12px14px16px18px

“Mədəniyyət gündəliyi” adlı elektron ensiklopedik toplu hazırlanır

00:15 / 23.05.2012 Müasir dünyada gedən qloballaşma prosesində qabaqcıl yer tutmaq istəyən ölkə, özünün iqtisadi, siyasi gücü ilə yanaşı, tarixi irsi, mədəniyyəti, incəsənəti ilə də tanınmalıdır. Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi var. Bu zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə xidmət edir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət tərəfindən, həm də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə vətəndaş cəmiyyəti institutları tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu işləri internet məkanında, elektron resurslar vasitəsilə daha effektli şəkildə görmək üçün geniş imkanlar mövcuddur.
Onu da nəzərə almaq lazımdır ki, hər bir inteqrativ proses kimi, mədəni inteqrasiya da birtərəfli deyil, qarşılıqlı prosesdir. Biz öz mədəniyyətimizi, incəsənət və ədəbiyyatımızı dünyaya tanıtmaqla yanaşı, dünya mədəniyyətini, müxtəlif ölkələrin ədəbiyyat və incəsənət xadimlərini, onların əsərlərini də yaxından tanımalıyıq. Bu, son illər Azərbaycanın aparıcı rol oynadığı mədəniyyətlərarası dialoq prosesinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, mədəni mübadiləyə əlavə zəmin yaratmış olar.
Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mədəniyyət gündəliyi” – elektron ensiklopedik toplu” layihəsi də bu məqsədə xidmət edir. Toplu gündəlik xronoqraf formatında (1 yanvardan 31 dekabradək təqvimin günləri üzrə) və iki bölümdən – Azərbaycan və dünya mədəniyyəti bölümündən ibarət olacaq. Topluda əlamətdar mədəniyyət hadisələri, ədəbiyyat, incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə bağlı tarixi-avtobioqrafik məlumatlar yığcam şəkildə əksini tapacaq, məlumatlar foto-illüstrativ materiallarla müşayiət olunacaq.
Layihə Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org – milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir. Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org saytı (Azərbaycan dilində) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitabı hazırlanıb və nəşr edilib, 2009-cu ildə www.azerbaycanli.org saytında yeni informasiya resursları (o cümlədən rus və ingilis dillərində) yaradılıb. 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi” elektron xronoqrafı, 2011-ci ildə “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı hazırlanıb.
“Mədəniyyət gündəliyi” – elektron ensiklopedik toplu” ilə www.azerbaycanli.org saytında (ayrıca link və banneri olan veb-səhifə) tanış olmaq olar. Bu, zəngin milli mədəniyyətimiz və dünya mədəniyyəti ilə bağlı tarixi-avtobioqrafik məlumatları əks etdirən ən əhatəli ensiklopedik xronoqraf (təqvim-toplu) olacaq. Elektron topludan Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi-mədəni irsi, şair və yazıçıları, mütəfəkkirləri, eləcə də dünya mədəniyyəti barədə yığcam məlumat almaq istəyən hər kəs faydalana bilər.
GÜNEL



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar