12px14px16px18px

Qismətin şeirləri

Vaqif YUSİFLİ

TƏZƏ SƏSLƏR, NƏFƏSLƏR

02:51 / 16.10.2010

 

(X yazı)

O, məndən 38 il kiçikdir və bu uzaq”məsafədən”, ağsaqqal çağımdan cavan, sütül bir oğlan yaşına boylanmaq, onun şeirlərinin məna və mahiyyətinə varmaq istəyirəm.
Ədəbiyyata dəstə-dəstə şairlər gəlir və bir ədəbi nəsli formalaşdırmaq üçün bu dəstənin içindən tək-təklər seçilir, fərqlənir və sonra bu təklər POEZİYA yaradırlar. Bir nəslin adından danışmaq da o təklərə nəsib olur.
Qismət də belələrindəndir.
Bu, məlum həqiqətdir ki, yeni əsr ədəbiyyata özüylə təkcə yeni məzmun, ideya deyil, həm də sözün yeni, təravətli, hər bir standarta, şablona asi olan təzə söz, bədii təsvir vasitələri, orijinal düşüncə tərzi də gətirir. Bu yeni düşüncə tərzini vaxtında qiymətləndirmək, bunun ədəbiyyata nə gətirdiyini siftədən bəlirləmək, izləmək lazımdır.
Bu ağıllı oğlanın şeirləriylə birgə kiçik həcmli məqalələrini də oxuyuram və açığını deyim, onun mütaliə dairəsinin genişliyinə, oxuduğu elmi,fəlsəfi, bədii materiallara kor-koranə yox, bir huşyar gözüylə istinad eləməyi, ədəbiyyata, gerçək olan nəsnələrə yeni düşüncə tərzi ilə yanaşması məni sevindirir. Təbii ki, onun yazılarında uzaqlardan gələn, milli-mənəvi varlığımızla səsləşməyən bəzi notlar da hiss olunur (bu, mənim şəxsi fikrimdir), amma o, bu məqalələri, esseləri ona görə yazmır ki, bəziləri kimi Qərbin plaşına bürünüb özünü qayət ağıllı, müdrik pozaya malik feyləsof kimi nümayiş etdirsin. O, sadəcə olaraq, düşündüklərini yazır və yazılarında bir zərrə belə təkəbbür əlaməti hiss olunmur.
Ancaq Qismət nə yazırsa-yazsın, o, ŞAİRDİR. Olsun ki, Qismət haçansa bir gözəl hekayə çap etdirdi və bu hekayə ilə ədəbi ictimaiyyətin diqqətini cəlb elədi (Vaxtilə Vaqif Nəsib “Omaroğlunun qayıtması” hekayəsi ilə diqqəti cəlb eləmişdi), olsun ki, bir esseist kimi də parlasın... bu “olsun”lar hər halda gələcəyin söhbəti ola bilər. Amma yaradıcılıqda istedadın ən çox üzə çıxdığı bir janrdan yapışmaq daha önəmli deyilmi?
İndiki gənc ədiblər janrdan-janra keçməyi, bu gün şeir, sabah nəsr, birisi gün esse ya məqalə, hətta romanyazmağı çox sevirlər. Ancaq bu cəhdlərin əksəriyyəti yalnız uzaq məsafəyə hazırlaşmadan start götürən bir idmançının uğursuz qaçışına bənzəyir. Qaçırsan, qaçırsan və birdən, hiss eləyirsən ki,bu, sənin xörəyin deyil. Mən Qismətin bədii istedadının poetik istedad olduğunu və onu gələcəkdə gözləyən uğurların (buna qətiyyən şübhə eləmirəm!) şeirləriylə bağlı olacağına inanıram.
Qismət ən sonuncu ədəbi nəslin nümayəndəsidir və bu nəslin içərisində çox cavankən dünyasını dəyişən Fərhad Mete, Feyziyyə Hacızadə, Fərid Hüseyn, Cavid Zeynallı, Zərdüşt Şəfizadə, Aysel, Qaraqan, Rəbiqə, Vüsal Nuru kimi istedadlı gənclər var. Bu gənclərin yaradıcılığı ilə bağlı bir yazımda (“Yolun başlanğıcı”) söz açmışam. Amma onların hamısının yaradıcılığına xas olan bir cəhəti yenə də nəzərə çarpdırmaq istəyirəm. O da bundan ibarətdir ki, bu cavanlar bizə öyrəşdiyimiz düşüncə tərzini deyil, öyrəşmədiyimiz, hətta qəbul etməyə çətinlik çəkdiyimiz fərqli düşüncə tərzini təqdim edirlər. Onların şeiri də, nəsri də istər məzmun, istərsə forma baxımdan ənənəvi şeirə və nəsrə heç oxşamır.
Budur, Qismətin “525 Kitab” seriyasından “Vitrin” şeirlər kitabı işıq üzü görüb. Bu şeirləri ümumilikdə məlum mövzulara bir ayrı nöqteyi-nəzərdən yanaşan, sanki deyilmişlərin tamam əksinə deyilən şeirlər hesab etmək olar. Bəlkə də çoxluq üçün bu antipoeziyadır, yəni deyərlər ki, sevgi ya Vətən haqqında da belə demək olarmı? İndiyə qədər söz haqqında yüzlərlə şair şeir yazıb və onların şeirlərində söz bu dünyanın əzəlisi sayılıb, ən qüdrətli körpü olub. Yazmaq işi Əlahəzrət sözə səcdə eləmək olub. Şairlər də söznən ucalıblar, ya da sözlərinin kəsərsizliyi onları unutdurub. Görün, Qismət nə yazır:
Yazmaq zibillikdə eşələnməkdi,
Sözü tapanacan əllər kir olur.
Hər zibil qabının dərinliyində,
Nəsə yazılası bir fikir olur.
Baxın, tamam fərqli bir düşüncə...Şairlərimiz “üsyan bayrağı” qaldırıb deyərlər ki, bu nədir, yazmaq işini, şairliyi zibillikdə eşələnmək kimi düşünmək peyğəmbərlərdən sonra gələn şair nəsli üçün təhqir deyilmi? Necə yəni, “hər zibil qabının dərinliyində nəsə yazılası bir fikir olur”. Əlbəttə, qatı “ənənəçi”nin fikrincə, bu misralar sözə, şairlik sənətinə rüsvayçılıq gətirir. Bəs Vətən haqqında şeir necə?
Yaxşı danışıram maşından, qızdan
Söz sənə gələndə susuram, Vətən.
Qoy yazım, qurtarsın şeir, bir azdan
Yenə deyəcəm ki, cəsuram, Vətən.
“Mənimsən” deməyə cürətim yoxdu,
Bu canla heç nəyə taqətim yoxdu,
Şuşaya getməyə qeyrətim yoxdu,
Bulvara getməyə hazıram, Vətən.
Mən sənin qədrini bilmirəm hələ,
Pul olsa qaçıram tez gülə-gülə,
Bax, sənə yazdığım şeirimi belə,
Mükafat naminə yazıram, Vətən.
Təbii ki, bu şeir də eyni münasibətin qurbanı olacaq. Amma bu iki şeir, mənim fikrimcə, söz və Vətən haqqında yazılan şeirlərə – özü də onlarla şeir ki, nə Sözə yaraşır, nə də Vətənə-bir parodiyadır.
Bunlar Qismətin şeiriyyət cəhətdən o qədər də seçilməyən şeirləridir, amma Səlim Babullaoğlunun fikrinə şərikəm ki, “düşüncəyə yer açan” şeirlərdir.
Qismətin şeirlərini məzmun və coğrafi baxımdan üç qismə ayırmaq olar. Birinci qismə sırf milli məkanı əhatə edən şeirlər daxildir.. İkinci qismə aiddir görmədiklərinin (burada ölkələr, şəhərlər nəzərdə tutulur), amma oxuduqlarının hesabına yaranan şeirlər və üçüncüsü,canlı, isti-isti yaranan təəssüratlarının məhsuludur ki, burada məkanın elə bir əhəmiyyəti yoxdur, əsas məzmundur..
“Yolun başlanğıcı” məqaləsində yazmışdım ki, Qismət, köhnəlməyən ibarə ilə desək, çox realist şairdir, onun şeirlərində bir tikə də romantika yoxdu və hər şey real görüntülərin eskizidir.Elə indi də o fikirdəyəm . Təsvir olunan reallıqlar olduqca fəna təsir bağışlayır, amma neyləmək ki:
..Vaqonlarda böyüyür dilənçi uşaqlar,
vaqonlarda qocalır kitabsatan kişilər.
mənim kimi,
sənin kimi,
onun kimi,
bizim kimi..
Oksigensiz tunellərdə keçir ömür,
Ömür dedikləri ölümə qədərki tunel.
Əlbəttə, bu tipli şeirlər işıqda “qaranlıqları” seyr etməkdir və Qismətin bu qaranlıqlarda gördüyü nə varsa, onun müşahidələrinin qismətidir... Amma bu, o demək deyil ki, həyat təkcə qaranlıqlardan ibarətdir, poeziya ancaq fənalıqları qələmə almaqdır. Əgər bu dünya qaranlıq şəhərlərdən, metrolardan, kafelərdən, dərs otaqlarından, 8-ci mərtəbədəki mənzillərdən ibarət olsaydı, onda yaşamağa, nəfəs almağa, sevməyə, şeir yazmağa dəyərdimi?
İndi sual oluna bilər ki,həyat, yaşadığımız gerçəklik və bu dünya niyə iyirmi dörd yaşlı bir gənc üçün bir belə qaranlıq, bir belə həbsxana və ölümə qədərki tunellərdən ibarətdir? Bu pessimizm hardan gəlir?Köhnədən dəbdə olan dekadent fərdiyyətçiliyindənmi? “Mən bəşəriyyətə nifrət edirəm, mən ondan qaçıram. Mənim yeganə vətənim, mənim boş, tənha qəlbimdir” (K.D.Balmont). Bəlkə sürrealizmdən?
Bu “izm”ləri iyirmi dörd yaşlı cavan oğlanın şeirlərinə döyənək etməyək, sağına, soluna döşəməyək. Hər bir şeir həyatdan, bu həyatın gözəlliklərindən, səndə oyatdığı qəmdən, sevincdən yaranırsa, hər bir kədərin, ümidsizliyin arxasınca xoş günlər, duyğular da gəlirsə və bunlar mütəmadi olaraq bütün ömrün boyu bir-birini əvəzləyirsə, bunun heç bir “izm”ə dəxli yoxdur. “Edison silsiləsi”ndə “dekadent” Qismət şükranlıqla əllərini göyə qaldırıb deyir ki:
bir Bakı gecəsində,
bir iftar süfrəsində
istiqanlı, ağzıdualı bir stəkan suyu,
qəhvəyi gözlü bir xurmanı,
sarı saçlı, mübarək üzlü bir çörəyi bölmək varsa,
günəş varsa, dostlar varsa,
gülmək varsa
şükür olsun, şükür olsun, gülümsə!
çöldə cilvələnirkən dekabr günəşi,
çıxıb getməyə yer varkən,
evdə oturmaq vasvası adamlar kimi
sevgi məcəlləsinə görə cinayət.
dünya həbsxana zatən,
qutu evlər içrə kibrit olmağa
nə hacət.
bu günəşdən od almaq,
yanmaq, alışmaq, sevmək...
insanları sev, dostum.
Hər bir şairin həyata, insanlara, dünyaya münasibətdə müəyyən baxış bucağı olur.Bu baxış bucağını müəyyənləşdirən şairin fərdi yaşantılarıdır, gerçəkliyə münasibətini təyin edən mövqeyidir (bu mövqe şəraitdən asılı olaraq dəyişikliyə uğraya da bilər), həyat, gözəllik, sevgi, ictimai aləm haqqında təsəvvürləridir və bu mənada iyirmi dörd yaşlı Qismətin Bakıdan, bu şəhərdə gördüklərindən, müşahidə etdiklərindən yaxud içərisində yaşatdığı duyğularından, həyat və dünya haqqında düşüncələrindən yaranan şeirləri də məhz belə bir baxış bucağından yaranır. Qismət bir vomcun “gözlərində zibillikdən tapdığı almanın dişlək yeri qədər boş” bir həyat görür, bu tip adamlar haqqında yazmaq yasaq deyil, amma elə yazmaq ki, sən onun “çiçək dükanının önündə dayanıb qızılgüllərə baxanda gözlərində Füzuli şeirini” oxuya biləsən. Qismətin “Analiz” adlı bir şeiri var, bu şeirdə xitab obyekti Adamlar, Ağaclar, Dənizlər və Şairlərdir. Mənim fikrimcə, bu şeirdə Qismətin-bu iyirmi dörd yaşlı cavan şairin həm indiyə qədər yazdığı, həm də olsun ki, bundan sonra dayazacağı şeirlərin poetik marşrutu təyin olunur. Qismət bu şeirdə təbiət və insan arasında əzəli, əbədi bir harmoniyanın varlığını təsdiqləyir və dünyanın Sevgi və Söz üstündə bərqərar olduğunu bəyan edir:
Ağaclar,
səhər acqarına
bir kibrit qutusu mavilik
verin analizə.
Görəcəksiz ki,
yarpaqlarınızın atası buluddu.
Görəcəksiz ki,
siz ucalığa hamiləsiniz.
Şairlər,
səhər acqarına
bir kibrit qutusu söz verin analizə.
Görəcəksiz ki,
Allah var.
Görəcəksiz ki,
hər şey dəqiqdi, düzdü.
Görəcəksiz ki,
Dünya-Sözdü...
Bəli, Dünya Sözdü (“Bu xəlvət pərdəsini açan zaman əlbəəl, Söz oldu bu cahanda cilvələnən ilk gözəl” – Nizami Gəncəvi).Çağdaş poeziyamızın bir cavan, istedadlı nümayəndəsi də son anda bu ali kəlamı təsdiqləyir. Bu, onun şairlik kredosudur və arzulayaq ki, onun şeirləri həmişə sözün ucalığına yol alsın.
Vaqif YUSİFLİ




Bu yazı ( 629 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar