12px14px16px18px

Yusif Səmədoğlu – böyük nəsr ustası kimi

02:27 / 11.12.2010
 
Hardan başlayım?
Son kitabındakı şəklindən...
Yusif Səmədoğlunun əksi olan bir çox fotolar görmüşəm.
Atası Səməd Vurğun, anası Xavər xanım, bacısı Aybəniz, qardaşı Vaqiflə birgə çəkilən fotoda qayğısız uşaq sevinci ilə qarşılaşmışam.
Yenə atası ilə birgə çəkdirdiyi bir cavanlıq fotosu. Gənc Yusif “qoca” Səməd Vurğunun cavanlığını xatırladır. Birinci şəkildə gördüyüm körpə Yusif gur dalğalı saçlı bir gəncdir.
Sonra başqa bir foto. Bu, əllinci illərin sonlarına aiddir- atasının ölümündən bir il keçib. Qarabəniz Vəkilov Yusif o şəkildə qəmgin və dalğın görünür.
Sonra “Yeddi oğul istərəm” filminin çəkilişi ilə bağlı verdiyi müsahibədəki foto. Yaşı otuzu keçib. Şəkildən gözəlliyi- yaraşığı həsəd doğuran cavan bir kişi boylanır.
Sonra 1984-cü ilin fotosu-”Qətl günü” kitabının ikinci səhifəsində. Artıq Yusif burada Səməd Vurğun yaşına çatıb, saçları çallaşıb, üz-gözündən ciddilik yağır. Nədənsə o fotoya baxanda Azərbaycan ziyalılarının böyük bir pleyadası gözlərim qarşısında canlanır – Axundov, Vəzirov, Mirzə Cəlil, Haqverdiyev, Məmməd Əmin Rəsulzadə, Zərdabi, Çəmənzəminli...
Amma son kitabındakı fotosu Yusifin körpəliyini də, uşaqlığını da, gəncliyini də ahıllığını da özündə əks etdirir. Yusifin bütün dünyası – həm daxili, həm də zahiri gözəlliyi, müdrikliyi və alicənablığı, bəy şəcərəli Vəkilovlardan gələn ləyaqəti, böyük ziyalılığı, məhz Yusif Səmədoğluya məxsus təbəssümü həmin fotoda əks olunub.
Bu foto haçan çəkilib, onu kim çəkib, deyə bilmərəm – amma o şəkil çəkiləndə Yusif Səmədoğlu bəlkə də ömrünün ən gözəl anlarından birini yaşayırmış, onu lentə fotoqraf da yəqin ki, ən ilhamlı çağındaymış...
Bu foto Yusif Səmədoğlunun son kitabının (“Deyilənlər gəldi başa”) üz qabığındadır.
İnsanın, xüsusən də tanınmış bir sənətkarın şəklinə baxıb nəyi isə açıqlamaq, çözələmək, bu şəkillə bağlı nəsə bir fikir söyləmək kimin ağlına gələ bilər? Bəlkə də,bu tamamilə təsadüfi bir məqamdır. Məsələn, mən Mirzə cəlinin müxtəlif illərdə çəkdirdiyi və xüsusən də dərsliklərdə və ədəbiyyat tarixi kitablarında gördüyüm şəkillərində yalnız onun böyük ziyalılığından, bir insan ciddiliyindən qopub gələn cizgilər görürəm. Sabirin fotosunda da onun “Arizi-qəmlər əlindən” şişən ürəyinin fəryadını hiss eləmirəm, o fotodan çox sadə, amma bu sadəlikdə dərinliyi görünən bir insan boylanır.
Yusif Səmədoğlunun fotosunda isə öncə qeyd etdiyim daxili və zahiri gözəlliyi, müdrikliyi və alicənablığı, ləyaqəti, ziyalılığı, saf və təmiz uşaq təbəssümü ilə yanaşı, bir ayrı görünüş də diqqəti cəlb edir. Zahirən adama elə gəlir ki, Yusif gülür, bu gülüş sevincdən, nəşədən başqa bir şey deyil. Amma yox! Bu təbəssümdə sanki bir ironiya da hiss edirsən.
Və bir də bu təbəssümdə bir qəm də var...
“Qətl günündə”ki iki frazanı xatırlayırsan.
Biri: “Yandım, kül oldum, a dağlar...”
Biri də: “Tfu sənin təxtinə, ey çərxi fələk!”
Nə isə fotodan ayrılıram. Qayıdıram kitaba.
Müxtəlif illərdə yazdığı hekayələri, məşhur “Qətl günü” romanı, yarımçıq qalmış “Deyilənlər gəldi başa” romanı... vəssalam, Yusif Səmədoğlunun bütün nəsr əsərləri bunlardan ibarətdir.
Bu kitab XX əsr Azərbaycan nəsrinin ən zəngin seriyalarından biridir. Mirzə Cəlil, Haqverdiyev, Çəmənzəminli, Ordubadi, Süleyman Rəhimov, İsa Hüseynov nəsri ilə yanaşı duran bir kitab – zəngin Azərbaycan nəsri seriyasının bir davamı.
lll 
“Dərd də azar kimi gələndə batmanla gəlir” – “Qətl günü” romanı bu fraza ilə başlayır. “Dünya duracaq yer deyil, ey can, səfər eylə...” (Nəsimi).
Yusif Səmədoğlunun bu məşhur romanı dünya və insan haqqındadır. Dünyada isə əsrlərdir ki, lokal və qlobal müharibələr, hakimiyyət uğrunda amansız çarpışmalar, ölüm-dirim savaşları baş verir – “Dünya yaşıyor hərb ilə qovğalar içində” (M.Hadi). Tanrının yaratdığı insanlar bir-birinə qənim kəsilirlər – “Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran” (H.Cavid). Bəşəriyyət tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir, ancaq isandakı əzəli-əbədi xasiyyətlərin bir çoxu dəyişilməz qalır. Dünya yenə gücün, zorun, mənən-mənəmliyin, işğalçı müharibələrin cəngində inləyir. “Qətl günü” romanı bu mənada bir çağırış-haray təsir bağışlayır. İnsan həyatındakı ahəngdarlıq, ritm və harmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Şərqin böyük mütəfəkkiri Cəlaləddin Rumi (1207-1272) yazmışdı ki: “Nəfs üçkünclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır”.
Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə dünyanın yaranışından üzü bəri gələ-gələ bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə davam edir. Hər dövrün, hər epoxanın, bəlkə də hər günün öz Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə, İşığa inam bəsləmişdir. “Qətl günü” də bu mənada istisna deyil və bu mövzu – Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə bilər.
Ancaq romanın mahiyyətini yalnız bu istiqamətdə aramaq doğru olmazdı. Doğrudur, romanda şər həmişə aparıcı qüvvədir – yazıçı sanki bir-birini təkrar edən üç dövrdən söz açır – hər dəfə məmləkətin ən gözəl insanları məhv olur, şairlər edam olunur, kütləvi insan qırğınları baş verir, şər meydan sulayır – sanki Dünyanın Xeyir-Şər mübarizəsi elə bu model üzərində qurulubmuş. Ancaq Şərin törədiciləri olan qüvvələr bircə-bircə tarixin yaddaşından silinir, gözəl insanlar isə tarixə, yaddaşa köçürlər. Yusif Səmədoğlunun “Qətl günü”ndə eyni model təkrar olunur.
Bəs əgər təkrar olunursa, onda bu əsər hansı bədii özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y.Səmədoğlu orijinal tərzdə yanaşıbmı? Dünyanın əbədi modelində yeni olan nədir?
“Qətl günü” romanı barədə söz açan müəlliflər təbii ki, bu əsərin Azərbaycan nəsrində maraqlı bir ədəbi hadisə olduğunu qeyd etmişlər. Mən Anarın bu fikri ilə tam razıyam ki: “Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. “Qətl günü” – müasir ədəbiyyatımızın həqiqət günündür”.
Bu fikirdə mənim demək istədiyim həqiqətin özəyi var. “Qətl günü” doğrudan da ədəbi fakt çərçivəsindən qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu yeni tipli Azərbaycan romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus monumentallıqla Qərb romanlarına xas olan polifonizm vəhdətdir.
Yenilik ondadır ki, yazıçı əbədi Xeyir-Şər sücetinə orijinal təfəkkür tərzilə yanaşır. Yusif Səmədoğlunun yalnız bir hekayəsində – “220 №li otaq”da “yazıçı mövqeyi” deyilən bir məqamla qarşılaşmaq olar. Qalan heç bir nəsr əsərində bu mövqe bilinmir və ümumiyyətlə, yazıçının işi “mövqe” nümayiş etdirmək deyil. Yazıçı mövqeyi onsuz da əsərin ümumi ruhunda hiss olunmalıdır. Bunu plakata çevirmək doğru deyil. “Qətl günü”ndə növbənöv insan faciələri gözlərimiz qarşısında canlanır, Xeyir və Şəri təmsil edən qüvvələrin kimliyi və tənasübü də məlumdur. Y. Səmədoğlu öz böyük ustadı Mirzə Cəlilə məxsus bir soyuqqanlılıq nümayiş etdirir. O, Şəri pisləmir, Xeyiri də təbliğ etmir – o, oxucuya ancaq həqiqəti şərh edir. Bu baxımdan Y.Səmədoğlu dünyanın ən nəhəng sənətkarlarının yolunu davam etdirir.
lll
“İncə dərəsində yaz çağı” hekayəsinin sonluğunu xatırlayıram: “Sayalı arvad... elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı. İçi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrəməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:
– Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!...
Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yıxıldı”.
Bu səhnə mənim fikrimcə, analoqu olmayan bir səhnədir.
Hekayə yetmişinci illərin sonlarında dərc edilib. Elə bir vaxtda ki, sovet quruluşu hələ ən böhranlı çağına gəlib çatmamışdı. Doğrudur, daha Xruşşov dövründə olduğu kimi kommunizm illuziyaları, ideal cəmiyyət arzuları insanları məşğul eləmirdi, amma sosializm deyilən quruluşa inam hələ sarsılmamışdı. Sosializm bir SİSTEM kimi dünyaya meydan oxuyurdu. Ancaq bu sistemin və quruluşun gec-tez dağılacağına, hətta yerlə-yeksan oldacağına inanlardan və bunu gözləyənlərdən biri də Yusif Səmədoğlu idi. “Böyük kommunizmin sabahına mən, Sadə xatirə tək gəlməyəcəyəm” deyən Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...
lll
Yusif Səmədoğlunun “Astana” hekayəsi belə bir proloqla başlayır: “Ölüm var ölümdü, ölüm də var zülümdü”. Bu fikrin yazıçının əsərlərində tez-tez təsadüf olunan ölümlərə, qətllərə bilavasitə dəxli var.
Ümumiyyətlə, Ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Bütün yollar ölümə aparır, amma bu yollar da müxtəlifdir və sonu şərəfli ya şərəfsiz şəkildə başa çatır. “Astana”dakı ölüm labüd və qaçılmazdır (intihar olsa da başqa çıxış yolu yox idi), “Qətl günü”ndəki ölümlərin də bir çoxu məntiqi sonluqlu başa çatır.
“O, çamadanı açdı. Ordaydı: səkkiz dənə gülləsi, biri də ayaqda. Tapançanı çıxarıb ucadan, lap ucadan dedi:
– Ay apardınız ha!
Soyuq lüləni ağzına soxdu və tətiyi çəkdi.
Həmin anda – gecəydimi, səhərdimi, gündüzdümü, bilmirdi- həmin anda gözlərinin işartısından irəli düşən işıq dairəsində öz növbəsini gözləyən nizə vıyıltı ilə havanı yarıb harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanında qara torpaq altında kəfənə bürünmüş bir qarı elə ufuldadı ki, o biri meyitlər də eşitdi”(“Astana”)
“Başları üzərində mis qabdanda yanan zəif çırağın işığında divarlardakı buz qatı da , dizdən yuxarı iki bədəni örtmüş sal buz da qırmızımtıl rəngə çalırdı və qırmızımtıl buz,bədən boyu, su kimi yuxarı axıb hülqumlarına çatanda, hökmdar daha heç bir şey görmədi.
Dedi:
– Ölümün xeyir, Ənvər!
Xacə Ənvərin gözləri açıq qalmışdı:
– Ölümə qənşər, hökmdar...
Lap axırda, zirzəmidə, buza dönmüş mis qabdanda şölələnən çırağın alovu söndü: qırmızı buz parçası kökündən qırılıb sal buzun üstünə düşdü və çilik-çilik oldu”(“Qətl günü”)
“Qətl günü”ndə Baba Kaha simvolik obrazını xatırlamaq yerinə düşərdi. Baba Kaha dünyada ən bəd əməllərin, pislik və murdarlıqların ərşə qalxdığı zaman qoynundan alov püskürür, zəlzələ yaradır.
Və Baba Kaha hər dəfə insanlar arasında haqq-nahaq tərəzisinin gözü əyiləndə, insaniliyə zidd əməllər baş qaldıranda, ikiayaqlı bəndələrin allahsızlığı başlayanda dəhşətli küləyi ilə insanları cəzalandırır: “Baba kahanın oyusmundan əsən o qədər güclü idi ki, bu qara və soyuq axarın sürətinə işıq da çatmazdı.
– Kökünüz kəsilsin sizin, ay ikiayaqlı bəndələr!”
lll
Yusif Səmədoğlu Xarakter ustası idi. İstənilən bir nəsr əsərinə ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər nəsr əsəri olsun, istərsə də bədii film – bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir – bütün yazıçı mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə...
 Bu mənada “Qətl günü” romanını zəngin xarakterlər qalareyasına bənzətmək olar. Bunları çeşidləmək də olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik obrazlar və bir də sırf mifik obrazlar. Romanı oxuyanda isə sanki fərqinə varmırsan – təbiət obrazlarını da insan obrazları kimi qəbul edirsən. Yəni obrazların canlımı, cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət kəsb eləmir.
“İnsanlar küləkdən bezmişdi, külək də insanlardan”.
Yusif Səmədoğlunun hekayələrində də xarakter yaratmaq ustalığının şahidi oluruq.
“Gözlər” hekayəsindəki Şakir Səməd Vurğunun obrazıdır. Bu obrazdakı tanış cizgiləri, böyük sənətkara məxsus sadəliyi, ovçuluq meylini, şairə məxsus xəfif yumoru və kövrəkliyi unuda bilmirsən.
“220№-li otaq”dakı obrazların adlarını bəlkə indi xtırlamaq çətin olar, amma həmin hekayədə vətənə, ocağa yurda bağlı bir insanın kökünü, əslini danan cavanlara xitabən dediyi sözlər yaddan çıxmır: “-Gedin, onları axtarın, tapın! Onlar 220№-li otaqda yaşayırlar. Qorxmayın, onların üzünə tüpürün!”
“220№-li otaq” kitabına toplanan hekayələr Yusif Səmədoğlunun ilk qələm təcrübələri idi. Bu hekayələrdə, əgər belə demək mümkünsə, Yusif Səmədoğlu da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik dövrünü yaşayırdılar.
“Qalaktika” hekayələr kitabından sonra Yusif Səmədoğlunun nəsr yaradıcılığında fasilə yaranır. Bu arada o, yalnız bircə hekayə yazır, (“Bayatı-Şiraz”), ancaq çap etdirməyə müvəffəq olmur. Yalnız 1987-ci il “Ulduz” jurnalının 2-ci sayında hekayə işıq üzü görür. O zaman çox az Adam Y.Səmədoğlunun belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox “xatalı” hekayə idi. Çünki hekayədə QLAVLİTin asanlıqla imtina edə biləcəyi, çapına icazə verə bilməyəcəyi məqamlar az deyildi. Həmin hekayədə söhbət heç də bir cümlə, bir neçə cümlə və yaxud bir neçə abzas üstündə getmirdi, söhbət və mübahisə bu hekayənin məzmununda idi, mahiyyətində idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ çox güclü idi, sistemin arzulamadığı ədəbi qəhrəman heç cür qəbul oluna bilməzdi.
Əsərin qəhrəmanı Səbzəli dayı nə 30-cu illərin inqilabçı obrazlarına, nə “kolxoz quran, bandit tutan” personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına bənzəyirdi. Səbzəli dayı- bu bədbəxt insan restoran çalğıçısı idi. Hər gün tavada bir yumurta qayğanaq edib, öz mənasız çalğısı ilə (kontrabasda) yeyib-içənləri əyləndirən, çox zaman gülüş və ironiya hədəfinə çevrilən bu qoca zavallı müharibə illərində “Hitleri təriflədiyi üçün” (bunu zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda yatır. Belə bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola birlərdimi? Təbii ki, sovet ədəbiyyatının “ənənələri” belə bir qəhrəman tipini inkar etməli idi. Əgər “Bayatı-Şiraz” yazıldığı dövrdə- 60-cı illərin sonlarında- 70-ci illəri n əvvəllərində çap edilsəydi, belə bir möcüzə baş versəydi, sovet ədəbi tənqidi onu öz artilleriyasını gur atəşlərinə qərq edəcəkdi.
“Bayatı-Şiraz” mürəkkəb struktura malik hekayədir. Bir anlığa yenə “Qətl günü” romanını xatırlayırsan. “Qətl günü” əslində, üç mikroromanı özündə birləşdirir, amma vahid sujet xəttinə malik bir roman kimi qavranılır, roman içində “romanlar” onun bütövlüyünə qətiyyən xələl gətirmir. Maraqlıdır ki, “Bayatı-Şiraz”da da hekayə içində kiçik “hekayələr” görürük. Yusif Səmədoğlu bu hekayədə obrazın demək olar ki, bütün həyatını qələmə alıb, (heç də uzun-uzadı təfsilatlara gedilmədən) vahid süjet xəttinin dörd kiçik şaxəsi nəticədə Səbzəli dayının bitkin obrazını gözlərimiz qarşısında canlandırır.
Hekayənin finalını isə heç unutmaq olmaz. İki pullu şəxs Səbzəli dayıdan kontrabasda “Bayatı-Şiraz” çalmağı xahiş edir və o...canını dişinə iki əlliliyin xətrinə belə bir biabırçılığa gedir.
“Yüz manat-iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən birdən başını yuxarı qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?
 Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi.
 Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu ta ürəyi boşalanacan ağladı..”
 Hekayə beləcə tragikomik bir sonluqla bitir. Və hər sətrində yazıçının öz qəhrəmanına rəğbəti duyulan hekayədə yaşadığımız o dövrki cəmiyyətin (lap elə bugünkü cəmiyyətin) bütün eybəcərlikləri böyük ustalıqla canlandırılmışdır. Daha dəqiq: o cəmiyyətin bütün gözə görünən və görünməyən aləmi onun kiçik bir guşəsinə – o balaca restorana sığışdırılmışdı...
SON SÖZ ƏVƏZİ
1987-ci ildən Y.Səmədoğlu “Azərbaycan” jurnalına baş redaktor təyin olundu. O, düz 10 il baş redaktorumuz oldu.
 1987-1992-ci illərdə Yusifin kabineti qarşısında həmişə bir canlanma görərdim. O illərin dərdli adamları, yerindən-yurdundan didərgin düşənlər haqqı tapdalananlar Yusif qağaya üz tuturdular. Fikirləşirdim ki, axı, Yusif Səmədoğlu nə qədər görkəmli yazıçı olsa belə bu qədər adama necə kömək göstərə biləcək? Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir güman yeri vardısa, köməyini, qayğısını əsirgəmirdi.
O həyəcanlı illərdə Y.Səmədoğlu Azərbaycan Xalq Hərəkatının liderlərindən və ilhamvericilərindən birinə çevrilmişdi. Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndə Y.Səmədoğlu necə də sevinirdi. Onun buna haqqı vardı. Çünki xalq meydana yığılanda Yusif Səmədoğlunu da tribunada görürdü, əslində, Xalq Cəbhəsi Yusif Səmədoğlu kimi xalqın böyük ziyalılarının dəstəyi ilə yaranmışdı. Amma sonralar Y.Səmədoğlu ilə “bəylər” arasında bir anlaşılmazlıq və soyuqluq yarandı. Bu, Yusifin təqsiri deyildi. “Qətl günü”ndə insan psixologiyasının alt qatlarının belə bədii sözün işığına çıxaran Y.Səmədoğlu üçün 5-3 liderin hansı məzhəbə qulluq eləməsi və hansı iddialar ilə yaşaması o qədər də müşkül deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə, ali kürsülərdə və beynəlxalq aləmdə öz sözünü dedi və bununla sübut elədi ki, kəskin yazıçı ağlı nəinki insanların, hətta insanlararası, dövlətlərarası münasibətlərin də dərinliklərinə baş vurmağa qadirdi.
... Yusif Səmədoğlunun vəfatı hamı kimi məni də dərindən sarsıtdı. Yüzlərlə, minlərlə, onminlərlə Azərbaycan oxucusu necə böyük bir insanı və sənətkarı itirdiyini dərk elədi. 
Vaqif YUSİFLİ



Bu yazı ( 631 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar