12px14px16px18px

Böyük nəsr ustası

12:04 / 10.07.2010



Bu yazını qələmə almamışdan öncə, onun ciddi, təmkinli baxışlarını, bir qədər soyuq təsir bağışlayan gözlərini, ağayana yerişini xatırladım.Həmişə Sabir müəllimin yazıları ilə onun zahiri görkəmi arasında bir yaxınlıq hiss etmişəm. Bəli, o, ciddi və təmkinli adam idi. Amma o ciddiliyin arxasında isti bir ürək sahibinin varlığını hiss edirdin, onunla dil tapmaq, hansı məsələdəsə razılığa gəlmək bəzən çətin olurdu. Sabir Əhmədli vüqarlı insan idi, onu sındırmaq, dayandığı mərtəbədən aşağı endirmək mümkün deyildi.Bəzən bu ağırtəbiətliliyinə görə ən yaxın bildiyi adamların da ondan üz döndərdiyini görəndə təmkinini pozmurdu.
Sabir Əhmədli həyatında bir neçə itki ilə üzləşmişdi. Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmişdi, Qısaca da olsa, onun son döyüş günlərini xatırlayaq: 1944-cü ildə, Belorusiyada, Prucinişa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, Cəmil özü 10 hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə ağır yaralandı, amma döyüş meydanını tərk etmədi. Sağaldıqdan sonra yenidən polka qayıtdı, Polşada, Narev çayı sahilində Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə ağır yaralandı və 6 oktyabr 1944-cü ildə aldığı sonuncu, ölümcül yaradan gözlərini əbədi yumdu... Cəmil elə sağlığında, həlak olmamışdan öncə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.
Müharibə bitdikdən sonra Cəbrayılda, Cəmilin doğulduğu rayonda çinar altında, kəhrizin üstündə Cəmilin heykəli ucaldıldı.Unudulmaz şairimiz Əli Kərim “Heykəl və heykəlin qardaşı” poemasında Cəmil Əhmədova xatırlayır:
Gördüm Cəmili
tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.

İllər keçdi və kiçik qardaş Sabir Əhmədli Varşavada, Polşanı faşistlərdən azad etmək uğrunda döyüşlərdə həlak olmuş sovet döyüşçülərinin qəbiristanlığında qardaşının məzarını tapdı. Sabir Əhmədli sonralar bu səhnəni “Dünyanın arşını” romanında təsvir edəcəkdi: “...Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur...Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb döyüşəndən sonra əvvəlcə qoluna, sonra başına dəyən güllə ilə dayanıb”.
İkinci itki isə 1994-cü ildə baş verdi., Sabir müəllimin oğlu Məhəmməd könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandı,cəbhəyə getdi və döyüşlərin birində həlak oldu. Bu itkini S.Əhmədli “Axirət sevdası” romanında təsvir edir: “Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
– Y O X! Yox! Yox... Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram! – cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.
– Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”
Amma Sabir Əhmədlinin həyatındakı bu itkilər onun ömrünün sonunacan iradəsini, dözümünü sarsıda bilmədi. Qardaş itkisi gənc Sabir Əhmədli üçün başıucalıq idi, oğul itkisi isə Ata Sabir üçün başıucalıq oldu. Öz yaratdığının cavan ikən həlak olması onu bir ata kimi içəridən nə qədər sarsıtsa da, o, bu dərdlə neçə il yaşadı və dərdini əsərlərinə payladı, Cəmil haqqında sənədli povest yazdı, oğul itkisini isə öncə qeyd etdiyimz kimi,”Axirət sevdası” romanında təfərrüatı ilə əks etdirdi.
Sabir Əhmədli sabit adam idi, ömrü boyu xasiyyəti, xarakteri dəyişmədi, deyirlər. Bu onun tərcümeyi-halında da öz əksini tapır. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra beş il Cəbrayıl rayonunda, orta məktəblərdə müəllim işlədi, 1956-cı ildən ta 1996-cı ilə qədər “Ədəbiyyat qəzeti”ndə işlədi, ədəbi işçi kimi fəaliyyətə başladı, baş redaktor kimi isə işdən çıxdı. Düz 40 il bir qəzetdə işləmək onun necə sabit adam olduğuna əyani sübut deyilmi?
Sabir Əhmədlinin yaradıcılıq yoluna nəzər yetirdikdə bir neçə məqama diqqəti cəlb etmək istəyirəm.
Birincisi; son əlli ilin Azərbaycan nəsrini Sabir Əhmədlinin hekayə, povest və romanları olmadan təsəvvür etmək qeyri-mümkündür. Ədəbiyyat aləminə “Arabaçı” hekayəsi ilə gələn S.Əhmədli, mərhum tənqidçi Qulu Xəlilovun ifadəsiylə desək, bu ARABANI ZİRVƏYƏ QALDIRDI. Azərbaycan xalqının son altmış-yetmiş ildə keçdiyi yol onun əsərlərində öz parlaq ifadəsini tapır. Doğrudan da “Yamacda nişanı”, “Qanköçürmə stansiyası”, “Aran”, “Görünməz dalğa”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Toğana”, “Azıxa doğru”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Ömür urası”, “Kef” roman və povestləri olmasaydı, nəsrimizdə bir boşluq yaranardı.
İkincisi; Sabir Əhmədli Azərbaycan kəndinin son altmış illik sosial və mənəvi mənzərəsini əks etdirən bir yazıçı kimi diqqəti cəlb edir: “S.Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur. O, bu aləmi dərindən duyan, sevən və parlaq bir ağılla əks etdirən yazıçıdır” (Qulu Xəlilov).
Neçə il öncə, S.Əhmədlinin yaradıcılığına həsr etdiyim bir yazıda qeyd etmişdim ki, S.Əhmədli kəndi, onun problemlərini çox gözəl bilir, bəlkə də “gözəl bilir” demək azdır, o, bu problemlərlə yaşayır. Elə oradaca yazmışdım ki, “kənd qəsri” ifadəsi şərtidir, çünki S.Əhmədlinin əsərlərində hadisələrin hansı məkanda cərəyan etməsindən asılı olmayaraq insan, xalq və cəmiyyət, ziyalı problemləri öz bədii ifadəsini tapır.
Üçüncüsü; S.Əhmədov xarakter ustası idi. O, hansı obrazı təqdim edirdisə, həmin obraz həyati və inandırıcı təsir bağışlayırdı. Altmışıncı illərin sonlarında (1969) yazılan “Yamacda nişanə” povestinin qəhrəmanı Laçın “tragik bir ömrün və taleyin acı tarixçəsi”ni (Yaşar Qarayev) yaşayır. Əsgərlikdən evinə dönən, amma çılğınlığına, həqiqəti hamının üzünə çəkinmədən söyləyən, dəli-dolu xasiyyətli Laçına iş vermirlər. Çox götür-qoydan sonra onu yanğınsöndürmə idarəsində sürücülüyə götürürlər. Bu idarənin başçısı Həsənxan isə xasiyyətinə görə soyuqdur, buz adamı xatırladır. Ancaq Laçın bu buz adamın yanında işləməklə xasiyyətini dəyişmir və günlərin birində sürdüyü maşınla qəzaya uğrayır.
Laçın obrazı nəsrdə təzə idi. Bundan sonra Əkrəm Əylislinin “Kür qırağının meşələri” yarandı və həmin əsərdə də Qədir obrazı belə bir fikri təsdiqlədi ki, sosializm cəmiyyətində bu tipli insanlara yer yoxdur, çünki onlar hansı ölgün, sısqa mühitə düşsələr, orada bir çaxnaşma yaradacaqlar. Həmin sısqa və ölgün mühitdə isə həyat qaynamır, daşmır, beyinlər kütləşib.Laçın və Qədir obrazları ədəbiyyatda qəhrəman probleminə də bir yenilik gətirdi. “Müstəsna”, “müsbət” qəhrəman problemi deformasiyaya uğradı. Məlum oldu ki, ədəbiyyatın əsas qəhrəmanları təkcə müsbət keyfiyyətlərinə görə deyil, bir insan kimi bütün ziddiyyətlərinə, həm mənfi, həm də müsbət təsir bağışlayan cəhətlərinə görə təsvir edilməlidir.
Sabir Əhmədlinin qəhrəmanlarını səciyyələndirən xüsusiyyətlər sırasında biz dövrün eybəcərliklərinə qarşı etirazı, Şərə qarşı mübarizədə ardıcıl mövqe tutmalarını xüsusi qeyd etməliyik. “Dünyanın arşını”ndakı filosof Arif, “Yaşıl teatr”dakı Kainat, “Qanköçürmə stansiyası”ndakı Hüsən, “Yasamal gölündə qayıqlar üzür”dəki Hikmət müəllim keçən əsrin 60-80-ci illərinin ədəbi qəhrəmanları idi və deyim ki, bu obrazlar daha çox “əməl” qəhrəmanları kimi deyil, “düşünən” qəhrəmanlar kimi diqqəti cəlb edirdilər. Onların Şərə qarşı mübarizəsi fikir çarpışmaları, bir-birinə zidd dünyagörüşlərinin qarşılaşması kimi təsvir olunurdu və əlbəttə, burada Şəri təmsil edən qüvvələr də aciz və passiv göstərilməyib. Onların da öz “fəlsəfəsi”, öz mübarizə üsulları vardı.
Dördüncüsü; Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman ustası kimi dəyərləndirilməsi məsələsidir. Məlumdur ki, həmişə roman janrı ilə bağlı mübahisələr gedir və bəziləri iddia edirlər ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb və olsa-olsa, yaranan bir sıra yaxşı nümunələr də povest adlandırıla bilər. Bu, kökündən yanlış bir fikirdir. Azərbaycan romanının da öz məxsusi özəllikləri var və əgər dünya romanı səviyyəsi məsələsi ortalığa qoyulursa, mən “Qılınc və qələm” kimi klassik nümunədən tutmuş ən azı on-on beş romanın (“Gələcək gün”, “Şamo”, “Geriyə baxma, qoca”, “Dəli Kür”, “Qarlı aşırım”, “Qətl günü”, “Mahmud və Məryəm”, “Fətəli fəthi”, “Dünyanın arşını” və s.) adını çəkə bilərəm ki, bu əsərlər Azərbaycan romanını dünyada tanıtdırmağa kifayət edər. Bu sırada Sabir Əhmədovun da uğurları az deyil. Doğrudur, onun iyirmiyə yaxın romanları içərisində hamısı uğurlu deyil, amma o, roman ustası idi. Xüsusilə “Axirət sevdası”, “Kef”, “Ömür urası” kimi ömrünün son on ilində yazdığı romanları onu sübut edir ki, S.Əhmədli artıq janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir, roman poetikasına yeniliklər gətirir.Azərbaycan romanında müxtəlif elementlər (folklora, mifə istinad, fəlsəfi çalarlar, retrospektiv təsvirlər və s.) daxil olur, janr-üslub xüsusiyyətləri yeni meyllərlə zənginləşir ( roman-dialoq, roman-reportaj, neo roman və s.) və S.Əhmədlinin sonuncu romanlarında da bunu görməmək insafsızlıq olardı.
Beşincisi; Sabir Əhmədlinin əsərlərinin dili, ifadə tərzi çox zəngindir və onun yaradıcılığından söz açan müəlliflər bəzən bu faktın üstündən yan keçmişlər.Bəlkə də, bu, ondan irəli gəlib ki, onun təhkiyə tərzi bəzilərinin iddia etdiyi kimi “dinamik” və “axar-baxarlı” deyil, bir qədər ağırdır, hətta Amma diqqətlə nəzər yetirdikdə, görürük ki, bu, sırf epik təhkiyə üslubudur, müqayisə nöqsanlı olsa da, deməliyəm ki, bir az da Süleyman Rəhimovun təhkiyə tərzinə oxşayır. Amma oxşarlıq zahiridir. Sabir Əhmədlini öz ustadlarından (S.Rəhimovdan, M.Hüseyndən, M.İbrahimovdan, İ.Əfəndiyevdən) fərqləndirən cəhət təsvirdə özünəməxsus olmasıdır. Bu özünəməxsusluq isə detallarda, cümlə quruluşunda, nəsrin sintaksisində özünü göstərir. Məsələn,S.Əhmədli “Yamacda nişanə” povestində Laçının xarakterini bir neçə detalda elə ümumiləşdirir ki, sonra əlavə təfsilata heç bir ehtiyac qalmır. “Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların üz-gözü ona elə öyrəşmişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzlər. Küçədə, dükanlarda, bazarda Laçın görünməsə, nə dükan dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara.
...Yerişində, hərəkətində elə od, hərarət vardı ki, guya keçib havaya kibrit çəksən alovlanacaqdı”.
İnsan münasibətlərinin mənalandırılması, obrazların daxili aləminin çoxçalarlı ifadəsi də S.Əhmədlinin bədii dilində sənətkarlıqla çatdırılır. “Dünyanın arşını” romanı bu mənada S.Əhmədlinin ən maraq doğuran əsərlərindən biridir. Əsərin qəhrəmanı filosof Arif Arazın o tayına həsrətlə boylanır və bu həsrəti görün müəllif necə ustalıqla canlandırır: “Mən bir üzü qırmızı, bir üzü sarı körpü daşlarını göz yaşlarımla yumaq istərdim. Alaq basmış nəhəng qəbirə bənzəyən torpaq körpüyə döşənib, o torpağı qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta geymiş elat qızlarını doğma bacımtək bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə gözəllərini lap yaxından görüb, onların bizə necə bənzədiklərinə baxmaq..istərdim. Mən...heç bir zaman, ömrümdə heç bir vaxt doğma bacımın, yeganə əziz Bənövşənin həsrətini bunlar qədər çəkməmişdim. Könlümü, qəlbimi heç bir zaman həmin dəqiqələrdə, saatlarda olduğu kimi acı hicran zəhəri parçalamamışdı. Mən müəllimdim, müəllim olmaq arzusunda idim. Ömrümü son dəqiqəsinədək bax orada, o alaçıqlarda, o obalarda maarifə həsr edərdim”.
Sabir Əhmədlinin şəxsində gözəl bir Azərbaycan ziyalısını, görkəmli bir nasiri itirdik. Onu çox sevən atasının, anasının, qardaşlarının və oğlu Məhəmmədin əbədi məkan tutduğu bir dünyaya getsə də, əsərləri yaşayır, xatirəsi də yaşayacaq. Nə qədər ki, ədəbiyyatımız yaşayır...
Vaqif Yusifli




Bu yazı ( 726 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar