12px14px16px18px

Üç görüş

Vilayət Quliyev
00:38 / 20.11.2010



2010 –cu il sona yaxınlaşır. Bu il ədəbi-mədəni həyatımıza daha çox Rəsul Rza ili kimi daxil oldu. XX əsr Azərbaycan poeziyasının təkrarsız simalarından birinin 100 illik yubileyi əvvəlki miqyas və təntənə ilə keçirilməsə də, şəxsiyyətinə və sənətinə bələd olanlar üçün mədəniyyət hadisəsinə çevrildi.
Fikrim yubiley məqaləsi yazmaq deyil. Sadəcə, böyük şairlə üç epizodik görüşümün təəssüratlarını bölüşmək istəyirəm.
Rəsul Rza dünyadan köçəndə bizim nəsil ədəbiyyata təzə-təzə gəlirdi. Yəqin ki, bu amili nəzərə alanda “görüş” sözü bir qədər şişirdilmiş görünür. Çünki görüşmək üçün ən azı biri-birini tanımaq, əlaqə saxlamaq və s. lazımdır. Hələ nəzərə alsaq ki, söhbət həvəskarlardan və korifeylərdən gedir... Bu mənada yəqin ki, Rəsul Rza ilə üç təmas, üç rastlantı desəm, daha dəqiq səslənər.
Beləliklə, birinci rastlantı, yaxud görüş. 1973 –cü ilin may ayı idi. Ənənəvi Sabir poeziya günləri keçirilirdi. Sonuncu tədbir həmişəki kimi Sabir bağında, böyük şairin büstü önündə təşkil olunmuşdu. May ayının axırı olsa da, hava hələ tamam isinməmişdi. Hər halda Rəsul müəllimin yüngül plaş geydiyi, hətta plaşının boynunu bir balaca qaldırdığı indiki kimi yadımdadır.
Mərasim bitəndən sonra iştirakçıların çoxu dağılsa da, başları şirin söhbətə qarışmış Rəsul Rza ilə Abbas Zamanov getməyə tələsmirdilər. Keçib heykəlin arxa tərəfindəki skamyaların birində əyləşdilər. Sabir bağında çayxana işlədən, hazırcavablığı, duzlu-məzəli kəlamları ilə universitet gəncliyinin hörmətini qazanmış çayçı Cavad dərhal onların önünə kiçik masa qoydu. Üstünə ağ süfrə saldı. İki armudu stəkan, limon və bir çaynik çay gətirdi.
Nizami muzeyinin alt qatındakı “Akademkniqa” mağazasının diribaş satıcıları yaxşı bazar olacağını əvvəlcədən bilib bağda səyyar kitab satışı təşkil etmişdilər. Çəlimsiz bir qız hamıdan cəsarətli çıxdı. Rəsul Rzanın kitablarından birini alıb heykəlin arxasındakı skamyaya yaxınlaşdı. Onun niyyətini yalnız Rəsul müəllim gülümsəyə-gülümsəyə döş cibindən qələmini çıxaranda başa düşdük. Deməli, avtoqraf almaq imkanı vardı.
Tezliklə masanın önündə uzun bir növbə düzüldü. Mən də xalq şairinin yenicə çapdan çıxmış “Dünən, bu gün, sabah” kitabını alıb növbəyə dayandım. Rəsul Rza kino ulduzları kimi sadəcə imza atmaqla kifayətlənmirdi. Avtoqraf həvəskarlarının hamısının adını soruşurdu. Hətta əvvəlinə bir “hörmətli” kəlməsi yazmaqdan da usanmırdı.
Sıra mənə çatdı. Adımı, soyadımı soruşdu. Hələlik bizə dərs deməyən Abbas müəllimin zəndlə baxdığını görüb “Universitetin filologiya fakültəsində oxuyuram” – dedim. Rəsul Rza qələmini saxladı.
– Şeir yazırsan? – deyə soruşdu.
Şeir yazmadığımı biləndən sonra “Onda yəqin Abbas Zamanovun yolu ilə gedəcəksən” – dedi. –Bəs Zamanovun kitabını niyə almamısan?
Hamı kimi mən də sadəcə Rəsul Rzadan avtoqraf almaq istədiyimə görə heç Abbas müəllimin kitabının satılıb-satılmadığı ilə maraqlanmamışdım. Görünür Abbas Zamanov da dostunun belə atmacalarına öyrəncəli olduğundan həmişəki qaydası ilə “Eee, sən işində ol” – deyib gülümsəməklə kifayətləndi.
Xalq şairimiz iri xətlə az qala yarım səhifəlik ithaf sözləri yazdı. Səhifənin o biri yarısını isə eyni dərəcədə iri imzası tuturdu.
Həmin dövr gəncliyinin ədəbi-bədii yaradıcılığa və ünlü sənətkarlara pərəstiş mühitində bu avtoqraflı kitabın əməlli-başlı qürur və lovğalanma mənbəyi olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur.
Amma kitablarımı bir yataqxanadan o biri yataqxanaya, şəhərdən kəndə, kənddən şəhərə daşıdığım tələbəlik illərində “Dünən, bu gün və sabah”ın müəllif avtoqraflı nüsxəsini itirdim. Bəlkə də kənddəki əqrəbalarım böyük Mirzə Cəlil demişkən, samovar alışığı elədilər.
Rəsul Rzanın avtoqraf yazarkən Abbas müəllimlə yüngülcə məzələnməsi, bir də həmin anda sifətindəki işıqlı təbəssüm isə həmişəlik yaddaşıma hopdu.
İkinci görüşümüz aradan yeddi il keçəndən sonra oldu. Mən EA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı idim. Akademik Məmməd Cəfərin rəhbərliyi altında “Azərbaycan nəsrinin üslub müxtəlifliyi” mövzusunda dissertasiya üzərində işləyirdim. Amma vaxtımın çoxunu Radio və Televiziya Verilişləri Komitəsində keçirirdim. O zaman bu Komitə tanınmamış yazı-pozu adamları üçün maddi baxımdan tükənməz xəzinə idi. Radionun Xəbərlər, İncəsənət, Cənubi Azərbaycan, televiziyanın Ədəbi-dram verilişləri redaksiyaları üçün yazırdım. Elə ay olurdu ki, 500-600 manat qonorar alırdım. Hətta bir dəfə Komitə sədrinin radio üzrə müavini Tahir Paşazadə maliyyə sənədlərinə baxarkən “Bu kimdir? Kənar müəllif ola-ola sədr müavinindən çox pul alır” – deyə hiddətlənmiş və məni bir də o həndəvərə buraxmamağı tapşırmışdı. Yalnız gözəl insan və jurnalist, mərhum Mailə Muradxanlının himayəsi sayəsində “çörək ağacım” olan radio ilə əməkdaşlığı hələ bir neçə il də davam etdirə bilmişdim.
1980 –ci ilin oktyabr ayında Mailə xanım məni və radionun müxbiri Tofiq Xəlili yanına çağırıb “Rəsul müəllimin yubileyindən sonra onun haqqında efirə heç bir veriliş getməyib. Fikirləşdim ki, “Yazıçılarımızın iş otağından” rubrikasının təzə il qabağı qonağı Rəsul Rza olsun. Yəqin özü ilə də görüşmək lazım gələcək. Oturun, suallarınızı hazırlayın ”- dedi.
Radionun Ədəbiyyat redaksiyasına rəhbərlik edən mərhum İbrahim Göyçaylı xalq şairinə telefon açdı. Sonra bizə “ Rəsul müəllim bir az nasazdır. Evinə getməli olacaqsınız ”- dedi.
Səməd Vurğunun ev muzeyini çıxmaq şərti ilə o vaxta qədər heç bir şairin, yaxud yazıçının evində olmamışdım. İndi isə birdən-birə iki məşhur sənətkarın – Rəsul Rzanın və Nigar Rəfibəylinin evinə gedəcəkdim. Üstəlik bizim günlərdə olduğu kimi o dövrdə də çox tanınan, adı və əsərləri ətrafında ajiotaj heç vaxt səngiməyən Anarın ata ocağına...
Gizlətmirəm, Rəsul müəllimin Kitab passajının üstündəki mənzilinin böyük, hündür zalına girəndə başımdan keçən ilk fikir “Lap burjuy kimi yaşayırlar ”- oldu. Xalq şairi iri masanın arxasındakı divanda yarıuzanmış vəziyyətdə idi. Ayaqlarının ağrıdığını bilirdik. Amma bizi görəndə bütün etirazlarımıza baxmayaraq ayağa qalxdı. Əlimizi sıxdı. Stul çəkib oturmağımızı tapşırdı. Özü isə üzrxahlıq edib təzədən divanda əvvəlki vəziyyətdə əyləşdi. Nigar xanım əllərini çənəsinə dayayaraq bizimlə üzbəüz oturmuşdu. Dəyirmi, mehriban sifətində bir qədər yorğunluq vardı. Amma eyni zamanda üzündə adamı daxilən sakitləşdirən, “özünüzü evinizdə hiss edin ”- deyən bir ifadə oxunurdu.
Bir qədər sonra Nigar xanım qalxıb mətbəxdən çay gətirdi. Rəsul müəllim vazadan alma götürüb bizə də meyvə təklif etdi. İlk dəqiqələrin sıxıntısı hiss olunmadan keçib getdi. Biri-birinə çox həssas yanaşan iki məşhur insanın yaratdığı səmimiyyət aurası bizim də açılışmağımıza təkan verdi. Söhbət qızışdı.
Rəsul müəllim suallarımıza cavab verdi. Öz ifasında iki yeni şerini o zaman bizə texnikanın son sözü kimi görünən repartyora yazdıq. Aktyorların ifasında səsləndirmək üçün bir neçə yeni şerinin əlyazmasını götürdük.
İşimizi qurtarsaq da, vidalaşıb getmək istəmirdik. Ev sahibləri hər hansı hərəkətləri, yaxud sözləri ilə bizi tələsdirmirdilər. Sanki evdə qonaqların olması onların da ürəyindən idi.
Həmin görüşdən bir neçə ay əvvəl Ensiklopediyada işləyən dostum Nazif Qəhrəmanlının sayəsində vaxtı ilə ASE-nin Rəsul Rzanın baş redaktorluğu ilə çıxan və dərhal da yığışdırılan ilk cildinə ötəri baxmışdım. Cild yaşıl rəngdə idi. Danışırdılar ki, yaşıl islam bayrağının rəngi olduğundan kitabın çapına izin verilməyib. Rəsul müəllimin isti, xeyirxah münasibətini görüb neçə vaxtdan bəri maraqlandığım bu məsələ barəsində özündən soruşmağı qərara aldım.
– Boş söhbətlərdir, – deyə xalq şairi başını buladı. –Arada həqiqi tariximizlə bağlı daha ciddi mətləblər var. Yəqin bir vaxt gələr, bu məsələlərin üstü açılar.
Təbii ki, biz o zaman qarşımızda oturan Nigar xanımın atası Xudadad bəy Rəfibəylinin ilk Cümhuriyyətimizin səhiyyə naziri, Gəncə qubernatoru olduğunu bilmirdik. Heç Cümhuriyyətdən də xəbərimiz yoxdu. Onlar isə çox şey bilirdilər. Amma bildiklərini açıb-ağartmaq mümkün deyildi. Bu özü də ağır bir dərd idi.
Bütün itkilərə, məhrumiyyətlərə baxmayaraq Rəsul Rzanın arzuladığı zamanlara qədər yaşaya bildiyimiz üçün özümüzü xoşbəxt saya bilərik.
Rəng məsələsi isə, yəqin ki, tamam boş söhbət deyildi. Çünki Azərbaycan Sovet Ensiklopediyasının yeni nəşri qırmızı cilddə çap olunmağa başladı...
O arada Britaniya kommunistlərinin orqanı “Morninq star” qəzetində 26 Bakı komissarlarının güllələnməsində ingilislərin əli olmadığı, əksinə, Şaumyan və bir neçə komissarın məhz ingilis komandanlığının səyi nəticəsində Daşkənd üzərindən Hindistana aparılmaları, Mikoyanın məsələ ilə bağlı sovet ictimai fikrini azdırması haqqında yazı çap olunmuşdu. Bu barədə Rəsul müəllimə danışmağa başladım. Çox maraqla qulaq asırdı.
Deyəsən, evdə yüngülvari təmir gedirdi. Çünki söhbət əsnasında birinin əlində rəng qutusu, o birininkində kiçik nərdivan olan iki nəfər zaldan keçib qarşı otağa girdi. Rəsul müəllim başı ilə onların girdiyi otağı göstərib təbəssümlə:
– Bir az yavaş danış, – dedi. –Şaumyanın qohumları buradadır...
Tofiq Xəlillə birlikdə hazırladığımız veriliş dekabrın ortalarında efirə getdi. Mailə xanımın dediyinə görə yaxşı qarşılanmışdı. Hətta xalq şairi özü ona zəng vurub təşəkkürünü bildirmiş, bizə də minnətdarlığını çatdırmışdı.
Elə bu vəsilə ilə də böyük şairlə üçüncü və sonuncu dəfə görüşə bildim. İbrahim Göyçaylı həm şerlərinin əlyazmasını geri almaq, həm də verilişlə bağlı fikirlərini bölüşmək üçün Rəsul müəllimin bizimlə görüşmək istədiyini dedi.
– Yenə evinə gedəcəyik? – deyə soruşdum.
– Yox, Rəsul müəllim Leçkomissiyada yatır. Tapşırıb ki, ora gələsiniz.
Təzə il qabağı idi. Tofiqlə bir dəstə gül alıb xəstəxanaya getdik. Çox gözləməli olmadıq. Tibb bacısı dərhal geri qayıdıb Rəsul müəllimin palatasına keçə biləcəyimizi dedi. Palatada tək idi. Çarpayıda uzanmışdı. Biz içəri girəndə zəif təbəssümlə gülümsədi. Vəziyyətini soruşduq. “Gördüyünüz kimidir” – dedi. Bir qədər xəsisliklə də olsa, verilişi təriflədi. Görüşümüz cəmisi beş-altı dəqiqə çəkdi. Həm xəstəni çox yormaq istəmirdik, həm də dünyanın hər üzünü görmüş insana, məşhur sənətkara hansısa təskinlik sözləri tapıb deməkdə çətinlik çəkirdik. Rəsul müəllim əlyazmaları ilə maraqlandı. “Gətirmişəm” – dedim və mümkün olsa birini yadigar kimi özümdə saxlamaq istədiyimi bildirdim. Rəsul müəllim “Hələ maşınkada üzü köçürülməyib” – dedi. “- Sonra gələrsən, verərəm”. Aktyorların ifası üçün şeirləri artıq makinada yazdırsaq da, bu barədə söz açmadım...
Sonralar fikirləşdim ki, bu görüş yəqin ki, Rəsul Rzanın özündən daha çox İbrahim Göyçaylının təşəbbüsü imiş. Xəstə şairə münasibətdə bizim diqqətli, qayğıkeş olduğumuzu göstərmək istəyirmiş. Ona minnətdaram.
lll
Böyük Sabir kimi “əsrinin ayinəsi” olan Rəsul Rzanın yaradıcılığı ədəbiyyat sevərləri heç vaxt laqeyd buraxmır. Həqiqi qiymətini verənlər (və belələri mütləq əksəriyyətdir!) olduğu kimi, inkar etməyə çalışanlar da tapılır.
İnkarçılıq həmişə olub, olacaq. Yəqin bundan üzülməyə dəyməz. Şumer yazılarında belə bir yer var: Yaşlılar gileylənirlər ki, indiki ( dörd min il əvvəlki!) cavanlar korlanıblar. Böyük-kiçik tanımırlar. Ağsaqqallara ehtiram qalmayıb və s.
Əlbəttə, haqsızlıq, açıq-aşkar ağa qara demək insanı rəncidə salır. Amma bu məqamda İntibah şairi Dantenin sadə və müdrik kəlamını xatırlamaq kifayətdir: “Sən öz yolunla get, qoy adamlar nə deyirlərsə desinlər”.
Ədəbiyyatda və həyatda daim öz yolu ilə gedən xalq şairi Rəsul Rzanın da eyni dərəcədə sadə və müdrik misraları var ( yaddaşıma əsaslandığımdan bəlkə də müəyyən yanlışlığa yol verirəm – V. Q.):
Çalış, elə yaşa
Bir gün sən olmayanda
Hamıya aydın görünsün
Yerində qalan boşluq...
Rəsul Rza otuz ildir ki, aramızda yoxdur. Amma həyatda və sənətdə elə bir ömür yaşayıb ki, ölümündən sonra qalan boşluq hər zaman görünməkdədir. Və uzun illər sonra da görünəcək. Həm də təkcə yaxınları, doğmaları üçün deyil. Millətimiz, mədəniyyətimiz, tariximiz üçün, doğru söz və həqiqi sənət üçün.
Önəmli olanı budur...
Budapeşt.
Oktyabr, 2010 – cu il
Vilayət Quliyev




Bu yazı ( 661 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar