12px14px16px18px

Qışı da gözəl, yazı da gözəl – Qars

Pərvanə SULTANOVA
14:27 / 02.03.2012
(Əvvəli ötən sayımızda)

Sarıqamışa iki günlük səfərimizi başa vurub, Ərdahana üz tuturuq. Yol boyu biz, eyni zamanda digər ölkələrdən olan həmkarlarım Sarıqamışın füsunkar təbiətindən ağızdolusu danışırlar. Hər kəs yazda da bu diyara səfər etmək arzusunu dilə gətirir. Yazda Sarıqamış sarı rəngli çiçəklərə boyanır. Sarıqamışın adı da həm bu, həm də həmişəyaşıl, gövdəsi sarı ağacların olması ilə bağlıdır.
Ərdahanın isə yazı çox gözəl olur. Bura adətən turistlər yaz-yay aylarında üz tuturlar. Ərdahana gedərkən bələdçimiz bizə Çıldır gölünü ziyarət edəcəyimizi deyir.

Çıldır gölündə balıq ovu

Bu göl qışda tamam donur, elə dərin buz bağlayır ki, hətta üzərində gəzəndə belə gölün üstündə olduğunu hiss etmirsən. Balıqçılar gölün ortasına kimi gedib buzu qıraraq balıq ovlayır və elə ordaca bişirərək turistlərə təqdim edirlər. Bu mənzərəni təkcə Türkiyənin deyil, dünyanın da bir sıra məşhur simaları ziyarət ediblər.
Van gölündən sonra Şərqi Anadolu bölgəsinin ən böyük gölü hesab edilən Çıldır gölü Ərdahan şəhərindən 45 km məsafədə, dəniz səviyyəsindən 1959 metr yüksəklikdə yerləşir. Çölün ümumi sahəsi 123 kvadrat kilometr ərazini əhatə edir. Şirin suyu olan Çıldır gölündə 16 fərqli balıq növü yaşayır. Burada həm yaz, həm də qış aylarında balıq ovlamaq mümkündür.
Gölün içərilərinə doğru getdikcə Akçakala adasının gözəlliklərini görmək mümkündür. Qış fəslində bu o qədər hiss edilməsə də, yaz və yay aylarında bölgəyə səfər edən turistlər mütləq bu yerə baş çəkirlər. Adada bir çox quş növlərinə də rast gəlinir.
Biz Çıldır gölünə çatanda havanın şaxtalı və soyuq olmasına baxmayaraq, gölün üzərində balıqçılar gözə dəyirdi. Qış olanda gölün üzərində 1 metr qalınlığında buz təbəqəsi əmələ gəlir. Amma bu, balıq ovu həvəskarlarını qətiyyən narahat etmir. Onlar bu buz qatını deşərək altından balıq ovlayırlar. Üstəlik, arzu edənlər gölün üzərində atlara qoşulmuş xizəklərlə sürüşə bilirlər. Biz də bu fürsəti əldən vermədik. Sonra isə gölün lap yaxınlığında yerləşən “Atalayın yeri” kafesində göldən tutulmuş balıqların dadına baxdıq. Yeri gəlmişkən, qeyd edim ki, ilin bütün fəsillərində buraya gələn turistlərə bu xidmətlər təklif edilir.

Qafqazın qapısı- Ərdahan

Yuxarıda qeyd etdiyim kimi Ərdahan yazda çox gözəl olur və bura Türkiyənin cənnəti sayılır. Ərdahanda eyni adlı məşhur qalanı ziyarət etdik. Bu qalanın tarixi məlum olmasa da, ehtimallara görə, Səlcuqlar zamanında inşa edilib. Hazırda qala divarları bərpa edilir.
Qeyd edək ki, vaxtilə bu yer Qars bölgəsinin mərkəzi olub. Ərdahan dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir və burada turizm sahəsi yeni-yeni inkişaf etməyə başlayıb: “Ərdahanda əhalinin əsas məşğuliyyəti heyvandarlıq və bitkiçilikdir. Amma biz burada turizm sahəsini də inkişaf etdirmək niyyətləri var. Amma Ərdahan qış turizmi üçün də əlverişli imkanlara malikdir. Ona görə də ərazidə böyük bir dağ-xizək turizm mərkəzinin inşası aparılır. Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və bunun üçün qurum tərəfindən 10 milyon avro ayrılıb. Mərkəzdə Türkiyədə ən uzun kanat yolu tikiləcək. Bu yolun uzunluğu 5 kilometr olacaq.
Ərdahan həm də Qafqazın qapısı hesab edilir. 500 min hektarlıq sahəni əhatə edən Ərdahan vilayətində 1600 növdə bitkiyə rast gəlmək mümkündür. Burada irili-xırdalı 12 çay yatağı, müxtəlif balıq və quş növləri var. Bütün bunlarla yanaşı, qədim tarixə malik mağaralar, qüllələr, qalalar bu diyarı eyni zamanda təbiət və mədəni turizm həvəskarları üçün də sevimli məkana çevirir. Ərdahanda arıçılıq geniş inkişaf edilib. Arılar 300-dən artıq bitki növündən şirə çəkə bilir. Ona görə də buranın balı artıq brend kimi tanınır. Hər ilin avqust ayında Ərdahanda beynəlxalq bal festivalı keçirilir.
F.Göksoy qeyd etdi ki, yaz və yay aylarında Ərdahanın bir ayrı gözəlliyi var: “Bu mövsümdə Ərdahana gələn turistlərə meşə gəzintiləri, müxtəlif tarixi abidələrə turlar, Çıldır gölündə qayıqla səyahət təklif edilir. Vilayətdə ümumilikdə 20-yə yaxın hotel fəaliyyət göstərir. Bir neçə hotelin tikintisi də davam edir. Bir sözlə, cənnət görmək istəyən yayda Ərdahana gəlsin”.

Qars Muzeyində

Qars şəhəri Türkiyənin ən qədim şəhərlərindən biridir. Bu şəhərin tarixi e.ə. 130-cu ildən başlayır. Tarixin müxtəlif dönəmlərində Qars Hurrilərin, Urartuların, Skitlərin, Partların, Sasanilərin, Romalıların, Bizanslıların, Səlcuqların, Ağqoyunluların, Qaraqoyunluların və Osmanlıların hakimiyyəti altında olub. Elə buna görə də burada müxtəlif mədəniyyətlərin nümunələrinə rast gəlmək mümkündür. Bunun ən bariz nümunələri isə Qars Muzeyində toplanıb. Muzeyin əsası 1959-cu ildə qoyulsa da, 1981-ci ildən fəaliyyət göstərir. Muzeydə 9 bölmə var. Arxeoloji bölmədə daşdan hazırlanmış əl baltaları, çaxmaqdaşı, deşici və kəsici alətlər, 2 milyon il əvvəl yaşamış dinozavr sümükləri və s. sərgilənir. Bundan əlavə, muzeydə Qədim Tunc dövr əsərləri, Etnoqrafiya salonu, Urartu dövrü əsərləri, Sikkələr, Roma və Bizans dövrü əsərləri, Səlcuq dövrü əsərləri və s. bölümlər mövcuddur.
Səfərimizin 4-cü günü Qars Muzeyini ziyarət edirik, burada 2 min eksponat toplanıb. Sonra yenidən İqdır vilayətinə doğru hərəkət edirik. Yolumuz Ağrı dağının ətəyində yerləşən İsaq Paşa sarayınadır.

İsak Paşa sarayında

Bu saray haqqında tarixdən oxusam da, onu canlı görmək təəssüratlarımı daha da zənginləşdirdi. Həm də onu da öyrəndim ki, bu sarayda dünyanın ilk qızdırıcı sistemindən istifadə edilib. Başqa bir özəlliyi isə burada yerləşən camının sütunsuz olmasıdır. Yeganə olaraq sarayda camının qapısından əyilərək içəri keçilir. Bu da insanların Allaha olan sevgisi və inamı ilə izah olunur.
İsak Paşa sarayı zəngin arxitekturasına görə, Turkiyədəki tarixi abidələr içərisində özünəməxsus yer tutur. Memarlıq baxımından türk saraylarına bənzərliyi olan sarayın əsası 1685-ci ildə İsak Paşanın atası Çolak Abdi Paşa tərəfindən qoyulub. Amma tikinti 1784-cü ildə oğlu İsak Paşa tərəfindən sona çatdırılıb. Qayalıqlar arasında tikilən sarayın sahəsi 7600 kvadrat metrdir. İsak Paşa sarayı dünyanın ilk qızdırıcı sisteminin istifadə edildiyi məkan kimi də tanınır. Binadakı kanalizasiya, su və istilik sistemləri hələ də qalır. Saray 116 otağı, türbəsi, məscidi, divarları, divan və hərəm salonları, daxili və xarici avluları ilə qartal yuvasına bənzədilir. İsak Paşa sarayında 4 zindan var. İç-içə yerləşən bu zindanların sonuncusu ən qaranlığıdır. Tarixçilərə görə, bu zindan ağır günahı olan insanlar üçün nəzərdə tutulub. Amma burada maraqlı bir məqamı da nəzərə çatdırım ki, zindan təxminən 50 nəfər üçün nəzərdə tutulub. Bu da orta əsrlərdə Böyük İpək Yolu üzərində yerləşən məkanda insanların qanunlara əməl etməsi ilə izah olunur.

Burada yerləşən bütün otaqlara

Hazırda təmir-bərpa işləri aparılan İsak Paşa sarayı bölgəyə gələn turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir.
Bizim yolumuz isə Ani şəhərinə idi. Ani maraqlı məqamları ilə tarixdə qalıb. Ermənilərin öz adlarına çıxmaq istədikləri və orta əsr tikilisi sayılan bu şəhər haqqında tarixdə bir neçə mənbədən məlumatlar var.
(Ardı var)

Pərvanə SULTANOVA
Bakı-Qars-Bakı




Bu yazı ( 205 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar