12px14px16px18px

“Bənövşənin xətrinə kol dibinə iz düşdü...”

Məmməd İSMAYIL

ŞAİR İLYAS TAPDIĞIN YETMİŞ BEŞİNCİ YAŞ GÜNÜNƏ

01:06 / 20.05.2010
 
 
 
 
 
Qəzetlərin birində İlyas Tapdığın yetmiş beş illiyi ilə bağlı xəbəri oxuyanda istər-istəməz azı əlli il bundan əvvələ qayıtmalı və onunla ilk tanış olduğum günü xatırlamalı oldum. Bu günün gözü ilə baxanda onunla mənim aramda bir elə də yaş fərqi yoxdur. Ya yetmiş, ya yetmiş beş, nə fərq edər ki?! Amma əlli il bundan əvvələ getsək durum tamamilə dəyişər. O zaman, ömrün gənclik illərində beş yaş əməlli-başlı fərq idi. Beş yaş fərq demək, ayrı-ayrı ədəbi nəsillərə mənsub olmaq deməkdi. Yəni biz tanış olana qədər İlyas Tapdıq, artıq əbədiyyata gəlmiş, ilk kitablarını çap etdirmiş, imzasını tanıtmış və özündən sonra gələn nəslin hardasa qibtə yerinə çevrilmiş ədəbi nəslin nümayəndəsi idi. Bu günün yox, o günün ölçüləri ilə baxanda aramızdakı yaş fərqi “müəllim” dedirdəcək qədər böyükdü. Amma mən ona heç vaxt rəsmi şəkildə “müəllim” demədim. Ona görə yox ki, bu, mənim ona qarşı hörmətsizliyimdi, sadəcə o canayaxın davranışlarıyla elə ilk görüşdüyümüzdəcə aramızdakı rəsmiyyəti götürəcəkdi.
Tanışlığımızdan əvvəl İlyas Tapdığın “Uşaqgəncnəşr”də redaktor işlədiyini bilirdim. Onu da bilirdim ki, orada “Salam günəş” adlı almanax hazırlanır. Və mənim xəbərim olmadan İlyas Tapdıq o almanaxa mənim də iki şeirimi salmışdı. Kənddə yaşayan, qiyabi təhsil alan bir gənc üçün bu sözün həqiqi mənasında böyük hadisə idi. İndiki mətbuat bolluğu, ağzına gələni yazıb şeir adına çap etdirməyən mümkün olduğu özgürlük, nəzarətsizlik dönəminin gəncliyi bunu heç cür anlamaz. Onu anlamaz ki, deyək ki, mənim “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan tək bir şeirim “Payız” o zaman necə dalğa doğurmuşdu. Kəndə ünvanıma Bakıdan yazıçı və şairlərdən, Azərbaycanın müxtəlif guşəsində yaşayan şeir həvəskarlarından təqdir məktubları gəlmişdi. Və o bircə şeirin həzzi indi çap etdirdiyim bir kitabın gətirdiyi mənəvi həzdən on qat güclü idi. (Elə bilirəm bu, təkcə mənim başıma gələn hadisə deyil, yaşıdlarımın bir çox eyni hissi yaşamışdır. ) Elə İlyas Tapdıq da bəlkə bu şeirə görə mərkəzdən uzaq olmağıma, kənddə yaşamağıma baxmayaraq, tanımaza-bilməzə şeirlərmi almanaxa salmışdı. Və işıq üzü görməyən o gələcək almanaxın sorağı ədəbi çevrələrə də yayılmışdı. Hələ desən bəzi yaşıdlarım o almanaxda yer alacaq şerilərimə görə mənə həsəd də aparırdılar. Amma bu həsədin səbəbkarı mən deyildim, şeirlərimi tanımaza-bilməzə almanaxa salan İlyas Tapdıq idi.
Deyəsən, İlyas Tapdıqdan söz açmaq yerinə özümü qabağa verdim. Hə, onu deyirdim axı, Bakıya semestr imtahanlarını verməyə getmişdim və bu fürsətdən istifadə edib redaksiyaların qapısını da döyürdüm. Bu elə vaxt idi ki, o zaman “Kommunist” qəzetində çalışan rəhmətlik jurnalist dostum Baris Əsədovun səyi ilə “Bahar” adlı şeirim “Kommunist” qəzetində çap olunmuşdu. Gizləmirəm, sevincimin həddi-hüdudu yox idi, zarafat deyildi, partiyanı, komsomolu boğazdanyuxarı öyən şeir yox, sonralar hətta dərsliklərə düşəcək bu təbiət şeirim partiyanın əsas qəzetində çap olunmuşdu... Sözüm onda deyil, elə bu şeirin güvənci ilə də “Uşaqgəncnəşr”ə İlyas Tapdıqla görüşməyə gedirdim. Həm tanış olacaq, həm də şeirlərimin yer aldığı almanaxın çıxıb-çıxmayacağını soruşacaqdım. İçimdə arzu layihəsi – ayrıca kitabımın çıxması sevdası da baş qaldırmamış deyildi.
İndi nə adlandırıldığını bilmirəm, (küçələrinin, meydanlarının adlarının tez-tez dəyişdirilməsi baxımından yəqin ki, Bakı dünya şəhərləri arasında birinci yeri tutar. ) o zaman “Uşaqgəncnəşr” Fioletov küçəsində yerləşirdi. Soraqlaşıb ünvanı tapmışdım ki, “yara sağalacaq olsa, təbib qənşər gələr” misalı, binanın girəcəyində sifətdən mənə tanış gələn arıq, uzun boylu bir cavanla qarşılaşdım. Diqqətlə ona baxdığımı görüb ayaq saxladı. Və sınayıcı nəzərlərlə mənə baxıb:
– Sən o tovuzlu Məmməd İsmayılov döyülsənmi?,- dedi.
– Hə, – dedim.
– Mən də İlyas Tapdığam.
Özü deməsəydi də, kitablarındakı şəklindən onun İlyas Tapdıq olduğunu hiss etmişdim.
Əl verib görüşdük:
– Dünən “Kommunist” qəzetində “Bahar” şerini oxudum, gözəl şeirdi. Mənim də “Ədəbiyyat” qəzetinin son nömrəsində “Bahar” şeirim çap olunub, oxumusan?
– Yox, – dedim.
– Amma səninki mənimkindən daha yaxşı şeirdir.
Qulaqlarıma inanmadım. Çünki bu sözləri küçədən keçənin biri yox, iki-üç kitabı çap olunmuş, ildə neçə yazıçı və şairin kitabının redaktoru olan bir adam deyirdi.
İlyas Tapdığın bu sözləri hələ sənətin qürbətindən vətəninə keçməyə can atan, özünü, sözünü, yolunu tapmağa çalışan, kömək əvəzinə o dönəmin vəzinlər qovğasının ortasına düşən, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal görən, kənddə – redaksiyalardan, nəşriyyatlardan çox uzaqda ədəbi tənhalığını yaşayan tərəddüd heykəli bir adama deyilirdi.
Bilmirəm, İlyas müəllim o zaman nə dediyinin, nə söylədiyinin fərqinə varmışdımı? Amma o sözlərin mənimçün çox həyati əhəmiyyəti vardı. Çünki o zaman, müqayisə yerində olmasa da, belə hadisələr Derjavin, Jukovski ilə onların övladları yaşında olan Puşkin arasında ola bilərdi. “Yenilən ustaddan yenən şagirdə” avtoqrafı Azərbaycanda yox, Rusiyada yazıla bilərdi. İlyas Tapdığın o sözlərini mən heç vaxt unutmadım. Və o sözlər bizim aramızda səmimi ünsiyyətə körpü oldu. Ondan sonra bu ünsiyyət yaxınlığa, hətta bir yönü ilə qohumluğa və ailəvi dostluğa da çevriləcəkdi. Və hardasa mən Azərbaycandan qürbətə gəlməyə məcbur olana qədər davam edəcəkdi.
İlyas Tapdığın bu günün ad-sana qovuşmuş bir çox şair, yazıçı və tənqidçisinin ədəbi taleyində önəmli yeri var. Əslinə baxsan, o, uzaq kəndlərdə yaşayan, istedadlı, amma imkansız, arxasız, köməksiz neçə-neçə qələm əhlinin arxası, köməyi olmaq misyonunu öz üzərinə götürmüşdü. Belə baxanda o zamanlar onun özünün də hələ arxaya, köməyə çox ehtiyacı vardı. Onun da atası bizim atalarımız kimi müharibədə həlak olmuşdu. O da bizlər kimi, kənddən şəhərə gəlib şəhərli olana qədər min zülüm-zillətlə üzləşmişdi. Amma inadlı canatımları onu bir yerlərə gətirib çıxara bilmişdi. Bir sözlə, o, talecə özünə oxşayanların hamisi, yol göstərəni və yardımçısı olmuşdu. 
İlyas Tapdığın ədəbi nəsil baxımından bəxti bəlkə bir elə də gətirməmişdi. Sağında, solunda o nəsilin Əli Kərimləri, Məmməd Arazları vardı. Amma İlyas Tapdıq mükəmməlliyə canatımı, həm də özündən sonra gələnlərə təmənnasız qayğısı ilə öz yaşıdları arasında tanınıb sayılan bir mövqeyə çıxmağı bacardı.
Sazı dilləndirən könlü onu bir tərəfdən aşıq şeirinə, o biri tərəfdən modern şeiri bağlamışdı. Onun əsərlərini bu iki istiqamətdə araşdırmaq doğru olardı.
Biz keçmişi unutsaq da, keçmiş bizi heç zaman unutmur. Hey bir gözəgörünməz göbəkbağı kimi arxamızca sürünür. Hindlillər buna karma deyirlər, etdiyin əməllərin hər zaman yaxandan yapışa biləcək toplamı! Biz buna nə ad verək, bilmirəm. Əslində hamımızın gələcəyimiz hardasa hamımızın keçmişidir. Belə baxanda uşaqlığımız bizi ömrün hansı döngəsindəsə atıb, gəncliyimiz başımızı qatıb, baxt deyilən bir şey varsa, o da yatıb gedir. Bizə qalan yaddaş və günahlar, əməllər məcmudur. Yaddaş qumsalda batan suya bənzəyir. İlk baxışda o suyun yox olduğunu sanırsan amma bu, yalnız görüntü olaraq ilk baxışda belədir. 
Mənim də başıma az gəlməyib qolundan tutub ədəbiyyata gətirdiklərimin kölgələri dəyirmilənəndə, adları qulaqlarına xoş gələndə harda itib-batdığımla maraqlanmaq belə istəməmişlər. Dünyada elə çay yoxdur ki, arzusu dənizə çatmaq olmasın, və dünyadakı çayların heç də hamısı dənizə ulaşmır. Bu, dərd ediləcək bir şey də deyil, kim bilmir ki, ən uzun çay da hardasa başlayıb, hardasa bitir. Amma dənizə – böyük ədəbiyyata qovuşan çay gərək yorulub yolda qalanları, buxarlananları unutmasın. Başlanğıcdakı bulaqlar, qollar olmasaydı, ya da onlar sularını əsirgəsəydi, dənizə çatan çayların da ömrü yarımçıq qalardı. Ədəbi nəsillər də gərək bu Tanrı həqiqətini unutmasınlar. Həyatın hansı qıl körpüsündəsə qolumuzdan tutub bizi o qıl körpülərdən keçirənləri unutmaq, özünü unutmağa bərabər bir şeydir. Əslində heç kim heç nəyi unutmur, unuda bilmir, sadəcə əli çörəyə, adı şöhrətə çatanda qıl körpüdən keçəndə ona yardım edən və bu vəya başqa səbəbdən keçici olaraq kölgədə qalanın adını öz adına yarşdırmır, özünü unutmuş kimi aparır. Yuxarıda qumsalda batan suyu xatırlatmışdım. O su üzdən baxsan yox olub getdiyini düşünəcəksən. Amma o su heç zaman yox olub getmir, torpağın hansı qatındasa yığılır, bir gün qarşımıza unudulduğu yerdən daha güclü bir axar kimi çıxmaq üçün. Yaddaş da belədir. İşimizə yaramayan nələrisə unutmaq istəsək də bir gün ilan kimi quyruğunun üstə qalxıb qarşımıza çıxıb, üzümüzə durur. Hamıdan, hətta özündən də gizlətmək istədiklərimizi qızıl qırmızı üzümüzə vurur. Bəlkə buna görə deyirlər ki, istedad yaddaşdır. Həm də yollarda qoyub gəldiyimiz, unutmağa çalışdığımız yaddaş. Ona görə də hər “unutqan” adam bilməlidir ki, sonralar qazanılan ad-san, şan-şöhrət nə qədər gözününüzü qaraltsa da, günün birində aşikarda olmasa da, qarışan yuxularınızda mütləq sizdən bunun hesabını soracaq, qisasını alacaq. Yuxular da ki, hər gecə xəyal dünyamızda möcüzənin gerçəkləşməsi, yaradanla təmas deməkdir. Ona görə də nə qədər ki, gec deyil, sizə yaxşılıq edənlərin yaxşılıqlarını zamanında etiraf edin, etiraf edin ki, yaxşı ilə pisliyin yarışında bir zərrə də olsa yaxşılıq qazana bilsin. İndi istedadından daha çox başqa keyfiyyətlərilə “xalq” şairi, yazıçısı adı verilənlərin neçəsinin kitabının çap olunması üçün İlyas Tapdığa saqqal tərpətmişəm, sayını unutmuşam. Bu o zaman idi ki, onlar özləri İlyas Tapdığa yaxın düşmək üçün məni qabağa verirdilər.
Bütün bu gəzişmələri İlyas Tapdıq dalğasında etdim. Məndən gileyli olduğunu bilirəm. Bunu son görüşümüzdə də dilə gətirdi. Keçən yay Bakıda Aşıq Əkbərin yeni çıxan kitabının təqdimatı keçirilirdi. Aparıcı gözü gördüyü hər kəsə söz verirdi. Tədbirə bir az gec gəldiyimdən orada kimlərin iştirak etdiyini də yaxşı bilmirdim. Məclis, sevilən haqq vergili bir sənətkarın məclisi idi. Və buna görə də çıxış edən hər kəs mətləbi uzadıb ürəyini boşaldır, məclis uzanıb gedirdi. Bu əsnada İlyas müəllimin ona gec söz verildiyinə (bəlkə də verilmədiyinə!) etiraz əlaməti olaraq məclisi tərk etdiyini gördüm. Tədbirin televiziya ilə çəkildiyinə əhəmiyyət vermədən tələsik dalınca qaçdım, inad etməyə haqqı da vardı. Amma sonunda inadından döndərdim və yenidən məclisə qayıtdı. Əslində bu məclis onun məclisi olmalıydı. Aşıq Əkbərlə dostluq etmiş, onunla bağlı məqalələr yazmış, verilişlər hazırlamış bu adam, hardasa o məclisdə iştirak edənlərin çoxundan artıq söz deməyə haqq qazanmışdı. Bunu verilişin aparıcısı da və özündən müştəbeh bəzi iştirakçılar da bilməmiş deyildilər. Bir zamanlar bu məclisdə iştirak edənlərin böyük əksəriyyəti İ.Tapdığın baş redaktor qapısını yağır edənlərdi. Və əslinə qalsa onun arxasınca mən yox, onlar qaçmalı idilər. Amma özündən müştəbeh, zamanın çaldığı havalara oynayan bu adamların çoxusu “dünən dünəndi, bu gün bu gündü” düşüncəsiylə yerlərindən tərpənmədilər də. Amma sehrli bir əl dünənin bu günə gətirə və o məclisdə iştirak edənlərə göstərə bilsəydi, onda kimin kim olduğu ortaya çıxardı. İlyas müəllimin tədbirdə olduğunu əvvəlcədən görməmişdim, görsəydim mütləq görüşərdim. Və bəlkə üzümə gileyi də buna görə idi. Doğrusunu deyim ki, gileylənməyə müəyyən mənada haqqı da vardı, iki dəfə ayağının qırıldığını, uzun sürə müalicə olunduğunu sonralar eşitmişdim. Qürbətin çəkdiyi keçilməz sərhəd zolağı önümü elə kəsməyib ki, doğma adamlarının dərdinə-sərinə də çata biləm.
Rus şairi Yevgeni Yevtuşenko Aleksandr Mejirovun ölümündən sonra işıq üzü görən “Seçilmiş əsərləri”nə yazdığı ön sözündə qəribə bir qənaətə gəlir: “Bizi – buzların əridiyi “yumşalma” dönəminin şairlərini, müharibənin alovları içindən çıxmış cəbhəçi şairlər önümüzə qalxan olub qorumasaydılar, yəqin ki, bizi fiziki cəhətdən çoxdan məhv edərdilər. Onlar olmasaydı, biz heç mənəvi cəhətdən də ayaqda qala bilməzdik. Biz onlardan vətən sevgisini və vicdanlı olmağı öyrəndik. Və onlar savaş instinkti ilə, sülh dövrünün bəzi özünəməxsus dəhşətli hadisələri ilə üzləşməli olarkən bizə təslim olmaq imkan vermədilər. Müharibə dövrünün cəhənnəmindən çıxmış ədəbi nəsillərə minnətdar olmadan Rusiyada yeni böyük şairin yetişməsi əsla mümkün deyildir”.
Bu uzun misalı boşuna gətirmədim; azadlığın (istər ədəbi, istərsə də coğrafi mənada) bərqərar olunmasında bir zərrə əməyi olmayan və hazırın naziri olan indiki gənc ədəbi nəsillərin yaşlı yazıçı və şairlərə inasafsızcasına dil uzatmalarını, özünübəyənmişliklərini görəndə belə misalları çəkməmək olmur. Yəni “arkadaşlar”, bugünkü ədəbi çevikliyə, özünü tam anlamıyla izahara gətirən yolun sizdən əvvəlki cəfakeşlərini unutmağa sizin ən azından mənəvi haqqınız yoxdur. Bu, belə də bilinməli!
İlyas Tapdıqdan yalnızca uşaq şairi kimi danışmaq insafsızlıq olardı. Gərçi o, həqiqətən də vazkeçilməz uşaq şeirlərinin müəllifidir. Amma İ.Tapdığın böyüklər üçün yazdığı şeirlər və bu şeirlərdə apardığı ekspermentlər zamanında, nə yazıq ki, tərəfkeş tənqidin “diqqətini” bir elə də çəkmədi. Bu, onun yox, tərəfkeş tənqidin bəlası idi. Halbuki ondan yalnızca ənənəvi şeirlər yazan şair kimi söz açanlar və yalnız ənənəvi şeirlərdə uğur qazandığını vurğulayanlar yanılırdılar. Aşıqların dilinə düşən “Gədəbəydədir” qoşmasına görə ona yalnız qoşma yazan şair kimi baxmaq da kökündən yanlış fikirdi. Bu, yalnız küyə, deyilənlərə inanan, ayaq uyduran tərəfkeş tənqidin uydurması ola bilərdi. İlyas Tapdıq qoşmada da bir növü “xamnan sökür”, bəlli, şablonlaşmış qəlib içində öz orijinal fikirlərini və ritmlərini verməyi də bacarırdı:
Mən İlyasam, bir sevdiyim yar idi,
Xəyalıma yerlər, göylər dar idi.
Cavan idim, bir ürəyim var idi,
Ata oldum: üç paradır ürəyim.
Onun “Sahil yuxusu” şeiri modern axtarışlara rəvac verildiyi altmışıncı illərdə bu yöndə yazılan ilk örnəklərdən biri idi. O şeir elə bu gün də modern şeirin ən gözəl örnəklərindən biri kimi qalır.
Öncə də dediyim kimi İlyas Tapdığın bizim nəslin ədəbi taleyində ayrıca yeri var. İlk kitabımın hazırlanmasında çox çalışmışdı. O kitabımın adı “Qönçələr açılanda” olacaqdı. Amma hələ indiyə qədər də məni qarabaqara izləyin şər güclər o “qönçələri“ açılmağa qoymadı. Doğulmayan uşağa ad qoyub, sonra da körpəsi bətnində öldürülən ana günündə qalacaqdım. Kitabın hər şeyi, hətta tərtibatı da hazırdı, amma kitaba dönüşməyən o tərtibat ağrılı-acılı günlərin yadigarı kimi hələ də arxivimdə qalır: “Odur ki qarşıma çıxan hər işin – Əvvəli döyüşdür, sonu qələbə”. Günahkar zamansız sevincini gizləməyən dilim idi. Hələ çıxmamış kitabımın xəbərini “dostlarıma” çatdırmışdım. Sirrin, açıldıqdan sonra gücdən düşdüyünü mən o zamandan anlayacaqdım. Amma bu mənə dərs olmayacaqdı, sonralar da eyni xatanı təkrar edəcəkdim.
Amma İlyas Tapdıq məni həvəsdən düşməyə qoymayacaqdı və sonralar on altı gənc şairin inqubator cücələri kimi bir-birinə bənzəyən kitabları çap olunacaqdı. Onların arasında mənim kəpənək qanadına bənzəyən “Ana əlləri” kitabım da vardı. On altı kitabın hamısının redaktoru da İlyas Tapdıq olacaqdı. On altıdan biri olmağıma baxmayaraq, İlyas müəllimin o zamankı zəhmətini mən indi də unutmamışam. Çünki o kitab çapa hazırlananda da, elə sonralar da mənim bir kitab şeiri arxasınca çəkib aparacaq nə Lenin, nə partiya, nə komsomola həsr olunmuş şeirim vardı. Və İlyas Tapdığın əlində hazırca bəhanə vardı ki, bu mövzularda şeirim olmadığına görə əlyazmamı kənara qoysun və mənə boğazdanyuxarı məcburi mövzularda şeirlər yazdırsın. O illərin şablonu beləydi, hər kitabın ön səhiflərində belə mövzuların olması şərtdi. Və beləcə ilk kitabdanca canım sonralar mənə üzqaralığı gətirəcək, ruhuma yad olan “şeirlərdən” qurtaracaqdı. İlyas Tapdıq ləyaqətli və təmənnasız adamdır. Onun bizə gəlib-getdiyini xatırlamıram, amma mən dəfələrlə süfrəsinin qırağında oturmuşam. Birevli kimi olmuşuq. Övladları gözlərimin qabağında böyüyüb. Bir dəfə də, ondan işi keçəcək, hansısa gənc şairin hesabına yeməkxanada, restoranda yeyib-içdiyini görmədim. Halbuki belə hadisələr o dövrkü (elə indi də) ədəbi mühitin təmənnalı tamahı idi.  
Hələ Bakıya gəlməmişdim, Qazaxda rayonlararası qəzetdə korrektor işləyirdim. Qış günlərinin birində Hüseyn Ariflə İlyas Tapdıq Qazaxa gəlmişdilər. Rayonlarda oxucularla görüşlər keçirəcəkdilər. Və özləri ilə bərabər yerli şairlərdən birini də yanlarına almaq istəyirdilər. Şahlıq quşu uçub mənim başıma qonmuşdu. Qazaxdan Gədəbəyə qədər qarlı qış günündə yola körpü salan söhbətlər, Gədəbəydə, Şəmkirdə, Tovuzda, Ağstafada olan görüşlərimiz həqiqətən də həzin və baməzə bir əsərin mövzusudur. Əslində o əsərin bir çox bölümləri çoxdan kağıza köçürülüb, hətta “palto” əhvalatı Hüseyn müəllimin çoxsaylı anekdotlarından biri kimi xalq yaradıcılığının zəngin xəzinəsinə də daxil olub. İndi onları burada yazıb vaxt almaq istəmirəm. Anadolu türkləri demiş, hər şeyin zamana ehtiyacı var, sağlıq olsun. İndiki zaman isə İlyas Tapdığın yetmiş beş yaşını saymaqdadır.
Bu yazıya İlyas müəllimin öz misraları ilə “Bənövşənin xətrinə kol dibinə iz düşdü” başlığını təsadüfü seçmədim. Yaş gününüz mübarək, İlyas müəllim. Məncə, o şeirinizdəki kol dibindəki bənövşə hamıdan çox elə sizə, sizin indiki durumunuza yaraşır. Hər şair hardasa bir az da peyğəmbərdir, üstəlik, Xıdır İlyasdan ad alan bir şair ola. Bəlkə qırx, əlli il bundan əvvəl bu misralardakı öncəgörmə ilə elə bu gününüzü yazmışdınız. Bənövşə bənövşədirsə, onun xatirinə tikanlı da olsa, bir gün kol dibinə mütləq yol düşəcək. Bunu siz məndən də yaxşı bilirsiniz. Bilməsəydiniz, heç bu misranı yazardınızmı: “Bənövşənin xətrinə kol dibinə iz düşdü...”
 
Çanaqqala, Türkiyə May 2010
Məmməd İSMAYIL



Bu yazı ( 942 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar