12px14px16px18px

TÜRKİYƏMİZDƏ 10 GÜN

Ədalət TAHİRZADƏ

BİSMİLLAH

02:21 / 27.11.2010



(Başlanğıcı ötən sayımızda)

SULTAN MURAD KÜLLİYYƏSİ VƏ TÜRBƏLƏRİ

Ayın 3-də səhər 9-da araba “Marigold” hotelinin qarşısında bizi gözləyirdi. Bir gənc oğlan maşından düşüb özünü təqdim etdi: Faruq Kurt. Bursa Böyükşəhər Bələdiyyəsində rəhbər (bələdçi) işlədiyini və şəhərdə olduğumuz müddətcə bizi gəzdirəcəyini söylədi. Çox istiqanlı və yurdsevər gəncmiş. Onun bizi apardığı ilk yer Sultan Murad külliyyəsi və türbələri oldu. Bu külliyyə Sultan II Murad’ın (1421-1444, 1446-1451) tikdirdiyi came, mədrəsə, hamam, imarət, çeşmə və türbələrdən ibarət topluluqdur. Külliyənin geniş həyətində iki yerdə sultan ailəsinin məzarlığı var. Bu, İstanbul Eyyub Sultan qəbiristanından sonra ən çox xanədan mənsubunun basdırıldığı ikinci böyük məzarlıqdır.

FABRİKAYİ-HUMAYUN

Tanış olduğumuz ikinci yer Sultan Əbdülməcid dönəmində “Xəzineyi-xasseyi-şahanə” tərəfindən maliyyələşdirilərək tikilən, dövlətə aid ilk ipək fabriki “Fabrlkayi-humayun” oldu. Fabrik sarayın ipək parçaya ehtiyacını ödəməkdən ötrü Hereke’də açılmış toxuculuq fabrikini ipək ipliklə təmin etmək üçün 1852-dı tikilib. “Divanxana”, “Qozalıq” (“qoza” baramaya deyirlər), “Mancınıqxana” və “Qəsri-humayun” adlı 4 tikilidən ibarət bir külliyyədir. Cümhuriyyət dönəmində bir müddət “Təkəl tütün anbarı” olaraq işlədilib, 1998-də Bursa Böyükşəhər Bələdiyyəsinin mülkiyyətinə keçib. 2010-da Faruk Saraç onu yenidən əslinə uyğun olaraq bərpa etdirərək “Faruk Saraç Tasarım Məslək Yüksəkokulu”na çevirib.
İçində gözəl ipəkçilik muzeyi də olan bu binada indi çağdaş dəblər məktəbi yerləşir. Məktəbin məsul işçisi, kökcə Bolqarıstan türklərindən olan çox mehriban Şənay Vətən xanım’la Zəkəriyyə müəllimin söhbəti maraqlı alındı. İki ipəkçi bir-birini gözəl anlayırdı. Özəlliklə Zəkəriyyə müəllim’in ipəkqurdunun yaşlarıyla bağlı söylədiyi bayatılar Şənay xanımın çox xoşuna gəldi.

TÜRKİYƏNİN FACİƏSİ

Türkiyəyə ilk gəlişlərimdə də bir şeyi müşahidə etmişdim – bu ölkədə qadınlar kütləvi şəkildə siqaret çəkir. Orta məktəb şagirdindən tutmuş yaşlı nənələrədək əksəriyyət qadınlar evdə, işdə, küçədə tam sərbəst şəkildə çəkir və xalq buna normal baxır (qəribədir ki, çoxları bu faktın varlığını qəbul etmir). Mənsə bunu qardaşımız Türkiyə üçün PKK-dan da qorxulu düşmən, faciə sayıram. Bizi yola salan Şənay xanım’la bu haqda danışarkən birdən gözüm aşağıdakı bir guşədə oturmuş qızlara sataşdı. Burada 8 qız vardı. 6-sı əlində siqaret tutmuşdu. Bu cür də şəkillərini çəkdim. Türkiyədə qətiyyən sevmədiyim yeganə şey, bax, budur. Allaha çox-çox şükürlər olsun ki, Bakıda küçədə siqaret çəkən qadın görməzsən.

OSMAN QAZİ VƏ ORXAN QAZİ TÜRBƏLƏRİ, TOPXANA

Faruq bəyin bələdçiliyi ilə Osmanlı dövlətinin ilk uluları olan Osman Qazi və Orxan Qazi’nin türbələrini də ziyarət etdik. Hər iki türbə çox gözəl bərpa edilib. Ziyarətə gələnlər də çoxdur. Halbuki II Murad’ın türbəsi yazıq görkəmdədir, divar suvaqları qopub tökülür, ziyarətçilər də gözə dəymir...
Bu türbələrin həyətində böyük bir palıd ağacı var. Üstündə Bursa Bələdiyyəsinin xəbərdarlığı yapışdırılıb: “Doğal anıtdır (təbii abidədir), kəsilə bilməz”. Faruq bəy dedi ki, Bursada 800 belə ağac var.
Həmin həyətdə 5 top qoyulub. Vaxtilə onlardan Ramazanda iftar vaxtını bildirmək üçün atəş açılıb. İndi atəş açılmasa da buradan top səsi ötürülür.

ULU CAME

Günorta restoranda Turqay Mərcan, Zeynəb Təməl və Faruq Kurt’la birgə nahar etdikdən sonra Ulu came’yə getdik. Türkiyənin ən məşhur camelərindəndir. İldırım Bayəzid 1396-1400 illəri arasında tikdirib. Toplam 5.000 kvadratmetr sahəni tutur, 20 qübbə ilə örtülüdür. Burada ən nadir 192 xətt sənəti nümunəsi var. Bəzi yazılar qızılla işlənib. Kəbənin örtüyü də burada saxlanır. Faruq bəy bizə bu camenin tarixiylə bağlı çoxlu maraqlı rəvayətlər danışdı, təəssüf ki, imkanımız olmadığına görə onları burada yaza bilmirəm.
Mən camedə olarkən əmimin nəvəsi Sevda xanım’ın da Qəbələdə toyu idi. Bu müqəddəs ocaqdan birbaşa toya zəng edərək yeni qurulan ailəni təbrik etdim.

“KOZABİRLİK”DƏ

Bursadakı ən önəmli görüşlərimizdən biri Fevzi Çakmak caddəsində yerləşən, rəsmi adı “Bursa Koza Tarım Satış Kooperatifleri Birliği” olan “Kozabirlik”də keçdi. Baş direktor İsmayıl Aydın bəy və birliyin Toxum Örətim İşlətməsi müdiri Caner İlik bəy’lə professor Zəkəriyyə Əlizadə söhbət etdi, çünki ipəkçilikdən heç başım çıxmır. Açığı, onların danışığının çoxu sırf ipəkçiliklə bağlı olduğuna görə mənə çatmırdı. Bir saata yaxın gedən söhbətdən bunları anladım ki, Türkiyədə də ipəkçilik son onilliklərdə xeyli zəifləyib. Ancaq sevindiricidir ki, dövlət bu sahəyə ciddi yardım göstərir. Məsələn, İsmayıl bəy bildirdi ki, baramanın kiloqramı tutalım 12 lirədirsə onun 10 lirəsini dövlət ödəyir, bu da bizim baramanı istehsalçıdan almağımıza şərait yaradır.
Türkiyədə barama qurdunun bəslənməsi şəraitiylə tanış olmaq üçün sabah Caner İlik bəy’in başçılıq etdiyi Toxum Örətim İşlətməsinə getməyimiz qərara alındı.

TOXUM ÖRƏTİM İŞLƏTMƏSİNDƏ

Ayın 4-də ilk getdiyimiz yer “Kozabirlik” Toxum Örətim İşlətməsi oldu. Caner İlik bəy burada bizi gözləyirdi. İkiqatlı bu binanı yaponlar qurub. Burada barama qurdunun toxumu (ona bizdə “qren” deyilir) cücərdilir və baramaçılara verilir. Baramaçılardan alınan hazır barama məhsulu da burada pupdan təmizlənir.
Zəkəriyyə müəllim’lə Caner bəy burada əməlli-başlı təcrübə mübadiləsi etdilər. Caner bəy bizi otaq-otaq gəzdirərək bütün proseslərlə incəliyinədək tanış etdi. Buradakı qabaqcıl texnologiya Zəkəriyyə müəllimin çox xoşuna gəldi. Caner bəyi də Azərbaycanda görülən işlər maraqlandırırdı.
Burada bir saatdan artıq gedən söhbət və tanışlığı Zəkəriyyə müəllim xeyli faydalı və məhsuldar saydı. Hiss etdim ki, o, buradan Şəkiyə əlidolu dönür. Əslində Türkiyəyə gəlişimizin əsas məqsədlərindən biri də bu idi.

BALIBƏY XANI – KARVANSARASI

Balıbəy xanı – karvansarası gördüyümüz ən maraqlı yerlərdəndi. Bu qədim binanı Bursa Bələdiyyəsi gözəl bərpa edərək istifadəyə verib. Burada restoran da, satış mərkəzləri də, müxtəlif sənətkarların atelyeləri də var. Bizi öncə ipəklə işləyən sənətkarlarla tanış etdilər. Olduqca gözəl əl işləri var. Əlvan Tağızadə adlı bir ustanın atelyesində olduq. İşi “ənənəvi türk süsləmə sənətləri (təzhib, əbru, çini)” adlanır. Əlvan xanımın babaları vaxtilə Azərbaycandan gəlib, ancaq haradan gəldiklərini dəqiq bilmir, Qarabağdan olduqlarını güman edir. Onun gördüyü işlərə heyran qalmamaq mümkün deyil. Çox arzu edir ki, Azərbaycanda fərdi sərgisini açsın. Mən bu istəyini Böyükelçiliyə çatdırmağa söz verdim.

BƏLƏDİYYƏDƏ QƏBUL

Günorta nahardan sonra Bursa Tarix Muzeyində olduq, yaxınlıqdakı möhtəşəm Atatürk heykəlini ziyarət edib qarşısında şəkil çəkdirdik.
Axşama yaxın – saat 5-də Bələdiyyə Başqanının qəbuluna getdik. Bəlli oldu ki, Başqan Rəcəb Altəpə bəy indi xaricdə olduğuna görə bizi onun müavini Rəfiq Yılmaz bəy qəbul edəcək. Rəfiq bəy bizi çox səmimiyyətlə qarşıladı, Azərbaycanla Türkiyə arasındakı qardaşlığın önəmindən danışdı və bizi Bursada görməyindən məmnun olduğunu dilə gətirdi.
Zəkəriyyə müəllim öncə Şəkidən gətirdiyi hədiyyələri – ipək kələğayıları və Şəkinin şəkli olan çini qabı, sonra isə “Şəki ipəyi uzaq karvan yollarında” və “Şəkidə məhəllə adları, soylar, ləqəblər” kitabının 2-ci cildini, eləcə də prof. Şavrovun ötən yüzilin başlanğıcında Tiflisdə rusca nəşr etdirdiyi Türkiyədə ipəkçiliyin tarixinə dair kitabının surətini Başqanvəkilinə ərməğan etdi. O, Türkiyəyə gəlişimizin məqsədini Rəfiq bəyə bir daha açıqladı və Bursada bizə yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirdi. Söz sırası mənə çatdıqda danışmağa yox, yazmağa üstünlük verdiyimi söylədim.
Rəfiq bəy də Bələdiyyə Başqanı adından hər ikimizə hədiyyələr verdi. Sonra birgə xatirə şəkilləri çəkdirdik.
Görüş bitərkən Rəfiq bəy bizi Bələdiyyə binasının giriş qapısınadək ötürdü.
Ayın 5-də İnternetdə Bələdiyyənin mətbuat bülletenində bu görüş haqqında verilmiş “Şəkidən Bursaya Qardaşlıq ziyarəti” başlıqlı geniş məlumatı oxuduq. Mətnin ilk cümləsi beləydi: “Cumhurbaşkanı Abdullah Gülün Azerbaycan ziyareti sırasında gündeme gelen, doğal güzellikleri ve ipekböcekçiliği ile benzer özellikler taşıyan Bursa ile Şekinin kardeş şehir olması yolunda ilk adım atıldı”.

BİLƏCİKDƏ

Artıq Bursada görüləsi işimiz qalmamışdı. İndi də Biləcik və Göynükdə olmaq, həmin şəhərlərdə vaxtilə Şəkidən getmiş insanları tapıb ortaya çıxarmaqdı.
Ayın 5-də səhər tezdən Bələdiyyənin göndərdiyi maşınla Biləciyə yola düşdük. Bursadan oraya 200 kilometrə yaxın yoldur. Biləcik Bələdiyyəsinə çatanda artıq orada bizi gözləyirdilər – Bakıdan Nizami Zöhrabi zəng edib onlara xəbər vermişdi. Bizimlə Başqanın yardımçısı Mustafa Yürükcü məşğul oldu. Çox mehriban və qayğıkeş bir gəncdir. Bir neçə saatlıq ünsiyyətimiz zamanı bizə doğma insan kimi qaynayıb-qarışdı.
Mustafa bəy lazımlı yerlərlə əlaqə yaratdı və Biləcikdə Azərbaycandan gələnlər haqqında heç bir bilgi əldə edilmədiyini söylədi. Açığı, bunu gözləmirdik. Zəkəriyyə müəllimlə qərar aldıq ki, Göynükdə də bizə belə deyəcəklər, ona görə də vaxt iturmədən İstanbula dönək. Ancaq Mustafa bəy, görünür, bizim Biləcikdən əliboş getməyimizi istəmirdi, bu üzdən də Biləcik Universiteti ilə əlaqə yaradıb tarixçilərin bizə yardımçı olmasını istədi. Onların verəcəyi cavabı gözləməli olduğumuza görə təklif etdi ki, gedib Şeyx Ədəbalı’nın türbəsini ziyarət edək. Bu təklifə hədsiz sevindim. Osmanlı bəyliyinin qurucusu Ərtoğrul bəy’in qayınatası olan Şeyx Ədəbalı Osmanlı dövlətinin mənəvi qurucusu sayılır.
Ayaqları ağriyan Zəkəriyyə müəllim türbənin dik pilləkənlərini çıxa bilmədiyinə görə mən Mustafa bəylə oraya qalxdım. Şeyxin məzarını ziyərətdən sonra məni Türkiyəyə gətirdiyinə görə Allaha şükür etdim. Bu ziyarət mənə hədsiz xoş təsir bağışladı.
Bir azdan Mustafa bəylə Biləcik Universitetinə getdik. Tarix fakültəsinin dekanı professor Əbdülxaliq Bakir’lə tanış olduq. İraq türkmanlarındanmış. Biləciyə bir neçə ay öncə gəlib. Azərbaycanı yaxşı tanıyır, ancaq hələ orada olmayıb. Ərəb və fars dillərini ana dili qədər gözəl bilir. Çoxlu kitabların müəllifidir. Zəkəriyyə müəllimə “Ortaçağ İslam dünyasında tekstil sanayi, geyim-kuşam ve moda” kitabını, mənə isə həzrəti-Əliyə həsr olunmuş “Hz. Əli və dönəmi” (Ankara, 2004, 694 səhifə) əsərini bağışladı. Həzrəti-Əli haqqında adətən ruhanilər yazıb və onun həyatını birtərəfli işıqlandırıblar. Anvaq Ə.Bakirin əsəri orta əsr islam qaynaqlarını əla bilən ustad bir tarixçinin qələmindən çixıb və yalnız elmi təhlillər əsasında yazılıb. Bu kitabın Azərbaycan türkcəsində buraxılması da faydalı olardı.
Biləcikdə Mustafa bəylə nahar etdikdən sonra bizi avtobusla İstanbula yola saldı. Ayın 9-unadək bu şəhərdə qaldıq.

SON SÖZ

Təəssüf ki, “525-ci qəzet”in lütfkarlıqla mənə ayırdığı 5 nömrəlik həcm də ürəyimdəkilərin heç yarısını belə deməyə imkan vermədi, ancaq məncə, oxucuya maraqlı ola biləcək bir çox şeylər dedim. Ümumiyyətlə, mən qardaş Türkiyəmizdə nə gördüm? Burada yazdıqlarıma və yazmağa imkan tapmadığım müşahidələrimə əsasən qətiyyətlə deyirəm: mən Türkiyədə qanunların işlədiyi, demokratiyanın sözdə yox, işdə gerçəkləşdiyi, maddi inkişafca Avropa səviyyəsinə yüksəlmiş güclü bir DÖVLƏT, tarixinə hörmət bəsləyərək onu yaşatmağı bacaran, halalla haramı seçərək haramdan qaçan, haqqını heç kəsə yedirməyən əməksevər XALQ, vəzifəsini vicdanla yerinə yetirməyi şərəf işi sayan, sadə vətəndaşına hörmət və sevgi ilə yanaşan ləyaqətli MƏMUR gördüm. Doğrudur, Türkiyə cənnət deyil, onun problemləri başından aşır. Ancaq bu ölkədə vətəndaşın dərdinə qulaq asacaq bələdiyyəsi, şərini ədalətlə kəsəcək məhkəməsi, sözünü deyə biləcəyi mətbuatı, televiziyası, torpağını, izzət və şərəfini qoruyacaq ordusu var. Bunlara görə Türkiyəmizi sevməyə dəyər.
İstanbul – Bursa – Biləcik –
İstanbul – Bakı.
19-25 noyabr 2010.
Ədalət TAHİRZADƏ Tel.: +99450 612 68 13 (cib) E-mail: [email protected]
 




Bu yazı ( 651 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar