12px14px16px18px

Rusiyanın tənəzzül və dirçəliş erası

Telman ORUCOV
03:02 / 28.01.2012
(Əvvəli ötən şənbə saylarımızda)

Putinin dövründə dövlət siyasətinin bütün qüsurlardan azad olduğunu iddia etmək də gülünc görünə bilər. Bu dövlətin “anadangəlmə ləkələri” olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə şüarı dəfələrlə ən yüksək vəzifə sahiblərinin nitqindən səslənsə də, onu nəinki ram edib, diz çökdürmək, heç cilovlamaq da mümkün olmamışdır. Burada dövlət vəzifəsinin icrasının qanundan kənar biznes fəaliyyəti ilə çuğlaşması kimi biabırçı proses yenə də bütün genişliyi ilə davam edir. Bəzi məmurlar öz vəzifələrinə korrupsiya, rüşvət mənbəyi kimi baxır və qısa müddətdə qanunsuz yolla qazanılmış, dələduzluq yolu ilə əldə edilmiş böyük sərvətə sahib olmuşlar. Putinə vaxtilə yaxın olduqlarını gözə soxanlar da oliqarxlara çevrilmişlər və bu onun tənqidçilərinə kəskin ittihamla üçün əlavə mövzu verir. Beynəlxalq təşkilatların müşahidələrinə görə korrupsiyanın şiddətinə görə Rusiya dünya dövlətləri arasında alçaldıcı yerlərdən birini tutur və bu sahədə “rekord” göstəricilərə yiyələnən MDB dövlətləri ilə demək olar ki, bir sırada dayanır. Ailənin üzvləri bu ailəyə xas olan qüsurlardan yaxa qurtarmaq səyindən çox uzaqdırlar. Bu ailədən uzaqlaşmış Gürcüstan isə həmin bəladan əsasən xilas olmağı bacarmışdır.Siyasətinə heç də birmənalı yanaşılmayan Mixail Saakaşvili rüşvətin və korrupsiyanın uzun tarixi dövr ərzində gur çiçək açdığı bir ölkədə bu zəhərli sosial alaq otunu kökündən dartıb çıxarmağı, vətəndaşlarını rüşvətin amansız işgəncəsindən xilas etməyi bacarmışdır.
Korrupsiya və rüşvətxorluq metastazı Rusiyanın bədəninə yayılıb, onu içəridən didib dağıtdığı kimi, həm də ölkənin xeyli dərəcədə kriminallaşmasına yol açmışdır. Oliqarxlar və kriminal ünsürlər, çox güman ki, birgə yaşamağı (bunu heç də “dinc yanaşı yaşamaq” adlandırmaq olmaz) məqbul hesab edirlər, çünki iqtisadiyyatın və kommersiyanın hər iki aktyoru sərvət ələ keçirməyə cəhd edir və bu prosesdə bəzən rolların dəyişilməsi də baş verir. Axı bu səhnə xadimlərinin başqa şəkilə düşmələrinə də ehtiyac yoxdur, çünki mafioz hansı ad altında tanınsa da, onun mahiyyəti dəyişilməmiş qalır.
Rusiyada oliqarxların əksəriyyəti təbii sərvətlərin hasilatı və emalı üzərində öz imperiyalarını yaratmışlar. Neft və qaz kompaniyaları, qara və əlvan metallurgiya müəssisələri, daş kömür mədənləri, meşə materialları istehsalı və satışı misli görünməmiş sərvət sahiblərinin iri dəstəsini meydana gətirmişdir. Rusiya sənayesinin diversifikasiyası daha çox arzu olaraq qalır. Rusiyanın neft və qaz iynəsi üstündə oturmasını (bu ifadə əsasən narkomanlar barədə işlənir) bəyan edənlər heç də yanılmamışlar, ölkənin ixracının 40 faizini məhz həmin karbohidrogenlər təşkil edir. Rusiya iqtisadiyyatının bu “axilles dabanı” daim özünü yada salır.
Maşınqayırma, elektronika, müasir avadanlıqlar istehsal edən sənaye sahələri isə iqtisadiyyatın yetim övladı kimi ömür sürməkdə davam edirlər. Avtomobil sənayesindəki modernləşmə isə məşhur xarici kompaniyaların filial zavodlarının yaradılması ilə yekunlaşır. Aviasiya sənayesi mülki təyyarələr istehsalı sahəsində, bir istisna nəzərə alınmaqla tənəzzülə uğramışdır. Vaxtilə texnoloji modernləşmənin lokomotivi sayılan hərbi-sənaye kompleksi də öz mövqelərini və tarixi ənənələrini itirmişdir. Rusiya hərbi texnika və silah idxal edən dövlətə çevrilmişdir, bağlanmış bir sıra ixrac müqavilələri isə sonradan təftişə məruz qalır və texnikanın keyfiyyəti ucbatından ləğv edilir.
Fransadan vertolyot daşıyan “Mistral” hərbi gəmilərinin alınması, həmçinin pilotsuz təyyarələrin və məşhur AK-47 avtomat tüfənglərindən imtina əsasında bu sinifdən olan daha modern silahın satın alınması barədəki ideyalar idxal məsələlərinə diqqətin artmasından xəbər verir. Əgər əvvəllər SSRİ-də müxtəlif yollarla təyyarələrin və raketlərin içini doldurmaq üçün elektronik cihazlar əldə etmək başlıca məsələ sayılırdısa, indi Rusiyada bütövlükdə mülki aviasiya üçün əsasən “Boinq” və “Aeorobus” təyyarələrinin satın alınması ilə problemin asan, lakin böyük xərclərlə başa gələn həll yolu seçilmişdir. Belə siyasət onsuz da xoş günlərini yaşamayan aviasiya sənayesinin taleyini daha böyük şübhə altında qoymamış deyildir.
Prezident Dmitri Medvedyev ABŞ-da olarkən Kaliforniyadakı Silikon vadisindəki elmi tədqiqatlar kompaniyalarının fantastik təsir bağışlamasından heyrətə gələrək, vətənə qayıdan kimi Skolkovo elmi mərkəzinin yaradılmasına əlavə təkan vermiş və bu təşəbbüsün reallaşmasına külli miqdarda vəsait ayrılmışdır. Rusiya belə xərcləri ödəmək iqtidarındadır, çünki neft və qaz satışı ölkəyə ağlasığmayan valyuta çayının axmasına səbəb olmuşdur. Bu pulu istənilən məqsədə xərcləmək olar, lakin hər şeyi pulla əldə etmək mümkün deyildir. Son iki onillikdə və ondan bir qədər əvvəl Rusiyadan qərbə görünməmiş “beyin axını” baş vermişdir. Gənc istedadlı insanlar məhz bu imkan vasitəsilə özlərini realizə və təsdiq etmək yolunu seçmişlər. Ona görə də yeni mərkəzə hay-küy donu geyindirmək mümkün olsa da, bu ideyanın da bir nəcib niyyət olmaqdan uzağa gedəcəyinə inanmaq çətindir. Əgər Rusiyanın modern elmi-sənaye sahəsi sayılan “Nanotexnologiya” şirkəti uğurları sırasında kəşf etdiyi yeni İliç lampasının 40 il ömür sürəcəyinə qarantiya verməklə öyünürsə, onda görən yeni məqsədə xərclənən milyardlar ölkəni hansı üzdəniraq nailiyyətlərlə sevindirəcəkdir.Yoxsa, yenə də “Dağ siçan dogmuşdur” ifadəsini yada salmaq lazım gələcəkdir.
Rusiya indi bütün problemlərini kənara qoyub, qarşıdakı prezident seçkiləri üzərində diqqətini cəmləşdirir. Hər iki tərəf – həm iqtidar, həm müxalifət öz əzələlərini nümayiş etdirmək üçün müxtəlif vasitələrə əl atır. Lakin cəmiyyəti az qala düşmən timsallı cəbhələrə parçalamaq, xaosa cəlb etmək, ölkənin ümdə mənafelərini əsas götürdükdə, heç də öyünüləsi bir iş deyildir. Rusiya zamanın daha böyük çağırışı qarşısında dayanmışdır, bu da sənayenin modernləşdirilməsi, iqtisadiyyatın müasir elmi-texnoloji reyslər üzərinə keçməsidir. Daha çox pul əldə etmək üçün təbii sərvətləri artan sürətlə hasil etmək ölkənin gələcəyinə zərbə vurmamış qalmır, axı bu sərvətlər həm də sonrakı nəsillərə çatan bir irsdir. Qısa müddətdə yerin təkindən onları çıxarmaqla, bu mənbəyi tükəndirmək xalqın gələcəyinin imkanlarını məhdudlaşdırmağa xidmət etdiyindən, mövcud nailiyyətlərin astarına da diqqət yetirmək tələb olunur. Axı həmin sərvətlər bərpa olunmayanlar sırasına daxildir və quyular boşaldıqdan sonra təbiət heç də həmin məhsuldar plastı yenidən doldurmaq əziyyətinə qatlaşmayacaqdır.
Rusiya iqtisadiyyatının son onillikdəki dinamikası əsasən göz oxşayan rəqəmlərdə ifadə olunduğundan razılıq hissləri yaratmamış deyildir. Lakin başlıca olaraq təbii sərvətlər hasilatına əsaslanan nailiyyət bir növ “Pirrin qələbəsini” andırır, heç də hərtərəfli inkişafı əks etdirmir. Belə bir şəraitdə yenidən prezident seçilmək ehtimalı reallaşdıqda, Putin iqtisadi və maliyyə böhranının əzablarından zəif olmayan çağırışların diktatı ilə üz-üzə gələcəkdir. Qloballaşma, dünya iqtisadiyyatına hərtərəfli inteqrasiya özünün güzəştə gedilməyən tələblərini irəli sürəcəkdir. Dünya Ticarət Təşkilatına bu yaxınlarda qəbul edilən üzvlük də, Rusiyadan qabaqcıl sənaye ölkələri ilə rəqabətə davam gətirmək qabiliyyəti tələb edəcəkdir. Bunu neftin və qazın satışından əldə edilən milyardlar avtomatik olaraq həll edə bilməyəcəkdir. Çünki buradakı oyun qaydaları da tam başqa şəkildə olacaqdır.
Bu gün Putinin üzərinə həm daxildəki müxalifət qüvvələrindən, həm də xaricdən olan həmlələrin şiddəti artmışdır.On ildən artıq bir müddətdə yupiter lampalarının gur işığı altında dayanmaq asan məsələ deyildir. Bu işıq şiddəti ilə rentgen şüaları kimi adi gözə görünməyənləri də diqqətə təqdim etməyi bacarır və bundan tənqidçilər bol-bol istifadə edirlər. Onlar yalnız həqiqəti söyləyəcəkləri barədə and içmədiklərindən, sərbəstliyin dərəbəyliyindən istifadə edərək hər cür vasitələrə əl atmaqdan belə çəkinmirlər. Həqiqət yalanla, faktlar uydurmalarla elə qatı şəkildə qarışdırılır ki, bu vaxt istənilən nöqteyi-nəzəri əsaslandırmaq mümkün olur. Bəzən Putinin portretini çəkmək üçün tutqun rənglər qabaqcadan qarışdırılır və böyük ispan rəssamı Fransisko Qoyya “Kral IV Karlın ailəsi” portretində personajların sifət cizgilərində onların mənəvi eybəcərliklərini ustalıqla təsvir edirdisə, müasir psevdorəssamlar karikaturaya daha çox meyl etdiklərindən, öz fantaziyalarına güc verməyi unutmurlar. Axırıncıların yeganə məqsədi budur ki, yaxmanın hər biri, təsvir edilən obrazın ikrah hissləri təlqin etməsinə xidmət göstərsin. Bu ikrahdan isə yalnız nifrət hissləri qalxa bilər.
Haqlı və haqsız bütün hücumlara baxmayaraq Putin özünü cəsarətli aparır, ambitsiyasını gizlətmək, ört-basdır etmək meyli hiss etdirmir. O, yaxşı başa düşür ki, şeytan təsvir edildiyi qədər qorxulu deyildir, əleyhdarlar dəstəsi elə böyük olmadığı kimi, vahid cəbhə şəklində çıxış etməkdən də çox uzaqdır. Putinə qarşı olan qüvvələrin bir-birinə olan mənfi münasibəti öz hədəflərinə olan münasibətdən heç də geri qalmır. Onları yalnız Putinə qarşı çıxış etmək istiqaməti birləşdirir, məslək və prinsiplərə gəldikdə, onlar bir-birlərini nəinki qəbul etmirlər, hətta bu konqlomeratın hər bir üzvü öz müttəfiqlərinə istehza ilə, yuxarıdan aşağı baxır. Onların belə rəng müxtəlifliyi və fərqli məcralara üz tutması Putinə qarşı hücumların şiddətini zəiflətməmiş qalmır, bu qalanın elə bir istehkam xüsusiyyətləri də nəzərə çarpmır. Digər parlament partiyalarının liderlərinə gəldikdə, onlar ciddi müqavimət mənbəyi kimi qəbul edilmir. Çünki onların toplayacağı səsin miqdarı xəta əmsalı nəzərə alınmaqla əvvəlcədən məlumdur. Həm də onların uzun müddət ərzində yaxşı xidmət etmiş relsdən uzaqlaşması gözlənilmir. Ona görə də hansısa fövqəladə hadisə baş verməsə, seçkilərin necə yekunlaşacağına elə bir şübhə yeri qalmır.Seçkilərin keçirilməsi isə daha ciddi nəzarət altında olacaqdır.Parlament seçkilərindəki pozuntulara yenidən yol verilməməlidir, çünki yeni seçilmiş prezidentin legitimliyinə seçki xətaları müəyyən kölgə sala bilər.
Rusiya bizim şimal qonşumuz olmaqla, dünya dövlətləri ailəsində nüfuzlu mövqeyə malikdir. Azərbaycanı Rusiya ilə eyni imperiyada iki əsrlik birgə yaşamaq tarixi birləşdirir. Uzun bir dövr ərzində azərbaycanlılar üçün rus dili Qərbə açılan bir pəncərə, Qərb sivilizasiyasından faydalanmaq üçün körpü rolunu oynamışdır. Rusiyanın demokratik yolla inkişaf etməsi, qüdrətinin artması, həmçinin bu ölkədə sabitliyin bərqərar olması bizim gənc dövlətimiz üçün heç də kiçik əhəmiyyət kəsb etmir. Gürcüstanın keçmiş lideri Eduard Şevernadze kimi təbiəti təkzib edərək, riyakarcasına deyə bilmərik ki, “Günəş Şimaldan doğur”. Belə hiperbola heç ona ünvanlanan ölkəyə də şərəf gətirmir. Bu metaforadan istifadə edərək, demək istərdik ki, qoy bizə şimal qonşumuzdan soyuq münasibət küləyi əsməsin, iki xalqın yaxınlığının hərarəti daim bahar günəşinin şəfqətli təsiri ilə müqayisə edilə bilsin.
22.12.2011

Telman ORUCOV





Bu yazı ( 246 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar