12px14px16px18px

Baş nazirin xanımı

Vilayət QULİYEV
00:38 / 25.12.2010

 


(Əvvəli ötən şənbə saylarımızda)

Nəsib bəy dərin peşimançılıq hissi keçirirdi. Bəlkə də yanlış bir addımın həyatını belə məşum şəkildə dəyişəcəyini heç vaxt ağlına gətirməmişdi. Eyni zamanda öz kişi qürurunu da sındırmaq istəmirdi.
Yenə də Bağçasaraya məktublar göndərirdi. Amma onlar Şəfiqə xanıma deyil, hələ oxuyub-yazmağı bacarmayan uşaqlarına-qızı Zöhrə ilə oğlu Niyaziyə ünvanlanırdı. Məktubları kimin açıb oxuyacağını bilsə də inadla sevdiyi qadının adını çəkmirdi, heç vaxt ona ona müraciət etmirdi.
Sükut buzu yalnız 1916-cı ildə sınır. Həmin il fevralın 20-də Nəsib bəy üç ildən çox sürən tərəddüdlərdən sonra ilk dəfə Şəfiqə xanıma üzərində yalnız bir cümlə yazılmış kart-postal göndərir: “Həyatında islahı mümkün olmayan xətalara yol verən, uşaqlarını öpən Nəsib...”
Keçmiş əri ilə münasibətləri soyuq olsa da, Şəfiqə xanım Yusifbəylilər ailəsinin üzvləri ilə əlaqələrini kəsmirdi. Bunu Nəsib bəyin bacısı Şükufə xanımın eyni ilin martında Azərbaycan türkcəsində yazılan və “İzzətli, səadətli Şəfiqə sultan” sözləri ilə başlayan məktubundan da görmək mümkündür. “Məktubunuz vüsul oldu,-deyə o, Şəfiqə xanıma yazırdı. –And olsun Allaha, oxuyandan sonra bir saat ağladım. Axı çox yalvardım sizə ki, getməyin. Yenə sözümə baxmadınız. Bir-iki ay səbr etsəydiniz, sanıram, hər şey yoluna düşərdi. Sizin getdiyinizi biləndə şaşıb qaldıq. Bədənimə uçunma gəldi. İki-üç gün huşum başımda olmadı. Sizə gözümüz alışmışdı. Özümüzə böyük bacı, ana bilirdik. Bizləri fəna hallara qoyub getdiniz. Bir dəqiqə də yadımızdan çıxmırsınız”.
Çox təbii, səmimi bir dillə qələmə alınan məktubun sonrakı sətirlərində isə Şükufə xanım sanki sözarası Nəsib bəyin vəziyyətindən söz açır: “Özgə bir əhval yoxdur. Nəsib həmişəki kimi işə gedib-gəlir, evdə çörəyini yeyib-yatır. Axşamlar gəzməyə çıxır. Təkbaşına dolaşıb qayıdır. Zöhrə xanımın, Niyazinin gözlərindən öpürəm. Baqi salam. Sizi çox sevən Şükufə”.
Eyni il 16 aprel tarixli məktubda Şükufə xanım qardaşının dərin psixoloji sarsıntı keçirdiyini, bəzən günlərlə evdən çıxmadığını yazır. Ara-sıra onlara gəldiyini, üzündən qəm-qüssənin bir an da çəkilmədiyini əlavə edir.
Amma ata ilə ananın şəxsi münasibətlərinin soyuqluğundan asılı olmayaraq Şəfiqə xanımın qeydlərindən uşaqların 1912-ci ildən sonra da yay aylarında Gəncəyə gətirildiyi, burada vaxtlarını Nəsib bəylə keçirdikləri aşkara çıxır.
Nəsib bəyin aşağıda tam mətnini verdiyim məktubu isə İsmayıl Qaspralının ölümündən sonra da onun ailədə söz sahibi kimi qaldığını, çətin məqamlarda yardım və məsləhətlərini əsirgəmədiyini göstərməkdədir. Çox ehtimal ki, 1916-cı ildə yazılan, “Tərcüman”ın idarəçiliyi ilə bağlı məsləhətləri özündə ehtiva edən məktub Şəfiqə xanımın müraciətinə cavab xarakteri daşıyırdı: “Məktubunu aldım. Yazdıqların məni çox üzdü. Sizlərə tövsiyəm budur: əl-ələ verib çalışın. Böyük kimi Rüfəti qəbul etməlisiniz. Hər hansı məsələ ilə bağlı qərar vermək lazımdırsa, birlikdə edin. Mənə inanın: yad adamlar sizi hər an oyuna çəkə bilərlər. Qazanc imkanı bitəndə üzü üstə qoyub qaçarlar. Bacınız əri Krımtaya gəldikdə isə keçmişini qurdalamadan sırf bacınızın xatirinə qovğaya çıxmayın”.
Məktub Nəsib bəyin bütünlükdə Krımda və xüsusən də “Tərcüman”ın ətrafında gedən prosesləri də diqqətlə izlədiyini göstərir: “Mənə qalsa, “İrəliçi Krım Gəncliyinə” çox da etibar etməyin. Bunlar hamısı şübhəli, üstəlik də prinsip sahibi olmayan adamlardır. Belə adamlar “Tərcüman”ın adı üzərinə ləkə saldı. Ölkənin daxilində və xaricində milyonlarla müsəlmanı maraqlandıran məsələlər varkən, bir neçə ağıldan seyrək adamın “Zincirli” hadisəsini qabartması qəzeti bir kağız parçasına çevirdi. Bunu yazarkən Zincirli olayına toxunulmasında bir qəbahət görmürəm. Lakin yadda saxlamaq lazımdır ki, “Tərcüman” Bağçasarayda çıxsa da, bütün müsəlmanların qəzetidir”.
Sonda isə o, özünü də üzvü saydığı ailəni birliyə çağırırdı: “Sizlərə tövsiyəm: rəftarınızı dostca qurun, işi birlikdə davam etdirin. Bütün razılaşmalarda bərabər iştirak edin, qəzeti və mətbəəni əldən verməyin. Krımtay ilə barışın, hər şeyi qamarlamaması üçün tədbirli olun. Onu həmişə bəlli məsafədə saxlamağa çalışın. Təəssüf ki, indiki halda Krıma gəlməyimə imkan yoxdur”.
Doqquz yaşlı qızı Zöhrəyə məktubu isə Nəsib bəyin bir ata kimi övladlarına bəslədiyi məhəbbəti, eyni zamanda uşaqları ilə onların öz dilində danışmaq məharətini üzə çıxarır. Aralarındakı məsafənin uzaqlığı larına diqqətini əsla azaltmamış, hisslərini qətiyyən korşaltmamışdı.
“Qızım, Zöhrəm! – müraciətindən sonra Nəsib bəy yazırdı: –Məktubunu aldım. Mənə yaxşı məktub yaz deyirsən, amma özün heç yaxşı məktub yazmırsan. Bir də mənə məktub yollayanda kağızda sətirləri düz yaz. Yuxarıda başlıq qoymağı da yadından çıxarma. Mən də səndən və Niyazidən ötrü darıxıram. Hər səhər yuxudan duranda sizi yanıma çağırmaq istəyirəm. Burada hər gün yağış yağır. Anbarımıza su dolub. Niyaziyə söylə, qonşu qızlar gəlib əməc-köməc yığırlar, gilasımızı, əriyimizi dərirlər. Mən onu (Niyazini-V.Q.) bağbanlıqdan çıxaracağam. Kaştanın balaları işığa çıxıb oynaşırlar. Birisini Həsən aparmışdı. Yenə də qaçıb gəlib. Toyuğumuzun cücələri böyüdülər. Sabah birini kəsib yeyəcəyik. Həmidənin bir balaca bacısı olub. Hələ ad qoymayıblar. Niyazi yaxşı oğlan olsa, anasının sözünə qulaq assa, gələndə ona verəcəm. Qulaq asmasa, verməyəcəm. Evimizə gəlin, sənə də bir royal alacam. Yavaş-yavaş Nigar xalandan öyrən. Gələndə çalarsan, atan da dinlər. Müəllimin də sənə salam söyləyir. Deyir ki, hər gün dərslərini oxusun. Qızım, həm də qardaşına bax! Artıq böyük qız oldun. Təkbaşına küçəyə çıxmağa qoyma. Sözünə qulaq asmasa, mənə yaz.
Zöhrə, sənin və Niyazinin gözlərindən öpürəm. Atanız Nəsib”.
Uşaqlarına ünvanlanan məktublar Nəsib bəyin insani keyfiyyətləri və ruhi aləmi haqqında dolğun təsəvvür yaradır. Bəzən xoş sözlə, incə zarafatla onların ayrı düşdüyü övladlarına xoş əhvali-ruhiyyə aşılamağa çalışsa da, məktublarının əksəriyyəti kədərlidir. Bir sıra hallarda hətta “Sizə məktub yaza bilmirəm, çünki qələmi əlimə alanda gözlərim yaşla dolur. Balalarım, əgər ağlaya bilsəydim, bəlkə də gündə neçə dəfə ağlardım”, yaxud “Sizin zavallı atanız yuxuda gecə səhərə qədər sizinlə oynayır, sizinlə oturur, sizinlə söhbət edir” – kimi dərin ruhi sarsıntılardan xəbər verən ifadələrə təsadüf edilir.
Amma o da hiss olunur ki, uşaqlar böyüdükcə biri-birindən uzaq düşmüş valideynləri arasında canlı körpüyə çevrilməyə başlayırlar.
Münasibətlərdəki sükut buzunun sanki əriməyə doğru getdiyi dövrdə Rusiyada Fevral inqilabı başlandı. Nəsib bəy Azərbaycanda, Şəfiqə xanım isə Krımda ictimai-siyasi proseslərin mərkəzinə atıldılar. Artıq heç birinin şəxsi həyatları barəsində düşünməyə zamanı yox idi...
lll
Atalarının ölümündən sonra Şəfiqə xanım böyük qardaşı Rüfətlə birlikdə “Tərcüman”ın idarəçiliyini öz üzərinə götürmüşdü. Həm də yalnız texniki-redaktorluq işi ilə məşğul olmurdu. Qəzetə məqalələr yazırdı. Əvvəlki illərdə olduğu kimi yenə də maarif və qadın hüquqları məsələsi üzərində dayanırdı.
Rusiyadakı fevral inqilabı sözdən işə keçmək üçün şərait yaratdı. Şəfiqə xanımın yalnız xeyriyyəçilik və ictimai xidmətləri üçün deyil, siyasi fəaliyyəti üçün də imkanlar açıldı. 1917-ci ilin aprelində o, Qazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçildi. 1917-ci il mayın 1-11-nə qədər Moskvada Rusiya müsəlmanlarının Birinci konqresində Krımı təmsil etdi. Həmin konqresin 970 nümayəndəsindən 112 nəfəri qadınlar idi. Konfransın ikinci günü iclasın sədri, görkəmli tatar siyasi xadimi Ayaz İshakinin “Məclisimizdə iştirak edən böyük ustadımız İsmayıl Qaspralının qızı Şəfiqə xanımı hörmətlə salamlayıram”-sözlərindən sonra bütün salon xitabət kürsüsünə yaxınlaşan gənc qadını sürəkli alqışlarla qarşılamışdı. Konqres günlərində o, Səlimə Yaqubova (Qazan), Şəfiqə Əfəndizadə (Azərbaycan), Fatma Güləhmədova (Orenburq), Anna Martusas (Litva tatarları) və b. ilə birlikdə Qadın-qız komissiyasının işində fəal iştirak etmişdi.
1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda “Qadın komitələri” qurulmağa başlamışdı. Həmin dövrdə Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin sədri olan Cəfər Seyidəhməd Krımər xatirələrində bu məsələyə toxunaraq yazırdı: “Qadın komitələrinin mərkəzi təşkilatına aydın xanımlar, müəllimələr cəlb olunmuşdu. Onların başında dayanan Qaspralı İsmayıl bəyin qızı Şəfiqə xanım imanla, həyəcanla qadınların fəaliyyətlərini yüksəltməyə, onları hər tərəfdə təşviq etməyə çalışırdı. Şəfiqə xanımdan başqa İlhamiyyə Toktar, Ayişə İshaq, Xədicə Avçı bu yolda unudulmaz xidmətlər göstərdilər. Hətta fəaliyyətləri zamanı bir çox təhlükələrə də sinə gərməli oldular”.
Bağçasarayda İsmayıl Qaspralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində də Şəfiqə xanımın xidmətləri olmuşdu. 1917-ci ilin dekabrında o, Gözləvdən (Yevpatoriya) Tatar Milli Qurultayına, 1918-1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilmişdi. Krım tatarlarının lideri Çələbi Cihanın rəhbərliyi altında yarımadada milli dövlət qurulmasına öz töhfələrini verməyə çalışmış, Seyidcəfər Krımər, Əhməd Özənbaşlı, Seyid Cəlal Xəttat, Həsən Səbri Ayvazov və b. ilə birlikdə milli dövlətçilik institutlarının yaradılmasında iştirak etmişdi. Həmin dövrdə Krımda çalışan görkəmli Azərbaycan yazıçısı və diplomatı Y.V.Çəmənzəminli ilə Şəfiqə xanım arasında səmimi dostluq münasibətləri formalaşmışdı.
Lakin “ağ” və “qırmızı” rusların, ukraynalıların, almanların maraqlarının toqquşduğu Krımda heç bir güclü arxaları olmayan tatarların milli dövləti qurmaq niyyəti baş tutmamışdı. Əksinə, biri-birini əvəz edən hakimiyyətlər hər vasitə ilə yerli xalqı sıxışdıraraq siyasi mübarizə meydanından və tarixi torpaqlarından uzaqlaşdırmaq məqsədi güdmüşdü.
Belə bir şəraitdə 1918-ci il fevralın 23-də otuz beş ildən bəri türk dünyasına sədaqətlə xidmət yolunu tutan “Tərcüman” qəzetinin bağlanmasına qərar verildi. Şəfiqə xanımın yazdığı kimi, redaksiya “öldürülməkdənsə ölməyi daha üstün tutdu”. Bütün səylərə rəğmən qəzetin mətbəəsini də əldə saxlamaq mümkün olmadı. Bolşeviklər onu müsadirə edib Xarkova apardılar.
Krım tatarlarının lideri Cələbi Cihanın həbsi və Akyardakı (Sevastopol) rus matrosları tərəfindən vəhşicəsinə öldürülməsi vəziyyəti daha da gərginləşdirdi. Həbsindən bir neçə gün öncə o, Şəfiqə xanımla birlikdə aeroplanla Ağməsciddən (Simferopol) İstanbula uçmaq və Osmanlı dövlətindən hərbi yardım almaq məsələsini müzakirə etmişdi.
Şəfiqə xanımın xatirələrində Krım tatarlarının Millət Məclisinin son iclası da öz təsvirini tapmışdı: “Parlament kimi istifadə etdiyimiz Zadəgan Cəmiyyətinin binasında toplaşmışdıq. Çox həzin bir toplantı idi. Ölü yerindəki kimi sakit, səssiz dayanmışdıq. Bir-iki millət vəkili danışmaq üçün kürsüyə çıxdı. Lakin sözlərini tamamlamadan hıçqırıqlar içərisində aşağı endilər. Əli Badanalı göz yaşları axıdaraq “Aslanların yerini köpəklər aldı”-deyə ağlayırdı. Elə bu zaman binanın qapıları açıldı və Akyar (Sevastopol) dənizçiləri sel kimi içəri doluşdular. Güllələr pəncərə şüşələrini parçalayaraq binanın içərisində uçuşmağa başladılar”.
Taleyin işinə bax ki, aradan il yarıma yaxın vaxt keçəndən sonra xanımının yaşadığı dəhşətli mənzərəni də Nəsib bəy də Azərbaycan Parlamentində öz gözləri ilə görəcəkdi...

lll
Müstəqillik savaşı verən Azərbaycanda da vəziyyət yetərincə ağır idi. Burada da bir neçə cəbhədə vuruşmaq, bolşeviklərə və ağqvardiyaçılara qarşı dirəniş göstərmək, ingilislərlə dil tapmaq, erməni qətliamlarının qarşısını almaq lazım idi. Hələ Cümhuriyyət elanından əvvəl rəhbərlik etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyasının Musavatla birləşməsinə (“Nəsib bəylə Emin bəy arasındakı anlaşma trendə (qatarda-V.Q.) olmuşdu”-deyə Şəfiqə xanım xatirələrində bizim bilmədiyimiz daha bir təfərrüatı dəqiqləşdirmişdi) razılıq verən Nəsib bəy Yusifbəyli hökumət üzvü, daha sonra isə baş nazir kimi bu mübarizənin mərkəzində dayanmışdı.
Vətənində vəziyyət nə qədər gərgin olsa da, əldən-ələ keçən, od-alov içərisində yanan Krımdakı xanımının və iki körpə övladının nigarançılığı da ona rahatlıq vermirdi. paytaxt düşməndən azad olunandan sonra dəfələrlə onları Bakıya dəvət etmişdi. 1919-cu il aprelin 17-də göndərdiyi məktubda bir daha israrla və əvvəlki xoşbəxt çağlardakı müraciət forması ilə xanımına üz tutaraq yazırdı:
“Şefi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını istəməyə haqqım çatırmı? Hər halda mənə nifrət etməyə əsasın var. Özüm barədə nə yazacağımı bilmirəm. Həyat məni bəlkə də layiq olmadığım mövqeyə yüksəldib. İndi Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt saymıram. Uşaqları xatırladıqca, varımdan yox oluram. Yuxum ərşə çəkilib, rahatlığım itib. Hansımızın daha çox günah işlədiyini bilmirəm. Bildiyim tək şey ortalıqda bir xətanın olmasıdır”.
Daha sonra onlara pul və digər zəruri şeylər göndərdiyini yazırdı. Məktub “Məni əfv et! Məni xatırlayanlara salam söylə.”-sözləri ilə başa çatırdı. Nəsib bəy ilk fürsət yaranan kimi özü Krıma getmək, həyatları hər an təhlükə qarşısında qalan xanımını və uşaqlarını vətənə gətirmək niyyətində idi.
Onu düşündürən məsələlərdən biri də övladlarının təhsili, cəmiyyətə faydalı insan kimi yetişmələri idi. Müharibələr, savaşlar bir gün bitəcəkdi. Qurmaq istədikləri yeni dövlət onlardan yeni insanlar tələb edəcəkdi. Heç nəyə baxmadan ən azı iki belə insanın yetişdirilməsini Nəsib bəy öz borcu sayırdı. 29 aprel 1919-cu il tarixli məktubunda bu məsələlərə toxunaraq yazırdı:
“Şefi! Zokanın (Zöhrə-V.Q.) haqqında nə deyə bilərəm? Sən ona məndən daha yaxınsan. Odur ki, yaxşı yetişməsi üçün lazım gələn şəraiti yaratmalısan. Tələb olunan xərclərin hamısını ödəməyə çalışacağam. Amma bütün bunların təxminən neçəyə başa gələcəyini də gərək əvvəlcədən mənə bildirəsən. Niyazik haqqında nə düşünürsən? Təbii, onun da yaxşı təhsil alması vacibdir. Bir sözlə, bu məsələlərlə bağlı fikirlərini öyrənmək və lazım olan tədbirləri görmək istəyirəm. Uşaqlarla əlaqəli nə varsa hamısını mənim də bilməyim gərəkdir. Mən də insanam, mənim də qəlbim var. Onların problemləri ilə bağlı öz düşüncələrinə uyğun şəkildə davranmaqla (bu məsələdə sənə səlahiyyət verdiyimi bilirsən) bir sırada mənim də nələr çəkdiyimi heç zaman unutma!”
Aradan keçən illər ərzində xanımı və uşaqları qarşısındakı günahkarlıq kompleksi artıq müstəqil dövlətin baş naziri məqamına yüksələn Nəsib bəyi bir an da olsun tərk etməmişdi. Özünün və Şəfiqə xanımın inadkarlığının, prinsiplərindən çəkilməməsinin ağrı-acılarını daha çox ata-ana nəvazişinə ehtiyac duyan körpələrin yaşaması onu hər zaman üzmüş, duyğulandırmışdı. Odur ki, hətta Azərbaycana Denikin hücumunun aktuallaşdığı, gününün bəlkə də 24 saatını dövlət işlərində keçirdiyi dövrdə də yenə ailə qayğılarından uzaqlaşa bilməmişdi.
“Hər halda Şefi, biz uşaqların önündə günahkarıq. Çünki onların körpə ruhlarını zədələmişik. Heç olmazsa indi onlara acılamalı və gələcəklərinin də şikəst olmamasına çalışmalıyıq. İlk növbədə onların təhsili haqqında fikirləşməliyik. Mənə cavab verməmişdən öncə həm Niyazik, həm də Zoka ilə bağlı ciddi düşün: gələcəkdə uşaqların qarşısında vicdanının təmiz olması üçün lazım gələn bütün şərtləri yerinə yetirə biləcəksənmi? Bilirsən ki, hər acıya tab gətirəcək qədər qüvvətliyəm. Səndən yeganə ricam uşaqları düşünməyindir”.
(Xatirələri ilə baş-başa qalanda, Nəsib bəyin yazdıqlarını təkrar-təkrar oxuyanda Şəfiqə xanım məktubun sonuncu səhifəsində tarix qoymadan “Mənim vicdanım təmizdir. Bəs sənin? Nə demək olar?”- sözlərini əlavə etmişdi.)
Uzun tərəddüdlərdən sonra Şəfiqə xanım övladları ilə birlikdə 1919-cu ilin avqustunda bir zamanlar göz yaşları ilə ayrıldığı Azərbaycana döndü. “Mən Krımdan 1919-cu il avqustun 15-də çıxdım,-deyə xatirələri üçün hazırladığı kiçik qeydlərin birində yazırdı. –Zevcim Nəsib bəy Yusifbəyli Bakıya qayıtmaq üçün yola çıxan müəllim silistrəli Ədhəm Fevzi bəy (Gözaydın) ilə yolladığı məktubda iki uşağımla birlikdə dərhal Bakıya gəlməyimizi yazırdı. Bunun üzərinə Sevastopol-Novorossiysk-Petrovsk (Mahaçqala-V.Q.) yolu ilə Bakıya getdim”. Sonralar Şəfiqə xanım qızının gimnaziyadan aldığı sənədə əsaslanaraq səfərin sentyabrın əvvəllərində baş tutduğunu dəqiqləşdirmişdi. Amma günlər önəmli deyildi. Əsas olan onun yenidən Azərbaycana qayıtması, özünün və övladlarının təhlükəsizliyə qovuşması idi.
Xanımı ilə övladları Bakıya gələndə Nəsib bəy Yusifbəylinin həyatının faciəli şəkildə sona yetməsinə səkkiz ay qalırdı. Artıq bir şəhərdə yaşayan ailə cütlüyünün həmin mərhələdəki münasibətləri haqqında əlimizdə istinad edə biləcəyimiz dəqiq bir mənbə yoxdur. Şəfiqə xanım da xatirələrində bu barədə heç nə yazmır. Çox ehtimal ki, onlar bir dam altında yaşamırdılar. Amma Nəsib bəy ər və ata kimi üzərinə düşən başlıca vəzifələrdən birini yerinə yetirmişdi: sevdiyi üç insanı təqiblərin, aclığın, ehtiyacın, bəlkə də labüd ölümün cəngindən qurtarmış, öz yanına gətirmişdi.
Şəxsi münasibətləri tam sahmana düşməsə də, Şəfiqə xanım Bakıya gəldiyi ilk günlərdən ərinin həyatını həsr etdiyi amala – Azərbaycan Cümhuriyyətinin qurulmasına öz töhfələrini verməyə çalışmışdı. Başqa sözlə desəm, ailə məsələlərində dil tapmaq asan olmasa da, ideya birliyi əski qaydada davam etmişdi. Burada Şəfiqə Qaspralının ictimai-siyasi proseslərdəki səriştəsi və pedaqoji təcrübəsi də önəmli rol oynamışdı. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kursların təşkilinə başlamışdı.
Çox güman ki, bu addım Nəsib bəylə razılaşdırıldıqdan sonra atılmışdı. Ümumiyyətlə, Şəfiqə Qaspralının arxivində elə sənədlərə və qeydlərə təsadüf olunur ki, onlara əsaslanaraq Baş nazirin bir sıra məsələlərlə bağlı keçmiş xanımını məlumatlandırdığını söyləmək mümkündür. Məsələn, Şəfiqə xanım Azərbaycan hökumətinin Atatürkün başçılığı altındakı İstiqlal Savaşına yardımından bəhs edərkən Nəsib bəyin göstərişi ilə 500 min frank məbləğində pulun bu məqsədlə Türkiyə Hilali-Əhmər (Qırmızı Aypara-V.Q.) cəmiyyətinin sədri Əli bəyə çatdırıldığını yazır. Onun digər bir qeydinə əsasən Nəsib bəy Yusifbəyli hökuməti üst-üstə Qurtuluş savaşına 1 milyon frank, 19 min türk lirəsi və xeyli miqdarda rus qızılı miqdarında yardım göstərmişdi. Şübhəsiz, bu məlumatları yalnız hökumət başçısının öz dilindən eşitmək olardı.
Kurslara gəldikdə isə onların həmin dövr üçün mütərəqqi sayılan Froebl metodu əsasında qurulması nəzərdə tutulmuşdu. Şəfiqə xanım qısa müddətdə üç aylıq kurslara qırxa yaxın gənc qız və qadın cəlb etmişdi. Müəyyən təhsili olanlara daha çox üstünlük verilirdi. Gələcəkdə həmin kurslar əsasında pedaqoji məktəbin yaradılması nəzərdə tutulurdu. Maraqlıdır ki, Şəfiqə xanımın sonralar həyatının böyük bir hissəsini yaşadığı Türkiyədə uşaq bağçası tipli tərbiyə müəssisələrinin təşkilinə yalnız 1950-ci illərdə başlanmışdı. Azərbaycan Cümhuriyyəti isə onun təşəbbüsü ilə quruluşunun ikinci ilində bu istiqamətdə işlər görmüşdü.
Şəngül və Nəcib Həbləmitoğlunun yazdığına görə Şəfiqə xanımın arxivində 1919-1920-ci illərdə Bakıda rus və türk dillərində qələmə alınan və qadın hüquqları ilə bağlı məsələləri işıqlandıran bir sıra sənədlər mövcuddur. Burada həm müəllifin şəxsi mülahizələri, həm də müxtəlif mənbələrdən götürülmüş çıxarışlara təsadüf etmək mümkündür. Həmin sənədlər qadınların iş, təhsil, analıq məzuniyyəti, ictimai-siyasi həyatda kişilərlə bərabər qaydada iştirak və başqa hüquqlarını təsbit edir. Çox güman ki, Şəfiqə xanım bu məsələlərlə daha dərindən məşğul olarkən ilk növbədə Azərbaycan hökumətinə və onun Baş nazirinə öz təkliflərini təqdim etmək niyyətində imiş. Maraqlıdır ki, Britaniya tarixçisi Çarlz V.Hostler özünün “Sovetlər və türklər” kitabında Azərbaycanda qadın hüquqları sahəsində atılan bütün az və ya çox dərəcədə əhəmiyyətli addımların Nəsib bəy Yusifbəylinin baş nazirliyi dövrünə təsadüf etdiyini göstərir...
(Ardı gələn şənbə sayımızda)
Vilayət QULİYEV




Bu yazı ( 1535 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar