12px14px16px18px

Azərbaycana məhəbbətlə...

Vaqif YUSİFLİ
02:43 / 02.02.2011  
Bizim ədəbiyyatşünaslıqda Azərbaycan-Pribaltika ədəbi əlaqələrindən kifayət qədər söz açılıb, bu sahədə praktiki işlər də görülüb. Hörmətli professor Pənah Xəlilovun bir vaxtlar ali məktəblər üçün nəşr etdiyi “SSRİ xalqları ədəbiyyatı” ikicildlik dərsliyində Latviya, Litva və Estoniya ədəbiyyatı haqqında geniş təsəvvür yaradan elmi oçerklərlə tələbə ikən tanış olmuşuq. Filologiya elmləri doktoru Vaqif Arzumanlının da bu sahədə xidmətləri çoxdur.Lakin elə güman edilməsin, Azərbaycan-Pribaltika ədəbi əlaqələrinin bütün aspektləri tədqiq edilib, əlbəttə, hələ toxunulmamış ya da ötəri tədqiq olunmuş mövzular çoxdur. Bu yaxınlarda görkəmli Litva yazıçısı Vintsas Krevenin “Azəristan ölkəsi” kitabı çapdan çıxıb. Litva yazıçısının beş hekayəsi toplanan bu kitaba Litva azərbaycanlıları cəsmiyyətinin sədri Mahir Həmzəyev geniş, deyərdim, bir tədqiqat səviyyəsində ön söz yazıb. Kitabdakı əsərlərin tərcüməçisi də odur. Ön sözdən və tərcümələrdən hiss olundu ki, Mahir Həmzəyev Litva ilə, onun ədəbiyyatıyla, dili və mədəniyyətiylə çox sıx bağlı olan bir ziyalıdır. Elə bu gərəkli təşəbbüsdən görünür ki, uzun illər bizə dost olan bir ölkədə yaşayan Mahir Litva azərbaycanlıları cəmiyyətinin sədri kimi necə faydalı işlər görüb.. Hələlik bu kitabda toplanan hekayələr barədə söhbəti bir az sonraya saxlayıb belə bir sual verək: biz – Azərbaycan ədəbiyyatşünasları və oxucuları çoxəsrlik Litva ədəbiyyatı haqqında nə bilirik, hansı təsəvvürə malikik? Təbii ki, huşyar oxucularımız Litva ədəbiyyatı dedikdə, ilk növbədə, XX əsrin böyük şairlərindən biri-Eduardas Mejelaytisi xatırlayacaqlar. Mənim fikrimcə, Azərbaycan ədəbiyyatında Rəsul Rza hansı yeri tutursa, Litva ədəbiyyatında da E.Mejelaytis o yeri tutur. Hətta bu şairlərin yaradıcılığı arasında oxşarlar, paralellər diqqəti cəlb edir.Hər iki şair keçən əsrin 60-cı illərində poeziyada yeni bir təmayülün-modernizmin əsasını qoymuşlar. Onlar “İnsan” silsiləli şeirlərilə XX əsr poeziyasında fəlsəfi lirikanın daha da vüsət qazanqmasında böyük rol oynamışlar. Lakin Litva ədəbiyyatını təkcə bizim az-çox tanıdığımız E.Mecelaytisin əsərləri ilə məhdudlaşdırmaq olmaz. Bu ədəbiyyatın Kristionas Donelaytis (1714-1780), Antanas Strazdas (1763-1833), Antanas Baranauskas (1835-1902), Simanas Staneviçia (1799-1848), Vintsas Kudirka (1859-1899), Yuliya Jemayte (1845-1921), İonas Bilyunas (1879-1907), Yulyus Yanonis (1896-1917) , Vitautas Montvila (1902-1941), Solemeya Neris (1904-1945), Pyatras Tsvirka (1909-1947) və b. görkəmli nümayəndələri vardır. (Bu barədə Pənah müəllimin dəpsliyində geniş məlumatlarla qarşılaşa bilərsiniz). XX əsr Litva ədəbiyyatının görkəmli nümayəndələri sırasında Vintsas Kreve-Mitskəviçyusun da (1882-1954) öz yeri var. “Azəristan ölkəsi” kitabına yazdığı ön sözdə M.Həmzəyev V.Krevenin həyat və yaradıcılığı haqqında kifayət qədər məlumat verir. Ona görə də bu haqda ətraflı söz açmağı lazim bilmirik. Qısaca onu söyləmək olar ki, V.Krevenin həyatı faciəli və dramatik hadisələrlə doludur.O, zəngin biliyə malik bir ziyalı idi, mükəmməl təhsil görmüşdü. V.Krevenin həyatının 11 ili Bakıda keçmişdir və oxuculara təqdim edilən “Azəristan ölkəsi” kitabında olan hekayələr həmin illərin təəssüratlarını əks etdirir). O, böyük ədibimiz Abdulla Şaiqin yaxın dostu olmuşdur. Onlar Birinci Bakı realnı məktəbində müəllimlik etmişlər. A.Şaiq ömrünün son illərində qələmə aldığı “Xatirələr” kitabında litvalı həmkarı haqqında yazır: “V.Krevenin bizim gimnaziyaya gəldiyi ilk gün yaxşı yadımdadır. Hamı ona maraqla baxır, şagirdlər isə bir yerə toplaşıb onun haqqında danışırdılar. Zaman keçdikcə biz daha yaxın dost olduq. Onun bir xasiyyəti mənim çox xoşuma gəlirdi. O, adamın milli qürurunu tapdalayanlara qarşı, xüsusən o vaxt azərbaycanlılara olan pis münasibətə, onları “tuzemnı” hesab edənlərə qarşı çox amansız idi. O, bütün bunları alçaq hərəkət kimi qəbul edir, belə münasibətlərlə barışmır və bu hadisələri “qeyri-etik” hərəkət kimi qiymətləndirirdi..Beşinci sinifdə istedadlı şagirdim Ruhulla Axundov (sonralar məşhur inqilabçı, görkəmli siyasi və mədəni xadim, ədəbiyyatçı, publisist olmuşdur) rus ədəbiyyatı üzrə gözəl inşalar yazırdı. Mitskəviçyus həmişə Ruhulla Axundovla maraqlanar və mənə onun böyük ədəbi istedad olduğunu, ona xüsusi diqqət yetirməyi xatırladardı. O biləndəki, mən bədii yaradıcılıqla da məşğul oluram, bu, bizim münasibətlərimizi daha da yaxınlaşdırdı. Yeri gəlmişkən qeyd edim ki, o, Şərq folkloru, etnoqrafiyası və məişəti ilə çox maraqlanırdı, tez-tez şagirdlərindən xalq əfsanələri, nağılları və adət-ənənələri haqqında soruşardı”. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra V.Kreve ailəsiylə birgə ölkəmizi tərk edir. Öz vətəninə qayıtdıqdan sonra isə Litva Respublikasının dövlət və hökumət işlərində çalışır, universitetlərdə öz ixtisası üzrə-slavyan və dünya ədəbiyyatlarından mühazirələr oxuyur.Litva faşistlər tərəfindən işğal olunandan sonra isə təqiblərdən yayınmaq üçün (onun həyat yoldaşı yəhudi idi, təqiblər də buna görə idi) Qərbə mühacirət edir. O, ABŞ-a köçür və 1954-cü ildə elə oradaca vəfat edir. Sonralar onun nəşinin qalıqları Vətəninə gətirilir. İndi keçək əsas mətləbə. V.Krevenin Azərbaycan dilinə tərcümə olunmuş “Azəristan ölkəsi” kitabına. M.Həmzəyev yazır ki, “Azəristan ölkəsi” hekayəsi Azərbaycan tarixinə həsr olunan bir bədii əsər kimi maraq doğurur. Onu da qeyd edir ki, bu hekayətdə biz çox konkret və dəqiq tarixi faktlarla üzləşmirik və tarix burada hətta qismən rəvayət halını alır. Əsərdə Azərbaycanın islamdan sonrakı tarixinin bir neçə mərhələsi haqqında məlumat əldə edirik. Amma ilk növbədə, gəlin, əsərin canrını müəyyənləşdirək. Bizim fikrimizcə,bu, nağıl üslubunda yazılmış hekayədir.Nağıl təhkiyəsi əvvəldən sonadək davam edir, oxucu burada nə əsərin qəhrəmanı sayıla biləcək konkret bir obraz, nə də davamlı bir süjet xətti ilə rastlaşır. Adətən, hər hansı hekayədə müəyyən əhvalat (harada başlanmağı və harada qurtarmağı bilinən) nəql edir, bu əhvalatda təsvir olunan obrazlar diqqəti cəlb edir. “Azəristan ölkəsi” sadəcə olaraq müəllifin Azərbaycan haqqında, onun keçmişi və hazırki (əsrin əvvəlləri nəzərdə tutulur-V.Y.) durumu barədə eşitdikləri bilgilərdir ki, bu bilgiləri də nağıl üslubunda qələmə almışdır.Əsərdə iki əsas xətt diqqəti cəlb edir: birincisi; dini dəyərlərin təbliğidir. Müəllifin islam dininə, Allahımıza, peyğəmbərimizə rəğbəti hər bir səhifədə hiss olunur. “Bir Allah vardır və Məhəmməd də Onun həqiqi peyğəmbəridir, qoy hər ikisinin mərhəmət və şərəfi əsrlərdən-əsrlərə yaşasın və onların adına hörmət etməyən hər kəs isə məhv olsun. İndi burada, adını doğrudan da Allaha ibadət edən müsəlman qoyanlar da daxil olmaqla, yaramaz adamlar yaşayırlar. Onlar vicdanlarını unutmuş və abır-həyanın nə olduğunu bilmirlər, nə də Onun müqəddəs adına hörmət edirlər”. İstər “Azəristan”, istərsə də digər hekayələrdə (“Qadın”, “Çarpışan qüvvələr”) Allaha, Məhəmməd peyğəmbərə inam böyükdür və bu sətirləri oxuyarkən oxucuya elə gəlir ki, o, Şərqi, İslam dinini çox gözəl bilir: “Həqiqətdə bir Allah vardır və Məhəmməd də onun həqiqi peyğəmbəridir. Allahdan başqa bir Allah yoxdur və Məhəmməd də onun bircə elçisidir”. Allahın buyurduğundan kənara çıxmaq, ona və ibadət etməmək insanlara baha başa gəlir, qarşıda yeni müsibətlər, bəlalar gözlənir. Əsərdəki ikinci xətt Xeyir və Şərin, insanlıqla, humanizmlə bunun əksi olan qüvvələrin mübarizəsidir. İnsanlar Allahın doğru seçdikləri yoldan üz döndərəndə, başları kefə, əyləncəyə, haram işlərə , vicdanlarını unudanda Allah onları cəzalandırmaq üçün Şeytanı Azəristan ölkəsinə göndərir. Şeytan insanlar arasında gəzib-dolanır, gah tacir, gah da molla sifətində onları dünya nemətlərinə aludə olmağa şirnikləndirir. Beləliklə, zaman keçdikcə, insanlar Allahı və onun əsil elçisi Məhəmmədi yaddan çıxarır, müqəddəs Qurani-Kərimin öyrətdiyi kimi yaşamağı, şəriət qaydalarına riayət etməyi unudurlar. Əsərdə bu proses tez-tez təkrar olunur: Azəristan ölkəsinin sakinləri hər dəfə Allahın buyurduğundan kənara çıxanda, dinc və sakit həyat tərzini pozan əməllərə meyl etdikdə daha qorxulu bəlalarla üzləşirlər. Budur, yeni bir bəla: “Əzrayıl uzun müddət fikirləşir, Azəristan ölkəsinin oğulları üçün hansı bir bədbəxtliyi gətirsin deyə, çox g.tür-qoy edir, Nəhayət, bir fəlakət düşünüb tapır. Azəristan ölkəsinə xalis şeytan oğlunu, yer üzünün əsil murdar və alçaq varlığını, ürəyi qurdla və kin-küdurətlə dolu, dırmıxa oxşayan əliylə hər şeyi qamarlayıb özünə yığan ermənini göndərir. Azəristan ölkəsinə erməni öz arşını, öz tərəzisi və qapanı, öz əyarı və çəki daşlarıyla –bir sözlə, öz saxta meyarlarıyla gəlir. Hər kəs üçün nə ölçürsə, onu amansızcasına aldadır, kim üçün nə çəkirsə, ona dəhşətli ziyan vurmağa başlayır. Onlar əkəndə yox,biçəndə yox, yeyəndə isə tikənin böyüyünü istəyir, yalnız yad əməyinin hesabına yaşayır, haram çörəklə dolanırlar. Nə vaxt ki, ermənilər qeyri-ermənilərlə duz-çörək kəsir, kirvəlik edir, başqalarına guya, mehriban gözlə, nəvazişlə baxıb, ağızlarından xoş sözlər çıxardırdılar, o vaxt onlar, artıq həmin adamlara-nə isə bir pislik, yamanlıq etmək barədə düşünürdülər.Lakin Azəristanın bədbəxt oğulları erməni hiyləsini çox gec başa düşdü”. Təsəvvür edin, bu sözlərin müəllifi müsəlman olmayan bir litvalıdır və təbii ki, bu litvalı on bir il Bakıda yaşayıb və ermənilərin nə cür millət olduğunu, erməniliyin mahiyyətini bir çoxlarından fərqli olaraq tez anlayıb. Bu əsər Litvada dəfələrlə çap olunub. (Azərbaycan dilində isə ilk dəfə, 2006-cı ildə “Ulduz” curnalında-yanvar sayında işıq üzü görüb) .Əsərin tərcüməçisi M.Həmzəyev kitaba yazdığı ön sözdə belə bir faktı da vurğulayır ki, V.Kreve erməni-azəri məsələsində həmişə ardıcıl mövqedən çıxış edib, məsələn, ona təklif edirlər ki, erməni əlifbasının 1500 illik yubileyi münasibətilə bir məqalə yazsın, erməniləri “orijinal mədəniyyətə malik olan qədim xalq kimi” təqdim eləsin, V.Kreve bu təklifdən imtina edir. Əsərdə ermənilərlə yanaşı,rusların da Azəristan ölkəsinə gəlməsi, xalqa olmazın zülmlər etməsi də bir neçə abzasda nəzərə çarpdırılır: Onda Allah yenidən qəzəblənərək Azəristan oğullarından küsdü və onları yer üzündəki gavurların ən acıqlısı və qudurğanı, ən qəddarı və amansızı, bütün gavurların gavuru olan, yırtıcı və qaniçən urus gavurunun əsarətinə verdi. Urusların sayı göydəki ulduzların, dəniz sahilindəki qum dənələrinin sayı qədər idi. Onlar çəyirtkə sürüsü kimi ölkənin canına daraşdılar. Ayaqları dəyməmiş bir yer qoymadılar”. Əsər pessimist sonluqla başa çatır. Müəllif yazır: “O vaxtdan indiyədək Azəristanın oğulları iztirablar və ufultular içində ah-aman edə-edə köləlik edirlər, onları yağıların pəncəsindən xilas edə bilənsə yoxdur”. Qeyd edək ki, V.Krevenin Bakıda yaşadığı illərdə Azərbaycan rus imperiyasının əsarətində idi. Sonra qısa müddətdə olsa da, müstəqil Azərbaycan Demokratik Respublikası yarandı və V.Kreve bu respublikanın ürəkdən alqışladı, Litva dövlətinin Azərbaycan Respublikası ilə diplomatik əlaqələrinin qurulmasında böyük rol oynadı. O, Litvanın Azərbaycanda ilk konsulu təyin olunur. Sonra isə sovet imperiyası .V.Kreve bu quruluşu arzulamırdı və bu səbəbdən də, Bakını tərk etdi. Onun “Bolşeviklər” məqaləsi də antibolşevik ruhunda yazılmışdır. Məqalədə Azərbaycanda sovet hakimiyyəti qurulmasından öncəki hadisələr və inqilabın ilk illəri təsvir olunur.Açıqca hiss olunur ki, V.Krevenin bolşeviklərə heç bir rəğbəti yoxdur və o, XI Ordunun Bakıya hücumunu işğalçılıq hesab edir, Litvanı da belə bir təhlükəni gözləyəcəyindən narahatlıq keçirir. V.Krevenin kitaba daxil edilmiş “Qadın”, “Kralın ən yaxşı şərabını saxladığı qab” və “Çarpışan qüvvələr” yazıları da “Şərq hekayələri” silsiləsindəndir. “Azəristan ölkəsi” yazısına aid olan nağıl təhkiyəsi, dini və folklor materiallarına istinad bu hekayələrdə də aydın nəzərə çarpır. Hiss olunur ki, Litva yazıçısı Azərbaycan folklorunu da yaxşı mənimsəmişdir. Lakin o, folklora və dini rəvayətlərə müraciət edərkən oricinal yol seçmiş, təsvir etdiyi hadisələrə fəlsəfi rəng qatmağa çalışmışdır. “Qadın” hekayəsinin məğzi bundan ibarətdir ki, rəhmli və mərhəmətli Allah “əşrəfül-əşya”-İnsan yaradır, bu insanı yer üzündə məskunlaşdırır ki,orada hökmranlıq etsin, dünyanı gözəlləşdirsin. Allah özünün xəlq etdiyi bu varlığı heç nədən məhrum eləmir,ona uca dağlar, yamyaşıl ağaclar, mavi dənizlər bəxş edir. təbiət onun üzünə gülümsəyir, insan da Allaha ibadət edir.Şeytan isə İnsana paxıllıq edir, Allahın sevimlisinə çevrilmiş bu məxluqu yoldan çıxarmaq üçün ona xidmət üçün Qadın göndərir və İnsan..günaha batır. Bu isə Allaha xoş gəlmir və beləliklə. Yer üzündəki bütün müsibətlər, çarpışmalar, həyat mübarimzələri bundan sonra başlayır. “Çarpışan qüvvələr” hekayəsində də bizə məlum olan Hörmüz və Əhrimən qarşıdurması nəql olunur. V.Krevenin “Şərq hekayələri” Şərqə, islam dünyasına, Azərbaycana böyük məhəbbətin ifadəsidir və nə yaxşı ki, biz bu əsərlərlə gec də olsa, tanış olduq. Tanış olduq və gördük ki, Azərbaycana sevgilərin sərhəddi çox genişdir, hüdudsuzdur.
Vaqif YUSİFLİ


Bu yazı ( 766 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar