12px14px16px18px

Şeirin zirvəsində və əbədi səfərdə...

Məmməd İSMAYIL
15:54 / 23.04.2011
ƏLİ KƏRİMİN 80 İLLİYİNƏ
Hardasa 60-cı ilin əvvəllərində, qiyabi oxuduğum zamanlarda Bakıda kitab mağazasının hansındansa (Onda hələ kitab mağazası binaları dəllal bazarına çıxarılıb satılmadığından sayı hesabı yox idi. İndiki kimi deyildi ki o boyda Bakıda bir-iki kitab mağazası qalsın. O kitab mağazalarını kim satdırdı, niyə satdırdı, mədəniyyətimizə balta çalan və ya çaldıranlar kimlər idi, ortaya çıxarılıb ifşa olunmadılar, halbuki, eyni mövzuları saqqız kimi “çeynəyən” mətbuatımızın ilk işi bu olmalı idi.) Əli Kərimin “İki sevgi” kitabını almışdım. Bu kitab mənim könül kitabım olacaqdı.
Bakıdan Tovuza gələnə qədər gözümü qırpmadan bu əl boyda kitabı bəlkə on dəfə təkrar-təkrar oxumuş və hər oxunuşda da özüm üçün yeni bir şeylər kəşf etmiş, heyran qalmışdım. Kitabın müəllifi haqqında heç nə bilmirdim. Yox o, üzdə olan ədəbi tərəfkeş tənqid tərəfindən yağalana-ballana təriflənən birisi deyildi. Və o kitaba elə dalmışdım ki o səfərimdə Tovuza qatarlamı, avtobuslamı, rastgələ yol maşını iləmi qayıtdığımı xatırlamıram. Bəlkə elə o nazik kitabın qanadlarında qayıtmışdım, bilmirəm. Aşıq mühitinin saz, qoşma havasında böyüyən, ədəbi zövqü formalaşan məni, bu qədər yad və fərqliliyi ilə bu qədər doğma olan sənət inciləri elə ovsunlamışdı ki, yerdə, ya göydə olduğumun fərqində deyildim. İnanın ki, mənim qoca və təcrübəli qələmim indi o kitabdan aldığım həzzin o zamankı həyəcan və coşğusunun onda birini belə anlatmağa qadir deyil. O necə şeirlər idi, Allah! O elə bir kitab idi ki, müəllifi başqa bir xalqın sənətkarı olsaydı anında çevrəsində qızğın müzakirələr başlanar, yeni tənqidçilər nəsli yetişərdi. Hər böyük sənətkarın özü ilə bərabər böyük tənqidçisi də doğulmalıdır. Bəlkə zamanında doğulmur, amma mütləq doğulur. (Şükür ki, çox gec olsa da Cavanşir Yusiflinin şəxsində belə bir tənqidçi yetişəcəkdi, amma sonralar olacaqdı bu, çox sonralar) Çünki bu kitabın yazarı ədəbiyyata yeni bir üslub, ifadə (ilk baxışda qulağa alışılması çətin görünsə də) tərzi təqdim edirdi. Amma qurbağanın gölünə daş düşmüşdü, ədəbi tənqid deyilən bir şey vardısa yenə öz əvvəlki “çax-çuxu” ilə məşğuldu. Bunu necə başa düşməli? Ya həqiqətən də ədəbi tənqid belə bir gözlənilməz gəlişə, yazı tərzinə, ovqata hazır deyildi, ya da (bəlkə də ən doğrusu ) tərəfkeş tənqid bu gözlənilməz gəlişi görməzlikdən gəlməyi qərarlaşdırmışdı. Amma ədəbi dünyaya təqdim etdiyi yepyeni şeirləri ilə bu kitabın yazarı, hansı ədəbi imkanlara sahib olduğunu və hansı ədəbi mühitə düşdüyünü hamıdan yaxşı bilirdi. Başqa sözlə bu əlhavasına deyil, bilincli bir gəlişdi.
Niyə bu qənaətə gəldiyimi az sonra yazacağım xatirədən də görəcəksiniz.
Nəydi bu kitabın məni heyran buraxan yönü, hansı yönləri ilə güclü aşıq mühitində böyüyən saz şeiri, onun atişləməz yönləri ilə bağrıbadaş olan, hardasa ədəbi zövqü formalaşan bir şeir “dəlisinin” ağlını başından almışdı? O zamanlar bu kitaba və bu kitabda cəm olan bir-birindən gözəl şeirlərə heyranlığımı soruşan olsaydı bəlkə ədəbi yöndən heç cür izah edə bilməzdim. Görünür anadangəlmə içimə dolan yeniliyə heyranlıq şüuraltı bir fəhmlə məni o kitaba bağlamışdı. Bu o vaxt idi ki, nə yazıq ki, tərəfkeş tənqidçilər yaşlı, vəzifəli, imkanlı şairlərə ədəbi tost deməklə məşğul olduqlarından gözlərinin önündə baş verən ədəbi yenilənmə hərəkətindən xəbər tutmağa “macal tapmırdı”. Və beləliklə də hələ ədəbiyyata yeni gələn onun qürbətində çabalayan mənim kimi gəncləri yolundan sapdırırdılar. O zamanlar içimi dağıdan cavabsız sualları indi yaddaşımın bu başında yenidən canlandırmaq istəyirəm: Bu necə ola bilər ki, əsil şair kənarda qala, sıradan şairlər ədəbiyyat korifeyi kimi təqdim oluna, evlər, adlar, mükafatlar alalar? (İndi öz özümə ünvanladığım sadəlövh sualımdan utanıram: onda gəncdin, təcrübəsizdin, indi gözlərinin önündə baş verən rəzalət nədirsə, onda da oydu.)
Nəydi o kitabdakı şeirləri mənə sevdirib, ac ruhumu su kimi sərinlədən? Onda hələ şeirimiz S.Vurğun ilhamının gücü qartal qanadı altından çıxmamışdı, çıxa bilməmişdi, bəlkə də Əli Kərim bu cəsarətin ilk örnəyi idi. Və nəydi bu şeirləri mənə dəlicəsinə sevdirən? İlk uşağı olan ata övladının gəlişinə sadəcə onu ata etdiyinə görə sevinmir ki, həm də övladında yenidən dünyaya gəldiyinə görə sevinir. Üzünə-gözünə diqqətlə baxır, onda özünə aid bir nam-nişan axtarır, tapdığında dünyalar onun olur, qarşısındakı varlıq onun özünə bənzəyir, bəlkə tam özü deyil, amma ona bənzəyən yeni sevəcən bir varlıqdır. Əli Kərim şeiri də bəlkə də bir yönü ilə özündən əvvəlki ədəbi təcrübəyə dayandığından, amma həm də ondan xeyli fərqli və dəyişik olduğundan bir bu qədər içimi yerindən oynatmışdı.
Əli Kərim ədəbiyyata gətirdiyi yeniliklərlə yalnızca Bakıdakı yox, həm də o zamankı imperiyanın paytaxtında yaşayan tay-tuşlarını belə qabaqlamışdı. O dönəmin atbaşı gedən, ittifaq miqyasında gur-gur guruldayan Y.Yevtuşenkonu, R.Rojdestvenskini, A.Voznesenskini xatırlayın. Zalım zaman “yağı yağ ayranı ayranlıq” edəndən sonra adlarını sadaladığım şairlərdən əldə-ovucda çox az bir şeyin qaldığını, ya da heç qalmadığını görürürk. İttifaq miqyasında Ə. Kərimə oxşayacaq, onunla yarışa biləcək şairlər hələ ondan xeyli sonra ədəbiyyata gələcəkdilər. Mən əlbəttə, Rus şeirinə damğasını vuran N.Rubtsov və Y.Kuznetsovu nəzərdə tuturam. Ə. Kərinin Moskvada ədəbiyyatda “tüğyan” qoparan yaşıdları əslində istedadlarının miqyası baxımından Ə.Kərimin əlinə su tökməyə də yaramazdılar. Bu mənim milli təəssübkeşliyimdən gələn bir qahmar çıxma deyil, həqiqətin tam özüdür. Elə isə nədən Ə.Kərim nəinki ittifaq miqyasında, heç Azərbaycanda da uzun illər ədəbi hadisə kimi qarşılanmadı, birincisi, o rus deyildi, ikincisi, nə yazıq ki, öncə də vurğuladığım kimi onunla yenilikdə qanqohumu olan tənqidçi yetişmədi, ələbaxan tənqidçilər isə ədəbiyyatın önündə yox, arxasında sürünürdü...
Rus ədəbiyyatı tarixi vaxtsız ölən dahilərin həyat hekayələri ilə doludur. Görünür, ölümlər heç zaman vaxtsız olmur.(Sonsuz səma altında hər insan azmı, çoxmu, ona ayrılmış ömrün qum saatını boşaldır.) Amma bu vaxtsız ölənlər arasında ikisi daha çox diqqəti çəkir, bunlar rus şeirinin günəşi A.Puşkin, o birisi isə 28 yaşında yüz illik bir yaradıcılıq örnəyinə imza atan qeyri-adi düşüncə tərzinə görə göydən gəldiyi düşünülən M.Lermontov ölümüdür. Rus ədəbiyyatında zamansız ölənlərin vəya öldürülənlərin sayı istənilən qədərdir. Amma XIX yüzil Rus ədəbiyyatına (Yalnızca XIX ilə deyil, bütün sonrakı zamanlara da) damğasını vuran adlarını çəkdiyim bu iki sənətkarın yeri doldurulmazdır.
Azərbaycan ədəbiyyatında da belə nakam sənətkar örnəkləri var. Bunların başında heç şübhəsiz özgür düşüncələrinə görə dərisi diri-diri soyulan ədəbiyyat tariximizə yanar şair heykəli kimi daxil olan Nəsimidir.Və hərdən ağlıma qəribə fikirlər də gəlməmiş deyil, tarixdə örnəyi az görünən belə bir sənətkarı olan xalqın sonrakı “şairlər” ordusu arasında bir bu qədər yaltaqlıq hardan baş qaldırır, görəsən? “Hələ səy şairlər bəy tərifində...”
 Amma çox şükür ki, millətimiz qısır deyil, Nəsimini örnək alan və tariximizi təkrar şərəfləndirən və ona yaşmaq haqqı qazandıran belə örnəklər sonradan da görünməyə başladı. Bu mənim şəxsi fikrimdir “şanlı, şöhrətli, sinəsi orden, medallı, sosialist əməyi qəhrəmanlı” XX yüz il ədəbiyyatımız daha çox indi adlarını çəkəcəyim Nəsimi örnəkli iki şairə – M.Müşfiqə və Əli Kərimə görə zaman qarşısında vicdanı rahat ola bilər. A.Puşkin, M.Lermontov – M.Müşfiq və Ə.Kərim! Fikrinizdə bu paraleli aparsanız, tale oxşarlıqlarının ip uclarını bula biləcəksiniz.Və nə yaxşı ki, XX yüz ilin bu iki şairi vardı və nə yaxşı ki, onlar bizi tarix qarşısında rüsvay olmaqdan öz canları, qanları bahasına xilas etdilər. Paralel apardıqca içinizdən mənə etiraz edəniniz də tapılacaq. Axı A.Puşkin, M.Lermontov, M.Müşfiq kimi Ə.Kərim öldürülməmişdi? Yox, sevgili oxucum, yox, nə yazıq ki, Ə.Kərim də öldürülmüşdü. Əlbəttə ona Danteslerin, qırmızı terrorun gülləsi dəyməmişdi. Yox, ona qibtənin, çəkməzliyin, laqeydliyin qurşunu tuş gəlmişdi. O laqeydlikdə bizim hər birimizin payı var, birimizin az, birimizin çox, axırısı ki, var. “Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi” harayı bu mənada hamımıza ünvanlanmış ittiham idi. Təkcə ittiham deyil, həm də ürəyədamma və öncəgörmə idi, şair öncəgörməsi! Belə peyğəmbərlikdə o, dueldə öldürüləcəyini on il əvvəldən “Yuxu” şeirində hətta zamanına və məkanına qədər dilə gətirən:
V poldinenıy jar v doline Daqestana
S svintsom v qrudi lejal ya;
Qlubokaya eşyo dımilas rana,
Po kaple krov toçilsya moya...
tale oxşarı “Üçüncü atlı” poemasının qəhrəmanı Lermontova oxşamışdı. Və... hansı böyük sənətkar bu vəya başqa şəkildə öldürülmədi ki? Birisinin dərisi soyuldu, başqa birisinə qurşun sıxıldı, bir başqası çəkilməz dərdi ilə başa başa buraxıldı, ya da sürgün həyatı keçirməyə məhkum edildi. Bəs o sənətkarın məxsus olduğu toplum bu rəzaləti görmürmü? Nə yazıq ki, görür, amma iş işdən keçdikdən sonra görür. Və bu mənada hər böyük sənətkar öz millətinin ögey övladıdır deyənlər yanılmırlar.
İndi sizə danışacağım xatirəm dediklərimin danılmaz sübutudur. Onu əvvəlcədən deyim ki, biz Ə.Kərimlə heç zaman dost olmadıq, heç əməlli-başlı tanış da deyildik. Bunun səbəbləri də vardı, əvvəla biz yaşıd deyildik, ikinci də qiyabi oxuduğumdan mən Bakıya ayda-ildə bir gəlib gedirdim. Bir iki dəfə “Azərbaycan” jurnalına şeirlərimi aparmışdım, bir dəfəsində itirmiş, ikinci dəfəsində də bir şeirimi bəyənmiş, (Hətta “Bircə mənə görə bütün bu dünyadan nigaran anam” misralarımın yeniliyini xüsusi vurğulamışdı) sonradan o şeir də it-bat olmuşdu. Bu o zaman idi ki, içməyindən və genişürəkliliyindən istifadə edən bicəltək şeir həvəskarları yanından əl çəkməyib “şeirlərini” çap etdirir, ya da “Uğurlu yol” yazdırırdılar. Amma Əli Kərimin uzaqgörənliyi yazdığı “uğurlu yol”larda yox, əsərlərində ortaya çıxacaqdı...
Ə.Kərim heç zaman mənim üçün şeirə baxan şair olmadı, ola da bilməzdi də. Çünki onun missiyası başqa idi. Yetərdi ki, heç kimin yazmadığı, yaza bilmədiyi ilahi şeirlərini yazsın və biz gənclər də o şeirləri oxuyub vəcdə gələk, heyrətlər içində qalaq və bu ilahi şeirləri o dövrün bütün qəzet və jurnallarında çap olunan dadsız-dussuz, amma haqlarında boğazdan yuxarı təriflər yazılan və bununla da yaxşı nədir, pis nədirin xəzri və giləvarında tərəddüd içində qalan biz ədəbiyyata hələ yeni gələn gəncləri çaş-baş salan yazılarla müqayisə edək. O illər mərhələsi şeirindən Ə.Kərimin çıxardın baxın görün yerində qalan nə olacaq. İndi o dönəmin arxiv yazılarına baxıb adamın özünün özünə yazığı gəlir, ilahi, mən bunlarımı oxumuş, bunlardanmı öyrənmişəm? İndi düşünün Ə.Kərim şeiri olmasaydı o günlərdən bu günlərə şeirimiz bir bu qədər gəlişə bilərdimi.Az qala əlli il bundan əvvəl yaddaşıma köçmüş ( Və...sizin də əzbər bildiyiniz )Ə.Kərim misralarını sizinlə bölüşmək istərdim.
Başı bəxtəvərli çağlarımda hər dəfə övladlarımla Bakıdan Tovuz gedərkən Göyçaya çatar-çatma hamımızın xorla oxuduğumuz misralar vardı:
...Bu, Göyçaydı, oğlanlarım, göy dalğalı
Bax, o dağlar dalındakı buludlardan axıb gəlir...
Və bu misraların davamında “Allah sənə rəhmət eləsin, Əli Kərim” dualarımız havada uçuşardı. (Görəsən neçə şairimizə ölümündən sonra belə təmənnasız dualar nəsib oldu? Oldumu?)
...O durdu, kölgəsi uzandı yana.
Oturdu, kölgəsi qaya başından
Peşman qayıtdı ocaq yanına.
lll
...Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdin ki, hansı nurlu
düşüncələrdən.
lll
...Zəhmətsevər ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən.
lll
...Sevgisi də soyuq idi, təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
lll
...Gah istəyib məni görə,
gah deyib ki, mən
Qoy bilməyim. O utanıb öz ölümündən.
lll
...Yollar kənarında pinəçilər var
Alim təfəkkürlü, şair xəyallı.
lll
...Gəldi Çavçavadze əlində buynuz
Baxıb gülümsədi, qaşını çatdı:
– Deyin necə o oldu, o qoşa ulduz
Məgər səhərdirmi, deyək ki, batdı.
lll
... Atın nalında ay doğdu, batdı...
lll
Bir deyin insafmı, insafdırmı bu
Çəmən çöldə yata, şair otaqda.
lll
...Baharı gözləyirəm, ay qız, gəl,
bahar kimi.
lll
...Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt mənim gülüm, qayıt bu yerə,
Ay mənim istəyim, nə gəlməz oldun.
...Qayıt sahmana sal bu kinatı...
lll
Mən ki səni sevirəm
İynənin ucu boyda işığa həsrət qalan
Göz işıq sevən kimi.
O isə səni sevir, gizli deyil ki, səndən,
İşıqlardan yaranmış yaraşıq sevən kimi...
lll
Anam Sapunqaraya
analar gəlib ağlar,
Göz yaşında islanar
Bayatılar, ağılar...
Köhnə döyüş meydanı
Dönər qəm meydanına...
Təptəzə qafiyələr, ilahi fikirlərlə, yepyeni deyim tərzi ilə dopdolu olan belə misalların sayını istənilən qədər artırmaq olar.Amma bir qəzet yazısında buna ehtiyac da yoxdur. Əli Kərim bəlkəsiz ilk və son şairimizdir ki, hər şeirində yeni bir ritm və ovqat yaratmaqda virtouz bir istedada sahibdi. Tapdığı yeni ifadə biçimləri ilə öz özünü inkar edən və təsdiqləyən özüylə bərabər bizi də heyrətlər içində buraxan ikinci belə bir şairimiz, nə yazıq ki, hələ də yoxdu.
Misal gətirdiyim örnəklərin təhlilni oxucularımın ixtiyarına buraxıb sadəcə iki misraya diqqətinizi çəkmək istəyirəm. Ə. Kərim xaricində dilimizin ifadə imkanlarının genişliyini bir bu qədər sübut edəcək ikinci bir şair xatırlamaq çox çətindir. “Göz yaşında islanar, bayatılar, ağılar.” “Ağlar”, “ağılar” qafiyələrinin üstündə xeyli dayanmaq olardı, amma dayanmıram, çünki Ə.Kərimdə kimsənin yaradıcılığında olmadığı qədər yeni qafiyələrə rast gəlinir. Diqqətinizə çatdırmaq istədiyim isə bayatı və ağıların göz yaşında islanmasıdır. Necə gözlənilməz və necə də aydın ifadə! Nə qədər altmışıncı illər şeirimizi öyürsə öyək, belə gözlənilməz, qeyri-adi və hər kəs tərəfindən qəbul olunacaq vərdişəgəlməz deyimləri şeirimizə M.Müşfiqdən sonra daha geniş bir şəkildə Ə.Kərim gətirdi. Və bu gün adları yenilikçi şairlər kimi çıxan şairlərimizin sənət ustadı, elə bilirəm, Ə.Kərimin bu və bənzər misralarıdır.
1924-cü ildə Praqada Puşkinin “Dəlibaş” şeiri ilə bağlı mübahisələrə yekun vuran Marina Svetayeva: “Bu ki modernizmdir” deyənlərə cavab olaraq yazırdı: “Puşkini modernistlərdən ayıran onun sadə yazmağıdır və onun dahiyanəliyi də bundadır...Sadəlikdə qeyri-adilik! Əbədiyaşar sənətin sevdiyi axtarış yönü budur.”
Bu sözləri eyni ilə Ə.Kərim yaradıcılığına da aid etmək olar. Əgər belə demək mümkünsə onun şeirlərində bir təbiət mükəmməlliyi var. Çəməndəki çiçəyin gözəlliyi bizi maraqlandırır, amma bu gözəllik üçün təbiətin neçə ünsürü çalışır fikri ağlımıza da gəlməz. Ə. Kərim şeirini də biz elə o təbiətə yaxın mükəmməlliyinə görə sevirik. Amma bu mükəmməlliyi yaratmaq üçün nə qədər yuxusuz gecələr keçirilib bu bizi maraqlandırmaz.
Alman filosofu Artur Şopenhauer “Poeziyanın estetikası” məqaləsində yazırdı ki, ritm və qafiyə şeirdə bəlkə şair üçün bir buxovdur, onlara zahiri maska da deyə bilərsiniz. Şair bu maskanın altında elə şeyləri deyir ki, başqa heç cür onları bizə çatdıra bilməzdi. Və buna görə də onun bizə verdiyi xəbərlər xoşdur. Dediklərinin, deyə bildiklərinin yarısına şair cavabdehdir, yerdə qalan yarısına isə ölçü və qafiyələr. Görkəmli filosof Fransız şeirinin qıtlığı və qısırlığını əsasən ölçüsüzlüyündə və yalnızca qafiyə ilə kifayətlənməsində görürdü. Şeir biçimlərində inqilabi işlər görən V.Mayakovski isə: ”Qafiyə sizi bir öncəki misraya qaytarır, sizi o misranı xatırlamağa məcbur edir, bir fikri ifadə edən bütün misraları bir yerdə tutmağı bacarır”. Başqa bir deyişlə qafiyə şeirin ən önəmli fikir, kompozisiya elementidir. Azərbaycan şeirində ondan əvvəl heç istifadə edilməmiş “nəbzi”, “nə bizi”, “ağlar”, “ağılar” və s. qafiyələri şeirimizə qazandıran Əli Kərim də elə bilirəm, qafiyə haqqında yazsaydı, eyni qənaətə gələrdi...
 Ə.Kərim qələmini öncə də dediyim kimi şeirin bütün vəzn və ritmlərində sınaqdan keçirirdi. Xüsusən sərbəst şeirin Azərbaycan ədəbiyyatında yaşamaq hüququ qazanmasına səbəb olan şairlərin ön sıralarında heç şübhəsiz onun adını çəkmək lazımdır. Sərbəst şeir yalnız milli formaya çevrildikdən sonra böyük uğur qazana bilər. Biz bunun ən böyük örnəyini Türk poeziyasında Nazim Hikmətin şəxsində gördük. Azərbaycan ədəbiyyatı sərbəst vəzni milli formaya döndərəcək dahisinin yolunu həsrətlə gözlədiyi bir zamanda misralarında ruhu hallar, gözəlliklər nəfəs alan, kəlmələrində təbiət təbiiliyi olan quru forma sərbəstliyindən uzaq, çox uzaq Ə. Kərim sərbəsti boy göstərdi. Bu vəzndə R.Rzanın xidmətlərini unutmadan deyə bilərik ki, Ə.Kərimin inadıyla sərbəst vəzn milli vəznə çevrilməyə başladı. Nazim Hikmətdən sonra türk dilində hər sözün dipdiri olduğu ən gözəl sərbəst şeirləri də o yaratmışdı. Sərbəst şeiri milli vəznə çevirmək üçün görünür, Əli Kərim dahiyanəliyi gərəkmiş.
Əli Kərim vəzn, ritm, qafiyə, söz sehirbazı idi. İstədiyi vəzində, istədiyi qəlibdə, istədiyi kimi şeirlər yaza bilmək yetənəyi hər kəsdən əvvəl ona verilmişdi. Yaradıcılığının ilk dönəmlərinə aid olan “İlk simfoniya” poeması ölçülər, ritmlər, yeniliklər sərgisidir. Bu əsərdə şairin şəlalə ilhamı elə şəlalə kimi də haldan hala, ritmdən, ritmə, ölçüdən ölçüyə keçib bir şair xəyalının sərhəd tanımazlığına, bir dəli ilhamın hüdudbilməz çırpınışlarına səhnə olur. Bu poema ədəbiyyatın heyrət örnəyi idi. Hələ “Üçüncü atlı” poeması! Bəlkə də şair gələcək taleyinin bənzəyəcəyini bildiyindən Lermontov haqqında hansı dildə yazılmasından asılı olmayaraq yazılan bütün əsərlərin ən gözəl örnəyini yaratmışdı. Gərək bu poemada, gərəksə də “Kürə yağış yağırdı” şeirində minbir rəngi şeirə yansıtmaq baxımından məncə dünya poeziyasında misli bərabəri olmayan rənglər dünyasının ilahi çələngi onun ilhamından ədəbiyyat tarixinə yadigar qaldı. Onunçün mövzu, vəzn qıtlığı yoxdu, Əruzu da, hecanı da çox gözəl bildiyindən düşünürəm ki, əruz vəznində yazmış olsaydı, ən gözəl qəzəli də o yazardı. Necə ki, hecada “Qayıt”, İki sevgi”, “Babəkin qolları”, “O qıza” və onlarca klassik şeirlər vermişdi. Hələ sərbəstdə yazılan onlarca şedevri demirəm...
Bu xatirəni yazarkən vicdanıma güzgüyə baxan kimi baxıram, altdan-üstdən bir şey yazmaq da adətim deyil, dirilərdən yox, ölülərin ruhundan çox qorxan birisiyəm...
Əvvəlcə də dediyim kimi qiyabi oxuyurdum, ildə iki dəfə Bakıya gəlib getməyim vardı. Gərək ki, universitetin son kursu idi və mən diplom işi yazmaq üçün Bakıya gəlmişdim, həyatımın Bakıda keçəcək ən uzun müddəti başlamışdı. O zamankı H.Aslanov küçəsi ilə Qoqol küçələrinin (İndi o küçələrin adları eyni ilə qalır, ya qalmır, xəbərim yoxdur) kəsişdiyi yerdə əmimoğlugildə qalırdım (Ailə yay tətilinə getmişdi), Günlərin birində nəsə almaq üçün aşağı enmişdim ki, küçədə Ə.Kərimlə üz-üzə gəldim (Sonradan biləcəkdim ki, o zamanlar ömrünün son illərini yaşayırmış). Bu fürsəti göydə axtarırdım, yerdə əlimə düşmüşdü. Çoxdan ürəyimi deşən bəzi sözlərimi onun özünə deməyi qərara almışdım.
Yorğun görünürdü, üzündən əksik olmayan təbəssümünün işığında hətta kirpiklərinin də ağarmağa başladığını gördüm və bu, məni heyrətləndirdi. Kirpiklərinin yox, heç saçının da ağaran vaxtı deyildi axı? Təbəssümündə bəlkə bir az da ironiya vardı. O bu təbəssümü ilə çoxumuza sanki tənhalıq dərsi keçirdi. Bu o zaman idi ki, “Azərbaycan” jurnalından çıxdığınınmı, çıxardıldığınınmı xəbəri rayonlara da gedib çatmışdı. İçimdən o da keçdi ki, görəsən şairin saçlarının yox ey, kirpiklərin belə bəyazlaşmasının səbəbi içkidəndir, yoxsa işsizlikdən? Əl verib görüşdük, hal-əhval sorduq. Məndən əlüstü aralanmaq istədiyi hər halından bəlli idi, amma mən oralıq deyildim.
Çəkingən-çəkingən:
– Əli müəllim, dedim, siz mənim yaşayan şairlər arasında ən çox sevdiyim və gizləmirəm, ən çox da çəkindiyim şairsiniz, axı niyə özünüzü qorumursunuz, niyə içirsiniz, hə?
Önünü kəsib inad etdiyimi görüb növbəti (bir az kölgəli) təbəssümü üzünə yayıldı:
– Harda qalırsan, dedi.
Əlimlə qaldığım səmti göstərdim:
– Bu yaxınlarda.
Sağ əlini cibinə salıb oradan bir əzik üçlük çıxartdı:
– Get, bir araq al gətir, oturub danışaq.
Etiraz etmək, “mən sizə içməyin deyirəm, siz mənə yenə araq aldırırsınız” – demək istədim. Əlinin işarəsi ilə susmağımı istədi. Hələ də üçlüyü inadla mənə vermək istəyirdi.
Əlini usulluca geri çevirdim:
– Əli müəllim, ayıb deyilmi, mən özüm alaram.
– Yox, yox dedi, özün alsan, mən də çıxıb öz yolumla gedəcəm.
Əlacsız qalıb üçlüyü alıb yaxındakı dükana girdim. Bir araq, bir az da gərəkli şeylərdən alıb qaldığım mənzilə çıxdıq. Əli müəllim oturub masanın üzərindəki qəzet və kitablara baxana qədər mən də pomidorlu qayğanaq bişirib, salat hazırlayıb masaya düzdüm.
Hələ heç əlimizi yeməyə vurmamış Əli müəllim özü arağın qapağını açıb stəkanlara süzdü:
– Vur görək, –dedi və sağlıq deməyimi gözləmədən stəkanı başına çəkdi.
Mən də qeyri-ixtiyari ona qoşuldum. Amma bilirdim ki, nəsə yeyib altını doldurmasam, bu araq zəhrimar mənim dədəmi yandıracaq, acqarına içki içməyə öyrəncəli deyildim, amma etiraz edəcək hal da yoxdu. Birinci qədəhdəncə kefim kökəlmiş, dilim açılmışdı. Bəlkə elə Əli müəllim də bunu gözləyirdi:
– Hə dedi, indi söylə görüm, nə söyləyirsən.
Mən yolda söylədiyimdən daha bəlağətli və bir az da həyəcanlı bir sağlıq irad etdim, dilimə açar düşdüyündən içimə illər boyu yığılan bütün tərifli sözləri söylədim. Amma sözün özəyi birdi:
– Belə böyük ilham sahibi içməməlidir, Siz axı özünüzdən daha çox bizə, bu millətə lazımsınız, içməyin də, nə olar?
Üz-gözündən tərif dolu bu “nitqimin” Əli müəllimin xoşuna getmədiyi bəlli idi, amma bunu üzü deyirdi, sözü yox. Və bu zaman heç vaxt yadımdan çıxmayacaq cümlələri sıralanacaqdı:
– Məmməd, içmə deyirsən, bilirəm bunu istədiyindən deyirsən. İçib kimə nə yamanlıq edirəm ki? İçirəm bunun zərəri də mənimdir, yararı da. Bilsəm ki, iki ömrüm olacaq, içməzdim, birinci ömrümdə Yazıçılar İttifaqındakı bir çoxları kimi yaltaqlıq edər, onun bunun arvadına, qızına sataşar, ikinci ömrüm üçün azuqə yığardım. Vaxta ki, bir ömrümüz var, o da qırx ildirmi, əlli ildirmi, bilinməz, bunun üçün, işin keçənə yaltaqlanıb, kiminsə qabağında əyilməyə dəyərmi? İndi bildinmi niyə içirəm? İçib kimə pislik edirəm ki? Qaldır, görüm, qaldır bu badələri içək sənin sağlığına – deyib ikinci qədəhi də başına çəkdi.
Bayaqdan fikir vermişdim. Süfrədəki yeyəcəklərə əlini də vurmamışdı. Amma məni heyrətləndirən yemədən içməyi deyildi, məni heyrətləndirən onun mənim sualıma belə dürüst verdiyi cavab və bu cavabın gözlənilməzliyi idi...
O belə adam idi. Dünyaya doğru zamanda, doğru məkanda gəlmək də bir tanrı xoşbəxtliyidir. Belə görünürdü ki, o, bizim zəmanəyə ya keçmiş əsrlərdən, ya da gələcək əsrlərdən səhv düşüb yolunu azaraq gəlmişdi. Belə olduğuna görə də milyonlar içində tənha idi. Gücü özünə və sözünə çatırdı, Özünü içki və sözü ilə ovundururdu. İçmək, siqaret çəkmək, yaddaşı sıfırlamaq üçündü bəlkə bütün bunlar. Bu “üsulu” hər sənətkar bilmir yəqin. Dünya ədəbiyyatında xüsusilə Fransız və Rus ədəbiyyatlarında bunun bir çox örnəyi vardır. Rembonun, Rubtsovun, xüsusilə də Y.Kuznetsovun adını çəkmək yetərlidir. Ə.Kərimlə Y.Kuznetsov arasında bir çox tale bağları tapmaq olar. Y.Kuznetsov, təbiri caizsə, qırılana qədər içirdi (Ruslar buna “zapoy” deyirlər). Bir həftə özündə-sözündə olmur, sonra 5-6 ay dilinə içki vurmurdu. Və bu 5-6 ay onun ən verimli, ilhamlı zamanları olar, şedevrlərini də elə bu “zapoylardan “ sonra yaradardı. Bəlkə M.Qorki adına Ədəbiyyat İnstitutunu Moskvada bitirən Əli Kərim də bu yöndə bizim bilmədiklərimizi bilirdi. Amma başqa bir fakt da bu dediklərimiz mayasını çürüdür. Moskva təhsil illərində içməyi, həm də həddindən artıq içməyi öyrənib bu adətini Bakıda da davam etdirən, özündən sonra üç-beş misrası da qalmayan neçə şairimiz elə bu araq bataqlığında boğulub ölmədimi?
...Şeirin zirvəsində olan adam “Yazıçılar” evinin zirzəmisində yaşamağa məhkum edilmişdi. ”Cənazə çiyinlərdə gəzdiyi yeri tapır...”( O evin yuxarı qatlarından Ə.Kərimə yuxarıdan aşağı baxanlara indi Ə.Kərim hansı zirvələrdən baxır, bunu bir az da siz düşünün. Həyatımızın acılı ironiyası və reallığı!!!) Cənazəsi də elə bu evin həyətindən qaldırılacaq, Göyçaya – canı qədər sevdiyi torpağa yol alacaqdı: “Şöhrət cığırları şəhərdən keçər, ehtiyac yolları dönər kəndlərə...”
Ömrünün son günlərində dahiyanə xəstəxana şeirlər silsiləsini – “Ağrıya bir-iki söz”ü yazmışdı. Bu silsilədə cavan bir bədənin hücuma keçən qartımış ölümə meydan oxumağın heyrətli Nəsimi zirvəsi vardı. Hələ ölümünə beş altı saat qala yazılmış “Vəsiyyət” şeiri!
Elə ki həkim girdi
Xəstənin qılığına
Nəsə pıçıldadı
tanışlardan birinin
qulağına.
Onda həkim, salam-əleykim...
Puşkinin zamansız ölümünün Lermontova, Qoqola təsiri ədəbiyyat tarixində yerini alıb. Gərək Qoqol, gərəksə də Dostoyevski Puşkin ölərkən daha bir itkiyə də məruz qalmışdılar. Eyni vaxtda birisi anasını, birisi qardaşını itirmişdi. Müqayisə yerinə düşməsə də, 1969-cu ilin mayında canım qədər sevdiyim anamı itirmişdim, yaradıcılığını hamıdan çox sevdiyim Əli Kərim isə bir az sonra, iyunda dünyasını dəyişəcəkdi. Mübaliğəsiz deyim ki, o zaman ürəyimdən Qoqolun Puşkinin ölümündən sonra söylədiyi “kaş mən də öləydim” kəlmələri keçmişdi. İki əziz adamı birdən itirməyin yükü mənim cavan çiyinlərim üçün ağırdı, həm də çox ağır.
Sağlığında bu xatirənin dışında heç bir münasibətim olmayan bu dahinin ailəsi ilə – həyat yoldaşı Elza xanım, oğlanları Paşa, Orxan və xüsusilə Azərlə sonralar məni hansı güc doğma etdi, bilmədim. Həyat yoldaşını bir bacı, oğlanlarını isə öz övladlarım biləcəkdim. Elə onların da məni eyni sevgi ilə sevdiklərinin şahidiyəm. Bizi doğmalaşdıran o hansı gücdü, bəlkə elə Ə.Kərimin ölümsüz ruhu, bilmirəm?
1988-də yeni yayın həyatına başlayan “Gənclik” jurnalında baş redaktor olarkən hələ elm çevrələrində ilk addımlarını atan Azər Əlioğlunu redaksiya heyətinə almağımın səbəbi nəydi? (Sonralar dünyanın çeşidli ölkələrində xüsusən Türkiyədəki şeir gecələrində Əli Kərim “Atamın xatirəsinə” “Qaytar ana borcunu”şeirlərini öz yazılarımdan əvvəl mənə əzbər söylədən o hansı qüvvə idi? Bu şeirləri oxumadan əvvəl onu da deməyi unutmurdum ki, mən öz şeirimi yox, sevdiyim başqa bir şairin şeirini oxumaqla çıxışıma başlamaq istəyirəm və buna təəccüb eləməyin, mən hələ neçə dəfə sizinlə görüşmək imkanına sahibəm, amma indi şeirini oxuyacağım şairimiz haqq dünyasında olduğundan belə bir şansı yoxdur. Və həqiqətən də onun şeirlərindən sonra elə bir alqış tufanı qopur və elə bir hüzn salonu doldururdu ki, mən özüm də duyğulanırdım. Sanki onun şeirlərini oxuya-oxuya onun misralarından mənə apayrı bir enerji və ilham gəlirdi və o mənim salon uğurlarımın hamisi olaraq hər zaman yanı başımda idi.)
İndi Azər Əlioğlu sadəcə çalışdığı Türkiyənin Bilkənt universitetində deyil, bütün dünyada adını duyurmuş fəxarət qaynağımızdır. Təkcə bir faktı deyim ki, Türkiyə riyaziyyat olimpiadalarının başqanı da Azər Əlioğludur (Elə atanın belə də oğlu olmalıydı). Tez-tez görüşməsək də, bayramdan-bayrama telefondan qulağıma Əli Kərimi andıran bir səs gəlir bayram təbriki üçün – Azərin səsi. Bəzən bu təbrik məsələsində yarışa da giririk, bir-birimizi qabaqlamağa da çalışırıq. Heç unutmaram, 2004-də Türkiyə Yazarlar Birliyi ilə Türkiyə Milli Kitabxanasının birlikdə keçirdikləri 65 illik yubileyimdə (Birinci dəfə idi ki, Türkiyədə yaşayan bir şairə belə bir yubiley keçirilirdi. Buna görə də dekabr ayının soyuq bir qış axşamında bu yubileyə gələnlərin az olacağından da qorxurdu tədbir təşkilatçıları) ağzına qədər dolu olan salonda arxa sıralarda gördüyüm tanış sima ruhumu qanadlandırmışdı, bu, başqası yox, Azər Əlioğlu və bəlkə də onun simasında Ə.Kərimin ruhu idi...
Hər böyük şair əslində vətənində yaşasa da mühacirdir, Allahın yer üzərinə göndərdiyi mühacir! Zamanında dəyər görməyən böyük şairlər az olmayıb, amma layiq olduğu sevgi tez, ya gec, ölümündən, çox sonra olsa da, mütləq gəlir. M.Svetayeva deyirdi ki, şeir bizim övladımızdır, həm də bizim övladımız bizdən yaşlı və uzun ömürlüdür. Ona görə ki, onlar bizdən uzun yaşayır, biz görməyən gələcəyi də onlar görür. Ə.Kərimin şeirləri aradan ötən bu müddət ərzində təravətini bir zərrə də olsun itirməyib. Diqqətlə incələsəniz görəcəksiniz ki, o illər şeirimizdən ən çox qalan sənət örnəyi bir başqasına yox, Ə.Kərimə məxsusdur. Şairi mühakimə etməyə kimsənin haqqı yoxdu, yalnız o özünü mühakimə edə bilər. Ə.Kərim şair kimi yaşadı, şairə yaraşan şəkildə də öldü. Sağında, solunda bir çoxları salonları çağırış gurultularıyla dağıdanda o, şair tənhalığını yaşadı. Onun salonu da, hayqırış meydanı da öz ürəyi idi.
Şairlər var ki, onların ədəbi doğuşarı özlərindən asılı olmur, onu şablonlaşan, canı sıxılan zaman özü həyat səhnəsinə dəvət edir. Ə.Kərim şeirimizə canı sıxılan zamanın dəvətlisi olaraq gələn vazkeçilməz şairlərdən biridir və nə qədər ki, zaman mövcud olacaq, onun sifarişiylə gələn Ə.Kərim şeiri də var olacaq!
Aprel, 2011. Çanaqqala
Məmməd İSMAYIL
 



Bu yazı ( 862 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar