Vaqif Sultanlının “İnsan dənizi” romanı Böyük Britaniyada
00:23 / 24.05.2012
Ədəbiyyatşünas və yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı Böyük Britaniyada ingilis dilində nəşr olunub. Azərbaycan ədəbiyyatının təbliğində növbəti bir addım olan roman Michael Brannokun redaktəsində oxuculara təqdim edilib.
Qeyd edək ki, Vaqif Sultanlı “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Ölüm yuxusu”, “Heçlik vadisi”, “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ömrün nicat sahili” kimi bədii və elmi kitabların müəllifidir.
Realist və şərti-metaforik üslubun ortaq cəhətlərini özündə birləşdirən “İnsan dənizi” romanında hadisələr ötən əsrin sonlarında cərəyan edir. Yazıçı təsadüfən qətl törədən bir insanın taleyi fonunda dövrün sosial və mənəvi-əxlaqi ziddiyyətlərini əks etdirməyə çalışmışdır.
Müəllif romanda cəmiyyətin varlığına yoluxmuş biganəlik, laqeydlik, əxlaqsızlıq, mənəviyyatsızlıq və s. kimi mənfi dəyərləri bədii materialın obyektinə çevirə bilmişdir.
İngilis publisisti və tənqidçisi Vinsent Valş kitaba yazdığı ön sözdə romanı yüksək dəyərləndirərək burada çağdaş cəmiyyətə hakim olan özgələşmə probleminin uğurlu bədii həllini tapdığını vurğulayıb.
“İnsan dənizi” romanı Amerika Birləşmiş Ştatlarında da nəşrə hazırlanır.
Bu yazı ( 68 ) - dəfə oxunmuşdur