12px14px16px18px

Eybəcərləşmiş kapitalizm və “izm”lərə əlvida

Telman ORUCOV
01:28 / 03.03.2012
 
XX əsrin son onilliyində Avrasiya qitəsində yeni dövlətlər meydana gəldi. Onlar sosializm quruluşunun süqutu hesabına yaransa da, öz sələfinin irsi əlamətlərindən bütünlüklə imtina etdilər. Dialektikanın inkarı inkar qanunun tələblərinə əsaslanaraq, vaxtilə sosializmin inkar etdiyi quruluşu yeni keyfiyyətdə həyata gətirmək istəyirdilər. Balıq nəsil vermək üçün şirin sularda kürü tökəndə özünü məhvə atdığı kimi, SSRİ-nin dağılması ilə çoxlu müstəqil dövlətlər həyat səhnəsinə çıxdı. Ana termitin yumurtasından əmələ gələnlər nə qədər ona bənzəyirlərsə, keçmiş fövqəldövlətin bətnindən çıxanlar da o qədər ona bənzəyirdilər.
Keçmiş SSRİ-nin ərazisində baş qaldıran, ərazi və əhali ölçüləri və iqtisadi potensialları ilə bir-birindən fərqlənən dövlətlər dünya birliyi ailəsinə daxil oldu. Yeni dövlətlər elə bil ki, sosializm quruluşuna nifrət ruhu ilə bir-birilə yarışa girişmişdi. Köhnə cəmiyyətin ən qiymətli mirası olan sosial ədalət prinsipi də yaramaz bir xüsusiyyət kimi rədd edildi. Təknədən çirkli su ilə birlikdə uşağın atılması variantı da hakimiyyət nümayəndələrində təəssüf hissi yaratmırdı, guya yeni cəmiyyət sosial məsələlərə tam biganəlik göstərməklə özünün kapitalizmə sədaqətini nümayiş etdirəcəkdir. Əvvəlkindən tam fərqli olan quruluşu yaratmaq həvəsi altında, köhnə cəmiyyətin daşı üzərində daş qalması ehtimalının özü qəbahət hesab edilirdi. Aparılan özəlləşdirmə çox hallarda quldurluq xarakteri daşıyırdı. Xalq müstəqilliyə və totalitar cəmiyyətdən qurtulmağa can atırdı, lakin böyük ümidlər bəslədiyi bu metamorfozadan ilk növbədə özü əziyyət çəkməli oldu. Nisbətən çətinliklərsiz, daha doğrusu ən azı çörək qazanmaq barədə problemi olmadan yaşamağa adət etmiş kütlə birdən-birə görünməmiş ehtiyac girdabına yuvarlandı, yoxsulluğun, aclığın sərt sifəti ilə üzləşməli oldu. Əhalinin xeyli hissəsi, yoxsul həyat tərzinin nə olduğunu anlamağa başladı. Bu ölkələrdə mübadilədə tətbiq edilən pulların denominasiyası əhalinin əmanətlərini, ehtiyatlarını heçə endirdi. İnflyasiya dördnala çalırdı. Rusiyada inflyasiya 1000 faizdən yuxarı qalxmışdı. Keçmiş fövqəldövlətin varisi olan nəhəng bir ölkə 90-cı illərdə iqtisadi, sosial və psixoloji fəlakəti yaşamalı oldu.
Yeni dövlətlər özünü iqtisadi cəbhədə sınamaq, əhalinin ümidlərini doğrultmaq əvəzinə, elə bil ki, öz vəzifəsini iqtisadiyyatı dağıtmaqda görürdü. İqtisadiyyata, birinci növbədə istehsala dəyən böyük ziyan hesabına həmin ölkələrin müstəsna qaydada hamısında gur işsizlər ordusu yarandı. Elə bil ki, insanların yaşaması üçün vacib şərt olan əmək hüququ da yeni quruluş tərəfindən ləğv edilmişdi. Təkcə Rusiyada 12 milyon nəfərlik iş yeri bağlandı, başqa ölkələrdə də müvafiq mütənasiblik mövcud idi.
Əgər SSRİ işsizliyin ləğvi ilə öyünürdüsə, hətta vaxtilə İtaliyan kommunist partiyasının lideri Palmiro Tolyatti (indi onun adını Rusiyanın nəhəng avtomobil zavodu yerləşən şəhər daşıyır) təklif etmişdi ki, sosializmin təbliğində işsizliyin ləğvi ön plana çəkilsə, onda digər cəzbedici xüsusiyyətləri axtarmağa da elə bir ehtiyac olmayacaqdır. Həmin geniş ərazidə artıq işsizlik tufanı tüğyan edirdi.
Əlbəttə, işsizliyin ləğvini mütləq nailiyyət hesab edən quruluş belə münasibətin özündən həm də əziyyət çəkməli olurdu. Cüzi rentabelliklə, hətta ziyanla işləyən çox sayda müəssisələrin mövcudluğuna dözülürdü ki, onların yerləşdiyi yaşayış məntəqələrində əmək qabiliyyətli əhali işlə təmin edilsin. Ona görə də əmək məhsuldarlığı səviyyəsi qabaqcıl ölkələrdən çox-çox geri qalırdı, bu isə iqtisadi irəliləyişin tormozuna çevrilirdi.
Yeni dövlətlər əsasən təkcə aqrar sahədə sosializmin varlığının elementləri olan kolxoz və sovxozları ləğv etmək işini həyata keçirməklə kifayətlənməyib, işləyən fabrik və zavodların bağlanmasına, ləğv olunmasına girişdi. Sonralar səbəb kimi onların istehsal etdiyi məhsulların rəqabətə davam gətirməməsi irəli sürülsə də, bu yolla əhalinin tələbatının bütünlüklə idxal girovu altına düşməsinə heç cür haqq qazandırmaq olmazdı. Çünki iqtisadi asılılıq çox hallarda siyasi asılılığa da yol açır. Axı Böyük Britaniyanın “İst İndiya” şirkəti Hindistanı iqtisadi buxova salmaqla, iri subkontinentin həmin dövlətin müstəmləkəsinə çevrilməsinə şərait yaratdı.
Müstəqil dövlətlərdəki iri sənaye şəhərlərinin bir hissəsi az vaxt ərzində istehsal qəbiristanlığına çevrildi. Təkçə Rusiyada 1992-1998-ci illərdə ölkəyə dəyən maddi ziyan bütün Böyük Vətən müharibəsi illərində dəyən ziyandan 2,5 dəfə çox idi. Fabrik və zavodların fəaliyyət göstərməməsindən əhali həm işçi qüvvəsi, həm də istehsalçı kimi ziyan çəksə də, bu tədbirin, qəribə görünsə də, bircə şeydə faydası oldu – həmin şəhərlərin ekoloji şəraiti xeyli yaxşılaşdı. Çünki ağzı göylərə dikilmiş uca zavod borularından artıq havanı çirkləndirən qazlar çıxmırdı.
Rusiyada, Ukraynada, Belorusiyada qara və əlvan metallurgiya, alüminium zavodları, bir sıra maşınqayırma müəssisələri əsasən yeni texnologiyalar cəlb edilməklə işləməkdə davam etsə də, başqa ölkələrdə onların bağlanma prosesi davam etdi. Hətta elmi-texniki tərəqqiyə xidmət edən, müasirləşməmiş texnologiyaları tətbiq etmək potensialını itirməmiş müəssisələr də belə kor-koranə siyasətin qurbanlarına çevrildi. Bir sıra müasir zavodlar tikinti üçün dəmir materiallar hazırlayan primitiv emalatxanalara, sexlərə çevrildi. Hasilat sənayesinə xidmət edən zavodlar da məhsullarına tələbatın davam etməsinə baxmayaraq, istehsalı dayandırmaq aqibəti ilə üzləşməli oldu. Etiraf etmək lazımdır ki, köhnə müəssisələrin xeyli hissəsi öz məhsullarının keyfiyyəti ilə öyünə bilməzdi, onlar sürətlə mənəvi aşınmalara məruz qalırdılar. Lakin texniki təkmilləşmə və yeni texnologiyaların tətbiqi hesabına, onlara, heç şübhəsiz, yeni nəfəs vermək olardı. Buna iradə və maliyyə resursları lazım idi, bunları isə dövlət öz üzərinə götürməli idi. Təəssüf ki, bu işə cavabdeh olan yüksək vəzifəli məmurlar vaxtilə partiya tədbirlərində böyük şövqlə oxuduqları “İnternasional” himninin vacib tələbi olan “Bütün zor dünyasını biz dağıdacaq, bünövrəsinə qədər, sonra isə   biz yeni dünyamızı quracağıq” prinsipinə başqa rakursda olsa da, təəccüb doğuran bir dəqiqəliklə əməl etdilər. Yeni dünya yaratmaq məqsədi altında hər cür avantüralara da haqq qazandırmaq mümkündür.
Aqrar sahədə isə iri kollektiv təsərrüfatlar dağıdıldıqdan sonra yaranan fermer təsərrüfatları texnika və maliyyə ehtiyatlarına malik olmadıqlarından, bitkiçilikdə və heyvandarlıqda vaxtilə qazanılmış az-çox nailiyyətlər tezliklə sıradan çıxdı, məhsuldarlıq biabırçı şəkildə aşağı yuvarlandı, ümumi istehsal yarım əsr əvvəl mövcud olmuş səviyyəyə düşdü. Onsuz da təbiətdən asılılığına görə risq tələb edən kənd təsərrüfatı əməyi çox hallarda rentabelliyini itirdiyindən, aqrar bölmə ümidin itirildiyi bir istehsal sahəsinə çevrildi. Vaxtilə hər qarışından istifadə edilən əkin sahələri, münbit torpaqlar becərilmədiyindən, baxımsızlıq ucbatından ölü kapitala çevrildi. Bir vaxtlar kənd təsərrüfatı istehsalındakı, şübhəli də olsa böyük nailiyyətləri ilə öyünən aqrar respublikalar bu sahədə acınacaqlı iqtisadi geriliklə, əhalinin rifahının kəskin surətdə aşağı düşməsi ilə fərqlənən məkanlara çevrildilər. Sosializmin ən eybəcər qalıqlarından biri olan statistika, uçot rəqəmləri yenə də köməyə gəldi, mühüm kənd təsərrüfatı məhsulları istehsalı barədəki saxta rəqəmlərin dilə gətirilməsi, əslində idxal hesabına yaranan bolluq görünüşünün mühüm mənbəyi kimi qəbul olunmaqla, “Potyomkin kəndləri” effekti yaratdı.
Bütün yeni dövlətlər kapitalizm istehsal üsuluna keçdiklərini bəyan etsələr də, həmin ölkələrdə bu quruluşa xas olan bəzi cəhətlər –torpağın və istehsal vasitələrinin özəlləşməsi özünü bütünlüklə biruzə versə də – digər mühüm amillər heç də ənənəvi kapitalizmin xüsusiyyətlərinə uyğun gəlmirdi, ona başucalığı gətirmirdi. Sənaye inqilabından start götürən kapitalizm quruluşu bu yeni dövlətlərin çoxunda demək olar ki, öz mahiyyətindən – geniş istehsalın təşkilindən aralı düşdü. İndi bu ölkələr dünyanın əksər guşələrində istehsal edilən malların vitrini rolunu oynayır və idxal hesabına, həqiqətən də əvvəllər mövcud olan total defisitdən əsər-əlamət qalmamışdır. Ticarət obyektlərindəki çeşid rəngarəngliyi izafi bolluqdan xəbər verir. Lakin bu bolluqda öz sənaye istehsalının payı olduqca cüzidir. Bəzən hətta hansısa yerli bir əmtəə nümunəsini tapmaq da müşkül bir işə çevrilir. Bu ölkələrdə kommersiya, geniş ticarət və ictimai iaşə şəbəkələri sürətlə inkişaf etmiş və işçi qüvvəsini absorbsiya etmək sahəsində mühüm vasitəyə çevrilmişdir. İstehsalatda məşğulluğa şərait yarada bilməyən ölkələr xidmət sahələrinin uğurla öz torunu hörməsi hesabına çox sayda iş yerləri yaratmağa müvəffəq olmuşlar. Ehtiyac girdabında boğulanlar üçün ailəyə qazanc gətirmək naminə zəhmətin hara sərf edilməsi elə bir əhəmiyyət kəsb etmir. Fərdlər öz yaşayış tələbatlarını ödəmək üçün bunu məqbul ayırlar. Sotsium isə bütövlükdə təkcə ticarət və iaşə xidməti işçilərindən və musiqiçilər kastasından ibarət ola bilməz. Əgər belə olsaydı, onda bu böyük sotsiumu qaraçı taboru ilə müqayisə etmək olardı.
Bütün bunlar belə bir rəyə gəlməyə əsas vermir ki, guya ənənəvi kapitalizm ideal bir sistem olub, problemlərlə üzləşmir. Bu qətiyyən belə deyildir. Son illərdə kapitalizmin son həddə çatdığı mənzərəsi görünür. O ya dalanla üzləşmişdir, yaxud da böhran çıxılmazlığında ilişib qalmışdır. Obrazlı desək, kapitalizm karvanı səhrada azmışdır, səhrada azmaq isə karvan üçün ən dəhşətli bəladır. Kapitalizm ümumiyyətlə tamahkarlıqla ekiz qardaşdır. Pul hərisliyi, daha çox sərvətə sahib olmaq həvəsi kapitalizmin daim böhranlarla üzləşməsində mühüm amillərdən biri olaraq qalmışdır.
Lakin kapitalizm müəyyən qorxu ilə üzləşdikdə özünü müdafiə etmək, öz varlığını qoruyub saxlamaq üçün yollar axtarmağa başlayır. Almaniyanın görkəmli siyasətçisi, kansler Otto fon Bismark Avropanın ilk dövlət xadimi idi ki, sosial müdafiənin anlaşılan sistemini icad etmişdi – faciəli hadisəyə, xəstəliyə və qoca yaşa görə fəhlələrə sığorta təklif etmişdi. Bismarkın “sosializmi” sonralar Avropanın digər dövlətləri üçün bir nümunəyə çevrildi. Heç şübhəsiz, bunların başlıca təsir gücü inqilaba çağırış mənbəyi olan sosial-demokratlara qarşı silah rolunu oynaması idi. Bismarkın uzaqgörənliyi 1918-ci ilin ölümcül böhranı vaxtı özünü doğrultdu, artıq inqilabi partiya olmasını dayandıran sosial-demokratlar Bismarkın yaratdığı imperiyanı qoruyub saxladılar. Bu Bismark siyasətinin axırıncı və ən gözlənilməyən nailiyyəti idi.
Kapitalizm XX əsrin əvvəllərindən proletar inqilabları qorxusu altında sosial güzəştlərə getməli oldu, əmək haqqı xeyli yüksəldi, iş günü qısaldıldı, istehsal şəraiti yaxşılaşdırıldı. Həmin tədbirlər proletariatın – məfhumun qədim dünyadakı ilkin mənasında olduğu kimi “övladlarından başqa heç bir mülkiyyəti olmayanların” bir sinif kimi tədricən sıradan çıxmasına gətirib çıxardı. Bu həm də istehsalın inkişafına şərait yaratdı. Elmi nailiyyətlər və qabaqcıl texnologiyalar inkişafın lokomotivi rolunu oynadı. Lakin kapitalizm öz qüsurlarından tamamilə azad ola bilmirdi. XXI əsrin əvvəllərində banklar, maliyyə qrupları özlərinin yaratdıqları maliyyə cəngəllikləri, bir-birinə ötürülən kreditlər hesabına pul bazarında çaxnaşma yaratdı. İstehsal inkişafının zəifləməsi və dayanması artan sosial güzəştləri qoruyub saxlamaq, davam etdirmək imkanlarını məhdudlaşdırdı, heçə endirdi. Əksər qabaqcıl kapitalist dövlətlərini maliyyə və iqtisadi böhran bürüdü. Bu böhran dalğası hələ də çəkilmək bilmir və qorxulu perspektivlər xofu yaratmaqda davam edir.
Hər bir dövlət öz ölkəsində sənayenin inkişafına qayğı göstərdikdə, bunu yalnız təbii sərvətlərin hasilatı ilə məhdudlaşdırmamalıdır, elmi-texniki tərəqqiyə və qabaqcıl texnologiyaların tətbiqinə əsaslanan istehsal sahələrinin yaradılmasını özünün ən vacib vəzifələrindən biri hesab etməlidir. Ənənəvi istehsal sahələrini də modernləşdirməklə, onları dirçəltmək olar. Uzaq Şərqdəki və Cənubi-Şərqi Asiyadakı dövlətlər yüksək inkişaf həddinə məhz elmi texniki inqilabın nailiyyətlərindən geniş istifadə hesabına çıxmışlar. Nəinki Yaponiya, Cənubi Koreya, Çin, hətta Malayziya, Tailand, Vyetnam kimi ölkələr də dünyadakı məhsuldar qüvvələrin yerləşdirilməsində özlərinə məxsus olan və hörmət hissi yaradan yerlərə malikdirlər.
Onda bəs postsovet məkanında bərqərar olmuş quruluşu necə adlandırmaq olar? Bəziləri buna Rusiya politoloqlarının təbirindən istifadə edərək, “kumovskiy kapitalizm” – “dostbazlıq kapitalizmi” adını qoymuşlar. Doğrudan da bu ölkələrdə maddi və maliyyə resursları xırda bir qrupun əlində cəmləşdi, onun üzvləri də əsasən dövlət məmurları, onların qohumları və digər yaxınları idi. Onlar klan başçılarına çevrilmiş, rusların ifadəsincə desək, “palçığın içindən knyazlığa yüksəlmişdilər”. Klan başçılarının nüfuzu artdıqca traybalizm də bu şaxələnmiş kök rişələrindən qidalanmağa başladı.
İlkin kapital toplanması vaxtı baş verən qarət əməliyyatları bu adamların böyük sərvət sahiblərinə çevrilməsi ilə nəticələnmişdi. Asan yolla alınan və istədikləri qaydada sərf edilən pul kreditləri hesabına yaranan maliyyə bazası onlara öz güclü mənafe dairələrini formalaşdırmağa şərait yaratdı. Belə şərait həm də korrupsiya və rüşvətxorluğun çiçəklənməsinə gətirib çıxardı. Ənənəvi kapitalizmin təbiətinin bəzi dəyişikliklərə məruz qalması, onun mahiyyətinə əsaslı xələl gətirməsə də, nisbətən dözülən xüsusiyyətlərini eybəcərləşdirmişdir. Belə eybəcərliklər həm də həmin dövlətlərdə avtoritar rejimlərin bərqərar olmasında səbəb və nəticə rolunu oynamışdır.
Avtoritar rejimlərin qvardiyası, dövlətdə mühüm vəzifə kürsüsünə sahib olanlar, elə bil ki, “Faust sınmasına” məruz qalmağa məhkum edilmişdilər. Faust ruhunu İblisə satmışdısa, həmin dövlətlərdəki yüksək vəzifəli məmurlar buna bənzər qaydada özlərini var-dövlət aludəçiliyi bütünə sitayişə həsr etmişlər.
(Ardı var)
Telman ORUCOV



Bu yazı ( 174 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar