10 yaşlı yubilyarın sənət töhfələri
00:23 / 24.05.2012
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi yaxınlaşdıqca bu qocaman təhsil ocağının fakultə və kafedraları arasında sanki elan olunmamış bir yarış başlanıb. Bu da təbiidir. Axı,onların hər birinin yaranma tarixi, keçdiyi yollarda üzləşdiyi çətinliklər, başlıcası isə əldə etdikləri nailiyyətlər çoxdan çoxdur. 6 fakultə, 30-dan çox kafedra, 40-a yaxın ixtisasın bu unikal təhsil ocağının “tavanı” altında bərqərar olması üçün on illər gərək oldu. Çoxsaylı professor-müəllim heyyətinə sahib olmaq,kadr yerdəyişmələri və nəhayət tədris metodikasında, tələbə seçimində, fənlərin müəyyənləşdirilməsi istiqamətində aparılan gərgin axtarışlar öz bəhrəsini verməliydi. Xüsusilə yeni kafedra və ixtisasların açılmasında ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevin gərgin və səmərəli əməyi bu işdə öz sözünü dedi.Universitetin nəzdində 10 il əvvəl “Musiqi sənəti” fakultəsinin yaradılması da məhz onun gərgin zəhmətinin bəhrəsi idi. Odur ki, ”Səda” Tədris teatrında bu fakultənin yaranmasının 10 illiyi münasibəti ilə düzənlənən yubiley tədbirində çıxış edənlər ilk əvvəl görkəmli alim, Əməkdar İncəsənət Xadimi, profesor Timuçin Əfəndiyevə öz şükranlarını bildirirdilər. Çıxış edənlər və çıxışa can atanlarınsa sayı-hesabı yox idi. İlk söz deyənsə 10 yaşlı fakultənin yeni təyin olunmuş dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova oldu. İlk öncə o, özünə qədər illərlə fakultəyə ləyaqətlə rəhbərlik etmiş Xalq artisti Vamiq Məmmədəliyevə minnətdarlığını və təbriklərini yetirdi. Bu gün də fakultədə yaradıcı işlə məşğul olan, tələbələrin sevimlisi V.Məmmədəliyevə gənc dekanın bu sayğısı zalda sürəkli alqışlarla qarşılandı. Sonra fakultənin tarixi, bu gün burada çalışan məşhur sənət xadimləri haqqında müfəssəl məlumat verən Ellada xanım sözü gələn qonaqlara və təbii ki, musiqiyə verdi.Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, elmlər doktoru Gülnaz Abdullazadə ADMİU-da “Musiqi sənəti” fakultəsinin yaradılmasının zəruri bir addım olmasını qeyd elədi. Çünki bu təhsil ocağında fəaliyyət göstərən digər fakultə və kafedraları musiqisiz təsəvvür eləmək olmazdı. Odur ki, Musiqi Akademiyası vaxtilə bu hadisəyə yüksək dəyər verdi və alqışladı.
Tədbir boyu deyilən sözlər, çıxışlar, təbriklər aramsız olaraq bəzən həzin, bəzənsə çılğın musiqilərlə müşayət olunurdu. Ən maraqlı cəhət də orasıydı ki, öz həmkarlarını təbrik üçün səhnəyə çıxan digər fakultələrin dekanları çıxışlarını bitirən kimi onların kurslarında oxuyan tələbələr öz profillərinə uyğun hazırladıqları xırda səhnəciklərlə tamaşaçılara şən, duyğulu anlar bağışlayırdılar. Bu mənada “Aktyor sənəti” fakultəsi tələbələrinin nümayiş etdirdikləri musiqili bədii kompozisiya bitkin sənət nümunəsi kimi qarşılandı.
Tədbirin qəhrəmanısa əlbəttə yenə “Musiqi sənəti” fakultəsi, onun müəllim və tələbələri idi. ”İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent Gülağa Zeynalovun rəhbərliyi və dirijorluğuyla bütün tədbir boyu biri-birindən gözəl çıxışlarla yadda qalan xalq çalğı orkestrinin və onun ayrı-ayrı üzvlərinin ifaları əsçl peşəkarlıqdan xəbər verirdi.
Öz yubiley tədbirini ADMİU-nun qarşıdan gələn 90 illiyinə həsr edən “Musiqi sənəti” fakultəsi, onun professor-müəllim, tələbə kontingenti bir daha sübut etdilər ki, onlar qocaman Şərqin musiqi tarixi səhifələrinə parlaq notlar yazmış Azərbaycan musiqi mədəniyyətinin layiqli yetirmələridir.
İNTİQAM
Bu yazı ( 65 ) - dəfə oxunmuşdur