12px14px16px18px

İki şair haqqında üç söz

Vaqif YUSİFLİ
01:55 / 03.07.2010


Təzə səslər, nəfəslər

I
Lənkəranda yaşayan, demək olar ki, qaynar ədəbi mühitidən çox uzaq düşən, heç Yazıçılar Birliyinin üzvü də olmayan, amma İlahidən gələn şairlik istedadı hər hansı bir şeirinin ilk misrasındaca görünən Anar Həbiboğlu... İlk şeirlərindən onu izləyirəm və hər dəfə Lənkərandan Bakıya gəlib çox utancaq, hətta qorxa-qorxa təzə şeirlərini “Azərbaycan” jurnalı redaksiyasına təqdim edəndə düşünürəm ki, kaş bu utancaqlıq, bu çəkinməklik onun bəzi yaşıdlarının və ondan yaşlıların da təvazösünə çevriləydi.
Onun bir kitabı da çıxmayıb. Bəlkə buna maddi cəhət mane olur, bəlkə də Anar bu barədə düşünmək istəmir. Görünür, o, ədəbiyyata kitabla yox, özünü, istedadının fərdiliyini təsdiq edən şeirlərlə gəlmək istəyir. Və artıq bu gəliş baş tutub.
Anar Həbiboğlunun şeirləri onun öz taleyindən gələn, öz ömür ağacının budaqlarında günəşə can atan yaşıl-yaşıl yarpaqlardır. Bu yarpaqlar sevgi, təbiət, yaşamaq duyğularıyla köklənib. Onun şeirlərinin tematikası bir çox yaşıdlarında olduğu kimi o qədər də rəngarəng deyil. Amma bu şeirlərin taleyini müəyyən mövzular deyil, hisslərin zənginliyi, çoxçalarlığı təyin edir. Yəni otuz illik bir ömrün bütün görüntüləri bu şeirlərdə əks olunmur, heç buna ehtiyac da duyulmur. Axı, şeir hər görüntüdən yarana bilməz. Şeirə gələn nə varsa, onlar hisslərdən, duyğulardan cilalana-cilalana, zərifləşə-zərifləşə gəlir. Şair demişkən:
Gərək yaşayasan çiçəksayağı,
Bircə yaz ətrinə bürünüb yaşa.
Nəğmə oxuyasan çox yox, bircə yaz,
Üzündən, gözündən nur daşa-daşa.

Arıya bir şirin öpüş verəsən,
Ağlını itirə, dəyişə halı.
Xallı kəpənəyə görüş verəsən,
Saçını daraya günün sığalı.
Anar Həbiboğlunun şeirlərində özünəməxsusluq onun sözə münasibətindəki oricinal yanaşmadan başlayır. O, dəfələrlə işlənən bədii təsvir vasitələrinə, təşbihlərə yenidən müraciət edəndə deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm də obyekti, nəsnəni mənalandırarkən onda yeni çalarları görməyi və bunları şeirə gətirməyi bacarır. Məsələn, şeirimizdə Ana ilə Ocaq arasındakı oxşarlığı, bənzəyişi belə mənalandırmaq olar: Anam da ocaq kimi alışır. Anar isə bu bənzərliyin o biri yönünü (Ocaq anama oxşayır) şeirinin leytmotivinə çevirir:
Bu ocaq anama oxşayır, Allah,
Deyinsə ovutmaq, saxlamaq olmur.
İslaq kəlmələri elə hıçqırır,
Dediyi sözləri anlamaq olmur.
Kişi işlərindən yapışdı anam,
Daş kimi bərkidi gəlin əlləri.
Elə bu ocaqtək alışdı anam,
Bəmbəyaz buludtək ağarmadı ki,
Tüstütək ağardı uzun telləri.
Çoxları elə fikirləşir ki, indi “yeni şeir” axtarışlarında poeziyamızda əsrlər boyu yaranan bir çox yaşarı ənənələrdən üzülüşmək vaxtıdır. Onların fikrincə, “yeni şeir” mütləq dərəcədə “modern” olmalıdır, bu tipli şeir isə müasir dövrün qloballaşma səviyyəsinə uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan şeiri dünya şeirinin dəbdə olan “izmləri” ilə “zənginləşməlidir”. Təbii ki, hər hansı milli poeziya dünya poeziyasında gedən yeniliklərə biganə olmamalıdır, lakin əsas özül milli şeirin yaşarı ənənələri və ən başlıcası, özünün novatorluq, yenilikçilik meylləridir. Kənardan, dəb xatirinə Azərbaycan poeziyasının ərazisində əkilən hər hansı “izm” ağacı bar verməz və biz bunu poeziyamızın tarixi boyu müşahidə etmişik.
Anar Həbiboğlu da yeni söz deməyə can atan cavan şairlərdəndir. Və onun şeirlərindəki təzəliklər ənənəyə yaradıcı münasibətdən irəli gəlir. Bu şeirləri oxuyursan, 60-cı illərin, daha sonrakı onilliklərin ən yaxşı şairlərinin ən yaxşı şeirlərini xatırlayırsan. İstəyirsən deyəsən ki, bu şeirlərdə Əli Kərimin, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun təsiri duyulur, amma şeir başa çatandan sonra yanıldığını hiss edirsən. Formal mənada bir misrada yaxınlıq yoxdur, amma ruh etibarilə Anar Həbiboğlunun şeirlərində adını çəkdiyim şairlərin sanki yazmadıqları şeirlərlə görüşürsən.
Bəmbəyaz qar yağdı, bürüdü kəndi,
Ac quşlar torpaqda qaraltı gəzir.
Hardasa Quşbeyin qızlara indi,
Dən səpir hansısa xırman yiyəsi.
Ac quşlar, qar sizi sevindirmədi,
Mən də sevinmirəm builki qara.
Gözümün nurunu taxıl eylədim,
Əkdim buğda-buğda ağ varaqlara.
Bu, sırf Azərbaycan şeiridir, misralara bir zərrəcik də yad nəfəs qatılmayıb.Həm də obrazlı şeirdir, fikrin poetik ifadəsini reallaşdıran bir şeir.
II
İntihar eləyən qar dənəciyi görmüsünüzmü? Əvvəla, bunun özü obrazlı bir ifadədir. Lakin indi gəlin bu adda bir şeirə diqqət yetirək. Şeirin müəllifi yaşca heç də cavan olmayan, amma hər şeirində CAVAN GÖRÜNƏN Gülnarə Cəmaləddindir. Gülnarənin şeirində bir qar dənəciyi yer üzünə özünü atır ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq yaysın. Amma:qar dənəciyinin ömrü nə qədərmiş? Doğrudanmı onun ölümü-”intiharı” insanları müdhiş ölüm barədə düşünməyə sövq edir. Əlbəttə, burada şeirin assosiativ çalarını hiss edirsən.
Sənin ağlığından adam üşüyür,
Sənin təmizliyin çoxuna yaddı.
Sənin səssizliyin, sənin sükutun,
Sənin soyuqluğun adam öldürür.
Allahdan yuxarı getməyə yol yox,
Allahdan aşağı ölməyə yer var.
Hər kəsin dilində sevdiyi dua,
Hər kəsin içində ilahi sirr var.
İntihar eləyən qar dənəciyi,
Çırpırsan özünü torpağa, daşa.
Qorxuram hamını çəkə intihar,
Dünyada bir təmiz adam qalmaya.
Gülnarə Cəmaləddin də Anar Həbiboğlu kimi qaynar ədəbi mühitdə deyil, bir mikro ədəbi mühitdə –Sumqayıtda yazıb-yaradır. Amma nə dəxli, beş ildən-altı ildən bir beş-on şeirilə hansısa qəzet və jurnal səhifələrində görünür, “Populyar” deyil,təbii ki, bu barədə heç fikirləşmir də. Çünki “populyar” olmaq üçün gərək indiyə kimi on-onbeş kitabı çıxaydı, harda desən, orada ağac kimi bitəydi. Amma Gülnarə ŞEİR yazır. “Azərbaycan” jurnalının bu ilki 4-cü sayında təzə şeirləri çap olunub və o şeirlər göstərir ki, şair və onun “havadarları”nın təbliğatı, reklamı olmadan da ŞAİR olmaq mümkündür.
Gülnarənin bir başqa şeirinə müraciət edək. “Anamın üzü kimi”. Bəlkə də çoxlarına bu şeir adi görünəcək. Amma bu şeirdə qəribə bir assosiasiya var. Gülnarə Allahla Ana üzü arasında bir oxşarlıq, bir bənzəyiş görür. Bu assosiasiyanı doğuran nədir?
Uşaqkən
Mən hər gecə səni yuxumda görürdüm,
ALLAH,
Bir də anamın üzünü.
Süd rəngiydəndi YER, GÖY
Və hər dəfə
Sənə uzatdıqca əllərimi
qeyb olurdun uzaqlarda.
Körpə tabutumu alıb tutduqca günahlar,
Dövrəmdə rəqs edirdi şeytanlar.
Ağlayırdım
Mələklərin göz yaşı
Axırdı yuxularıma
Anamın südü kimi.
Uyuyurdum
Və hər gecə
səni yuxumda görürdüm
ANAMIN ÜZÜ KİMİ.
III
Dahi Belinski məqalələrinin birində yazırdı: “Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfinə müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıc...kimi meydana çıxır..”
Belinski “fikir” deyəndə, heç şübhəsiz, “poetik fikir” deyilən və şeirin mayasını təşkil edən ən vacib bir məsələni nəzərdə tuturdu. Çünki məlum məsələdir ki, şeiri elmdən fərqləndirən məhz bu cəhətdir ki, şeirdə fikir quru, soyuq, məntiqi mühakimələr deyil, məhz poetik fikirdir.Mən hər iki şairin şeirlərini bu nöqteyi-nəzərdən gözdən keçirdim. Anar Həbiboğlunun şeir stili bənzətmələr, metaforalar üzərində qurulub və bu şeirlərdə poetik fikir ilk baxışda o qədər də diqqəti çəkmir. Uçursan bu şeirlərdəki təzə, təravətli bədii təsvir vasitələrinə...və birdən ayılırsan, ya poetik fikrin bütöv və tam şəkildə şeirin ilk misrasından sonunadək “irəlilədiyini” görürşən, ya da şeiri oxuyub qurtarandan sonra bir natamamlıq hiss edirsən. Məsələn, onun “Vətən” şeirində poetik fikir natamamdır: Dabanımdan beyniməcən yeriyən qan kükrəyən dəli bir çay. Təxminən eynidi O TAY, BU TAY-bir cüt ağappaq bədən. Solumda zorlanmış Sağımda siğəolunmuş VƏTƏN..” Məncə, fikir tamamlanmayıb, bənzətmənin özü də sıyıqdır. Amma Anarın “Avqust həqiqəti” adlı başqa bir şeiri də var. Bu şeirdə poetik fikir tənhalıqdan əzab çəkən bir insanın ruhi-psixoloji haləti üzərində qurulub. Şeirdə bu fikir misra-misra, bənd-bənd “irəliləyir” və sonda məntiqi şəkildə belə tamamlanır: “Hər şey sona çatır dünyada, demə, Mənim əzabımdan savayı hər şey”. Eyni fikri bu cavan müəllifin “Exo”, “Tramvay” şeirləri barədə də söyləmək olar.
Şeirdə fikirlə hiss vəhdət təşkil edir və, şeirin ŞEİR olması üçün birinci şərtdir. Anarın ən yaxşı şeirləri məhz bu vəhdəti əks etdirir. Oxuyursan bu şeirləri və bəlkə heç fikirləşmirsən ki, burada hisslər, duyğular üstündü, yoxsa fikir? Misralar, bəndlər həm hisslə, həyəcanla doludu, həm də bunlar şairin ifadə etmək istədiyi fikrin tabeçiliyindədi. Ayırmaq olmur bir-birindən. “Nəğmə” şeirində olduğu kimi:
Sənli xatirələr danışdırmadı
Ağzına su alıb susan dənizi.
Bir “Ölü dənizə” dönəcək Xəzər,
Gözümün yaşıyla yusam dənizi.
Gedirəm sahilə yağışda, qarda,
Ləpə tellərini sinəm üstə sər.
Mən bir qız sevirdim “Kiçik bazarda”,
Onun da gözləri maviydi, Xəzər...
Gəlirəm sahilə yağışda, qarda,
Gələrəm sağ qalsam gələrəm ölsəm,
Bir ağ gəmi batıb mavi sularda,
Onu gözlərimdən hönkürə bilsəm.
Gülnarə Cəmaləddinin şeirlərinə gəldikdə isə burada fikrin ardıcıllığı xüsusilə diqqəti cəlb edir, oxucu bu prosesin şahidinə çevrilir. Yəni onun ifadə etmək istədiyi poetik fikir addım-addım, pillə-pillə sonluğa baş alır. Gülnarənin adsız bir şeirində bir saırı çiçəkdən bir pəncərəyə özünü çırpıb həkdən düşən sərçədən danışılır. Sarı çiçək açılır və solur. Yaşıl ağac lal-dinməz dayanıb. Pəncərəyə özünü çırpan sərçə “dünyaya meydan oxuyan körpə”dir. Bunlar “zalım dünya” ilə qarşılaşdırılır.
Hələ ana laylası kimi şirindi,
oynat
hələ sənindi, sənindi bu zalım dünya.
Oynamağa həvəs nə gəzəcək səndə.
dərddən qol götürüb oynayacağın gün.
Qarşında atılıb-düşəcək bu lal olmuş dünya,
Sən heyrətdən lal olacağın gün.
Amma Gülnarənin elə şeirləri də var ki, fikir orada yalnız kiçik cizgi şəklindədir, bu cizgilər böyümür, tamlaşmır. “Könlümün köləsi” adlı qısa şeirlərdə olduğu kimi.. Fikrin tutumu şeirin həcminə sığışdırıldığından yarıdaca öz ömrünü başa vurur.
...İki müəllifin şeirlərindən söz açdım. Onların istedadlı olduqları bəlli. Onlara uğurlar arzulayaq....
Vaqif YUSİFLİ




Bu yazı ( 689 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar