12px14px16px18px

Mirzə və Əmirzadə

Vilayət QULİYEV
01:14 / 16.04.2011
Tanınmış tarixçi-alim Cəmil Həsənlinin “Azərbaycanda milli dil uğrunda mübarizə” kitabını oxuyandan sonra XX əsrin 50-ci illərinin ortalarında ideologiya və mənəviyyat cəbhəsində baş verən olayların əsas qəhrəmanlarından biri-böyük yazıçı, ictimai-siyasi xadim və ziyalı Mirzə İbrahimov gözümdə daha da yüksəldi. Təbii ki, Mirzə müəllimin dilimizin dövlət dili statusu qazanması uğurundakı mübarizəsindən ümumi şəkildə xəbərim vardı. Onun 1957-ci ildə çapdan çıxan və poststalin dönəmindəki ictimai-siyasi mühitin „mülayimləşməsinin” milli ucqarlar şəraitində ilk təzahürlərindən biri sayılan „Azərbaycan dili” kitabını birnəfəsə oxumuşdum. Lakin doğrusunu deyim ki, ümumi təəssüratları və vətənpərvərlik hisslərini bir tərəfə qoysam məsələnin dərin qatlarına və bu konkret sahədə “Mirzə İbrahimov” fenomeninin mühümlüyünə yetərincə bələd deyildim. Dünyanın qəribə gərdişi sayəsində Nizami adına Ədəbiyyat İnstitutunda birgə çalışdığımız zamana qədər Mirzə müəllimi daha çox kitablarından, mətbuatdan, həqiqətən də hüdudsuz təsir bağışlayan çoxşaxəli fəaliyyətindən tanımışdım. İlk, lakin qiyabi tanışlıq məktəb illərindən başlanmışdı. Həm də təkcə Mirzə İbrahimovla yox. İndi bəzən bəyənilməyən, əslində isə həqiqi sənət baxımından bir sıra nailiyyətləri danılmaz olan Azərbaycan sovet ədəbiyyatının əksər nümunələrini o zaman oxumuşdum. Oxumuşdum və ədəbiyyatımızın səmimiliyinə, humanizminə, həqiqətpərəstliyinə inanmışdım. Bəlkə də o təəssüratı pozmamaq, o əsərlər haqqında yaranmış ilkin və xoş təəssüratı dəyişməmək üçün Azərbaycan sovet klassikasının bir çox nümunələrini sonradan, dünya ədəbiyyatı kontekstində, yeni tələb və prinsiplərlə gözdən keçirməyə çox da can atmamışam. Amma etiraf etməliyəm ki, „Gələcək gün” romanı yaddaşımda orta məktəb illərində oxuduğum və təsirinə düşdüyüm ən güclü əsərlərdən biri kimi qalmışdı. 1971-ci ildə, universitetin filologiya fakültəsinin birinci kursunda oxuyarkən Mirzə müəllimi ilk dəfə üzbəsurət gördüm. Anadan olmasının 60 illiyi münasibəti ilə səhv etmirəmsə Akademik Dram Teatrda onunla görüş keçirilirdi. O zaman biz-gələcəyin filoloqları belə tədbirlərin heç birini buraxmırdıq. Üstündən onilliklər keçən həmin görüşün əksər təfərrüatları yadımda deyil. Kimlərin çıxış etdiyini, Mirzə müəllim haqqında nə dediklərini xatırlaya bilmirəm. Bəlkə də, 1971-ci ilin mətbuatını vərəqləsəm, müəyyən məlumat tapmaq olar. Ancaq ən önəmlisi yubilyarın çıxışı idi. Onun danışdıqlarını isə indi də yaxşı xatırlayıram. Çünki həmin çıxış az qalmışdı ki, çağdaş Azərbaycan nəsrinin ən cazibədar və koloritli simalarından saydığım Mirzə İbrahimov haqqındakı təsəvvürlərimi yerli-köklü dəyişdirsin. Yazıçının dilindən eşitdiyim öz həyatı ilə bağlı bir hadisə, türklər demiş, belə xəyal qırıqlığı üçün zəmin yaratmışdı. Əvvəla onu deyim ki, 60 yaşlı Mirzə İbrahimov çox mötəbər görkəmli, xoş simalı, yaraşıqlı kişi idi. Səliqə və zövqlə geyinmişdi. Danışığından, hərəkətlərindən özünə, öz gücünə, nüfuz və etimadına əminliyi dərhal hiss olunurdu. Qulağa yatan yumşaq səslə danışsa da, sözlərindəki qətiyyəti sezməmək mümkün deyildi. Əslində buna mənəvi haqqı vardı. 60 illik ömrünün qırx ilini daim üzdə olmuşdu. Həqiqətən bir insan həyatı üçün böyük sayılacaq işlər görmüş, adını tarixə həkk etmişdi. 34 yaşında Azərbaycan Elmlər Akademiyasının on beş nəfərdən ibarət ilk həqiqi üzvləri sırasında yer almışdı. Stalin mükafatına layiq görülmüşdü. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri-ölkənin formal prezidenti vəzifəsini daşımışdı. Gənc deyiləcək yaşda Azərbaycan hökumətinin naziri olmuşdu. Uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmişdi. Humanitar intellektual fəaliyyətin, bədii yaradıcılığın bütün sahələrində Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də ölkə hüdudlarından kənarda yaxşı tanınmış, yetərincə nüfuz qazanmışdı. Mənsəb sahibi və kommunist olsa da, xalqa bağlılığını heç zaman itirməmişdi. Xruşşov volyuntarizminin başlanğıc mərhələsində ana dilimizin dövlət dili kimi tanınması uğrunda çətin, qeyri-bərabər mübarizənin önündə getməkdən çəkinməmişdi. Yaradıcılığı ilə millətə, milli qayə və amallara xidmət etməyə çalışmış, həlledici məqamda sözünü deməyi susmaqdan üstün tutmuşdu. Yalnız vəzifə kürsülərində oturduğuna, necə deyərlər, əli böyüklər ətəyində olduğuna görə deyil, milli təəssübkeşliyinə və mübariz xüsusiyyətlərinə, təmizliyinə, nəcibliyinə, ədalət hissini itirmədiyinə görə insanların ürəyinə yol tapa bilmişdi. Təbii ki, özü də bunun fərqində idi. Şöhrətdən xumarlanmasa da, sadə adamlar arasındakı nüfuzundan xəbərdar olduğu, yaşadığı ömürdən məmnunluğu nəzərə çarpırdı. Həmin axşam Mirzə müəllimin danışdığı bir əhvalat yadıma görkəmli nasirimiz Tağı Şahbazinin “Qayçı” hekayəsini saldı. Hekayənin həyatiliyinə və həqiqiliyinə bir daha inandım. Sən demə oxşar hadisə Zabrat qəsəbəsinin imkanlı sakinlərindən birinin evində xidmətçilik edən 9 yaşlı Mirzənin də başına gəlibmiş. Doğrudur, onu yanar təndirə atmamışdılar. Sadəcə, baxdığı qazlar qır gölünə düşüb tükləri yararsız hala gəldiyindən sahibsiz uşağı əvvəl yaxşıca döymüşdülər. Sonra da nimdaş yorğan-döşəyini qoltuğuna verib qışın soyuğunda küçəyə atmışdılar. Təndirdə yanmaqla soyuqda donmağın arasında nəticə etibarı ilə əslində böyük fərq yoxdur. Sığınmağa allahdan başqa kimsəsi olmayan tənha və arxasız bir körpə üçün qışın günü evdən qovulmaq da ölümə bərabər idi. Amma kiçik Mirzə ölməmişdi. Yeni qurulan Sovet hökuməti ona sahib çıxmışdı. Uşaq evində yaşamış, fabrik-zavod məktəbində oxumuşdu. 23 yaşında ilk rəhbər vəzifəyə göndərilmişdi. Ağıllı, ehtiyatlı və bacarıqlı olduğundan həyatının sonuna kimi estafeti əldən verməmişdi. Daim üzdə qalmağı bacarmışdı. İndiki gənclərin ali təhsili başa vurduğu dövrdə – 24 yaşında tamaşaya qoyulan ilk pyesi “Həyat” böyük əks-səda doğurmuşdu. Əslində onun üçün böyük həyata vəsiqəyə çevrilmiş, müəllifinin qarşısında çox qapıları taybatay açmışdı. İnkişaf üçün geniş imkanlar açıldığı hərəkətli 1930-cu illərdə dərhal diqqəti çəkə bilmişdi. Leninqradda aspirantura bitirib dövrünə görə sanballı elmi iş müdafiə etmişdi. Həmyaşıdlarının hələ əməlli-başlı müəllim stajı qazana bilmədikləri yaşda maarif naziri olmuşdu. Bir sözlə, qısa müddətdə ölkənin həm siyasi, həm də ədəbi-mədəni elitasında özünə etibarlı mövqe qazanmışdı. Və bunların hamısına öz ağlı, biliyi, zəhməti sayəsində nail olmuşdu. Bura qədərki Mirzə müəllimə, təbii ki, böyük rəğbətim vardı. Həyatın çıxdaş etmək istədiyi tənha və arxasız gəncin birdən-birə bu qədər uğur qazanmasına sevinməmək olmurdu. Onun timsalında “heppi end”in – xoşbəxt sonluğun təkcə nağıllarda yox, həyatda da mövcudluğu, mümkünlüyü bir daha aşkara çıxmışdı. Hadisələrin sonrakı gedişi isə mənim yeniyetməlik təsəvvürlərimə görə Mirzə müəllimin mötəbər görünüşü, sanbalı və siqləti ilə bir araya sığmırdı. Deməli, məsələ belə olmuşdu. Maarif naziri kimi kabinetində çalışdığı günlərin birində rus katibəsi içəri girib “Mirzə Əjdəroviç, ananızla bacınız gəlib, qəbul otağında gözləyirlər” – demişdi. Mirzə müəllim, təbii ki, diksinmişdi. Çünki anasını çox erkən yaşda itirmişdi. Bacısı isə yerli-dibli olmamışdı. Odur ki, arada bir anlaşılmazlıq olduğunu demişdi. Məsələyə aydınlıq gətirmək üçün katibəni geri qaytarmışdı. Bir neçə dəqiqədən sonra təkrar geri dönən xanım “ana” ilə “bacının” Zabrat qəsəbəsindən gəldiklərini əlavə etmişdi. Məsələnin nə yerdə olduğunu anlayan Mirzə müəllim “qohumlarını” içəri çağırmışdı. Soyuq qış axşamı qıra batmış qazlara görə onu yun çubuğunun altına salan, sonra da küçəyə atan qadın girdiyi kabinetin mötəbərliyini, kabinet sahibinin sanbalını görəndə əvvəlcə bir anlığa çaşmışdı. Sonra özünü ələ alıb Mirzə müəllimin boynuna sarılmışdı. Yanındakı gənc qızı göstərərək qətiyyən utanıb sıxılmadan “Bacındır, – demişdi. –Gətirdim ki, qardaşını tanısın, kim olduğunu bilsin”. Doğrudur, bir azdan məlum olmuşdu ki, “ana” ilə universitet bitirmiş “bacı” sadəcə görüşməyə gəlməyiblər. Hansısa bir xahişləri var. Hətta söhbətin bu yerinə qədər də mən qəlbən Mirzə müəllimlə idim. Xeyli müddətdən sonra baş tutan və qəddar “ananın” minnətçi qiyafəsində meydana çıxdığı görüşü onun təntənəsi sayırdım. Birdən öz dilindən eşidəndə ki, üzünə üz tutub yanına gəlmiş yaşlı qadına “Qışın günü məni döyüb evdən qovanda oğlun deyildim, indi oğlun olmuşam?”- tipli sözlər deyib, nədənsə özümü birtəhər hiss etdim. Yəqin ki, bu bir tərəfdən gəncliyə xas romantizmin, o biri tərəfdən də həyatda çox şeyi hələ çəhrayı rəngdə görməyimin nəticəsi idi. Məhz həmin hisslərin təsiri altında bu məqamda Mirzə müəllimdən yamanlığa yaxşılıq gözləyirdim. Pislikləri unutmasını, bəlkə də məcburiyyət üzündən yanına gəlmiş qadınla yumşaq davranmasını istəyirdim. Yəqin Mirzə müəllim istəsəydi ortalıqda şahidi olmayan bu hadisənin sonunu özü bildiyi şəkildə təsvir edərdi. Lakin, görünür, yaradıcılığında olduğu kimi davranışında da gerçəkliyə sədaqətdən uzaqlaşmağı məqbul saymamışdı. Bir müddət sonra həyatın bir rəngdən ibarət olmadığını başa düşdüm. Yalnız yaxşılıqları deyil, pislikləri də heç vaxt unutmamağın zəruriliyini anladım. Həqiqəti deməyib özün əzab çəkməkdənsə, içini yeməkdənsə qadınlığına-kişiliyinə baxmadan pis adamı məqamında yerində oturtmağın daha doğru, həm də fərdlərin və cəmiyyətin mənafeyi baxımından daha faydalı olduğunun fərqinə vardım. Amma onu da əlavə edim ki, Mirzə müəllim “anasına” neçə illərdən bəri ürəyində qövr eləyən sözləri desə də, “bacısının” məsələsinə laqeyd qalmamış, ona əlindən gələn köməyi göstərmişdi. Mirzə İbrahimovla bağlı gənclik təcrübəsizliyinin və romantik duyğuların yaratdığı xəyal qırıqlığı isə çox tezliklə unuduldu. lll Yanlış təsəvvürlərin dağılmasında Mirzə müəllimin həm əsərlərinin, həm də şəxsiyyətinin böyük rolu oldu. Həm də etiraf edim ki, müasir Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsini bir insan və vətəndaş kimi yaxından tanımağımda və dərin hörmət bəsləməyimdə Mirzə İbrahimovun publisistikası onun dramaturgiya və nəsr əsərlərindən heç az önəmli olmamışdı. Bizim tələbəlik dövrümüzdə Yasamaldakı 5 saylı çörək zavodunun yaxınlığında universitet kitabxanasının filialı yerləşirdi. Ora bəzən Şərq kitabları fondu da deyirdilər. Həmin fondda biz tələbələr üçün əlçatmaz olan çoxsaylı nəşrlərlə bir sırada 1945-1946-cı illərdə Cənubi Azərbaycanda çıxan qəzetlərin, “Vətən uğrunda” jurnalının komplektləri də saxlanırdı. Mirzə müəllimin həmin dərgilərdə çap olunan və yaxın tarixi keçmişin təəssüratlarını özündə əks etdirən İran mövzusundakı yazılarının yanğısı, az qala fiziki şəkildə hiss olunan iztirab və ağrısı indi də yaddaşımdan silinmir. Bu yazıların müəllifin 10 cildlik külliyyatına düşüb-düşmədiyini bilmirəm. Eyni zamanda Azərbaycanın cənubunda soydaşlarımızın məruz qaldıqları həqarətləri, onların milli duyğularının, dil, adət-ənənə və mənliklərinin fars şovinistləri tərəfindən alçaldılmasını bu dərəcədə təsirli və yanıqlı şəkildə anladan başqa ədəbi-publisist nümunələri də təsəvvürümə gətirmirəm. Cənubda keçirdiyi qısamüddətli, lakin gərgin və maraqlı dövr həm yazıçı, həm də ictimai-siyasi xadim kimi Mirzə İbrahimovun bütün gələcək həyatına öz silinməz möhürünü vurmuşdu. Bu aylar “Gələcək gün”ü və İran publisistikasını ərsəyə gətirmişdi. Bu aylar milli dil uğrunda Azərbaycanın cənubunda uduzulan mübarizənin şimalda qələbəyə qədər davam etdirilməsi məsələsində ona stimul vermişdi. Bu aylar yaradıcılıq həyatının son diqqətəlayiq nümunələri olan “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın və “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nin meydana çıxmasında həlledici rol oynamışdı. Mirzə İbrahimov XX əsr Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, tərcüməçi, tənqidçi-ədəbiyyatşünas, publisist kimi daxil olmuşdur. Bu sahələrin hər birində dövrün və janrın yüksək tələblərinə cavab verən əsərlər yaratmışdı. Yarandığı zaman kontekstində janrından asılı olmayaraq onun hər əsəri özünün yenilikçi ruhu, problemlərin qoyuluşunda və həllindəki cəsarətli müəllif mövqeyi, xalqın tarixi taleyi ilə sıx bağlılığı ilə seçilirdi. “Böyük terrorun” tüğyan etdiyi dövrdə meydana çıxan “Böyük demokrat” kitabı Cəlil Məmmədquluzadə şəxsiyyətini və irsini zərərli təftişlərdən qorumaq baxımından bir sipər rolunu oynamışdı. “İnqilab beşiyində” – Leninqradda namizədlik dissertasiyası kimi müdafiə olunan bu əsər stalinizm ideologiyası şəraitində bütövlükdə “Molla Nəsrəddin” ədəbi məktəbi üçün indulgensiya sənədinə çevrilmişdi. Bir sıra dünya dillərinə tərcümə edilən “Gələcək gün” romanı müxtəlif ölkələrdə yüz minlərlə insanın fars şovinizminin Azərbaycan türklərinə qarşı dəhşətli cinayətləri barədə məlumat əldə etməsində mühüm mənbəyə çevrilmişdi. “Közərən ocaqlar” dramında ilk dəfə bütün tərəddüd və faciələri ilə Nəriman Nərimanovun – özünün və millətinin məhdud imkanları ilə böyük güclərə qarşı mübarizə aparan ziyalının, dövlət adamının yeni, fərqli baxışdan portreti yaradılmışdı. Son böyük əsərində – təəssüf ki, başa çatdıra bilmədiyi “Pərvanə” romanında müəllif yenidən Nərimanov fenomeninə qayıtmış, yeni ictimai münasibətlər sisteminə daxil olmuş XIX əsr Azərbaycanının canlı, monumental mənzərəsini yaratmışdı. Orta əsrlərin böyük Azərbaycan şairi Nəsiminin 600 illik yubileyi ərəfəsində onu türkmən ədəbiyyatının klassiki elan etməyə çalışan türkmən qardaşlarımızın qarşısına da akademik Mirzə İbrahimov çıxmışdı. 1973-cü ildə Moskvada (!) bu məsələ ətrafında keçirilən müzakirələrdə böyük fəhm və hazırcavablıqla qonşularımızın haqlı olmadıqlarını, eyni zamanda azərbaycanlı Nəsiminin bütün türk-islam və dünya mədəniyyətinə məxsusluğunu sübuta yetirmişdi. Bir sözlə, rəhbər simaların, ideoloji xətlərin dəyişdiyi onilliklər boyu Mirzə İbrahimov fəxri adlarının və reqaliyalarının tələblərindən daha çox qəlbinin səsinə qulaq asmışdı. Özünüqoruma instinktini heç zaman yaddan çıxarmasa da, xalqı və dili, tarixi və mədəniyyəti uğrunda mübarizədən çəkinməmişdi. lll Yaradıcılıq dairələri ilə daha geniş təmas imkanlarının yarandığı 1980-ci ildən sonra müxtəlif ədəbi-ictimai tədbirlərdə Mirzə müəllimi sıx-sıx görürdüm. Ara-sıra əvvəlcə aspirantı, sonra isə elmi işçisi olduğum Ədəbiyyat İnstitutuna gəlir, Elmi Şuranın, yaxud Müdafiə Şurasının iclaslarında iştirak edirdi. Kəskin mübahisələrin, fikir toqquşmalarının yarandığı məqamlarda onun əsaslı, ölçülüb-biçilmiş çıxışları, yaxud sərrast replikaları münaqişənin qarşısını alırdı. 1981-ci ildə, Azərbaycan Yazıçılarının VIII qurultayında respublika rəhbəri Heydər Əliyevin bir sıra tanınmış yazıçılara, o cümlədən də Mirzə İbrahimova bildirdiyi haqlı, tutarlı iradlar da aradan otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq indiki kimi yadımdadır. Yadımdadır ki, mərhum Heydər Əliyevin çıxışı dövrün sovet reallıqları baxımından kifayət qədər kəskin və cəsarətli idi. O, Füzulinin Kərbəladakı türbəsinin uçurulmasından sadəcə öz qurultayları çərçivəsində şikayətlənməklə işlərini bitmiş sayan ünlü Azərbaycan yazıçılarına (Mirzə İbrahimov o zaman Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri idi. Mərkəzi ofisi Moskvada yerləşən bu beynəlxalq təşkilata Azərbaycan nümayəndəsinin rəhbərlik etməsi ilk növbədə Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindəki nüfuzu sayəsində mümkün olmuşdu) daha fəal və cəsarətli olmağı tövsiyə edirdi. Onlara beynəlxalq təşkilatları, dünya ictimaiyyətini ayağa qaldırmağı məsləhət görürdü. Moskvadakı İraq səfirliyinə, Bakıdakı İraq konsulluğuna gedib ölkə diplomatları qarşısında mədəni vandalizmə son qoymaq tələbi ilə çıxış etmələrini istəyirdi. Başqa bir detal da çox diqqət çəkici idi: Heydər Əliyev Moskva təmsilçilərinin də iştirak etdikləri bu qurultayda Azərbaycan ziyalılarından Livandakı qarışıqlıqlar zamanı öz soydaşlarına sahib çıxan erməni həmkarlarından nümunə götürməyi tələb edirdi. Əslində bu bir xəbərdarlıq idi. Çox mətləblərdən agah olan, amma sovet reallığı şəraitində hər şey barəsində açıq danışa bilməyən ölkə başçısı həmvətənlərini, ilk növbədə isə ictimai fikrə istiqamət verən yaradıcı ziyalıları ayıq-sayıq olmağa, milləti səfərbər etməyə çağırırdı. Aradan altı il keçəndən sonra –Dağlıq Qarabağa əsassız erməni iddiaları ilə bağlı ilk tələblər səslənəndə biz bu uzaqgörən xəbərdarlığın arxasında nələrin dayandığını anladıq. Yaşının ötgün çağına, tez-tez xəstəliklərlə üzləşməsinə baxmayaraq Mirzə müəllim Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin Azərbaycana əsassız ərazi iddialarının gündəmə gəldiyi həmin dövrdə də mübarizədən kənarda qalmadı. Keçmiş SSRİ Ali Sovetinin deputatı, Ümumittifaq miqyasında tanınan yaradıcı şəxsiyyət və ictimai xadim kimi əlindən gələni etdi. 1989-cu ilin iyun ayında Azərbaycan və Ermənistan ziyalılarının xalqımızın fəlakətlərində çox böyük və mənhus payı olan M.S.Qorbaçovla görüşündə Mirzə müəllimin iştirakı və çıxışı isə, fikrimcə, onun son döyüşü, bəlkə də yetmiş illik sovet keçmişindən əbədi ayrılışı idi. Ən diqqət çəkici məqam isə rus dilini iyirmi yaşından sonra öyrənən Mirzə İbrahimovun məntiqi düşüncə və faktların gücü ilə bəlağətli demoqoqiya ustası kimi tanınan, dildən pərgar olan Qorbaçovu susdura bilməsi idi. lll Həmin o həyəcanlı və səksəkəli 1989-cu ildə artıq yaşı səksənə yaxınlaşmaqda olan Mirzə İbrahimov həyatının son, bəlkə də ürəyinə daha çox yatan gərəkli və sevimli vəzifəsində işləyirdi. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri idi. Şöbənin yaradılmasının, eləcə də Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katib vəzifəsinin təsis edilməsinin təşəbbüskarı da özü olmuşdu. Nisbətən gec formalaşdığından bu şöbə İnstitutun digər strukturları kimi beşinci mərtəbədə deyil, Poliqrafiya-Nəşriyyat idarəsi üçün ayrılmış dördüncü mərtəbədə yerləşirdi. Şöbənin cəmisi bir otağı vardı və otuz yaşından bəri böyük-böyük kabinetlərin sahibi olmuş Mirzə müəllim işçiləri ilə birlikdə həmin otaqda otururdu. Bir gün şöbənin işçisi Elmira xanım (indi Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova) zəng vurub Mirzə müəllimin mənimlə danışmaq istədiyini dedi. Həmin dövrdə İnstitutun elmi işlər üzrə direktor müavini idim. Bir dəqiqə sonra telefonda Mirzə müəllimin yumşaq, amma inamlı səsi eşidildi. Salam və əhvalpürsanlıqdan sonra üzərində işlədikləri Cənubi Azərbaycan ədəbiyyatı antologiyasının növbəti cildi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək üçün görüşümüzə ehtiyac yarandığını dedi və nə zaman boş olacağımı soruşdu. – Mirzə müəllim, siz niyə əziyyət çəkirsiniz? – deyə həqiqətən də heyrətləndim. – Beş dəqiqədən sonra aşağıya, otağınıza gələrəm. Lakin həmsöhbətim sanki bu sözləri eşitmirmiş kimi: – Yaxşı, onda danışdığımız kimi sabah saat 12-də görüşürük. – dedi. Mirzə müəllimin etiraz qəbul etməyən tonundan başa düşdüm ki, ədəbiyyatımızın canlı korifeyinə, ağsaqqal akademikə ehtiramımı göstərmək üçün indi yanına getməyim yersiz çıxacaq. Sabah düz deyilən vaxtda Mirzə müəllim otağıma gəldi. Cild üzərindəki işlə bağlı yaranmış suallar ətrfında geniş müzakirə apardıq. İş məsələsi başa çatandan sonra dünənki söhbətimizin üzərinə qayıdıb dedi: –Bilirəm ki, xətrimi istəyirsən. Ümumən, İnstitutdakı cavanlardan razıyam. Mərifətli, bilikli uşaqlardır. Ağsaqqalların hörmətini saxlayırlar. Sənin özünə gələndə isə gərək burada rəhbər vəzifə tutduğunu heç vaxt yaddan çıxarmayasan. Onu da bil ki, vəzifənin böyüyü, kiçiyi olmur. Bütün bunları görə-görə gəlmişəm. Dünən telefonla danışandan sonra aşağı, bizim otağa düşsəydin, bunu heç kim başqa cür yozmayacaqdı. Amma mən razı ola bilməzdim. Çünki həmişə subordinasiyanı gözləmək lazımdır. Rəhbərin rəhbər yeri olmalıdır. Ruslarda bir “panibratstvo” sözü var. Yəqin mənasını bilirsən. Ciddi iş görülən yerdə gərək panibratstvo olmasın. Yoxsa ara qarışıb məzhəb itər. Sənə də məsləhətim budur ki, İnstitut daxilində tay-tuşlarınla həmişə rəsmi münasibət saxla. İşdən sonra hara gedərsiniz – ayrı məsələdir. Burada isə hamı sənin İnstitutda ikinci adam olduğunu bilməli, qəbul etməlidir. O zaman vəzifə baxımından ən yaxşı halda özümü inzibatçılıq və rəsmiyyətçiliyin o qədər də mühüm rol oynamadığı institut direktoru postunda təsəvvür edə bilərdim. Sonralar taleyin qəribə gərdişi ilə müstəqil dövlətimizin mühüm nazirliklərin birinin başçısı vəzifəsini tutanda, üstəlik də mərhum Heydər Əliyev kimi böyük şəxsiyyətin və dövlət adamının rəhbərliyi altında işləyəndə Mirzə müəllimin ilk baxışdan adi görünən bu məsləhətini dönə-dönə xatırlayırdım... lll Mirzə müəllimin həyatının böyük bir hissəsi Azərbaycan Yazıçılar İttifaqı ilə bağlı olmuşdu. 1934-cü ildə bu yaradıcılıq təşkilatının əsası qoyulandan həyatının son günlərinə qədər həm Bakı, həm də Ümumittifaq səviyyəsində onun fəaliyyətində yaxından iştirak etmişdi. Təbii ki, İttifaqın yaşlı və orta nəsildən olan üzvlərinin hər birinin Mirzə müəllimlə bağlı bir xatirəsi olmamış deyil. Şahidi olmamışam. Danışırlar ki, Yazıçılar İttifaqına rəhbərlik etdiyi dövrdə İdarə Heyəti iclaslarının birində bəzi yazıçılar təşkilatın rəhbəri Mirzə İbrahimovu kəskin tənqid edirmişlər. Rəyasət heyətində oturan Mirzə müəllim çıxışlara diqqətlə qulaq asır, qarşısındakı dəftərçəyə qeydlər edir, arabir də ağzına nə isə atırmış. Bayaqdan oturduğu yerdən buna göz qoyan xalq yazıçısı Bayram Bayramov söz alıb tribunaya qalxır. Üzünü həmkarlarına tutaraq deyir. –Yoldaşlar, gərək bir-birimizə qarşı belə amansız olmayaq. Bu kürsüyə çıxanlar yeri gəldi, gəlmədi Mirzə müəllimi tənqid edir. Amma heç kim onun nə vəziyyətə düşdüyünü nəzərə almır. Belə olmaz! Bayaqdan bəri fikir verirəm. Siz danışırsınız, Mirzə müəllim də dalbadal dilinin altına validol qoyur... Mirzə müəllim gülümsəyib qələm yoldaşının sözünü kəsir, ovucunu açıb “validolu” hamıya göstərir. –Narahat olma, Bayram, hərdən ağzıma kişmiş atıram. Nədən bu epizodu xatırladım? Bu əhvalat hətta pritça da olsa, Mirzə İbrahimovun xarakterindəki nikbinliyi, mübarizə əhvali-ruhiyyəsini, çətinliklər qarşısında qorxub-çəkilməmək əzmini dəqiq əks etdirir. Və bir də kiçik təsadüflərdən tutmuş ciddi məsələlərə qədər hər yerdə acının gözünə bir az şirinlik qatmaq məharətindən xəbər verir. Əks təqdirdə həyat eşqini və insanlara inamı itirmədən uzun ömrü sona qədər sıxılmadan, əyilmədən yaşamaq mümkün olmazdı. lll Mirzə müəllim qarışıq zamanda (Qacar səltənətinin qürub çağında) Azərbaycanın cənubunda – Sərab şəhəri yaxınlığındakı kiçik bir kənddə dünyaya gəldi. Eynən qarışıq bir dövrdə də (SSRİ-nin süqutu və müstəqilliyimizin əzablı doğuluşu zamanı) Azərbaycanın şimalında – Bakıda həyata gözlərini yumdu. Lakin bu iki səksəkəli, qarışıq çağ arasında aydın məqsədi, düz məramı ilə seçilən, amalı xalqa və mədəniyyətə xidmət olan uzun, faydalı və məhsuldar bir yaradıcı insan ömrü yaşadı. Dilimizin və mənəviyyatımızın keşiyində dayandı. Siyasi cəhətdən olmasa da (hərçənd bu istiqamətdə də az zəhmət sərf etməmişdi) mənəvi cəhətdən Azərbaycanın cənubu ilə şimalını biri-birinə yaxınlaşdırmağa, millətimizin fikir və niyyət birliyini qorumağa, möhkəmləndirməyə çalışdı. Valideynləri yəqin ki, gələcəkdə onun savadlı, bilikli olmasını arzulayıb adını Mirzə qoymuşdular. Bilindiyi kimi, ərəb mənşəli “mirzə” sözü fars dilində iki məna daşıyır. O, adın əvvəlində gələndə (Mirzə Fətəli, Mirzə Cəlil) “bilikli, savadlı adam”, adın sonunda işlənəndə isə (Bəhmən Mirzə, Xosrov Mirzə) əsil-nəcabətli, əmirdən doğulan-əmirzadə mənasını verir. Mirzə müəllimin böyüklüyü və xoşbəxtliyi adının hər iki mənasını şəxsiyyətində, yaradıcılığında, həyat yolunda birləşdirə və doğrulda bilməsində idi. Hadisələrlə zəngin həyatı boyu o, öz xalqının həm söz deyəni – mirzəsi, həm də ən müxtəlif səviyyələrdə ləyaqətli təmsilçisi – seçkin şəxsiyyəti, əmirzadəsi olmağı bacarmışdı.Vilayət QULİYEV


Bu yazı ( 1437 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar