12px14px16px18px

Sovet İmperiyasının gizlinləri: Qriqoryanın işi

Rufik İSMAYILOV
00:11 / 27.04.2011
Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına, eləcə də Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edib. Ölkəmizin ərazisinin 20 faizini işğal edərək, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan, əsl həqiqəti gizlədərək, Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyini məqsədyönlü akt kimi bütün dünyaya təqdim edib. Hələ 1988-ci ildən başlayan bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib. Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atıb. Belə uydurma məlumatlar internet şəbəkəsində də kütləvi şəkildə yerləşdirilərək, onların yayılması üçün xüsusi saytlar yaradılıb. Təbii ki, bu təbliğatın qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən də müəyyən addımlar atılıb. Bu yaxınlarda Azərbaycan Dövlət Televiziyasının ərsəyə gətirdiyi 3 hissəli “Sovet İmperiyasının gizlinləri: Qriqoryanın işi” sənədli filmi də məhz erməni dezinformasiyanın qarşısının alınmasına, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasına xidmət edən ekran əsəridir. Redaktoru, ssenari müəllifi və aparıcısı telejurnalist İbrahim Məmmədov olan bu filmdə 1988-ci ilin fevralında baş vermiş hadisə ətraflı araşdırılıb. Şahid və zərərçəkmişlərin çıxışları ilə yanaşı, sənədli ekran əsərində istefada olan polkovnik leytenant, 1954-cü ildən DTK-da işləyən Yuri Stepanoviç Qalasilkin, 1988-1992-ci illərdə Sumqayıt şəhər icraiyyə komitəsi sədrinin birinci müavini işləmiş Əli Həsənov, istefada olan general, 1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin, siyasi əks-kəşfiyyatın rəisi Filip Bobkov, DTK-nın Sumqayıt şöbəsinin keçmiş əməkdaşları Asif Cəbrayılov, Hacıəli Hacıəliyev, SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləmiş Vladimir İvanoviç Kaliniçenko, 1988-ci ildə SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olan Niyazi Vəlixanov, 1986-1990-ci illərdə Sov İKP MK-nın milli məsələlər üzrə katibi olan Aleksandr Yakovlev, 1988-ci ildə cinayətkar qrupun məhkəmə prosesinin hakimi Mənsur İbayev və o zaman dövlət ittihamını müdafiə edən Aslan İsmayılovun fikirlərinə də geniş yer verilib. “Azteleradio” Qapalı Səhmdar Cəmiyyətinin arxiv materiallarından, Azərbaycan Respublikası Prokurorluğunun, Milli Təhlükəsizlik Nazirliyinin istintaq və arxiv materiallarından istifadə edildiyi filmdə 1988-ci ilin fevralında Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfərin öldürüldüyü, onlardan 26-sının milliyyətcə erməni olduğu barədə məlumat verilib. Bununla yanaşı, hadisələrdə 400 nəfərdən çox adamın müxtəlif dərəcəli bədən xəsarətləri alması, 200-dən çox mənzilin talan edilməsi, 50-dən artıq mədəni-məişət obyektinin dağıdılması, 40-dan çox avtomaşının zədələnməsi və nəticədə dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan dəyməsini vurğulayıb. Hadisələrlə əlaqədar dərhal, 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan SSR CM-nin 72-ci maddəsinin (kütləvi iğtişaş) əlamətləri ilə cinayət işi başlansa da, artıq 01 mart 1988-ci il tarixdə həmin iş SSRİ Baş Prokurorluğunun istintaq qrupu tərəfindən icraata qəbul edilərək, ona 18/55461-88 nömrəsi verilib və istintaq davam etdirilib. İğtişaşlarla bağlı 444 nəfər məhkəmə qarşısında cavab verməli olub ki, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılıb, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər-Əhməd Əhmədov isə günahı tam sübuta yetirilmədən güllələnməyə məhkum olunub. O zaman SSRİ Baş Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanaraq, həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparıb. Məhz Sumqayıt hadisələrinə obyektiv hüquqi və siyasi qiymət verilməməsindən istifadə edən erməni separatçıları isə bundan istifadə edərək Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlayıblar. Telejurnalist İbrahim Məmmədov cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq qurumlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən tapşırıqların verildiyini də tamaşaçıların diqqətinə çatdırıb. O, bu tapşırığı dövlət başçısından sitat gətirməklə bildirib: “1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələr əslində Azərbaycan xalqına qarşı törədilmiş təxribatdır. Ona görə də hazırda mənim göstərişimlə bu cinayət işi yeniləşdirilib. İstintaqın hədəfi təxribatın təşkilatçılarını müəyyənləşdirməkdir. İstintaq hərəkətləri tam başa çatdıqdan sonra bu hadisəyə siyasi qiymət veriləcək. Azərbaycan dövləti bu cinayətin açılmasında və təşkilatçılarının müəyyənləşməsində maraqlıdır və bu işdə əməkdaşlıq etmək istəyən şəxslər, təşkilatlar və dövlətlərlə əməkdaşlığa açıqdır”. Filmdə dövlət başçısının tapşırığından irəli gələrək, 1988-ci ilin 27-29 fevral tarixlərində Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatının Azərbaycan Respublikası Baş Prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirildiyi qeyd olunub. Bildirilib ki, hazırkı İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyətinin – Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin “rəsmi səbəbi” kimi qanlı təxribat olması tam sübuta yetirilib. Belə ki, Sumqayıt sənaye şəhəri olduğu üçün orada əsasən sadə fəhlələrin yaşaması, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların məskunlaşması və şəhərdə yaranmış mürəkkəb sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycana qarşı təxribat aksiyasının məhz bu şəhərdə təşkil edilməsi qərara alınıb. O zaman DTK tərəfindən Sumqayıt təxribatının planı hazırlanaraq, Sumqayıta xüsusi hazırlıq keçmiş təxribat qrupu göndərilib və müxtəlif cinayətkar ünsürlər ermənilərin əli ilə bu təxribata cəlb ediliblər. Sumqayıtın rəhbərliyi, yerli güc strukturlarının fəaliyyəti isə Moskvanın göstəriş və əmrləri ilə iflic vəziyyətinə salınıb. Hətta şəhər daxili işlər şöbəsinin əməkdaşlarının tabel silahları belə əllərindən alınıb, şəhərin hüquq mühafizə orqanlarına müstəqil olaraq cinayətkar əməllərə qarşı tədbirlər görülməsi, əməliyyat və istintaq hərəkətlərinin aparılması qadağan edilib. Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıtdakı iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəblərdən SSRİ rəhbərliyi buraya Rusiya ərazisində yerləşən hərbi hissələrin qüvvələrini yeridib. Lakin onlar da iğtişaşların qarşısını almaq üçün lazımi tədbirlər görməyiblər. Sumqayıtdan sonra orada sınaqdan keçirilmiş eyni ssenari üzrə Sovet İttifaqının digər respublikalarında da çoxsaylı insan tələfatına səbəb olmuş faciəli hadisələr təşkil edilib.
İ.Məmmədovun şərhinə görə, Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə olunub. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifayət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilib. Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb. Onlar dərhal “zərərçəkən” tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıblar. İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar Marina və Karina Mejlumyanlar, onların anası Roza Mejlumyan tərəfindən tanındığından onun cinayət məsuliyyətindən yayındırılması mümkün olmayıb. Lakin E.Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Hətta E.Qriqoryan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən az sonra, cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, hansısa xidmətlərinə görə, cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Telejurnalist müəllifi olduğu filmdə aparılmış istintaq zamanı Sumqayıtda doğulub böyümüş və uzun müddət orada yaşamış sakinlərin, habelə hadisələrin bilavasitə şahidlərinin çoxsaylı ifadələrilə də tamaşaçıları tanış edib. Həmin ifadələrdə bildirilib ki, iğtişaşları təşkilində “qara plaşlı” naməlum adamların da rolu olub. Həmin şəxslər sumqayıtlı olmayıb, öz aralarında bir çox hallarda erməni dilində danışıblar. Azərbaycan dilini də təmiz bilib və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə təbliğat aparıblar. Camaata spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və sair paylayaraq, talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparıblar. Sənədli ekran əsərindən tam aydın olur ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Dağlıq Qarabağdan olan emissarlar E.Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını, dəqiq ev ünvanlarını veriblər. Aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə də təmin ediblər. Hadisələr zamanı isə E.Qriqoryan və onun qardaşı A.Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar. E.Qriqoryan ətrafına topladığı özü kimi cinayət meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışıb. Əhalini ermənilərdən intiqam almağa çağıraraq, onda Sumqayıtda yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyib. Ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” və “Krunk” təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib. O, talan və digər cinayətlərdə fəal iştirak edərək, şəxsən 6 nəfər ermənini qətlə yetirib. İ.Məmmədov ekran əsərində Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarına istinadən onu da bildirib ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri də Sumqayıt hadisələrində fəal iştirak ediblər. Onlar Sumqayıt hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edib. Bununla yanaşı, DTK-nın arxiv materiallarından o da aydın olub ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin fəalı olan Konstantin Pxakadze ad-soyadlı şəxs, həmin komitənin, habelə “Krunk” cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olublar. Sumqayıt həqiqətlərini özündə əks etdirən “Sovet İmperiyasının gizlinləri: Qriqoryanın işi” sənədli filmi maraqlı məqamlarla sona çatır. Teleaparıcı bütün sadalanan sənədlərə və faktlara istinad edərək bildirib ki, təşkilatçıların gizlədilməsində, ört-basdır edilməsində, cinayətin tam araşdırılmamasında Sov İKP MK-nın Siyasi Bürosu, şəxsən Mixayil Qorbaçov, DTK-nın yuxarı eşalonları və Ermənistan və Dağlıq Qarabağın elitası maraqlı olmayıblar. Bu məqamda İ.Məmmədov 1986-1990-ci illərdə Sov İKP MK-nın milli məsələlər üzrə katibi, yenidənqurma siyasətinin ideoloqu, ermənilərə xüsusi rəğbətini gizlətməyən, SSRİ-də ən məlumatlı insanlardan biri olan, M.Qorbaçova yaxınlığı ilə seçilən Aleksandr Yakovlevin Sumqayıt hadisələrindən 4 il keçdikdən sonra bu barədə sensasiyalı çıxışına diqqət çəkib. Belə ki, A.Yakovlev 1992-ci ildə “Moskovskiy novosti” qəzetinə verdiyi müsahibəsində Dnestryanı və Sumqayıt hadisələrinin SSRİ DTK-sı tərəfindən təşkil edildiyini dilə gətirib. 23 mart 1993-cü ildə Azərbaycan Dövlət Televiziyasına müsahibəsində isə A.Yakovlev bildirib ki, Sumqayıt hadisələrini SSRİ hərbi sənaye kompleksi və SSRİ DTK-sı tərəfindən törədilib. 1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin rəisi işləmiş Filip Bobkov isə Sumqayıt hadisələrində, eləcə də digər ölkələrdə milli məsələlərin qızışdırılmasında A.Yakovlevi günahkar sayıb. Rufik İSMAYILOV


Bu yazı ( 436 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar