“Musiqi Olimpi” festivalı Əyyub Quliyevin dirijorluq etdiyi konsertlə açılıb
01:14 / 25.05.2012
Mayın 22-də Sankt-Peterburqun məşhur Mariinsk Teatrının konsert zalında “Musiqi Olimpi” XVII Beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib. Dünyanın ən yaxşı musiqi kollektivlərindən biri olan Mariinsk Teatrının simfonik orkestri gənc dirijor, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında çıxış edib. Orkestrin baş dirijoru və bədii rəhbəri isə maestro Valeri Gergiyevdir. Konsertdə solist kimi Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş gənc, ancaq tanınmış istedadlı musiqiçilər – skripkaçı, N. Paqanini adına müsabiqənin qalibi Kriştof Barati (Macarıstan), Niderlandda keçirilmiş vokal müsabiqəsinin birinci mükafatının sahibi, Almaniyadan olan soprano Daniela Keler və Klivlend beynəlxalq müsabiqəsinin qalibi, alman pianoçusu Aleksandr Şimpf səhnəyə çıxıb. Tədbirin əsas təşkilatçısı “Musiqi Olimpi” Beynəlxalq Fondudur. 1996-cı ildən bəri hər il keçirilən festivalın əsasında “qaliblərin paradı” adlanan unikal bir ideya dayanır. Festivalda iştirak üçün yalnız son illərin irimiqyaslı beynəlxalq musiqi müsabiqələrinin qalibləri dəvət olunur. Fəaliyyət göstərdiyi illər ərzində “Musiqi Olimpi” 350-dən artıq gənc musiqiçini dinləyicilərə təqdim edib. Builki festivalın açılış konserti Rusiyanın birinci internet telekanalı olan “İskusstvo TV” və Mariinsk Teatrının saytında canlı yayınlanıb. Festivalın ənənəsinə uyğun olaraq açılış mərasimi dirijor Əyyub Quliyevin rəhbərliyi ilə məşhur rus bəstəkarı Andrey Petrovun “Vivat, Olimp” uvertürası ilə başlayıb. Sonra gənc macar skripkaçısı Kristof Barati P. Çaykovskinin skripka və orkestr üçün konsertini Antonio Stradivarinin 1703-cü idə yaratdığı “Lady Harmsworth” adlı skripkada məharətlə ifa edib. Konsertin ikinci hissəsində Bethovenin 4 saylı fortepiano konserti (solist Aleksandr Şimpf), Vaqnerin və Ştrausun operalarından ariyalar Daniela Kelerin ifasında dinləyicilərə təqdim olunub. GÜNELBu yazı ( 232 ) - dəfə oxunmuşdur