12px14px16px18px

Kəndin şeiriyyəti

Vaqif YUSİFLİ
02:34 / 28.01.2012
Vaxtilə “kənd nəsri” deyilən bir ifadə vardı və çox zaman kənddən, orada yaşayan insanların gün-güzəranından, sosial qayğılarından, adət-ənənələrindən, duyğu və düşüncələrindən bəhs edən əsərlər bu bölgü altında təhlil olunurdu. Təbii ki, şərti mənada anlaşılan bu ifadə müəyyən dərəcədə doğru idi. Belə ki, kənddən yazan nasirlərin əsərlərində spesifik xüsusiyyətlər, yəni kəndin özünəməxsus koloriti, təbiəti və təsərrüfat həyatı, kənd adamının psixologiyası, düşüncə tərzi diqqəti cəlb edirdi. Biz bunu Əli Vəliyev, Süleyman Rəhimov, Sabir Əhmədli, İsa Hüseynov, Əkrəm Əylisli kimi görkəmli yazıçıların əsərlərində bütün çalarlarıyla hiss etmişik. Əli Vəliyevin xalq ədəbiyyatından, folklordan gələn nəfəsi, kəndin adət-ənənələrini dərindən bilməsi, Süleyman Rəhimovun bənzərsiz xarakterlər yaratması, inqilabdan əvvəl və inqilabın ilk illərində kənddə gedən ictimai-siyasi prosesləri əks etdirməsi, Sabir Əhmədlinin sovet dövrü kəndində baş verən sosial narazılıqları, yeniliklə köhnəliyin mübarizəsini bütün çılpaqlığı ilə canlandırması, İsa Hüseynovun müharibə dövrü və müharibədən sonrakı illərin faciələrini qabarıq tərzdə nəzərə çarpdırması, Əkrəm Əylislinin isə nağılvari konteksdə, şirin təhkiyə yolu ilə öz qəhrəmanlarının kəndə bağlılığını əks etdirməsi nəsrimizdə bir çox uğurlu bədii nümunələrin yaranmasına səbəb oldu. Novruz Nəcəfoğlu da kənddən yazır və öz sələflərinin ənənəsini davam etdirir.Onun təsvir etdiyi kənd həm otuz-qırx il bundan əvvəlki kənddir, həm də bu müddət ərzində dəyişən, yeniləşən, ancaq öz simasını itirməyən bir kənddir. Bu kənddə yaşayan insanların əsas peşəsi maldarlıqdır, qoyunçuluqdur, camaat bununla öz ruzisini, gün-güzəranını təmin edir.Ancaq geridə qalmış, patriarxal bir kənd də deyil. Mədəniyyət, sivilizasiya öz təsirini burada da hiss etdirir. Lakin müəllifi düşündürən əsas məsələ insanların bir-birinə münasibətidir, şəhərlərdən uzaq olan, əkinlə, biçinlə, maldarlıqla, bir sözlə, təsərrüfatla məşğul olan adamların içindəki işıqlı duyğulardır.
Söhbətimə müəllifin “Bu dərənin uzunu” povestindən başlamaq istəyirəm. Bu povestdə N.Nəcəfoğlu iki yaşlı insanın-Əhliman və İbrahimin görüşünü təsvir edir. “Dağların belində qərar tutmuş, arxasını şiş qayalara söykəmiş..ağ şəhərə-dostu İbrahimə qonaq gələn Əhliman kişi bir kəndli səhmanı ilə pay-püşünü həyətdə boşaldır, onu hörmətlə içəri dəvət edirlər.Hələ dostu gəlib çıxmayıb, o gələnə qədər isə biz qonağın uşaqlıq və gənclik illərinin acılı-şirinli xatirələri ilə tanış oluruq. O, ömrünü-gününü kənddə-kəsəkdə, dağlar qoynunda keçirib, çoban olub. Ümumiyyətlə, ədəbiyyatda çobanların məişəti, özünəməxsus spesifik peşə məşğuliyyətləri ilə bir çox əsərlərdən tanış olmuşuq. Xüsusilə, Mövlud Süleymanlının povest, roman və hekayələrindəq. N.Nəcəfoğlu da bu povestdə belə təsvirlərə az yer ayırmayıb. “Əlində sərinc, qazan, vedrə tutan qız-gəlin, arvad-uşaq hamısı heyvanın yataq yerinə axışır. İstədiyi qədər bol süd sağa bilməyənlərdən çobanı yamanlayanlar, “pis otarmısan” deyənlər, yaxud “sağ ol, heyvana yaxşı baxmısan” deyə alqış edənlər də olur. Bu gün də qız-gəlinlə dolan yataq sanki bəzənmişdi. Arxacın içində əmişə can atan quzuların, çəpişlərin mələrtisindən də qulaq tutulurdu”. Hiss olunur ki, N.Nəcəfoğlu bu səhnələri, çoban həyatı ilə bağlı bu təsvirləri real müşahidələri əsasında qələmə alıb. O, öz qəhrəmanını da bu peşəyə, çölçülük-çobançılıq həyatına vurğun bir obraz kimi təsvir edir. İllər keçir, həyatda hər şey dəyişir, lakin Əhliman kişi dəyişmir. O, harada olursa-olsun dağ adamıdır, çobandır və bununla fəxr edir. Amma müəllif onu təkcə bir çoban kimi, yəni öz peşəsinin vurğunu kimi təsvir etsəydi, obraz yarımçıq təsir bağışlayardı. Elə bu səbəbdən müəllif Əhlimanın xatirələr dünyasından bir-iki epizodu təqdim etməklə onun xarakterinin işıqlı cizgilərini açıqlayır. Yuxarıdakı təsvirdən sonra məlum olur ki: “Beləcə bu mənzərəni seyr edən Əhlimanın diqqətini tay-tuşlarının arasında nazlana-nazlana yeriyən, başı örtüksüz, saçları gərdəninə tökülmüş, incə qamətli, yanaqları lalə kimi alışıb-yanan bir qız cəlb etdi. Ürəyindən nəsə qəfil bir qığılcım keçdi”. Ancaq bu eşq alovu sonadək davam eləmir, uğursuz olur və illər boyu Əhlimanın unuda bilmədiyi acı xatirəyə çevrilir.
Povestdə retrospektiv üsula da müraciət olunub. Belə ki, müəllif Əhlimanın uşaqlıq və ilk gənclik illərindən müəyyən epizodları təqdim edir,bunlar da onun xatirə dünyasının zənginliyindən xəbər verir. Onun İbrahimlə dostluğu povestin ən maraqlı səhifələrini təşkil edir. İbrahimin nəvələri maraqla Əhliman kişinin söhbətinə qulaq asırlar. Kənddən gələn bu çoban baba onlar üçün “Notbuk” qədər maraqlıdır. Bir neçə saatlıq görüşdə uşaqlar Əhliman kişinin dilindən elə sözlər eşidirlər ki, məcbur olub bu sözlərin mənasını öyrənməyə can atırlar. Ən əsası odur ki, bu bir neçə saat ərzində şəhərin bu kommunal otağı kənd koloritinə bürünür. Vaxtilə Əhlimanın təsiriylə İbrahim də az qala dərsi, məktəbi buraxıb çoban olacaqdı. Ancaq müəllimləri və İbrahimin anası onun elmə böyük marağının sönməsinə yol vermirlər.İbrahim indi məşhur bir alimdir, Əhliman isə çoban..amma “hər hansı var-dövlət sarsılmaz dostluğun yanında mənasız görünür”. Müəllifin povestdə təbliğ elədiyi ideya bundan ibarətdir.
N.Nəcəfoğlunun “Çarəsiz yolçu” povesti isə, mənim fikrimcə, onun nəsr əsərləri içərisində ən sanballısıdır,-desəm, səhv etmərəm. Bu povesti ilk dəfə 2011-ci il “Azərbaycan” jurnalının 2-ci sayında oxumuşam. Əgər birinci povestdə (“Bu dərənin uzunu”) təsvir olunan obrazlar hardasa natamam təsir bağışlayırdısa (məsələn, Əhlimanın ancaq xatirələr işığında düşüncələrə dalıb müasir kəndin problemləri barədə geniş söz açmaması və s.), “Çarəsiz yolçu”da bütün diqqət Qıztamama ananın xarakteri üzərində cəmləşir. Qıztamam kimdir? Bir elat qadını. Bu elat-köç əhli mal-qara naxırlarını, qoyun sürülərini qışlaqdan yaylağa aparırlar. Qıztamam bir xaral yunu yaddan çıxardığını bilib, təzədən geriyə qayıdır. Əhvalat da elə bunun üstündə qurulur. Obaya qayıdanda isə artıq onda can qalmamışdı. Qızı üçün cehizlik yorğan-döşək tutmaq niyyətilə yığdığı yunun itəcəyini güman edib geri qayıdan Qıztamam yolda yorulub əldən düşür, yolda qızıl ilanla da üzləşir.Obada qalan adamlar ona kömək edib öz elatına çatdırırlar.
Müəllif bu fədakar ananın yolboyu düşüncələrində ailəsi, xüsusilə, əri Məmişdən də söz açır. Sonra bu ailənin necə bir çətin anlar yaşadığını, Qıztamamın oğlanlarının rayon mərkəzində işə düzəlib ev tikmələrini, ananın öz övladlarını evləndirmək istəməsini-bunun üçün özünə simsar bildiyi bir ailəyə elçi düşməsini və nəhayət, oğlunun toy günü ananın ölümünü təsvir edir. Beləliklə, müəllif, nəsrimizə yeni bir Ana obrazını əlavə edir. Bu obrazın belə canlı, inandırıcı çıxmasının bəlkə də ən ümdə səbəbi müəllifin real həyat müşahidələridir. O, sanki təsvir etdiyi əhvalatların iştirakçılarından biriymiş...
Povestdə bircə mənfi obraz var-Məmiş. O, çox yerdə görünmür, ancaq az görünsə də, müəllif onun xarakterik cizgilərini canlandıra bilmişdir. Obada dava-dalaşıyla, çığır-bağırıyla, ailədə isə kobud hərəkətləri ilə yadda qalan bu adamın günahları üzündən hamı ondan üz döndərir, hətta Məmişdən yaşca kiçik olanlar da ona hörmət eləmirlər.Onun itlə boğuşması nə qədər külünc bir adam olduğundan xəbər verir. Arvadının ölümünə də biganə qalan Məmiş sonacan dəyişmir, öz yaramaz xislətinə sadiq qalır.
N.Nəcəfoğlunun povestlərində (eləcə də hekayələrində) dil sadə və anlaşıqlıdır, müəllif klassik nəsr üslubuna sadiq qalaraq süjetin inkişafında ardıcıllığa da riayət etmişdir. Hər povestdə bir əhvalatla digər əhvalat arasında qırıqlıq, yarımçıqlıq hiss olunmur.Əhvalatlar arasında zaman keçidləri də diqqəti xüsusilə cəlb edir. Keçmişlə indi qovuşur və elə hesab edirsən ki, təsvir olunan əhvalatlar indiki zamanda baş verir. Ən başlıcası odur ki, müəllif yaddaqalan obrazlar yaratmağa nail olur. Burada təsvir olunan hadisələrin heç birinin uydurma olmadığına inanırsan.
N.Nəcəfoğlunun “Bir qış günün xatirəsi” və “Yollar uzanan gün” kitablarında toplanan hekayələr də maraqla oxunur.Əlbəttə, mən birinci kitaba yazılan ön sözdə belə bir fikirlə razı deyiləm ki, “N.Nəcəfoğlu, şəksiz-şübhəsiz, hekayə ustasıdır”. Bu fikir bir qədər mübaliğə ilə deyilib. Ancaq bu hekayələrin içində elələri var ki, canrın tələbləri ilə səsləşir. Bitkin bir xarakter, maraqlı konflikt, real həyat müşahidələrinin, canlı təəssüratların məhsulu olan xarakterik hadisə, şirəli dil həmin hekayələrin başlıca məziyyətləridir. Bu hekayələrin içində “Bir qış gününün xatirəsi” öz bədii mükəmməlliyi və hekayə poetikasına dürüst riayət olunması ilə diqqəti cəlb edir. Baba qışın nəfəsi hiss edilən payızın son ayında öz nəvələrini başına yığıb, onlarla şirin söhbətdədir. Öz maraqlı sualları ilə babanı dinc qoymayan nəvələr...onların sualları, istəkləri babaya sanki bir dünya bağışlayır. Və birdən-birə baba xəyallara dalır: “Düşünürəm ki, bizim uşaqlığımız hara, bunlarkı hara? Yaşlarından çox qabağa getməyiblər ki? ..Xəyallarım məni ağuşuna alır, uzaq uşaqlıq illərimə, uşaqlığımın bir qış gününə aparır”.
Həmin o qış günündə isə balaca bir uşaq (babanın uşaqlığı) at üstündə, qonşu kəndə mal-qara üçün yem gətirməyə gedir. Çiynində tüfəng, yəhərin tərkində xurcun. Vaxtında-vədəsində kəndə çatır, qayıdanbaş isə...şaxtaya, sazağa düşür, gecə qaranlığında yol gəlir. Atasının, anasının nigarançılığı artır, nəhayət, gəlib mənzilə çatır.
Əlbəttə, bu, məzmunu etibarilə sadə bir hekayədir, amma məqsəd bu sadə əhvalat çərçivəsində keçmişlə indini qarşılaşdırmaqdır. Yəni keçmişin də özünə görə mənəvi dəyərlərini itirmədiyini təsdiqləməkdir. Nə gizlətmək, indiki uşaqların çoxu o dağ cığırları ilə, şaxtalı havada belə yol getməyiblər. Onlar tüfəngi kinoda görürlər, xurcun nə olduğunu bilmirlər. Həyatın istisindən-soyuğundan xəbərsizdirlər. Bu mənada həmin hekayənin, eləcə də “Mələk kimi uçub getdi”, “Bir ana tanıyırdım” hekayələri gənc oxucular üçün maraqlı olar.
N.Nəcəfoğlunun hekayələri nəsillər arasındakı münasibətləri incələmək baxımından da diqqəti cəlb edir. Onun müxtəlif xarakterli, bir-birinə bənzəməyən obrazlarının hər biri –qocalar, ağsaqqallar , orta nəslin nümayəndələri, cavanlar və uşaqlar – özlərinə məxsus düşüncə tərzi ilə seçilirlər. Qocaların əksəriyyəti müdrikliyi ilə, cavanların əksəriyyəti isə ağıllı və cəsarətli olmaları ilə diqqət çəkir. Nəsillər arasında fərqli xüsusiyyətlərə gəldikdə isə, müəllif onları yetirən dövrün, şəraitin və mühitin spesifik cəhətlərinə önəm verir. Məsələn, “Yuxu” hekayəsinin personacları nankorluğun, şərin mücəssiməsidirlər. cavanından, qocasından asılı olmayaraq, buradakı “mənfilər” öz təmiz adını qoruyub saxlayan, vəzifə pillələrində irəlilədikcə insanlığını qoruyub saxlayan insana qarşı əks mövqedədirlər, onun yaxşılıqlarını unudurlar. Amma “Yollar uzanan gün”, “Köhnə kişilər” hekayələrində müəllif əsl Azərbaycan qocalarının, ağsaqqallarının obrazlarını yaratmağa səy etmişdir. Özü də maraqlıdır ki, N.Nəcəfoğlunun bu tipli hekayələrində bizim XX əsr Azərbaycan hekayəsinin ənənələri davam etdirilir: ağsaqqala, xalq kultunu ifadə edən babalara hörmət və ehtiram təbliğ olunur.
Müəllifin hekayə və povestlərində Təbiət də ayrıca bir obraz kimi diqqəti cəlb edir. Onun elə bir hekayəsi, povesti yoxdur ki, orada bu obraz görünməsin. Bəlkə də uzun müddət Azərbaycanın ən gözəl canlı təbiət tablosu olan Lerikdə yaşadığı üçün bu təsvirlər belə gözəldir: “Payız günəşi nazlana-nazlana dağların dalına çəkilməkdə idi”. “Kiçik çilə sərt, soyuq havası ilə özünü göstərirdi. Axşama doğru bozaran havanın üzü kimi adamın içini deşib keçən külək boz yalquzaq kimi ulayırdı”. “Axşam sazağı başlamışdı. Meh qar dənələrini donmuş qarın üstü ilə qovduqca dağ yerinin qışını görmüş, qışı yaşamış insanlara tanış olan bir səs musiqi kimi ətrafa yayılır, at ayaqlarının qar üzərindəki xırçıltısı ilə qəribə bir ahəng yaradırdı”. Bu misalların sayını istənilən qədər artırmaq olar.
N.Nəcəfoğlunun povest və hekayələrində həyatın,gerçəkliyin çox mətləbləri işıqlandırılır və bu fikri söyləyərkən onu nəzərdə tuturam ki, bu yazıların hər birində mövzusundan asılı olmayaraq zamanın diqtəsi və möhürü hiss olunur. Yəni müəllif obrazlarının dili ilə müasir həyatda baş verən mənəvi-əxlaqi məsələlərə də işarə edir. Amma yaxşı olardı ki, gələcək hekayə və povestlərində yaşadığımız dövrün mənəvi, ictimai-siyasi iqlimi, cəmiyyətimizdə baş verən hadisə və olaylar daha geniş planda əks etdiriləydi.
Novruz Nəcəfoğlunun iki kitabından aldığım təəssüratları buradaca bitirir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Vaqif YUSİFLİ



Bu yazı ( 208 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar