12px14px16px18px

Fevraldan aprelə qalan yazı

Məmməd İSMAYIL

ƏDƏBİYYATIMIZIN YAXIN DOSTU YURİ KUZNETSOVUN 70 İLLİYİNƏ

07:45 / 03.06.2011

Əvvəli ötən sayımızda
Heç bir il keçməyəcəkdi ki, hegemonu rus xalqı olan Sovet İttifaqı yerlə bir olacaq və Rusiyanın özünün də çalxantılı günləri başlayacaqdı. Bu fəlakət ruhu Y.Kuznetsovun şeir və poemalarından bir iç sızıltısı kimi keçir.   
Tənqidçilər və oxucular da Y.Kuznetsovun şeirlərini və şəxsiyyətini bir-birinə zidd düşüncələrlə qarşılayırdılar. Bəziləri onu az qala Tanrı səviyyəsinə ucaldır, bəziləri isə yerdən yerə vururdu. Y.Kuznetsov şöhrətə də, söyüşə də qulaq tıxayır, özünə və ruhunun ilahi ahənginə sadiq qalırdı. Nə də olsa o, şeirin sevildiyi bir ölkənin vətəndaşı idi. Y.Kuznetsova görə dünyada üç “oxuyan “ ölkə var: Çin, Hindistan və Rusiya. Üçündə də ən çox oxunan və sayğı görən şeirdir. Amma Rusiyada elə bir ortam yaradılır ki, müxtəlif üsullarla şeir oxucu ağlından sıxışdırılıb çıxarılır, (Rusiya belə olanda gör Azərbaycan nə gündədir.) yerinə elə şeylər yeridilir ki, oxucu çaşıb nə edəcəyini belə düşünə bilmir. Şairin hansı rejimdə yaşamağının bir elə də önəmi yoxdur Kuznetsova görə, yetər ki, o böyük Sözə xidmət etsin. Yalnız bir rejim şairə əl vermir, o da sözdədemokratik rejimlərdir. Uzağa getmək lazım deyil, azadlığın nə olduğunu artıq görməyə başladıq. Rus insanı azadlıq dedikdə ruhun özgürlüyünü başa düşür, özgürlük haqqında şüar söyləməyi yox. Bu yönü ilə “Don Kixot” kimi ölümsüz bir əsəri cəza evində yazan xəstə və şikəst Servantes dediklərimizə örnəkdir. Cəza evində olsa da Servantesin ruhu özgürdü və elə buna görə də özgürlük aşiqlərinin dastanını belə dahiyanə bir şəkildə yaza bilmişdi.
Alman şairi Şillerə görə əvəzolunmaz Antik çağ poeziyası idealın və həqiqətin bütövləşdiyi zamanlarda meydana gəlmişdi. Çağdaş ədəbiyyatda isə idealla həqiqət birliyinin təməlindən dağıdılması prosesi gedir.Aleksandr Trapeznikov deyir ki, alman şairinin fikirləri yaşadığı XIX yüz ildə deyil, sonuncu Rus şairlərinin belə söndüyü, sönməyə də davam etdiyi günlərdə daha aktual səslənir. O şairlərin əvəzinə isə dildə yaratdıqları xaosla saysız postmodernist və konseptualistlər gəlir. Bu mənada bizdə vəziyyət Rusiyadakından daha bərbaddır. Şellinq “İncəsənətin fəlsəfəsi” əsərində yazırdı ki, dil öz özlüyündə xaosdur. Sənətkar xaosdan öz ideyaları üçün kosmik vücud, bədən yaratmalıdır. 
Kuznetsovun bütün şeirlərinin içindən qızıl xətt kimi keçən bir əsas mövzu var, bu da, atasını əlindən alan müharibədir. Tərcümeyi-halı ruhunda yaralar açmışdı. Deyirdi ki, atasından sonra açılan yaraları, boşluğu yalnız əzabverici, düşündürən sözlərlə doldura bilərdi.
Belə də bir fikir var; insan düşünür ki, sözlərini idarə edən ağıldır, amma bəzən əksinə də olur, sözlər, onların gətirdiyi gözlənilməz təəssürat insan ağlını idarə edir. Bu həqiqəti isbat üçün Y.Kuznetsovun şeirlərini oxumaq gərəkdir.
Yalnız özünün deyil, mənə elə gəlir ki, tənqidçi Sergey Nebolsinin dediyi kimi o, eyni taleyi yaşayanlarının hamısının içindəki boşluğu doldurmağı bacardı. “Atamın müharibədəki ölümü mənim şair taleyimin amansız həqiqətidir”, deyirdi. İkinci Dünya Müharibəsində ata itirmək ikimizin də alnına yazılıbmış və bəlkə bu adamayovuşmaz rus dahisini mənimlə dost edən bu tale itkisi və tale qardaşlığı idi. ( Yalnız bu yönü ilə deyil, Kuznetsovun müsahibələrinin birində vurğuladığı fikir eyni ilə mənə də aiddir: ”Mənim şeirim günahkarın şeiridir və bu günahı yumaq başqa birisinin yox, mənim borcumdur”.) Y.Kuznetsov atasının müharibədə ölməsini təsadüf saymırdı. A.Trapeznikov haqlı olaraq yazır ki, Y.Kuznetsov ən son şeirini müqəddəs Polikarp Markiona təsadüfi olaraq həsr etməmişdi. Bu şeirin yazılması ilkinliyə dönüş, müharibədə ölən atası Polikarp ilə paralellər aparmaq üçün lazımdı”. Y.Kuznetsovun “atasının kafatasından içməsi” fikrini bir məcaz kimi almaq, düşünmək lazımdır. O atasının mənəvi gücünü içində hiss etmək üçün bu misranı yazmışdı.
 
KUZNETSOV DEYİLƏN MƏNƏM.
MƏN TƏKƏM... BİR AZ DA GİLEY.
 
Məktublar... kitablar... avtoqraflar, Yuradan mənə qalan ən dəyərli hədiyyələrdir. Y.Kuznetsov 22.08.1990 tarixində göndərdiyi məktubunda belə yazırdı: “Əzizim Məmməd, çapını uzun zamandan bəri gözlədiyim kitabı sənə göndərirəm. Sənin bütün vətənpərvərlik hislərini bütünüylə bölüşürəm... Həmişəlik sənin olan Y.Kuznetsov. 22.08.90.” Bununla da kifayətlənməmiş, kitaba “Mamed İsmailu na polnıe sodrujestvo. Ot russkoqo poeta. 22.08.1990.” avtoqrafını yazmışdı. Bu məktub da, kitabdakı avtoqraf da Bakı qırğınlarından cəmi 7 ay sonra yazılmışdı. Bu hərəkəti ilə o, sanki, əlindən bir şey gəlməsə də bu qırğınlara seyrçi qalmadığını, dərdimizə şərik olduğunu bildirmişdi. Çoxlarının susduğu ya da Bakı qırğınına bəraət aradıqları bir zamanda yalnız dahi ruhu bu ədalətsizliyə dözməzdi və dözmədi də. Dünyanın müxtəlif dillərindən etdiyi bu seçmə “Peresajennıe tsvetı” tərcümələr kitabında mənim “Ceviz axtarardıq payız gələndə” “Ağacdələn, döy qapımı”, “Ana əlləri” şeirlərimə də yer vermişdi.
Y.Kuznetsovun sənət dünyasını başqa ölçülərdə dəyərləndirmək lazımdır. Bu ölçü ənənəvi mənada dəyərləndirilməyəcək başqa bir ölçüdür. Yuxarıda tale oxşarlığımızdan yazmışdım. Bir tale oxşarlığımız da istəməyənlərimizin, bizi inkar etməyə çalışanların çoxluğunda idi. Belə olmasaydı, hələ sənət yolunun başında adı-sanı dünyanı götürüb, əsərləri sabun köpüyündən daha dəyərsiz olan işbazlara meydan oxumazdı: Kuznetsov deyilən mənəm. Mən təkəm.
Məni yazılarındakı inkarları və yalanları ilə təvazökarlıqdan uzaq olan cümlələri yazmağa məcbur edənlərə lənət oxuyaraq deyim ki, Bakı korlar şəhəri, Türkiyə unudulanlar diyarı deyil. Ölçü hissi məqsədli bir şəkildə itirildiyindən, nəzarət qorxusu olmadığından nəzarətsizliyin iyrənc fəsadları hər addımbaşı qarşımıza çıxır. İstəyən istəyənin, hamının gözü qarşısında, haqqını yeməsi kimsə tərəfindən mühakimə edilmir, belə olmalı imiş kimi, qəbul görür. Bir mahnı ovqatında minbir təkrar bəstələr ekranı, efiri musiqi eşənəyinə çevirir. Bir tutarlı şeirin, şeirin yox ey, bir iki misranın oxşar mızıltıları minbir imza altında qəzet və jurnal səhifələrini bənzərlik surroqatına çevirir. Beləcə sənət bilərəkdən kütləviləşdirilir. Qəlibləşmiş şablona tabe tutulan ölkə oxucuları və seyrçiləri olsa nə vardı, bütün bu səviyyəsiz surraqata bütün dünya baxır və oxuyur, millətlər yarışında bizi beləcə rüsvay edirlər. Qırqovul başını kola soxub, çil quyruğundan xəbəri yox. Yaşlıları anlamaq olar bəlkə də – ömür əldən gedir, fürsət əldən verilərmi? Bəs yumurtadan yeni “cik” eləyib çıxan gənclərə nə deyək? 19-20 yaşlı gənclər bir-biri haqqında elə tərifli ifadələr işlədirlər ki, yatsa, S.Vurğunun, A.S.Puşkinin yuxularına belə girməzdi. Hətta iş o yerə çatdırılıb ki, ata, etdiyi məruzədə oğlunun adını çəkməyib deyə, çəkinmədən özündə məruzəçini tənqid etmək cəsarəti də tapa bilir. Bütün bunların hamısı yuxarıda sözünü etdiyim şablonlaşmanın sonuclarıdır. Və bütün bunlardan sonra “ədəbiyyata, sənətə sevgi azalıb” hay-küyü salmağa mənəvi haqqımız qalırmı?
Haqqını ilanın ağzından belə almağı bacaran mən həyatda ikən, gördüyüm işləri başqasının uğuru kimi yazanları ifşa etməyə gücüm yetərincədir. Azərbaycan dövlət televiziyasında 1970-ci illərdə canlı efirə çıxan və tamaşaçılar arasında böyük marağa səbəb olan, əvvəlcə “Odlar diyarı”, sonra da “Tələbə klubu” və “İlham” proqramlarının yaradıcısı və redaktoru mənəm, indi tarixi saxtalaşdırıb onları başqalarının ayağına yazanlara, ya da qapalı qapılar ardında adımı çeşitli siyahılardan çıxaranlara cavab olsun! Hələ sovet hökumətinin kəshakəs vaxtında komsomolun orqanını xalqın ruporuna çevirən, Azərbaycan mətbu mühitində rüzgar kimi əsən, onun simasını dəyişən, tabu qoyulmuş mövzuları heç nədən çəkinmədən gündəmə gətirən “Gənclik” və “Molodost” jurnallarının yaradıcısı  və baş redaktoru da məndim. İndi bir çoxları Azərbaycanda demokratik mətbuatının oluşumundan danışanda közü öz qabaqlarına çəkib “Gənclik” və “Molodost” jurnallarını görməzlikdən gələnlər mənim yox, tarix qarşısında rüsvay olacaq. N.Ostrovski adına ümumittifaq mükafatını və “Türk dünyasına hizmət” ödülünü də Azərbaycanda ilk dəfə mən aldım. Bu faktların heç birisini “mən”, “mən” deyib dilə gətirməzdim, amma ölkədə yoxluğumu fürsət bilən bəziləri bu danılmaz faktları təhrif edib, qəzetlərdə başqalarının adına çıxanda, “Mən səni sevmişəm səndən xəbərsiz”, “Sən məni dünyaya gətirdin, ana, Sənisə dünyadan aparıram mən” və digər misralarım “şeirdən-şeirə” keçib təkrarlananda tarixi şahidlik üçün bunları söyləmək məcburiyyətində qaldım.
Bütün bu dediklərimdən sonra yenə də ölümsüz Yuri Kuznetsov köməyimə gəlir:
Qoy onlar yaşasın, canları möhkəm,
Amma yenilmək var bir günü vaxta.
Kuznetsov deyilən mənəm. Mən təkəm,
Yerdə qalanları yalan və saxta.
 
OSMAN QAĞANIN ORDENİ YAXUD “NİZAMİNİN KÖLGƏSİ”
 
Fevralın 11-də qarlı bir Moskva axşamında bir zamanlar ikimizin də oxuduğumuz, sonralar Y.Kuznetsovun professor kimi çalışdığı M.Qorki adına Ədəbiyyat İnstitutunun banket salonunda böyük şairin yetmiş illik yubiley qonaqlığına yığışmışdıq. Süfrədəki nemətlərin hər biri Rusiyanın müxtəlif bölgələrindən – şərab şairin ana vətəni Kubandan, çeşidli balıq növləri Sibirdən göndərilmişdi...
Məclisi İnstitutun rektoru Tarasov aparırdı. Amma ən böyük yük yenə də qazax-türk qızı Fatimə xanımın çiyinlərində idi. Gəncliyində dünya gözəli olan, dəfələrlə evinin qonağı olduğum, süfrəsinin başında əyləşdiyim bu xanımın ixtiyarlığı da saçlarına yayılan bəyazlıq qədər nurani idi. Təşəkkür çıxışında dəfələrlə mənimlə bağlı xoş sözlər işlədirdi. (Qan çəkirdi axı, bu, süfrədəkilərin də diqqətindən qaçmırdı.)
Onun bu sadiqliyi və canıyananlığı içimi sızlatdı. Və onunla bağlı söz deyərkən bir zamanlar Osman qağa (Sarıvəlli) ilə son görüşümü xatırladım. Osman qağanın yetmiş illik yubileyi ilə bağlı “Ədəbiyyat qəzeti” üçün material hazırlamalı idim. Evində görüşdük, yenicə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdu. Təbrik etdim. Amma baxdım ki, sözlü adama oxşayır:
– Osman müəllim, dedim, razı deyimlisiniz?
– Yox, razıyam, sağ olsun hökumətimiz, amma gərək bundan iki dənə verəydilər. Yaxşı, bunu mən taxdım köksümə, bəs xanım neyləsin, qayçıyla da kəsiləsi deyil, kəsim yarısını özümün, yarısını xanımın yaxasından asım, qırx ildən çoxdur, zəhmətimi çəkir, o olmasaydı, mən də olmazdım, nə uğurum varsa ona borcluyam, – deyib, özünəməxsus bir qəhqəhə ilə fikrini yekunlaşdırdı.
Biz üç gündür Y.Kuznetsovdan, onun sənət dahiliyindən söz açırıq, dedim. Amma onu da unutmayalım ki, Osman Sarıvəlli demişkən, bu fədakar qazax-türk qızı olmasaydı, bəlkə heç bizim bu gün dahiləşdirdiyimiz Kuznetsov da olmazdı. Kişiləri bilmirəm, bu sözlərimin (sağlığımın) məclisdəki qadınların ürəyindən xəbər verdiyi şəksizdi.
Moskvada olarkən Rusiyanın “Kultura” telekanalında intervyüm verildi, “LitRossiya” qəzetinin əməkdaşı məndən geniş müsahibə aldı. (Bax: http://www.litrossia.ru/2011/14/06105.html)
Məqaləmin adı fikrinizi çaşdırmasın, Türkiyəyə qayıtdıqdan sonra əməliyyat keçirdiyimdən səfər yazım bir bu qədər gecikdi. Məni mistik görüşlərimə görə qınamağa çalışmayın. Və o əməliyyatın yüngül keçməsində yenə də mənə Y.Kuznetsov ruhunun dəstək olduğuna adım qədər əminəm.
Y.Kuznetsovun ”Nizaminin kölgəsi” şeirindən bir neçə bəndi diqqətinizə çatdırmaq istəyirəm:
...Kak polomnik, ya toje prişel,
Oziraya dolinu pokoya.
İ uvidel nad nim orel
İz kosmiçeskoy pıli i znoya.
 
...Osleplyala qranita stupen
Çerez prizmu vozduşnoqo sloya.
Ya iskal na zemle tolko ten
Ya spasal svoyu duşu ot znoya.
 
İ velikaya ten Nizami
Mne proxladu zemnuyu davala.
İ kişela jivımı lyudmi,
A dolina pokoya pılala.
 
Znaçit, vse-taki slava ne zvon
İ slova nepodvlastnı zabvenyu.
S veçnım solntsem beseduet on,
Ukrıvaya polomnikov tenyu.
Bizi bir belə ürəklə sevənləri sevmək boynumuzun borcudur. Həm də bu şeir yalnızca böyük Nizamiyə deyil, elə bilirəm, birbaşa elə böyük Yuri Kuznetsovun özünə də aiddir! Rusiyanın şeir gəncliyi indi bir başqasının yox, daha çox onun kölgəsinə sığınmış vəziyyətdədir... Həm də bir başqa Söz fədaimiz – “Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadən qeyri” deyə səhər yelinə möhürünü vuran Füzuli dədəmizin təsiri ilə yazılmış aşağıdakı misralara da diqqət verək:
...Brat! Ya dver raspaxnu na rassvete.
Pozabıl li, mı bıli druzya.
Tı posmotriş na dver: “Eto veter!”
Oşibaeşsya, brat. Eto ya!
Adımı ananların az olduğu qərib diyarda hərdən mənə elə gəlir ki, qapı-pəncərəmi döyən qürbət rüzgarı deyil, Füzuli dədəmizlə Yuri Kuznetsovun ruhlarıdır. Eşq olsun sizə,Qutsal RUHLAR!
 
P.S. Azərbaycandan Türkiyənin müxtəlif universitetlərinə konfranslara gələn, orada bizim universitetin müəllimlərilə rastlaşıb mənə öz kitablarını göndərən tanıdığım və tanımadığım bütün elm adamlarımıza dərin minnətdarlığımı bildirirəm.
Aprel. Çanaqqala, Türkiyə
Məmməd İSMAYIL



Bu yazı ( 499 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar