12px14px16px18px

QƏBULZADƏ BABA BƏY ABDULLA ƏFƏNDİ OĞLU (10.12.1893, Qax – 29.10.1937, Bakı)

Ədalət TAHİRZADƏ
12:28 / 29.10.2011
 
(Başlanğıcı qəzetimizin ötən şənbə sayında)
AXTARIŞ VƏ HƏBS
1937-də tuthatut başlayan kimi Baba bəy özünün də keçmiş parlament üzvü kimi mütləq həbs olunacağını gözünün altına aldı və həbsdən yayınmaq üçün tez-tez yaşayış yerlərini dəyişməyə başladı. Ancaq bunun faydası olmayacaqdı, çünki onun adı artıq Sumbatovun imzaladığı, Şəki rayonu üzrə “xüsusən təhlükəli əksinqilabi ünsürlər”in (güllələnəsilərin) siyahısına düşmüsdü və quş olub uçsa, balıq olub dənizin dibinə ensə də çekistlər ondan əl çəkən deyildilər. Gerçəkdən də onlar Baba bəyi axtarıb tapmaq üçün dəridən-qabıqdan çıxsalar da iki ay yarımdan sonra onu ələ keçirdilər.
Gəlin Baba bəyin AR Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan istintaq işiylə tanış olaq.
Azərbaycan Xalq Daxili İşlər Komissarlığı (XDİK; “NKVD”) Qax rayon şöbəsi rəisi Asanov’un 14 fevral 1937-də Şəkidəki həmkarına göndərdiyi məktubdan aydın olur ki, B.b.Qəbulzadəni tutmağa həmin vaxtdan hazırlaşırlarmış.
Nuxa (Şəki) rayon 10-cu əməliyyat qrupunun rəisi Çernov 27 avqust 1937-də Azərb. XDİK Vartaşen, Bərdə, Balakən və Ağdam rayon şəbələrinin rəislərinə məktub göndərərək tələb edir ki, bu “iri obyekt”i ərazinizdə səylə axtarın, tutsanız mənə xəbər verin .
Çekistlər onun sorağını gah Qaxın Güllük kəndindən, gah Gəncədən, gah Zaqataladan, gah Bakıdan... alırlar. Nəhayət, sentyabrın 9-da XDİK Qax RŞ rəisi Tağıyev Şəki çekistlərinə xəbər verir ki, B.b.Qabulzadə Bakıda, Suraxana küçəsində 6-cı döngənin 4-cü evindədir. Məlumat tezliklə Bakıya – Markaryan’a çatdırılır. Həmin ünvanda yaşayan qaxlı Əhmədiyyə Məmmədov 17 sentyabrda dindirilərkən bildirir ki, Baba bəy bu ünvanda yoxdur. O, Bakıya dünən gəlib və mənə zəng edərək Kamenisti (Daşlıq) küçəsində 107 saylı evdə, dostunun yanında qaldığını deyib, Qax raykoopittifaqının sədri Məmmədov onu soruşarsa ünvanını ona verməyi tapşırıb. Həmin Məmmədov indi “İnturist”də qalır.
Bundan sonra Qaxdan Bakıya xüsusi əməliyyatçılar göndərilir. Onlar “İnturist”də sədr Məmməd Məmmədov’u taparaq dostu Baba bəyi həmin otelə çağırmağa onu məcbur edirlər (halbuki həmin Məmmədov indiyədək Baba bəyi tutulmaqdan qurtarmağa çalışırdı) və ayın 18-də Qax çekistləri onu burada həbs edərək Bakıda məsul növbətçiyə təhvil verirlər .
Tutulan vaxt üstündə 470 manat tapılıb.
Qızlarının dediyinə görə,1937-də sonuncu dəfə həbs ediləndə Qaxdakı evində axtarış aparan çekistlər nəinki bütün sənədlərini, hətta xoşlarına gələn qab-qacağı da biryolluq götürüb aparıblar.
Bildirim ki, istintaq sənədlərində saxtakarlıqdan doğan çoxlu yanlışlıqlar var. Məsələn, 1497 saylı həbs orderinin tarixi 20 sentyabr 1937 göstərilib , halbuki onun həbsi əksər sənədlərdə 18 sentyabr ,bəzilərində hətta 18 noyabr kimi qeyd olunub. Yuxarıda adı çəkilən, Şəkiyə məsul olan çekist Çernov Baba bəyin Zaqatalanın Tala kəndindən olduğunu (?!) yazır. Bunlar kütləvi ölüm qurumunun (“NKVD”-nin) insan taleyinə necə biganə yanaşdığının göstəricisidir.
 Əbdülməbud Əfəndiyev’in 9 fevral 1937-ci ildə XDİK Şəki şəhər şöbəsinin səlahiyyətli nümayəndəsi İ.K.Xasayevə verdiyi ifadədən: “1923/24-cü ildə Ə.Qədimov DSİ tərəfindən Zərgər Əlibala, Kar Dəllək ləqəbiylə tanınan Nəsrulla Əfəndiyev, Məhəmməd Vahab oğlu və Baba Qəbulov’la birlikdə həbs edildi. Bu dəfə onları mühakimə edib hər birinə 2,5 və 3 il iş verdilər”.
İSTİNTAQ
“NKVD” müstəntiqləri Müsavat Partiyasının üzvlərini, Cümhuriyyət Parlamanının üzvlərini, Cümhuriyyət dönəmində mühüm dövlət vəzifəsi tutmuş adamları, eser və menşevikləri... həbs etdikdən sonra çox da dərin istintaqa ehtiyac görmürdülər, cünki bu mənsubiyyətlər onların güllələnməsinə, yaxud Sibirə göndərilməsinə yetərliydi. Bu üzdən də müstəntirlər öncə müxtəlif şahidlərdən (başlıca olaraq artıq həbs edilmişlərdən) onlar haqqında “kirləndirici” materiallar toplayır, sonra onları “xalaxətrinqalmasın” bir, uzaqbaşı iki dəfə dindirərərək protokol tərtib edir, bununla da istintaqı yekunlaşdırırdı, qalırdı məhbusa mənhus hökmün oxunması. Baba bəy Qəbulzadə də istisna deyildi. Çekistlər onun haqqında “kirləndirici” bilgi toplamaqçün şahidlər: “Nuxa işçisi” qəzetinin keçmiş şöbə müdiri, məhbus Vəlibəyov Rəşid Zeynal oğlu (1905), şəhər təhsil şöbəsinin partkomu Hüseynov Əbdülrza Qafar oğlu (1890), pedaqoji məktəbin hərbi rəhbəri Xəlilov Cabbar Hacı Əbdülhəlim oğlu (1893), bədən tərbiyəsi texnikumunun müəllimi, Baba bəyin şagirdi olmuş Əbdürəhimov Məhəmmədəli Məhəmməd oğlu (1905), 11-ci məktəbin müəllimi Xəlilov Məcid Xəlil oğlu (1909) və dərzi Bəşirov Qulu Bəşir oğlu’ndan (1867) ifadə almışdılar. Bu ifadələrin necə alındığını 1958-ci ildə yenidən dindirilmiş şahid Cabbar Xəlilovun söylədiklərindən öyrənirik. 1937-də ondan necə ifadə alındığını C.Xəlilov belə açıqlayır: “...23 sentyabr 1937-ci ildə küçədə işə gedərkən Şəki rayon milis şöbəsinin yanındakı körpüdə o zaman Şəki redaksiyasının direktoru olan Hüseynov Əbdülrza qarşıma çıxdı və əlimdən tutaraq dedi ki, Siyasi idarədə səni şahid kimi göstərmişəm, gedək, dindirmə protokolunu imzala. Mən də getdim və sözün tam mənasında öncədən hazırlanmış protokola qol çəkdim. Qol çəkəndən sonra mənə bildirdilər ki, “bu protokol Şəki seminariyasının müəllimi Qəbulov Baba haqqındadır” . 
Bu gün həmin şahidləri kiminsə suçlamasını doğru saymıram – onların, demək olar ki, hamısı hazır protokola qol çəkməyə məcbur edilib. O dönəmdə kiminsə imza atmaqdan boyun qaçırması onun özünün və ailəsinin labüd fəlakəti deməkdi; bu üzdən də onların bu hərəkətinə, əsasən, anlayışla yanaşmaq lazımdır. Protokolların saxta olduğu, öncədən hazırlandığı bundan bilinir ki, onların hamısı məzmunca bir-birinin təkrarıdır:
– Baba bəy keçmişdə iri mülkədar, bəy, müsavat parlamentinin üzvü olub;
– onun əmiləri İslam bəy və Mustafa bəy, əmisi oğlu Zaman bəy Qəbulov’lar da (onların heç biri Baba bəyin əmisi, əmisi oğlu deyil, atasının əmiuşaqlarıdır) iri müsavatçılar olub, müsavat parlamentinin üzvü olublar (ağ yalandır! İslam bəy Zaqafqaziya Seyminin üzvü olub, Mustafa bəy Bakı şəhərinin polis rəisi işləyib), əksinqilabi fəaliyyətə görə onların hamısı 1920-də güllələnib (qohumların güllələnməsi də ciddi suç sayılırdı!);
– Baba bəy 1918-ci ildə Şəkidə Müsavat partiyasını yaradanlardandır (bu da yalandır, çünki o, “Əhrar” partiyasının üzvü olub);
– o, 1923-24-cü illərdə Şəkidə yerli müsavatçılar Məhəmmədəli Xəlifəzadə və Veysəl Mustafazadə ilə birgə sovet hakimiyyətinə qarşı təbliğat aparıb (bu, doğrudur);
– məktəbdə müsavat parlamentinin sədri (?!) Məhəmmədəmin Rəsulzadə’nin redaktorluğu ilə Türkiyədə çıxan, gizli yolla xaricdən gətirtdiyi “Yeni Qafqaziya” jurnalını ucadan oxutdurub və bunun üstündə işdən çıxarılıb (əslində onun oxuduğu jurnalın özü yox, Məhəmməd Səid Ordubadi’nin ona qarşı yazılmış məqaləsində gedən sitatlardı), az sonra həbs edilib;
– 1930-cu ildə Baba bəy və atası – İMAM Abdulla əfəndi (onun imamlığını müstəntiqlər protokollarda iri hərflərlə yazıb gözə soxurlar) çox gizli şəkildə (yəni “əlimizdə heç bir sübut olmasa da”!) sovet hakimiyyətinə qarşı təbliğat aparıblar, cahil xalqı qırmızı əsgərlərə qarşı çıxmağa çağırıblar. 1930-dakı Şəki üsyanı zamanı Baba bəy Şəkidə çıxışında sovet hökuməti və kommunist partiyasına düşmən münasibət bəsləyib (ağ yalandır! Abdulla əfəndi, əksinə, xalqı üsyandan çəkinməyə çağırıb, Baba bəy isə Şəki üsyanı zamanı Bakıda həbsdəydi, Şəkiyə gedə bilməzdi);
– Baba bəy Şəkidə çox vaxt antisovet fabrikant Əsgər ağa Məmmədov, sürgündən yeni qayıtmış qolçomaq Lütfullah Hüseynov, Tabaq Qurban və başqa antisovet ünsürlərlə oturub-durub, onlarla birgə sovet hökumətinə qarşı əksinqilabi millətçi təbliğat aparıb, mövcud rejimə qarşı kəskin sözlər işlədib, müsavatçılıq ideyalarını təbliğ edib (fakt doğru olsa da yazılış tərzi “keçinin su bulandırması”dır). Onda müstəsna təbliğat-təşviqatçılıq bacarığı olduğuna görə ətrafdakılar üçün sosial təhlükə doğurur;
– Baba bəy həbs olunacağını bildiyinə görə gizlənərək istintaqdan yayınıb.
Bu ittihamlar, demək olar ki, yalnız nöqtə-vergül fərqiylə bütün protokollarda əksini tapıb. Müstəntiq yalnız tarixcə ən sonuncu şahidin – Məcid Xəlilovun ifadəsinə Baba bəyin “xalq düşməni Əliheydər Qarayev’lə sıx əlaqədə olduğu” faktını artırıb. Bu da güllələnmə hökmünə haqq qazandıran suçlardandı...
Artıq dediyim kimi, Baba bəy bütün həbsi boyunca bircə dəfə dindirilib – dövlət təhlükəsizliyi leytenantı Zelenski 4 oktyabr 1937-də 5387 saylı məhbusla “söhbət edib”. Protokolda müttəhimlə bağlı önəmli qeydlər bunlardır: 1893-cü ildə Az. SSR Qax rayonunun Qax kəndində doğulub; eyni vaxtda bir neçə ünvanı olub: 1) daimi yaşayış yeri – Qax, bundan başqa eyni vaxtda Bakıda – Kamenistaya, 107 ünvanında, Əfəndiyevin mənzilində və Suraxana küç., 6-cı dalan, 4-cü evdə, şəxsi mənzilində yaşayıb; deməsinə görə, pasportunu 1937-ci ilin avqustunda itirib; həbsinədək Kamenistaya, 107 ünvanında gizli, qeydiyyasız yaşayıb; “Prodsnabmos” (Moskva yeməkxanalar birliyi) Gəncə şöbəsində tədarük üzrə müvəkkil işləyib; sosial mənşəcə bəy ailəsindəndir, atası İMAM olub; sosial vəziyyəti: inqilabdan əvvəl – bəy, inqilabdan sonra – qulluqçu; ailə tərkibi: 1) arvadı Cəriyət Ramazan qızı – 28 yaş, 2) oğlu Lütfullah – 20 yaş, Gəncədə Az. K/T İnstitutunda oxuyur, 3) qızı Naimə – 5 yaş, 4) qızı Minirə – 3,5 yaş, 5) oğlu Əkrəm – 2 yaş, 6) atası Abdulla Hacı Baba oğlu – 85 yaş, 7) anası Dürnisə – 73 yaş, 8) qardaşı Sədi – 28 yaş, Zaqatalada müəllim; təhsili – 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirib; partiyalılığı – Azərbaycanın sovetləşməsinədək “Əhrar” partiyasının üzvü; inqilabdan sonra – 1920-ci ildə həbs edilib və 16 gündən sonra buraxılıb, 11.06.1927-ci ildə həbs edilib və Az.SSR CM 63-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib; keçmiş müsavat hökuməti parlamentinin (?!) üzvü olub.
Vur-tut 7 səhifə yarım olan dindirmə protokolunun bütün mətnini verməklə oxucunu yormaq fikrində deyiləm. Ancaq ən mühüm nöqtələrə diqqəti yönəltmək istəyirəm.
Müstəntiq artıq təkcə şahid ifadələrinə əsasən qarşısındakı şəxsin hökmən güllələnəcəyinə əmindir, bu üzdən də çox məsələdə dərinə getmir, müttəhimin üstünə çığırıb-bağırmır, ondan özünə qarşı zorla hansısa ifadəni almağa çalışmır. Əlindəki sənədlər “daşdan keçən” olduğuna görə Baba bəyin özünü cinayətdə suçlu sayıb-saymaması da əslində onu elə də maraqlandırmır. O, müttəhimin heç tərcümeyi-halını da öyrənməyə can atmır (halbuki başqa müstəntiqlər müttəhimin indiyədək həyatı boyunca bulunduğu bütün vəzifələri, işləri söyləməsini tələb edir).
Onu yalnız güllələmə hökmünə yardımçı ola biləcək məsələlər ilgiləndirir. İlk sualı belədir: “Keçmiş sosial mənşəyiniz haqqında ətraflı danışın” . Baba bəy onun bütün suallarını cavablandırır, Zelenski isə onun cavablarında yalnız özünə lazım olan yerləri əksinqilabi rəng də qatmaqla qeyd edir: “Bəy ailəsindənəm, atam İmam olub, mən isə keçmişdə bəy, indi isə qulluqçuyam”.
Müstəntiqin ikinci sualı əslində məhbusun tərcümeyi-halıyla bağlı olmalıydı, o isə güllələnmiş qohumların adlarını bir-bir saymağı, onların haçan və nəyə görə repressiyaya uğradığını söyləməyi tələb edir.
Baba bəy gələcək tarix üçün yaddan çıxmasın deyə heç nəyi gizlətmir: 1920-ci ildə Azərbaycanda sovetləşmə aparıldıqdan sonra əksinqilabi fəaliyyətlərinə görə (bu, hökmən müstəntiqin artırmasıdır) bu qohumlarım tutulub və güllələnib: 1) Qəbulov İslam bəy – keçmiş Müsavat Partiyası Zaqatala təşkilatının katibi; 2) Qəbulov Mustafa bəy – Bakı şəhərinin keçmiş polismeysteri, 3) Qəbulov Süleyman bəy, 4) Qəbulov Həşim bəy və 5) onun oğlu Qəbulov Yusif.   
Müstəntiqin tələbiylə Baba bəy bunları da danışır: “1920-ci ilin may ayında Xüsusi şöbə orqanları məni Qax kəndində həbs edib, 16 gün həbsdə qaldıqdan sonra Bakıya göndərilmişəm, orada məni azad ediblər. İkinci dəfə Azərb. Baş Siyasi İdarəsi (BSİ) 11.06.1927-ci ildə məni Qax kəndində həbs etdikdən sonra Zaqatalaya, oradan da Şəkiyə, daha sonra Bakıya göndərilmişəm və istintaqım Bakıda aparılıb. Eyni iş üzrə mənimlə birgə Zaqatalada bunlar da həbs edilib: 1) həkim Qədimov Əliabbas, 2) Nurullah əfəndi Qazızadə – müəllim, “Əhrar” partiyasının keçmiş üzvü, 3) Ramazan Qaracayev – alverçi, 4) Əhməd Abdullayev – İstehlak kooperativində işləyirdi, 5) Əhməd Bərbərlinski – mülkiyyətçilərdəndir, 6) Cahangir – soyadını unutmuşam, 7) [Yusifov] Məhəmməd Vahab oğlu (soyadını unutmuşam) – alverçi, 8) və 9) Salamov qardaşları: Əlibala və Əliəkbər – zərgər və alverçilər. [...] Həkim Əliabbas Qədimov aramızda keçmiş es-er kimi tanınmışdı; o, İstanbulda oxuyub və 1914-cü ildə (1917-ci ildə – Ə.T.) İstanbulun sosialist təşkilarlarından İsveçrədə keçirilən sosialistlərin qurultayına nümayəndə göndərilib (həmin qurultayda Əli bəy Hüseynzadə də olub və çıxış edib – Ə.T.). [...] Mən, Qədimov, Nurullah əfəndi Qazızadə cəzamızı çəkərkən həmişə bir yerdə yatmışıq. Həmin həkim Qədimov, bildiyimə görə, bir neçə ay öncə Qubada yenidən həbs edilib...”.
(Ardı gələn şənbə sayımızda)
Ədalət TAHİRZADƏ
Tel.: +994506126813



Bu yazı ( 295 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar