12px14px16px18px

Solğun bayraqlar

Emir KALKAN
00:28 / 03.03.2012
(Türkiyə)
 
Avqustun qovurucu istiliyindən gün boyu mürgüləyən asfalt və torpaq yolları geridə qoyub axşamüstü dağların qucağında yerləşən Saimbəyliyə çatdıq.
Xatirə bulaqlarından, daş oyuqlarından sular axır, sürülər çoban səsiylə quzu mələşməsinin bir-birinə qarışdığı yamaclardan enir, qaranquşlar uçuşur, kəndlilər yavaş-yavaş əkin sahələrindən evlərinə qayıdırdılar.
Hava qaralırdı. Günün nəfəskəsən istisi çəkilir, axşamın sərinliyi çökürdü. Dincəlmək üçün sakit bir yer gəzirdim. Maşını saxlayıb, qəbiristanlığın qabağına verdim.
Anadoluda qəbiristanlıqlar həmişə yol üstündə kəndin ya girişində, ya da çıxışında olardı, yanında da bir bulaq.
Bu ucsuz-bucaqsız, dolanbac yollar üzərində hər zaman bircə şey diqqətimi çəkib: iç-içə olan kasıb kəndlər, yiyəsiz qəbiristanlıqlar və bu qəbiristanlıqlarda tərpənib-dalğalanan, solğun, hüznlü, ay-ulduzlu bayraqlar... Üzümü yuyub, dağlardan süzülüb gələn buz kimi sudan doya-doya içim, –deyə maşından düşdüm. Enər-enməz gözüm alaqaranlıqda ora-bura vurnuxan bir qaraltıya sataşdı. O, uzaqdan küləyin qabağına qatıb diyirlədiyi bir kola oxşayırdı. Yaxınlaşıb daha diqqətlə baxdım, şapkasından insan olduğunu anladım.
Yəqin bizi gördü ki, iti addımlarla bizə tərəf gəlməyə başladı. Maraqla ona baxdım. Get-gedə yaxınlaşır, yaxınlaşdıqca da sanki, səfalət bizə tərəf gəlirdi. Köhnə-küləş pencəkdə itib-batmış qoca bir kəndliydi. Sağ qıçı dizdən aşağı yoxuydu. Yeriyə bilmir, qoltuq ağacına söykənərək özünü birtəhər sürüyürdü. Boynundan azuqə torbasına bənzəyən həsir çanta asmışdı. Düz yanımıza qədər gəldi. 
– Salam əleykim! –dedi.
Necə də isti, səmimi və şəfqətli səsi vardı. Salamına təzim edərək cavab verdim.
– Xeyir ola, qardaşoğlu?! Səfəriniz haradı? –dedi.
– Qismət olsa, Ərzincana, –dedim.
– Hmm! Hələ əməlli-başlı yolunuz var. Gəlin bu gecə axşamlayaq, sonra gedərsiniz, –dedi.
Çox duyğulandım. Bu da bütün insanlarımız kimi idi. Anadolu kəndlisi həmişə belə qəlbigeniş, süfrəsi açıq, fədakar olub.
– Sağ ol! –dedim. Çox sağ ol!
– Elə şey olar? Yol qaçmır ki, Allah verəndən bir tikə yeyin, bir stəkan çayımızı için, –dedi.
– Bizi bağışla, –dedim. Hesab elə ki, yeyib – içdik.
Təvazökarlıqla:
– Allah bağışlasın, –dedi. –Qapımız üzünüzə həmişə açıqdı, çəkinib eləməyin, ha!
Yanıqlar və qırışlarla dolu üzünə bir də baxdım. İçim minnətdarlıq hissiylə doldu.
– Başınız sağ olsun! – dedim. Öləniniz varıydı?
– Yox, yoxdu, şükür Allaha!
– Qəbiristanlıqdan gəlirdiz, ona görə dedim.
– Hə! – dedi. Yox, bizim ölümüz yoxdu, amma yatanların hamısı bizim ölümüzdü. Mən qəbiristanlığa hər gün gələr, otları yolar, ağacları sulayar, güllər əkərəm. Gördüyün kimi bu yarımçıq, qoca halıma baxmayaraq bir işə yaramağa çalışıram . 
Utandım.
– Kaş ki, hamı sizin kimi olaydı, –dedim. – Yol boyu çox qəbiristanlıqlar gördüm, hamısı da baxımsız idi.
– Əkin-biçin vaxtıdı, –dedi. Özünə haqq qazandırmadan: –Millət səhər tezdən tarlasına gedib, axşam yorğun –arğın evinə güclə gəlib çıxır.
–Üstəlik, hamısının da şəhid məzarları var idi, –dedim. – Bayraqlardan bəlli olurdu; solğun, hüznlü bayraqlardan. Çox şükür, sizin şəhidiniz yoxdu, deyəsən?!
Birdən həyəcanlandı. Səsini daha da yüksəldərək:
– Var, –dedi. Qürurla: –Əlhəmdülillah ki, var.
– Qəbiristanlıqda bayraq görmədim, ona görə dedim.
– Həə. Dayan.
Sağ əlini təlaşla boynundan asdığı həsir çantasına uzatdı. Qoltuq ağacı sürüşüb düşdü. Çantadan iki dənə bayraq çıxardı. İç-içə bükülmüş ay-ulduzlu iki bayraq.
– On beş-iyirmi gündən bir bunları götürüb aparar, yudurdub, ütülətdirər, sübh azanıyla birlikdə gələr, yenidən ağaclarına taxaram. Səhər mehində sərin-sərin, nazlı-nazlı dalğalanarlar. 
Əllərinə qapanmaq keçdi içimdən.
– Deməli, iki şəhid də sizin var, – dedim.
– İki nədi? –dedi. – İki nədi? Minlərlə şəhid, hamısı da bizim şəhidlərimizdi.
– Allah bəlasını versin o şərəfsizlərin, –dedim. – Yol boyu gördüm və anladım ki, bu iyirmi il ərzində şəhid verməyən kəndimiz qalmayıb.
O zaman səsi daha da gurlaşdı, yüksəldi, qalxdı.
– Olacaq, –dedi. – Olacaq. Ağırdı gəncin ölümü, çox ağırdı. Ya göy yarılıb qiyamət qopub, ya bir gənc ölüb, fərqi yoxdur. Yoxdu, amma bu bayraqlar məzarların üstə dalğalanmalı, bu igidlər torpağın altda yatmalıdır ki, vətən vətən olsun. Yerin altındakılar olmasa, yerin üstündəkilər rahat gəzə bilməzlər.
– Həm də qardaş dediyimiz xainlərin qurşunlarıyla vuruldu şəhidlərimiz.
– Türklər xəyanətə öyrəşib, –dedi. –Neçə-neçə xəyanətlər, neçə-neçə yanğınlardan keçib bu millət, bilmirsənmi? Özünü yenilməz hesab edən neçələrini əzib keçib. Bunlar da əziləcək, bu da bitəcək, bu da sönəcək. Kim Türkə xəyanət edibsə dünyada da , axirətdə də rüsvay olub , olacaq da.
Acıqlıydı.
Əyildi. Birdən iki əliylə yerdən torpağı ovcuna götürüb mənə uzatdı:
– Bunu torpaq hesab edirlər, –dedi. –Bir ovuc boz torpaq... Halbuki, bunun canı var, ruhu var, şərəfi var. Bu dilə gəlib danışar, şahə qalxar, kükrəyər. Bu bir dəfə acıqlansın, bir dəfə ayağa qalxsın, seli boğar, ayı qaraldar, günəşi söndürər, dağları yerlə-yeksan edər. Torpaq köhlən ata bənzər, anaya, yara bənzər, laqeydlik götürməz, xəyanət qəbul etməz. Dəyərini bilməyənlərə zülmü ağırdır torpağın. İnsanı torpaq yetişdirər, torpaq ucaldar. İnsan torpaqda kök salıb, torpaqda boy atar.
Bunu bir ovuc torpaq hesab edirlər. Halbuki, torpaq vətən, vətən namus deməkdir. Bu Xaçın düzünə bir bax, bu ovalıqlar Fransız zülmünü də gördü, Erməni xəyanətini də. Bu düzlərdə qan sel kimi axıdıldı, insanlar oda atılıb yandırıldı, diri-diri boğazlandı, yaşlı-cavan, qız-gəlinlər qətl edildi, ölən öldü, qalan qaldı.
On səkkiz yaşım ya olar, ya olmazdı. Bu ayağı Fransız bombası qopardı. O gündən bəri topal gəzirəm. Fəda olsun! Vətənin yoxdusa, azadlığın yoxdusa, qol-qıçının olmağından nə fayda?! Əsarəti, qırğını, düşmən çəkməsini görməyənlər adi bir taxta beşik sanar vətəni.
Danışdıqca sıra dağlar kimi yüksəldi. Kəsik ayağını da unutdu,qoltuq ağacını da. Nə üzündə yanıqlar qaldı, nə də ki, qırışlar.
Nəhəngləşdi, ucaldı.
Gözlərindən alov çıxan qartala dönüb, qanadını yurdun üzərinə gərdi. Qaranlıqda donmuş kimi dayanan məzar daşlarının hamısı birdən yaşıl geyimli əsgər olub canlandılar. Bulağın nazlı şırıltısı ilə tarixin dərinliklərindən çoşub gələn nal səsləri, qılınc səsləri, at kişnərtiləri bir-birinə qarışdı.
Çevirdi:
Aytən TƏHMASİB



Bu yazı ( 189 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar