonluğu var:Vicdanlı, ailəcanlı ərindən boşanmaq üçün iddia qaldıran Simi ilə Nadiri məhkəmə dindirdikdən sonra onlara çölə çıxıb gözləməyi təklif edir ki, 11 yaşlı qızları ilə söhbət edib onun fikrini öyrənsin; atası ilə qalmaq istəyir, yoxsa anası ilə.
Budur, ekranda Nadir ilə Simi görünür. Uzun məhkəmə dəhlizinin qapıya yaxın sağ divarı tərəfdə biri, sol divarı tərəfdə isə digəri əyləşib. Onları bir-birindən hakimin otağına gedən yol ayırır. Hakimin otağından isə onların qızları çıxmalıdır. Ata və ana öz ciyərparalarının qərarını gözləyirlər. O isə filmin sonuna qədər bu otaqdan çıxmır. Bu məqamda Nadir ilə Simi iki cəbhəyə haçalanmış cəmiyyətin rəmzinə çevrilirlər. Onlar ayrılmaq qərarını versələr belə, ayrılmaq istəmirlər. Çünki onları bir-birinə doğma edən bir qüvvə mövcuddur. O isə hələ də hakimin otağındadır. Görəsən, çıxarılan qərar ikisindən hansı birini pərişan edib ürəyini partladacaq. Beləcə filmin sonuna qədər heç kəsin ürək partlamasının şahidi olmursan.
Mənə elə gəldi ki, Rəhmli Allahın adı nidası ilə başlayan “Ayrılma” filminin sonunda titrlərdə bu sözləri də gördüm, şəxsən öz qəlbimin sözlərini: Allahım, hakimimiz sənsən, biz də nigaranıq, qoyma ki, biz bəndələrin bomba partlamasının şahidi olaq!

Sədaqət KAMAL
sadagatkamal @ yahoo.com



Bu yazı ( 178 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar