12px14px16px18px

İşıqlı ömrün hekayəti

Elbrus Şahmar
11:03 / 06.05.2011  
İnsan dünyası qəribədir, bənzərsizdir. Şəri təmsil edən insanlar da var, xeyirxahlıq üçün yarananlar da. İnsan var şər dağarcığıdı, hər addımı, hər danışığı fitnə-fəsaddı, insan da var ömrü işıqla, nurla bəzənib, mübarizələrdən qorxmur, dövranla-zamanla həmişə cəngi-cidala çıxır. Vaxt olub həyatda bəxti gətirməyib, amma sınmayıb, əyilməyib, vəzifə kürsüsünü itirsə də, vicdanına xələl gətirməyib. Böyük inamla çərxi-fələyin acığına daha mübariz, daha qürurlu olub, həmişə də insanlığın, haqqın-ədalətin qələbə çalacağı ümidi ilə yaşayıb. Bu insanlar xalqın, el-obanın hörmətini qazanır, onu hər yerdə ağsaqqal kimi qəbul edir, ehtiram göstərirlər. Həqqında söz açacağım Zöhrab Məmmədov da elə insanlardan biridir. Lev Tolstoy ömrünün ahıl vədəsində əhvalını soruşan bir nəfərə belə cavab verir ki, Allaha çox şükür, özümü hələ narahat hiss edirəm. Bəlkə də, hal-əhval tutan adam Tolstoyun nə dediyini düzgün başa düşməyib, çiyinlərini çəkib. Tolstoy ona görə narahat idi ki, hələlik görüləsi işləri çox idi, bu yöndə özündə güc və qüvvət hiss edirdi. O mənada Zöhrab Məmmədov da həmişə insanlara xeyir vermək, gözəl arzularını həyata keçirmək üçün özündə böyük güc və cəsarət tapır. O, zəhmətin odlu-alovlu kürəsində bərkimiş insandı, hünərpərvərdir və ona görə də tənbəl adamlardan xoşu gəlmir. İşini bilən, qoçaq və işgüzar adamlar isə həmişə onun sevimlisidir. İnsanın dəyəri onun xalqına, el-obasına xidməti ilə ölçülür. Bu onun insanpərvərliyi, xeyirxahlığı, Allaha bağlılığı, səxavəti, vətənpərvərliyi, təvazökarlığı, dostluğu, əməyi və digər keyfiyyətləri ilə rövnəqlənir. Həmin mənada Hacı Zöhrab Məmmədov ömürü körk olunasıdır. Zöhrab müəllim haqqında düşünəndə həmişə general Şıxlinskinin bu sözlərini xatırlayıram: “Mən öz keçmişimə təmiz vicdanla, müasirlərimin üzünə isə tam cəsarətlə baxa bilirəm”. Generalın bu fikrini Zöhrab müəllimin bu günü üçün bir əməl proqramı saymaq olar. Başlıcası odur ki, Zöhrab müəllim vəzifədə olanda da, olmayanda da ona xas olan insani ləyaqəti, xalqa sevgisini göz bəbəyi kimi qoruyub. Şair demişkən: Vəzifə atından düşmək ar deyil, kişilik atından kişi düşməsin. Zöhrab Məmmədov Qubadlıda 5 il katib olub, amma bu illərdə bir qərinənin işini görüb. O zaman bütün Qubadlıda əmin-amanlıq, əmək fəallığı, yüksək nizam-intizam hökm sürürdü. Dağların qoynunda yol çəkilmişdi, Həkəri, Bərgüşad çaylarının üstündən körpü salınmışdı, saysız-hesabsız əsaslı təmir işləri görülmüşdü, yeni-yeni inzibati binalar tikilmişdi. Təsərrüfatın bütün sahələri üzrə dövlət göstəriciləri reallığı əks etdirirdi, formal olaraq kağız üzərində qalmırdı. Bütün bunların həyata keçirilməsində Zöhrab müəllimin böyük əməyi vardı. O, yorulmaq bilmirdi, gecəsini gündüzə qatmışdı. Kabinet ona darlıq edirdi, hər gün xalqın içində idi. Və bu səbəbdən də geridə qalmış bir dağ rayonu respublikamızın qabaqcıl rayonları sırasına çıxıb. Bunlar öz əksini o dövrün mətbuatında da tapıb. Atalar yaxşı deyir: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Zöhrab Məmmədov ömrünün 70-ci il dönümü münasibəti ilə bu sətirləri yazarkən yadıma 27 il bundan qabaq Qubadlıda ürəklərdən tikan çıxardan bir hadisə düşdü. O hadisə müəllimin vaxtilə bir erməniyə vurduğu silləsinin əks-sədasıdır. Qubadlının ən gözəl guşələrindən biri də “Vəli düzü” ilə “Çayzəmi”dir. Di gəl ki, Əyin kəndindən ora gedən maşın yolu dar və çala-çökək olub. Gorus-Qafan şosesinə çıxan yolun genişləndirilməsi çox vacib idi. Ona görə ki, rayonun bir neçə kəndinə, “Çayzəmi”də yerləşən kolxoz fermasına həmin yolun vasitəsi ilə getmək olurdu. Ancaq Əyindən sonra bu yolun bir neçə yüz metri Qafan rayonunun ərazisindən keçirdi, ermənilər də bilərəkdən yola kimi əkin sahəsi salmışdılar ki, oranı genişləndirmək mümkün olmasın. 1984-cü ildə rayon partiya komitəsinin birinci kitabı Zöhrab Məmmədovun göstərişi ilə həmin sahə gecə ilə genişləndirilib, hamarlandırılır. Ertəsi gün isə ermənilər yola daş-kəsək və torpaq toplayıb maşın yolunu kəsir və ora milis postu qoyulur ki, qubadlılar o yoldan keçə bilməsin. Bu xəbəri eşidən kimi Zöhrab Məmmədov rayon əhalisindən 400-500 nəfəri həmin yerə göndərir, özü də bütün rayon rəhbərləri ilə birlikdə post qoyulan yerə gəlir, ora getməmişdən qabaq Qafan rayonunun rəhbərliyinə də məlumat verir. O vaxt əsas ipə-sapa yatmayanlar kimlər idi? Qafanın İcraiyyə Komitəsinin sədri və bir də prokuror... Xüsusilə erməni prokuroru heç nədən çəkinmir, özünü iddialı və təşəxxüslü aparıb, deyirdi ki, post onun göstərişi ilə qoyulub və onu heç kim aça bilməz. Bu vaxt Qafan erməniləri ilə üz-üzə dayanan qubadlılar Zöhrab müəllimin yanında başqa cür hərəkət etməkdən özlərini zorla saxlayır. Hər kəs ürəyində bu hadisədən çıxış yolu axtarır, götür-qoy edirdi. Prokuror isə sözlərinə ara vermir, baş aparır, mənəm-mənəmliyindən əl çəkmirdi. Elə bu vaxt heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Damarlarından təmiz azərbaycanlı qanı axan qeyrətli oğul Zöhrab müəllim irəli çıxdı. Prokurorun sözü ağzında qaldı. O, erməni prokuroru ilə üz-üzə, göz-gözə dayandı və var gücü ilə erməni prokurorunun qulağının dibinə bir sillə çəkdi. Bu sillədən prokuror səntirlədi, ermənilər isə səksəndi, hamısının ürəyinə qorxu çökdü. Bununla da mübahisəli məsələyə son qoyuldu. Unutmayaq ki, o illər sovet hökumətinin kəsə-kəs vaxtı idi, hər bir kommunistin, xüsusilə rəhbər işçinin hərəkətlərinə ciddi nəzarət vardı. Çılğın hərəkətlərinə görə neçə-neçə rəhbər işçini vəzifədən götürmüş, partiyadan xaric etmişdirlər. O gün Zöhrab Məmmədovun gözündə vəzifə bir heç oldu, qeyrət və vətənpərvərlik, şərəf və ləyaqət hissi üstün gəldi. Şeyx Şamil yaxşı deyir: “Düşmənlə qarşı-qarşıya gələrkən, hərəkətini ölçüb-biçəndən, nəticə barədə fikirləşəndən qəhrəman olmaz, kişi çıxmaz”. Zöhrab Məmmədov 1941-ci il, fevralın 15-də Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən olan, vaxtilə böyük yazıçı Aleksandır Dümanın “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilər” dediyi Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşən Xoruzlu kəndində anadan olub. Orta təhsilini rayonda alan Zöhrab Məmmədov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Moskvada Ali Partiya məktəbini bitirib. Əmək fəaliyyətinə anadan olduğu kənddə başlayıb. Ən əvvəl kolxozda baş iqtisadçı, daha sonra Tərtər rayon komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsinin şöbə müdiri və katibi, “Qızıl bayraq” qəzetinin redaktoru vəzifələrində çalışıb. Daha sonra respublika rəhbərliyi onu yüksək iş qabiliyyətini, tükənməz enerjisini, təşkilatçılıq və rəhbərlik bacarığını, prinsipiallığını nəzərə alıb, onu Azərbaycan Mərkəzi Komitəsində məsul vəzifələrə irəli çəkib. Bu yüksək vəzifə kürsüsündə etimadı doğruldan Zöhrab Məmmədov daha sonra Qubadlı və Abşeron rayon partiya komitələrində birinci katib vəzifələrində çalışıb, bir daha öz ləyaqət və bacarığını göstərə bilib. Bütün məqamlarda öz ürəyinin və ağlının diktəsi, vicdanının səsi ilə hərəkət edən Zöhrab Əsəd oğlu Məmmədov, 80-ci illərin sonlarında partiya işindən kənarlaşdırılır. C.Məmmədquluzadənin təbirincə desək, axı, o vaxtlar “qeyri-vacib əməllərə” qurşananların sayı daha sürətlə boy atıb, övc etdiyindən Zöhrab müəllimin bostanına daş atanlar tapılır. Bir də həmişə olduğu kimi, o illərdə də Zöhrab Məmmədov üçün xalqın mənafeyi, istək və arzuları özünün və yuxarı eşalonda işləyən vəzifə sahiblərinin mənafeyindən üstün idi. Heç şübhəsiz, bu cəhət özündən xeyli müştəbeh olan “yuxarı eşalonu” qane etmirdi. Zöhrab müəllim hazırda Bakıda Sənayetikinti Avtotəmir Açıq tipli Səhmdar Cəmiyyətinin sədridir. Həmin cəmiyyətə məxsus olan binanın birinci mərtəbəsində neçə-neçə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb, neçəsi işlə təmin olunub. Zöhrab müəllim bayram günlərində də həmin ailələrə yardım etməyi unutmur. Ona görə də, onların hər biri Zöhrab Məmmədovdan razılıq edir, ondan böyük məhəbbətlə söz açır. Z.Məmmədov iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Şərəf nişanı” ordeni və bir çox mükafatlarla təltif olunub. Zöhrab müəllimin ömür-gün yoldaşı Hacıxanım Xalidə xanımla, Şəhriyar və Gülnarə adında iki övlad böyüdüb boya-başa çatdırıblar. Beş nəvələri var – Atabəy, Ayxan, Gülgün, Kamran və Nuray. Hacı Zöhrab vətənə və ailəyə bağlı insandı. Əyilməzliyi ilə bahəm incə bir ruhun daşıyıcısıdır. Azərbaycan ədəbiyyatını və tarixini ürəkdən sevməsi ilə yanaşı, onu, münasibətdə olduğu adamlara da inandırıcı bir şəkildə təbliğ edib yetərincə dəyərləndirə bilməsidir. Sözünün ağası olan Zöhrab müəllim, həm də geniş bilik və əxlaq sahibidi. Heç vaxt bu gün görünəsi iş başqa vaxta saxlanması, məqsədinə çatması üçün durmadan, yorulmadan çalışması, bu yöndə fədakarlığı onun ən xoş, ən dəyərli səciyyəvi xüsusiyyətlərindəndir. Zöhrab Məmmədov vətənin, xalqın mənafeyini həmişə qorumuş, vəzifələrdə olanda həmişə işinin öhdəsindən gəlməyənləri vəzifəsindən kənarlaşdırmış və o yerə bacarıqlı və səriştəli adamları təyin edə bilmişdir. Zöhrab müəllim ömrünün bütün çağlarında yaradıcı adamlarla, ürfan əhli ilə yaxın olub, onların neçəsi ilə dostluq edib və indi də bu səciyyəvi xüsusiyyəti özündə qoruyub saxlayıb. Nəinki onlarla isti münasibətdə olub, eyni zamanda, onlara qarşı son dərəcə iltifatlı olub, onları vəzifə səlahiyyətləri səviyyəsində qoruyub, havadar olub. Elə adamlardan biri kimi, mən də Zöhrab müəllimlə isti münasibətdə olduğum məqamdan həmişə ondan qayğı və ehtiram görmüşəm. Yaşımın yetərincə olduğu bu məqamında belə mən ondan çox şey öyrənirəm. Zöhrab Əsəd oğlu həmişə öz valideynlərinə sadiq olub, hər zaman inamının, duyğularının və düşüncələrinin ardınca gedib, heç vaxt əqidəsindən dönməyib, tək bir haldan başqa. Bir dəfə ondan soruşdum ki, Zöhrab müəllim öz əqidənizin əksinə hərəkət etdiyiniz vaxtlar, məqamlar olubdurmu? O da cavab vermişdi ki, bəli olub, nə vaxt ki, atam öz istəyincə mənə söz deyib, onda mən əqidəmə xilaf mövqedə dayanmışam. Dünya və dünya var-dövlətində gözü olmayan Zöhrab Məmmədov həmişə Allahı tanıyan və dinimizə böyük sayğıları olan insandı. Elə bu duyğu, bu məhəbbətlə də o, 2010-cu ilin son günlərində müqəddəs Kəbəni ziyarət etmişdi. Zöhrab Məmmədovun Abşeron Rayon Partiya Komitəsinin birinci katibi işləyən zaman kəsiyində içindən kif atmaqda, çürüməkdə olan sovet imperiyası son nəfəsini alırdı. Demək olar ki, sosial ədalət artıq bütün SSRİ məkanında, eləcə də Azərbaycanımızda pozulmuş, yerində olmayan respublika rəhbərləri isə olan-qalan ağlını-huşunu itirir, özlərinin acizliyini qabarıq şəkildə göstərirdi. Respublikanı bir yalquzaq kimi içəridən gəmirən rüşvət, özbaşınalıq hər yerdə mənəm-mənəmlik edirdi. Heç şübhəsiz ki, belə bir vaxtda Zöhrab Məmmədov kimi səriştəli və ədalətli rəhbər işçilər çıxılmaz vəziyyətdə qalırdı. Zöhrab müəllim ruhən sağlam, özünəxas olan xeyir əməlləri və başqa müsbət xüsusiyyətləri ilə işlədiyi bölgələrdə dərin iz qoymuş, dünən adı ehtiram çəkildiyi kimi, bu gün də adı ehtiramla çəkilir və təmasda, münasibətdə olduğu adamların qəlbində böyüklüyü ilə qərar tutur. Yazının sonunda dostum Hacı Zöhrab Əsəd oğlunu 70 yaşı münasibəti ilə təbrik edir, ona könüldolu ömür arzulayır və barəsində olan duyğu və düşüncələrimə, xətrini qardaş kimi istədiyim, həmyerlimiz Şəkər xanım Bayram qızının bu fikri ilə üç nöqtə qoyuram: Zöhrab Məmmədov öz ictimai fəaliyyəti, yüksək təşkilatçılıq səriştəsi ilə seçilən, işlədiyi yerlərdə böyük nüfuz qazanan, sözün əsl mənasında ləyaqətli bir insandı. O, zamanın bütün ağır çağlarında həmişə sinəsini qabağa verib, öz sözünü deyib. Ona görə də yaşantılı bir ömür sürüb və o ömür bu gün də davam edir...
Elbrus Şahmar


Bu yazı ( 272 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar