Gözlənilən ölümün acısı və ya Çingiz Dağcı dünyadan köçdü
Əli Şamil
01:47 / 28.09.2011Dünyada məşhur olan bu böyük insan və vətənsevəri tanıyandan sonra bir neçə dəfə Azərbaycana gətirməyə çalışdıq. Hər dəfə də qoca və xəstə olduğundan səfərə çıxa bilməyəcəyini söylədilər. Onu Azərbaycana gətirmək istəyən dostlarımızdan Ələddin Həsənov, Elman Əliyev 50-60 yaşlarında ürək tutmasından bir-birinin ardınca dünyasını dəyişsələr də, Çingiz Dağcı yaşayırdı.“Türkiyənin səsi” və İctimai radioların birgə layihəsi olan “Qorqud ata” proqramında hər həftənin cümə günləri saat 12.00-dan sonra efirdə səslənən “Türk dünyasının məşhurları” proqramının 2010-cu il iyun 17-dəki verilişi “Çingiz Dağcı”ya həsr edilmişdi. Həmin verilişim əsasında hazırladığım məqaləni “Kırım sevgisi” kitabıma daxil etmişdim. Kitab hələ çap edilmədiyindən məqaləni “525-ci qəzet”in oxucularına təqdim edirəm ki, 2011-ci ilin sentyabrın 23-də, 92 yaşında İngiltərədə dünyasını dəyişən Çingiz Dağcının ruhu şad, onu tanıyanların isə könlü xoş olsun.Yunus Kandımovla 4-8 dekabr 1989-cu ildə Zuğulba qəsəbəsində keçirilən “Xəzər” forumunda görüşdük. Toplantılardan sonra müxtəlif mövzularda söhbətlər edirdik. O bir dəfə Çingiz Dağcının şeirlərindən misal çəkdi. Şeir o qədər də diqqətimi çəkmədi. Bunu Yunus Kandımov da hiss etdi. O, Çingiz Dağcını tanıtmaq üçün az qala uzun bir məruzə etdi. Fikrimi açıq dedim. Mən Yunus bəyə Çingiz Dağcının şeirlərinin XX yüzilliyin 30-cu illərinin Sovetləri tərənnüm edən şairlərin əsərlərindən fərqlənmədiyini söylədim. Yunis bəy isə Çingiz Dağcını çılğın bir məhəbbətlə sevdiyindən məni fikrimdən daşındırmağa çalışırdı.Çingiz Dağcının 1940-cı ildə “Ədəbiy Qırım” toplusunda dərc olunan “Köy axşamı” adlı şeirindən aşağıdakı misraları söyləyərək təhlil edirdi:Örulğan yolcuday üquğa daldılar...Nazlı bir qızdayın yıltıratıp ay tuvdı,Koydeki aqşamlar ne qadar aytuvlı.Gah da Çingiz Dağcının 1941-ci ildə Ukrayna cəbhəsindən yazdığı “Verin atamın qılıncını mənə” şeirindən aşağıdakı misraları söyləyirdi:Beriniz atamnın qılıçın mana!Atımnı süreyim qanlı meydanğa,Beriniz atamnın qılıçın mana!
Bu şeirlərə qarşı da laqeyidliyimi görən Yunus bəy Çingiz Dağcının həsrət şeirlərindən aşağıdakı parçaları söyləyib təhlil etməyə başladı:Sönme, yıldız, azaçıq yal alayıq.Belki artıq kuneş doğar, sönmey tur,Sönme, yıldız, yolumıznı bulayıq.Sen de meni yahşı söznen anasınmı?Benzemezmi yaş kelinnin sırğasına?SSRİ dağılandan, Türkiyəyə yollar açılandan sonra Çingiz Dağcının romanlarıyla tanış oldum. Bu romanlar yalnız Krım türklərinin deyil, Rusiya boyunduruğu altına düşmüş xalqların bədii tarixi olduğunu gördüm. Öyrəndim ki, Çingiz Dağcı kimi tanınan yazıçı 1919-cu il martın 9-da Krımın Qruzuf qəsəbəsində anadan olmuşdur. Həmin illərdə Kırım tatarları yenə də ən ağır günlərini yaşayırdı. Bir tərəfdən rus generalı Vrangelin bolşeviklərlə savaşı nəticəsində təsərrüfat dağılmış, necə deyərlər, yarımadada həyat iflic vəziyyətinə düşmüş, bir tərəfdən də zəlzələ olmazın ziyanını vurmuşdu. Aclıq, səfalət baş alıb gedirdi. Buna görə də Qruzufda dəllək işləyən Çingizin atası Əmirüseyin Qızıldaşda ev tikərək ailəni kəndə köçürmüşdü. Ailə Yalta yaxınlığındakı bu kənddə 10 ilə yaxın yaşamış və balaca Çingiz də buradakı ibtidai məktəbdə oxumuşdu.1929-1932-ci illərdə, kollektivləşmə, kolxoz quruculuğu adı altında kəndlilərin malları, mülkləri əllərindən alınanda zorakılığa etiraz edən Əmirüseyini qolçomaq adlandıraraq həbs edirlər. O, az bir zaman həbsdə yatdıqdan sonra xeyirxah insanların köməyilə həbsdən qurtula bilir. Doğma kəndinə qayıtsa, yenidən həbs ediləcəyindən ehtiyatlanaraq Ağməscidə, yəni bugünkü Simferopola gedir. Orada özünə iş tapıb güzəran qurduqdan sonra əvvəlcə oğlu Çingizi, sonra da xanımı Fatmanı, qızları Tevidəni, Ayşəni, oğlanları Timur, Haliti Ağməscidə gətirir.Qızıldaşda ibtidai məktəbi bitirən Çingizi atası Ağməsciddəki 12 saylı məktəbin 5-ci b sinfində oxumağa qoyur. Sonra onu Krım tatarcasında təhsil verən 13 saylı orta məktəbə keçirirlər. Bu məktəb həmin illərdə Ağməscidin ən nüfuzlu məktəbi sayılırmış.Yeniyetməliyindən bədii ədəbiyyata böyük maraq göstərən Çingiz ilk şeirlərini 1936-cı ildə “Ədəbiy Qırım” toplusunda çap etdirir. Ailəsi təqib və təzyiqlər altında yaşasa da, özü maddi sıxıntının hər üzünü görsə də, müharibədən əvvəl yazdığı “Gül”, “Sevdiyim Yalta”, “Kənd axşamları”, “Bahar sabahı”,“Qış” və b. lirik, təbiət təsvirlərindən ibarət olan şeirlərində Sovetləri tərənnüm edir. Müharibənin ilk aylarında Ukrayna cəbhəsindən yazdığı məktubdakı şeirini də “Verin atamın qılıncını mənə” adlandırır.Çingiz 1937-ci ildə orta məktəbi bitirib Krım Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunur. 1939-cu ildə İkinci Dünya Savaşı başlayır, 1940-cu il dekabrın 22-də onu təhsildən ayıraraq məcburi əsgəri xidmətə aparırlar. Qısa müddət hərbi kursda oxutduqdan sonra leytenant rütbəsi verərək moto-atıcı bölüyə komandir təyin edirlər.Müharibə Çingizin yalnız həyatını deyil, dünyagörüşünü də dəyişir. İlk şeirlərindən bu qənaətə gəlmək olur ki, müharibə olmasaydı, Çingiz yüzlərlə Sovet şair və yazıçısından biri olacaqdı.1941-ci il iyununda SSRİ-yə hücum edən alman orduları gözlənilməz bir sürətlə irəliləyir. Qısa müddətdə Ukrayna, Belarusiya, Pribaltika işğal olunur. Ukrayna cəbhəsində olan Çingizin bölüyü 1941-ci il avqustunda bir yanlışlıqdan Sovet və alman əsgəri birliklərinin atəşi arasında qalır. O, ağır yaralı halda əsir düşür. Bu həmin dövrə təsadüf edir ki, alman hərbi qüvvələri qarşısında duruş gətirə bilməyən Sovet hərbi birləşmələri sürətlə geri qaçır və ya təslim olmaq məcburiyyətində qalırdı.Sovet qanunlarına görə, əsgər və zabit təslim olmamalı, son gülləsilə intihar etməliydi. Bu da mümkünsüz və insanlığa zidd bir qanun idi. Sovet xüsusi xidmət orqanları əsir düşənlər və onların ailələrini, qohumlarını sərt cəzalandırsa da, kütləvi əsir düşmənin qarşısını ala bilmirdi.1941-ci ildə Ukrayna cəbhəsində almanlara əsir düşən Çingiz Əmirüseyin oğlu savaş başa çatanadək, yəni 4 ilə yaxın Almaniyanın əsir düşərgələrində qalır. Min bir məşəqqətlə üzləşsə də, ruhdan düşmür.Müharibə başa çatdıqda isə vətənə dönmür. Bilir ki, vətəndə qoyub gəldiyi əzizlərini 1944-cü ilin mayın 18-də yük vaqonlarına doldurub Sibirə və Türküstana sürgün ediblər. Əsir düşənləri də məşəqqətlər, Sovet həbsxanalarında üzücü istintaqlar və uzunmüddətli həbslər gözləyir. Odur ki, Varşavada tanış olduğu Regina ilə evlənir. Polşanın SSRİ-nin təsir dairəsində qaldığını gördükdə çətinliklə də olsa müttəfiqlər tərəfinə keçə bilirlər. Orada da ilk vaxtlar günü-güzəranı heç də yaxşı olmur. Uzun-uzadı dindirmələrdən, sorğu-sualdan sonra 1946-ci ildə ailəsi xanımı və qızı ilə birlikdə Böyük Britaniyanın Edinburq şəhərinə gedir. 1947-ci ilin əvvəllərində isə Londona köçür. 1953-cü ildə Fulham Roadda bir lokanta açır. 1974-cü ildən Londonda Vimbledon yaxınlarındakı Southfieldsdə yaşayır.Londonda Polşalı xanımı Regina ilə birlikdə kiçik bir yeməkxanada işləyən Çingiz maddi və siyasi sıxıntılar içərisində yaşasa da, bədii yaradıcılığını da davam etdirir. Qürbətdə bir silsilə şeirləri yazır. Şair “Kırım məni anarsanmı?” şeirində deyir:Əski Çatır sırrın açar, dep arz ettim.Ürəyimdə ana yurdun topraq, daşı...Günəşimin doğmasını çox istədim.Ağlaysınmı, kədərlənib, yanasınmı?Kırım, Kırım! Böylə soyuq gecələrdəSən də məni yahşı söznən anarsınmı?1947–1948-ci illərdə rus dilində “Büyük yalan” adlı üçpərdəlik pyes yazır və 1958-ci il əvvəllərində onu Türkiyə türkcəsinə tərcümə edib “Varlıq” nəşriyyatına yollayır. Lakin bu pyes nə çap olunur, nə də tamaşaya qoyulur. 1956-cı ildə “Arkadaşım Maqsud” hekayəsini yazır və yenə də “Varlıq” nəşriyyatına yollayır. Hekayə çox uzun olduğuna görə çap olunmur. O isə ruhdan düşmür. Bədii yaradıcılığını davam etdirir. “Varlıq” nəşriyyatı axır ki, onun “Qorxunç yıllar” romanını ayrıca kitab kimi çap edir. Beləcə Türkiyə ədəbi həyatında Çingiz Dağcı imzalı bir ulduz parlayır.O, rus dilində də, ingilis dilində də, kırım tatarcasında da yazıb yarada bilərdi. Lakin türk xalqlarının oxuyub yararlanması üçün Londonda Türkiyə türkçəsiylə yazmağa üstünlük verdi. Bununla da ümumtürk ədəbiyyatına, mədəniyyətinə xidmət etmiş oldu və dünyada ünlü bir romançıya çevrildi.Çingiz Dağcı bir-birinin ardınca “Yurdunu qeyb edən adam” (1957), “Onlar da insandı” (1958), “Ölüm və qorxu günləri” (1962) , “O topraqlar bizimdi” (1966), “Kolxozda həyat” (1966), “Dönüş” (1968), “Gənç Temuçin” (1969), “Badam budağından asılı bəbəklər” (1970), “Üşüyən küçə” (1972), “Anama məktublar” (1988), “Mənim kimi biri” (1988), “Yoldaşlar” (1992), “Xatirələr” (1995), “Biz bərabər keçdik bu yolu” (1996), “Yansılar I” (1988), “Yansılar II” (1990), “Yansılar III” (1991), “Yansılar IV” (1993),”Yansılar V” , “Yansılardan qalan”, “Mən və içimdəki mən” (1994), “Halukun dəftərindən, London məktubları” (1996), “Xatirələrdə Çingiz Dağcı” (1998), “Bay Markusun köpəyi”, “Bay John Marpleın son yolculuğu”, “Oy Markus Oy, Regina” (2000), “Röyalarda ana və kiçik Əlimcan” (Bir Kırım hekayəsi) (2001). və b. əsərləri Türkiyədəki “Varlıq” və “Ötükən” nəşriyyatlarında çap etdirir.İkinci Dünya Savaşından sonra Türkiyədə Kırım türklərinin acı taleyinin həmişə gündəmdə olmasında Çingiz Dağcının əsərlərinin rolu böyükdür. O, əsərlərinin əsas mövzusunu Kırım türklərinin rusların zülmü altındakı həyatlarından alırdı. Hüzünlü, qüssə və kədər dolu bir üslubda yazsa da, oxucuda nikbin, mübariz bir əhval-ruhiyyə oyadırdı. Bununla da Kırım tatarlarının faciələrini və özünün başına gələn müsibətləri yazı yoluyla bütün dünyaya duyururdu. Elə buna görə də çağdaş türk ədəbiyyatına Çingiz Dağcının güclü təsiri olmuşdur. Onun hər bir əsəri çox baxımlı bədii filmlərə və seriallara çevrilə bilər.25-dək kitabı çap olunan Çingiz Dağcı 1990-cu ildə ürəyindən əməliyyat olunanadək Londondakı kiçik yeməkxanasını işlətmişdi.Sovetlər Birliyi dağılsa da, Kırım tatarları vətənə dönsələr də, Çingiz Dağcı candan əziz sevdiyi vətəninə dönə bilmədi. Həmvətənləri və keçmiş SSRİ-də yaşayan xalqlar onun əsərlərilə 1990-cı ildən sonra tanış olmağa başladılar. Yunus Kandımov onun əsərlərini ana dilə çevirərək Kırımda nəşr etdirdi. Lakin o başlamış olduğu işi axıradək davam etdirə bilmədi. Vaxtsız ölüm onu həyatdan aparsa da, Kırımlı yazıçılar Yunus Kandımovun başladığı işi şərəflə davam etdirirlər.Çingiz Dağcının yaradıcılığına əsarətdən qurtarmış türk xalqları da böyük maraq göstərir, əsərlərini ana dillərinə çevirərək sevə-sevə oxuyurlar.
Əli ŞamilBu yazı ( 1925 ) - dəfə oxunmuşdur