12px14px16px18px

QƏBULZADƏ BABA BƏY ABDULLA ƏFƏNDİ OĞLU (10.12.1893, Qax – 29.10.1937, Bakı)

Ədalət TAHİRZADƏ
02:56 / 05.11.2011
 


 
(Başlanğıcı qəzetimizin ötən şənbə sayında)
 
Tarix üçün ən maraqlı sual-cavablardan biri budur:
“Sual: Keçmiş müsavat parlamentində rolunuz və üzv kimi keçmiş işiniz haqqında ətraflı danışın.
Cavab: 1919-cu ildə Zaqatalada müsavat parlamentinə üzv seçilmişəm və buna görə 1919-cu ilin sonunda Bakıya gəlmiş və Parlamentin “Əhrar” fraksiyasında işə başlamışam. Müsavat hökuməti hakimiyyətinin devrilməsinə və Azərbaycanın sovetləşdirilməsinədək Parlamentin bütün müşavirə və iclaslarında iştirak etmişəm.            
Sual: “Əhrar” partiyasının üzvü kimi fəaliyyətiniz haqqında ətraflı danışın.
Cavab: “Əhrar” partiyasında 1920-ci ilədək, yəni Azərbaycanın sovetləşdirilməsinədək olmuşam. Mən “Əhrar” partiyasına girərkən bu əqidədə olmuşam ki, bu partiyanın xətti burjuaziya ilə proletariat arasındadır. O, kəndli partiyası sayılırdı. Rus dilinə tərcümədə “Əhrar” “azadlıqsevərlər” mənası verir... Mən müsavat Parlamentində bu partiyanın nümayəndəsi olmuş və onun fraksiyasında işləmişəm. Başqa heç bir partiya tapşırığım olmayıb.
Sual: Müsavat partiyası xətti ilə nə vaxt və nə kimi işlər gördüyünüzü ətraflı danışın. 
Cavab: Müsavat xətti ilə heç vaxt heç bir iş və tapşırıq yerinə yetirməmişəm, ümumiyyətlə Müsavat Partiyası ilə heç bir əlaqəm olmayıb”.
Sonra Zelenski Baba bəyi Məhəmmədəli Xəlifəzadə və Veysəl Mustafazadə ilə birgə müsavatçılıq təbliğatı aparmaqda suçlayır və müttəhim onlarla yalnız müəllim yoldaşı kimi əlaqədə olduqlarını bildirir.
Daha sonra müstəntiqin “Yeni Qafqaziya” ilə bağlı sualına Baba bəy aydınlıq gətirərək Məhəmməd Səid Ordubadi’nin məqaləsindən söz açır.
Növbəti maraqlı sual-cavablardan biri də Əliheydər Qarayev’lə bağlıdır.
“Sual: Əliheydər Qarayevlə tanışlığınızın necə baş verdiyini danışın.
Cavab: Mən onunla Parlamentdən tanışam. O da keçmiş müsavat parlamentinin üzvü olaraq “Hümmət” partiyası, menşevik və eserlərin sosialist blokunu təmsil edirdi. Sovetləşdirmədən sonra məni Bakıda yaşadığım mənzilimdən çıxardılar. O vaxt Əliheydər Qarayev Bakı Sovetində mənzil məsələlərinə baxırdı. Mən ona şikayətlə müraciət etdim və o, mənim mənzildən çıxarılmağımı ləğv etdi”.
Göründüyü kimi, Baba bəy gerçək olan heç nəyi danmır. Ancaq o, müstəntiqin təkidli suallarına baxmayaraq sovet hakimiyyətinə qarşı heç bir əksinqilabi iş aparmadığını söyləyir.
Xatırladım ki, istintaq işində adı keşən Nurullah əfəndi Mahmud oğlu Qazızadə 14.1.1938-də 62 yaşında, Məhəmməd Vahab oğlu Yusifov isə 16.3.1938-də 60 yaşında güllələniblər.
 
GECİKMİŞ BƏRAƏT
 
18 oktyabr 1937-də – güllələnməsindən bir gün qabaq Baba bəy haqqında Qax Rayon İcraiyyə Komitəsinin sədri Cuma Əliyev inzibati orqanlara belə bir arayış verib: “Qax rayonunun Qaxmuğal kəndindən çıxmış Qəbulov Baba Abdulla əfəndi oğlu keçmişdə səsi alınmış (səsi alınmaq güllələnməyə əsas verən səbəblərdəndir – Ə.T.) iri bəydir. Müsavatizm zamanı hökumətin – parlamentin üzvü olub”. Görün Baba bəy kimi yüksək bir ziyalının taleyini kimlər həll edib – hökumətlə parlamenti fərqləndirə bilməyən cahillər!
Bəli, “NKVD” üçlüyünün 15 dəqiqəlik məhkəməsi 1 ay 1 gündən sonra – 19 oktyabr 1937-də Baba bəy haqqında ölüm hökmü çıxarıb. Suxanov və Koqan’ın imzaladığı akta inanmalı olsaq hökm 10 gün sonra – 29 oktyabrda gecə saat 2.20-də yerinə yetirilib. Ancaq bu zaman hökmlər hökmən həmin gecə icra olunduğuna görə sənəddə texniki səhv olduğunu, “19” yerinə səhvən “29” yazıldığını düşünürük.
Stalinin ölümündən sonra, özəlliklə 1956-da çox adamlara bəraət verildi. Baba bəyin qohumları da 1959-da bu haqda məsələ qaldırdılar. Ancaq respublikanın Təhlükəsizlik Komitəsi və prokurorluğu buna razılıq verməyərək hökmü qüvvədə saxladılar. Ona yalnız 27 aprel 1989-cu ildə – bütün repressiya qurbanlarıyla birgə bəraət verildi. Bu bəraət artıq heç nəyi dəyişmirdi... 
 
OT ÖZ KÖKÜ ÜSTÜNDƏ BİTƏR
 
Bəli, kommunistlər Baba bəyi cismən məhv etdilər və onun ailəsinə, övladlarına allahsızcasına divan tutdular – ali məktəbdə oxuyan uşaqlarını məktəblərdən qovdular, işləyənləri işdən çıxardılar, ailənin bütün dolanışıq yollarını kəsdilər. Bütün ağırlıq qoca Abdulla əfəndinin üzərinə düşdü. Onu da əski Parlaman üzvü, əhrarçı, din xadimi kimi o qədər incidirdilər ki, gözünü açıb ətrafa boylanmağa imkanı yoxdu... Ancaq atalar deyib ki, kor quşun yuvasını Allah tikər. Baba bəyin övladlarını da Allah qorudu, böyütdü, əlini sənətə, ağzını çörəyə yetirdi. Onların, demək olar ki, hamısı həyatın amansız sınaqlarından şərəflə çıxdılar, cəmiyyətdə atalarının adına layiq uca mövqe tutdular. Doğrudur, bu zaman bəziləri kim olduqlarını dövlət qurumlarından gizlətmək üçün atalarının əsl adından yararlanaraq özlərini “İbrahim oğlu”, “İbrahim qızı” adlandırdı ki, bunda da heç bir günah yoxdur.  
Baba bəyin böyük ovladı Lütfullah (Lütfi) bəy (1916-1981) 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu baytarlıq ixtisası üzrə bitirib. 1941-1945-ci illərdə müharibədə olub və bu illərdə baytar həkimi kimi qulluq edib. Müharibədən sonra – 1947-1955-ci illərdə Ağstafa atçılıq zavodunda baş baytar həkimi, direktor əvəzi və direktor müavini işləyib. Burada o, özünü təcrübəli mütəxəssis kimi göstərib. O, müharibədən sonrakı illərdə respublikada atçılığın bərpa olunması və inkişafı üçün əlindən gələni edib, orta hesabla 90-100 % bala almağa, yüksək cavan cins bala əldə etməyə nail olub.
1955-ci ildə Sovxozlar Nazirliyi onu Bakı şəhərinə çağıraraq sovxozlararası baytar-bakterioloji laboratoriyaya direktor təyin edib. Burada 1957-nin sonunadək işləyən Lütfullah bəy 1958-1961-ci illərdə nazirliyin Baytarlıq İdarəsinin baş baytar həkimi olub. Səmərəli işi nəzərə alınaraq 1960-cı ildə ona “Azərbaycanın əməkdar baytar həkimi” fəxri adı verilib və həmin ildə respublika Nazirlər Soveti ona fərdi təqaüd kəsib.
1961-1962-ci illərdə Lütfullah Qabulov Azərbaycan SSR Baş Sovxozlar İdarəsinin Heyvandarlıq Sovxozları İdarəsinə baş baytar həkimi – rəis müavini təyin edilib. Həmin müddətdə qoyunların çiçək xəstəliyinə tutulmasına qarşı kütləvi vaksinləşdirmə aparılmasını təşkil edərək bu işə şəxsən özü rəhbərlik edib və nəticədə respublikada qoyunçuluğa dəyəsi böyük ziyanın qarşısı alınıb.
1962-ci ildə o, Baytarlıq İdarəsində rəis müavini, 1965-1973-cü illərdə Baş Baytarlıq İdarəsində müavin – Azərbaycan SSR baş dövlət baytarlıq inspektorunun müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə o, respublikada heyvan və quş xəstəliklərinin profilaktikası və aradan qaldırılması işinə böyük əmək sərf edib.
Lütfullah bəy 6 dövlət mükafatı ilə – “Qırmızı əmək bayrağı” və “Qırmızı ulduz” ordenləri və 4 medalla təltif olunub. Onun rəsmi elmi dərəcəsi olmasa da öz sahəsi üzrə gerçəkdən dərin bir alimdi. Elə buna görə də Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki və Problemlər Şurasına, Azərb. Elmi-Tədqiqat Baytarlıq İnstitutunun Elmi Şurasına və Azərbaycan Sovet Ensiklopediyasının kənd təsərrüfatı redaksiyasına üzv seçilmişdi.
Lütfullah Baba oğlu Qabulov 1981-ci ilin fevralında dünyasını dəyişib.
Onun üç övladı olub: Ləman, Tamilla, Nazim. Qızı Ləman (1942) ADU-nun kimya fakültəsini bitirib. Təyinatla Tatarıstanda elmi-tədqiqat institutuna göndərilərək orada kimyaçı-mühəndis işləyib. Sonra Ukraynaya göndərilib, Kremençuqda neft kəmərləri idarəsində dispetçer və mühəndis-metroloq vəzifəsində çalışıb. İndi də orada yaşayır, təqaüdçüdür. Onun oğlu Anar həkim, Artur mühəndisdir.
Tamilla Lütfullah qızı (1946) da bacısı kimi ADU-nun kimya fakültəsini bitirib. Azərbaycan EA Geologiya İnstitutunda kimyaçı-mühəndis, yenə orada müxtəlif şöbələrin rəisi işləyib. 2006-dan təqaüddədir.
Nazim Lütfullah oğlu (1951) ADU-nun geologiya-coğrafiya fakültəsini və Moskvada Patentləşdirmə İnstitutunu qurtarıb. İndi Sankt-Peterburqda yaşayır və metropoliten sistemində çalışır. Onun 4 qızı var və hamısı ali təhsillidir.
Baba bəyin ikinci oğlu Fətullah bəy (1919-1938) institutun 3-cü kursunda oxuyarkən xəstələnərək vəfat edib.
Məqalənin başlanğıcında yazdığım kimi, Baba bəyin Cəriyət xanımdan bir oğlu və iki qızı dünyaya gəlib. Oğlu Əkrəm bəy (1935-2010) Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirdikdən sonra Sumqayıt alüminium zavodunda mühəndis, şöbə rəisi, baş mühəndis və ticarət direktoru işləyib.
Əkrəm bəyin oğlu İbrahim bəy (1963) Azərbaycan Dövlət Universitetini bitirib. O, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan MEA Radiasiya Problemləri İnstitutunun (RPİ) beynəlxalq əlaqələr üzrə direktor müavinidir. O, ABŞ-ın uyğun elmi qurumları ilə RPİ arasında gerşəkləşdirilmiş və gerçəkləşdirilməkdə olan bir sıra layihələrdə fəal iştirak edib.
Baba bəyin böyük qızı Naimə xanım (1930) Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək təyinatla Zaqatala şəhərinə göndərilib. Ailə durumuyla bağlı olaraq Sumqayıta köçüb və işini orada davam etdirib. Niyazi Əfəndiyev’lə ailə quran Naimə xanım ali təhsilli üç övladın (İlham, İradə, Xuraman) anasıdır.
Minirə xanım (1932-2011) Baba bəyin sonbeşiyidir. O, ADU-nun kimya fakültəsini bitirib və təyinatla Sumqayıt sintetik kauçuk zavoduna göndərilib. Zavodda ixtisası üzrə müxtəlif vəzifələrdə işləyib, daha sonra zavodun mərkəzi laboratoriyasına köçürülüb. Şükür Şükürov’la ailə qurub. Övladlarının ikisi də: Elçin də, Sevda da ali təhsillidir.
 
SÖZÜMÜN SONU
 
Beləliklə, Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü olmuş daha bir şərəfli soydaşımız – Baba bəy Abdulla əfəndi oğlu Qəbulzadə haqqında araşdırma burada sona yetir. İnanmaq istərdim ki, gələcək tarixçilərimiz onun həyat və fəaliyyətini daha incəliklə öyrənərək toplumumuzun malı edəcək.
21 oktyabr – 3 noyabr 2011.
  
Ədalət TAHİRZADƏ
Tel.: +994 50 612 68 13



Bu yazı ( 348 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar