12px14px16px18px

“Eurovision-2012”nin ilk finalçıları müəyyənləşib

00:24 / 24.05.2012
“Baku Crystal Hall” səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsinin I yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 ölkə məlum olub. APA-nın məlumatına görə, 18 ölkə arasından – Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.
Səsvermə zamanı interval aktı şousu da nümayiş etdirilib. Qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı “Eurovision” səhnəsinə çıxarılıb. Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar. İnterval şousunda Avropaya Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim edilib.
“Eurovision 2012”nin yarımfinalında uğur qazanan ilk 10 ölkənin finalda çıxış edəcəyi nömrələr də müəyyən edilib. Bununla bağlı I yarımfinalda finala vəsiqə qazanan 10 ölkənin mətbuat konfransı keçirilib. Hər finalçıya iki sual ünvanlanıb.
Rumıniyanın “Mandinqa” qrupunun üzvləri finala keçmələrindən məmnun və həyəcanlı olduqlarını bildiriblər.
Moldova təmsilçisi Paşa finala vəsiqə qazanaraq sözünə əməl etdiyini bildirib: “Bizim mahnımız maksimal dərəcədə birinci yerə layiqdir. Final şousunda da əlindən gələni edəcəyini və uğur qazanacağına söz verirəm”.
İslandiya təmsilçiləri növbəti illərdə də bu yarışmaya qayıdıb-qayıtmayacaqlarını planlaşdırmadıqlarını bildiriblər. Duet üzvləri 2004-cü ildə Türkiyədə keçirilən “Eurovision” yarışmasında birbaşa finalda iştirak etdiyini və yarımfinaldan finala keçməyin başqa hisslər yaşatdığını deyiblər: “Bizim mahnımız məhəbbətə, bağlılığa həsr olunmuş bir mahnıdır. Bəlkə də mahnının motivləri bir az qəmgindir, amma bu əsl sevgi və ümidə həsr olunub”.
Macarıstanı təmsil edən “Compact Disko” qrupunun üzvləri ölkələrini yarımfinaldan finala keçirmələrindən dolayı çox xoşbəxt olduqlarını, finalda da layiqli təmsil edəcəklərini vurğulayıblar.
Danimarka təmsilçisi Soluna Samay mayın 26-nı həsrətlə gözlədiyini vurğulayıb.
Albaniya təmsilçisi Rona Nişliu ifasını dünən ölkəsindəki qəzada vəfat edənlərə həsr etdiyini bildirib: “Mən həqiqətən də bu hadisədən çox kədərlənirəm. Çox sevinirəm ki, Avropa xalqı məhəbbətə həsr olunmuş mahnımı, bütün ürəyimlə oxuduğum mahnımı bəyənib mənə səs verdilər”.
Kipr adından Bakı səhnəsinə çıxan gənc ifaçı İvi Adamiu da Odlar Yurdunda keçirilən müsabiqədə ölkəsini təmsil etməkdən qürur duyduğunu deyib.
“Finala vəsiqə qazanmağıma inanmıram” – bu sözləri Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou deyib. O, səhnədə çıxış edərkən finala keçmək haqqında düşünmədiyini, sadəcə həmin andan həzz aldığını bildirib.
Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupunun üzvü onlara səs verən hər kəsə minnətdarlıq ediblər: “Biz çıxış edərkən alqış səslərindən mahnımızı belə eşitmirdik. Biz hər yerdə o qədər yüksək səviyyədə qarşılanırıq ki, hətta jurnalistlər bizimlə görüşmək uğrunda mübarizə aparırlar”.
İrlandiyanı təmsil edən “Jedward” qrupu Azərbaycan haqqında öz müsbət fikirlərini səsləndiriblər.
“Mandinqa” qrupu mayın 26-da keçiriləcək final mərhələsində 14, Moldova təmsilçisi Paşa 26, İslandiyanı təmsil edən duet 7, Macarıstanı təmsil edən “Compact Disko” qrupu 2, Danimarka təmsilçisi Soluna Samay 15, Albaniya təmsilçisi Rona Nişliu 3, Kipr təmsilçisi İvi Adamiu 8, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou 16, Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu 6, İrlandiya təmsilçiləri “Jedward” qrupu 23 nömrə altında finalda çıxış edəcək.
“Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, “Eurovision-2012”nin icraçı prodüseri Adil Kərimli, müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker, işçi qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov, eləcə də PR menecer Kamran Ağasi bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Yan Ola Sand deyib ki, “Eurovision” müsabiqəsi Azərbaycanda ilk dəfə keçirilir və bu müsabiqədə 42 ölkə təmsil olunur: “Monteneqro bu il müsabiqəyə qayıdış edib, Ermənistan müsabiqədə iştirak etməyib, Albaniya isə ölkədə matəm elan olunduğuna görə, dünən keçirilmiş ilk yarımfinalı yayımlamayıb: “Azərbaycan 2008-ci ildən müsabiqədə yüksək səviyyəli ifaçılarla təmsil olunur. İlk dəfədir ki, “Eurovision” yeni tikilmiş bir məkanda keçirilir. Bu məkan heç bir sınaqdan çıxmayıb, məşqlər və şoularla bu məkan sınaqdan keçir. Bu ildən etibarən yenidən səsvermə klassik olaraq son 15 dəqiqəyə keçib. Bu qərarı verməyimizdə məqsəd tamaşaçının fikrini yayındırmamaqdır. İstədik ki, tamaşaçılar sona kimi bu çıxışlardan zövq ala bilsinlər”.
Sietse Bakker isə qeyd edib ki, ötən il “Eurovision” mahnı müsabiqəsi zamanı facebook və twitter şəbəkələrində 1 milyon link qoyulub: “Ötən gün isə hər iki sosial şəbəkədə hər beş statusdan biri “Eurovision”la və ya təmsilçilərlə bağlı olub”. Sietse Bakker bildirib ki, gec saatlarda keçirilməsinə baxmayaraq, insanların bu şouya yüksək marağı təqdirəlayiqdir.







Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar