12px14px16px18px

MƏŞƏDİ SƏMƏD KƏRBƏLAYI MƏHƏMMƏDHƏSƏN OĞLU (1885, Sərkar kəndi-Samux rayonu – 1945-dən sonra, ?)

Ədalət TAHİRZADƏ
01:11 / 26.11.2011
(Başlanğıcı ötən  şənbə sayımızda)

Şəmkirdə Forel familiyalı 4 alman qardaş olub. Onlardan biri Karayeridə toy edib. Onlar Gəncəbasarın bütün tanınmış adamlarını da toya çağırıblar. Məşədi Səməd və Dəli Alı da orada olub. Toyda qardaşlardan birinin qızı oynamağa çıxanda onun atası almanca deyib ki, Dəli Alını da çağır. Qız elə bilib ki, Dəli Alı Məşədi Səməddir, çünki onun fikrincə, boylu-buxunlu adam Dəli Alı ola bilərdi, halbuki Dəli Alı bəstəboymuş. Bəli, qız gəlib pəhləvan cüssəli Məşədi Səmədin qarşısında dayanaraq onu oyuna dəvət edir. Atası yanıldığını, bu kişinin Dəli Alı olmadığını desə də artıq Məşədini bəyənmiş qız razılaşmır, “bu məclisin Dəli Alısı budur, mən də onunla oynayacağam” deyir və sözünü də göyərdir.
Qızın camaat içində ona yox, Məşədi Səmədə üstünlük verməsi Gəncəbasarın ən qoçaq, igid, çar hökumətinə qan udduran qeyrətli oğullarından biri olan Dəli Alının şəstinə toxunur. Bunun heyifini Məşədi Səməddən çıxmağı qərara alır. Belə plan qurur ki, toydan qayıdanda atları yarışdırmaq bəhanəsiylə Məşədi Səmədi qabağa keçirərək vursun. Ancaq onun dəstəsindən Məhəmməd adlı birisi onun bu niyyətini Məşədiyə anışdırıb. Qovlar Sarı kəndinin yanına çatanda Dəli Alı deyib ki, ay Səməd, gəl atlarımızı ötüşdürək, görək kiminki yeyin qaçır. Məşədi Səməd üzdə razılaşıb, ancaq əlsuyuna getmək bəhanəsiylə bir qırağa çəkilib, bir səngər dalından Dəli Alıya silahını tuşlayaraq deyib ki, sən məni öldürmək istəyirdin, ancaq mən sənə dəymirəm. Yolunla get. Bundan sonra səninlə mənimki tutmaz. Beləcə onlar sonadək küsülü qalıblar.
Bu rəvayəti Məşədi Səmədin başısı Şəkər xanımın nəvəsi Knyaz Abdullayev də təkrarladı, ancaq onun söyləməsinə görə, həmin toy Tiflisdə olub. Həm də oynadıqları vaxt Məşədi Səməd bir stolu əlinə götürərək qıza deyib ki, çıx, üstündə oyna. Qız da stolun üstündə rəqs edib və hamı Məşədi Səmədin gücünə heyran qalıb. Dəli Alıya gəlincə, o, atları yarışdırmaq təklifini Ceyrançöldə edib. Bu zaman Məşədi Səməd razılaşıb, ancaq yəhəri bərkitmək bəhanəsiylə geri qalıb. O, möhkəm bir yerdə qırağa çəkilərək özünə səngər düzəldib və oradan Dəli Alıya deyib ki, dəstəni də götür get, getməyəni qıracağam. Onun sərrast atıcılığına bələd olan Dəli Alı da dəstəsiylə oradan uzaqlaşıb. Sonra o, özüylə bir molla da götürərək Məşədi Səmədin anası Xanımın yanına barışığa gəlib və anası onları barışdırıb.
MƏŞƏDİ SƏMƏD VƏ QATIR MƏMMƏD
Gəncəbasarın tarixində mənhus rol oynamış, başına əsasən erməni başkəsənləri toplayaraq yerli Türk-müsəlman varlılarını, tacirlərini soyan quldur Qatır Məmməd haqqında düşüncələrimi vaxtilə “525-ci qəzet”in səhifələrində bildirmişəm (Qatır Məmməd – “xalq qəhrəmanı”, yoxsa erməni aləti? – “525-ci qəzet”, 13 dekabr 2008, №230), ona görə də onun şəxsiyyəti haqqında burada əlavə söz demək istəmirəm. Ancaq burası danılmazdır ki, camaat onu qabağından yeməyən bir qabadayı kimi tanıyıb.
Knyaz Abdullayevin dediyinə görə, Məşədi Səmədin gözəl bir atı varmış. Qatır Məmməd də rus zabitindən əldə etdiyi əla bir at minirmiş. Bir dəfə Məşədinin atını görən Qatırın ona gözü düşür, atları dəyişdirməyi camaatın içində ona təklif edir. Bunu çox normal qarşılayan Məşədi Səməd razılaşır. Qatır Məmməd onun atının belinə qalxanda adamların baxışından hiss edir ki, onun razılığını quldurdan qorxmaq kimi başa düşüblər. Tez uca səslə Qatıra qışqırıb: “Atdan düş!”. O da tez düşüb. Sonra deyib: “İndi də min!”. O da minib. Bununla Məşədi Səməd camaata göstərib ki, mən istəsəm Qatır Məmmədi ata mindirərəm, istəsəm düşürərəm.
PARLAMANDA
Xalq içərisində bu cür dərin nüfuz qazanmış adamın Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü seçilməsi tamamilə təbiidir. Azərbaycan Dövlət Arxivinin 895-ci fondundakı iki işdə Məşədi Səmədin deputatlıq fəaliyyəti haqqında etibarlı bəlgələr var. Həmin bəlgələr 1920-ci ildə baş verənləri güzgü kimi əks etdirir.
Bəlli olur ki, 5 yanvar 1920-də Parlaman üzvlüyündən istefa vermiş Hacıəli Qasım oğlu’nun yerinə Gəncə qəzasında yeni deputatın seçilməsi gündəmə gəlir. Parlaman rəisi 6 yanvar 1920-də Daxiliyyə Nəzarətinə müraciət edərək yeni seçkilər keçirilməsini tələb edir və bu tələb tezliklə yerinə yetirilir. Gəncə şəhər sülh məhkəməsinin sədr əvəzi, Gəncə Dairə Məhkəməsinin üzvü Həsənbəyov’un bir aydan sonra – 7 fevral 1920-də Gəncə şəhərində imzaladığı mandatda oxuyuruq: “Bu sənədi təqdim edən Gəncə qəzası Sərkar kəndinin sakini Məşədi Səməd Kərbəlayı Məhəmmədhəsən oğlunu Gəncə qəzasının müsəlmanları Azərbaycan Parlamentinə deputat seçiblər və bunu imzamla və möhür basmaqla təsdiq edirəm”. Mandatın aşağısında ərəb əlifbasında bu sözlər yazılıb: “19 fevraldan isbati-vücud etmişdir” (yəni iclaslarda iştirak edib).
18 fevral 1920-də Parlaman dəftərxanasının rəisi Məhəmməd ağa Vəkilov Gəncə qəzasının rəisinə məktub yazaraq Məşədi Səmədin seçki sənədlərinin Parlaman Divani-rəyasətinə təcili göndərilməsini tələb edib. Artıq üç gün sonra – 21 fevral 1920-də Parlaman idarəsinin müdiri Parlamanın etimadnamə komisyonuna Gəncə qəzası qaimməqamlığından göndərilmiş seçki sənədlərini təqdim edib. Təəssüf ki, ARDA-da həmin sənədləri tapmaq mümkün olmadı.
24 fevral 1920-də Gəncə valisi (qubernatoru) Xudadad bəy Rəfibəyov’un Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinə göndərdiyi 3102 saylı raportda Gəncə vilayəti müsəlmanlarının Sərkar kəndinin sakini Məşədi Səməd Kərbəlayı Məhəmmədhəsən oğlunu Azərbaycan Parlamentinə seçdikləri və həmin Parlamentdə iştirak etmək üçün Bakıya getməkdən ötrü ona lazımi mandat verildiyi bildirilir.
Arxivdə Məşədi Səmədin özünün imzaladığı sənədlər də qalır. 4 mart 1920-də Azərbaycan Parlamanı Divani-rəyasətinə yazdığı ərizəsində oxuyuruq: “Gəncə qəzasından intixab edilib gəldiyim halda məsarifi-rahiyyəmin tədiyyəsinə (yol xərclərimin ödənilməsinə) əmr vermənizi rica edirəm. Məsarifi-rahiyyəm: Gəncədən Bakıya qədər, fayton və vağon, sair xırda xərc olaraq beş yüz əlli manata qədər”. Ərizənin aşağısında yazılıb: “Divani-rəyasətin 6 mart tarixli iclasında mumileyhə beş yüz əlli rublə verilməsi qərara alındı”.
11 mart 1920-ci ildə Məclisi-Məbusan (Parlaman) özünün 133-cü iclasını keçirir. Sədr Məhəmmədyusif Cəfərov, katib Rza bəy Qaraşarlı’dır. Rza bəy Məşədi Səmədin “Əhrar” fraksiyasına mənsub olması haqqında ərizə verdiyini bildirir. Azərbaycan Məclisi-Məbusanı Divani-rəyasətinə yazılmış həmin ərizə də arxivdə saxlanır: “Möhtərəm əfəndim! Türk el firqəsi “Əhrar”ın üzvü olub Parlamanda həman fraksiyona daxil olduğum rəsmən elan edilməmişdir. Binaənəleyh zati-aliniz məzkur fraksiyona daxil olduğumu elan edəsiniz. Parlaman əzası Məşədi Səməd Həsən oğlu”.
Parlamentdə 19 fevral – 27 aprel arasında çalışdığına görə onun deputat fəaliyyəti haqqında geniş bilgi yoxdur.
SOVETSONRASI DÖNƏM
İlk müstəqil Azərbaycan Cümhuriyyəti qırmızı süngülərlə məhv edildikdən sonra bu dövləti qurmuş ərdəmli kişilər ya güllələndilər, ya gedərgəlməz sürgünlərə göndərildilər, ya da cəlayi-vətən edilərək dərbədər salındılar, ağır mühacir həyatı yaşamağa məcbur edildilər. Məşədi Səməd də onların arasındaydı. Vur-tut iki ay Cümhuriyyət deputatı olması ona və bütün nəslinə çox baha başa gəldi. “ÇK” ona göz verib işıq vermədi. Doğrudur, sovet hakimiyyətinin ilk illərində onunla çox da işləri olmadı, çünki kənddə bacarıqlı adamlara ehtiyac vardı. Onun hətta kənd sovetinə başçı qoyulduğu da deyilir. Ancaq hakimiyyət gücləndikcə basqılar da amansızlaşdı. Onun Sərkardakı ikimərtəbəli mülkünü əlindən alıb xəstəxana etdilər. (Bu binanı sonradan tamam sökdülər). Aramsız təqiblərdən bezmiş Məşədi 1920-ci illərin başlanğıcında el-obasını, yurdunu tərk etməyə məcbur oldu, ancaq çox da uzağa getmədi, ticarət əlaqələrində bulunduğu Güney Azərbaycanı seçdi, Təbrizə sarı üz tutdu.
Knyaz Abdullayev:
Məşədi Səmədi Arazdan o taya Məmiş kişi keçirib. O, qabaqca Məşədinin qızıllarını, sonra da özünü keçirib. Şəkər nənəm İmamzadada bir nəfərdən onun göndərdiyi məktubu alıb ki, sağam. O söyləyirdi ki, qardaşımın Təbrizdə xalça-palaz dükanı olub.
Sabir Zeynalov:
Şəkər xanımdan eşitdiyimə görə, İrandan gəlmiş “Seyid” deyilən birisi 1920-ci illərdə Məşədi Səmədi Arazdan o taya keçirməyə boyun olub. Məşədi, Şəkər xanım və Seyid üçlükdə belə şərtləşiblər ki, Seyid Məşədi Səmədin saatını gətirib Şəkərə versə, deməli, Arazı sağ-salamat keçiblər, Seyidin zəhməthaqqı verilsin (bundan ötrü bacısına pul verib). Ancaq Məşədi Səməd Seyiddən xəlvət bacısıyla danışıb ki, sənə saatı gətirsələr bil ki, məni öldürüblər, sən də onu gətirəni öldür; yox, üzüyümü gətirsələr bil ki, sağ-salamatam, narahat olma, kişinin pulunu ödə. Yolda Seyidə deyib ki, üzüyümü verməsən səni öldürəcəklər. Məni sağ-salamat keçir, üzüyü apar. Beləliklə, uzaqgörənliyi və tədbirliliyi sayəsində Məşədi Səməd mümkün ola biləcək təhlükədən sovuşub. Yeri gəlmişkən, mən Şəkər xanımda Məşədi Səmədin qızıl saatını və üzüyünü görmüşəm.
Səfurə xanım Hümbətova:
Məşədi Səməd öncə Cənubi Azərbaycana gedib. Konkret harada yaşadığını demək çətindir, çünki bir neçə yer dəyişib, ancaq orada da Sarvan adlı məhəllə yaratdığını eşitmişəm. Orada da ailə qurub və iki oğlu olub. 1946-cı ildə Demokrat Həsən Cənubi Azərbaycandan bizim Sərkara köçüb gəlib. O, ərim Yolçuya deyib ki, Məşədi Səməd orada bizim qonşumuzdu.
Yazardan: Mən Eldar və Yusif Hümbətovlarla birgə həmin Demokrat Həsənin Sərkarda yaşayan oğlu Sadıq Axundov’la (1957) görüşdüm. O, atasının 1947-də Təbriz mahalına bağlı Əhərdən gəldiyini dedi. Deməli, bu vaxt Məşədi Səməd Əhərdə yaşayırmış.
Sabir Zeynalov:
Məşədi Səmədin Arazın o tayında da iki oğlu olub. Müharibə dövründə bizim qoşunlar Cənubi Azərbaycana girəndə Məşədi sağ imiş və oğlanları turnikdə oynayan böyük uşaqlarmış.
TÜRKİYƏ???
Hörmətli oxucularıma bunu da bildirməliyəm ki, Məşədi Səmədin qohumları arasında onun Güney Azərbaycandan sonra Türkiyəyə köçüb orada yaşaması və iki oğlunun orada doğulması və Məşədinin Türkiyədə dünyaya göz yumması haqqında fikir də dolaşmaqdadır. Açığı, Knyaz Abdullayev, Sabir Zeynalov, Səfurə Hümbətova, Məhəmməd Hümbətov kimi mötəbər insanların heç birinin təsdiqləmədiyi bu müddəaya mən də bel bağlamıram. Ancaq bu gün əlimizdə onu inkar edəcək dəlil-sübut da yoxdur. İnşallah, sonrakı araşdırmalar bu məsələyə aydınlıq gətirər.
TƏQİBLƏR
Məşədi Səmədin “cinayəti” üzündən onun qohumlarının başına çox müsibətlər gətirilib. Oğullarını “KQB” məhv edib. Ona qohumluğu çatan insanların vətəndaş hüquqlarından məhrum edilməsi hətta 1970-1980-ci illərədək sürüb. Qardaşı Həmzə’nin nəvəsi, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Məhəmməd Yolçu oğlu Hümbətov (1954) danışdı ki, 1976-cı ildə məni təhlükəsizlik orqanlarında işə götürmək istəyirdilər. Sənədlərimi hazırlayandan bir həftə sonra bidirdilər ki, “sənin baban Müsavat Parlamentinin deputatı olub”, ona görə də o iş bir daş altda, bir daş üstdə qaldı...
SON BİR-İKİ SÖZ
Haqqında 90 il susulmuş, varlığı bütünlüklə unutdurulmuş, bu müddətdə bircə sətir yazıyla belə anılmamış şərəfli bir yurddaşımızın adını xalqımıza tanıtmağın “bismillah”ını etdik. İnanmaq istərdik ki, Gəncənin, Samuxun rəhbərləri 90 illik haqsızlığa son qoyacaq, Məşədi Səmədin müqəddəs adını gənc nəslin yaddaşında əbədiləşdirmək üçün layiqli işlər görəcəklər.
16-17 noyabr 2011.

Ədalət TAHİRZADƏ
Tel.: +994 50 612 68 13
E-mail: [email protected]






Bu yazı ( 283 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar